Nazir: “Ötən il ölkəyə 11 milyard xarici investisiya qoyulub”
Bizi izləyin

Digər

Nazir: “Ötən il ölkəyə 11 milyard xarici investisiya qoyulub”

“Ötən il ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil edib”.

Publika.az-ın məlumatına görə, bunu iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. O qeyd edib ki, ÜDM artımı qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunub. Xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 9 faiz civarında təşkil edib. Strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələməklə 5 illik idxal səviyyəsinə çatıb. Ötən il ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil edib.

Nazirin sözlərindən bəlli olub ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5560 sahibkara 50 faizi qaytarılmış vəsait hesabına olmaqla 295 milyon manat güzəştli kredit verilib: “Bu layihələr üzrə 12500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Fond tərəfindən maliyyələşdirilən güzəştli kreditlər hesabına 2014-cü ildə 39 iri istehsal, emal və infrastruktur müəssisəsi istifadəyə verilib. 2015-ci ildə isə daha 81 müəssisənin istifadəyə veriləcəyi gözlənilir. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşların, uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq onlara kredit almaq imkanı verir, fermerlər arasında kooperasiya əlaqələrini gücləndirir”.

Ş. Mustafayev qeyd edib ki, ötən il də əhalinin rifahı yüksəlməkdə davam edib. İnflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əmək haqqı 4,2 faiz artaraq 443 manata çatıb. Dövlət büdcəsindən sosialyönümlü xərclərə 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm