Qadın
Qız dərdi
Bu bir həftədə nələr gördüm, nələr eşitdim, sadalamaqla bitməz. Uşağına süd verməkdən imtina edən və südünü sağıb ayaqyoluna tökən ananı, həkimin oğlan uşaqlarına görə daha çox “şirinlik” aldığını, qeysəriyyə ilə doğulan uşaqların həm həkimlərə, həm də ailələrə daha əziz olduğunu, içməli suya qədər hər ehtiyacımızı evdən gətirməyimizi, hər gün uşağımıza baxması üçün tibb bacısına “hörmət” eləməyimizi, qapını açan hər ağxalatlının pul istəməyə gəldiyini, pulu olmayan ananın uşağının pampersinin dəyişilmədiyini, südü olmayan anaya qaynanasının telefonda “canın çıxaydı, südün olaydı, hardan alacam bir il smesi?” dediyini və daha nələr, nələri...
O bir həftə ərzində gördüyüm və unutmadığım hadisələrdən biri də gənc ananın hamımızn gözü önündə əri tərəfindən döyülməsi oldu. Bakının məhşur doğum evlərində birində olmuşdu hadisə. Deməli, evdən mənə gətirilən yemək zənbilini almaq üçün görüş otağına enmişdim, mənimlə qonşu palatada yatan qadını gördüm, dəhlizin bir küncündə səliqəli geyinmiş, təhsilli və savadlı olduğu hər halından bəlli olan cavan bir kişi ilə söhbət edirdi. Daha doğrusu, kişi ona sərt və kobud sözlər deyir, o da başını aşağı salıb dinləyirdi...
Yanlarından keçib görüş otağına daxil oldum, bir neçə dəqiqə orda ləngidim. Elə bu vaxt səs-küy qopdu. Tibb bacıları, həkimlər qışqırdılar. Dəhlizə çıxanda bayaq gördüyüm kişinin 4 gün əvvəl dünyaya qeysəriyyə əməliyyatı ilə uşaq gətirmiş qadını vəhşicəsinə döydüyünü gördüm. Gözü heç nəyi görməyən kişi qadının harasına gəldi yumruq, təpik vurmağa çalışır, “köpək qızı, it qızı, əclafın balası, sənə deməmişdim qız olsa özündən küs?! Di al payını, di öl, di gəbər, köpəyin balası! Rədd ol dədənin xarabasına, gəlmə evə!” deyə söyüşlər yağdırırdı. Əli ilə qarnındakı tikişi qorumağa çalışan qadın isə ətrafına toplaşan qadın həkimlərdən, tibb bacılarından kömək istəyirdi.
Həkimlərin hamısı qadın idi, heç kimin gücü çatmırdı kişini qadından uzaqlaşdırmağa. İki-üç dəqiqə beləcə davam etdi, ta ki, tibb bacılarından biri qonşu şöbələrdən kişi həmkarlarını köməyə çağırana qədər. Kişi həkimlər qadını döyən oğlanı birtəhər şöbədən çıxardılar.
Qadını xərəyə qoyub palatasına apardılar, əməliyyat tikişləri qanamağa başlamışdı, yarasını təmizlədilər, bütün şöbədəki analar onun palatasının qabağına toplaşdı. Hamı maraqlanırdı hadisə ilə. Bizim palatamıza təyin edilmiş yaşlı tibb bacısı başını bulaya-bulaya danışdı əhvalatı: “Bala, bədbəxtin balasını döyən əri imiş. İkinci uşaqlarıdır doğulan, özü də qeysəriyyə ilə. Birinci uşaqları da qızdı, ikincinin qız olacağını deməyib ərinə ki, aborta göndərər, o da qız doğduğuna görə döyüb yazığı, vəziyyəti pisdi”...
“Ata”nın cahilliyinə söz tapa bilmədik, hamımızın gözü yaşardı. Çoxumuz təzəcə analıq duyğusunu yaşayırdıq, həssas idik, qadının halı bizi çox üzdü. Hamımız onun aqibətini düşünür, bir çoxumuz isə kişiyə lənət yağdırmaqdan özünü saxlaya bilmirdi. Ara yeni sakitləşmişdi ki, yaşlı bir kişinin qaça-qaça dəhlizdən keçdiyini gördük. O həm qaçır, həm də qışqırırdı. Həkimlərin, xəstəxana rəhbərliyinin ünvanına kobud sözlər işlədirdi. Tibb bacısı palatamızın qapısını örtüb hamımıza çölə çıxmamağı tapşırdı. Bu dəfə nə baş vermişdi, maraqdan ölürdük.
Səs-küy yatdı, uşaqların yemək vaxtı gələndə yaşlı tibb bacısı palatamızın qapısını açıb arabada uşaqları gətirdi, özü də nəzarət edə-edə bizə hadisənin gerisini danışdı. Sən demə, dəhlizdə bu dəfə səs-küy salan yaşlı kişi döyülən qadının atası imiş. O qızından telefonda əri tərəfindən döyüldüyünü eşidən kimi, tənginəfəs özünü xəstəxanaya çatdırmışdı. Qızının döyülməsinə görə xəstəxana işçilərini bir xeyli danlayıb, qız doğduğuna görə arvadını döyən kürəkəninə isə deməyə söz tapmayıb, eləcə “dilim quruyaydı o qalstuklu eşşəyə qızın “həri”sini verdiyim yerdə” deyib. Xülasə, qızına arxa çıxıb, əməliyyatın pulunu – 800 manatı özü ödəyib və ananı xəstəxanadan birbaşa öz evinə aparacağını və nəvələrinə özü baxacağını deyib.
Hamımızın qucağında 2-3 günlük körpəmiz vardı, hamı gözünü öz körpəsinə dikmişdi, hamı dərin-dərin düşünürdü. Bir arvadını döyən “kişi”ni fikirləşirdik, bir qızına arxa duran ATAnı. Bayaq bütün kişilərin arxasınca deyinən gənc analardan biri isə özünü saxlaya bilməyib hönkür-hönkür ağladı...
P.S. İnsanın quruluşunu müəyyən edən 46 xromosomdan ikisi cinsiyyət xromosomudur. Bu iki xromosom kişidə XY, qadında isə XX kimi tanınır. Y xromosomu özündə kişilik, X xromosomu isə qadınlıq genləri daşıyır. İnsanın əmələ gəlməsi kişidə və qadında cüt xromosomların birinin birləşməsi ilə başlayır. Qadındakı X xromosomu kişidəki X xromosomunu ehtiva edən spermatozoid ilə birləşərsə, doğulan uşaq qız olur. Yox, əgər Y xromosomunu daşıyan spermatozoidlə birləşərsə, uşaq oğlan doğulur. Qısası, uşağın cinsiyyətini müəyyən edən səbəb atadan gələn xromosomdur. Bunu isə o “qalstuklu filankəs” bilmir...
Publika.Az
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı