50-dən çox döyüşçünü mühasirədən itkisiz çıxaran gizir
Bizi izləyin

Qarabağ

50-dən çox döyüşçünü mühasirədən itkisiz çıxaran gizir

Qarabəniz, üzü gündən daha da qaralmış, yaraqlı-yasaqlı əsgər çiynində iriçaplı “Bora” snayper tüfəngi, toqqasında süngü gülər üzlə növbəti döyüşdən qayıdır. Qalib qayıtdığı çöhrəsindəki gülüşdən də bəllidir. Ətrafda döyüş yoldaşları onu alqışlayır və “dağlar oğlunun” ünvanına xoş sözlər deyirlər. Müxtəlif kontentlərdə sürətlə yayılan bu qısa videosüjeti təkrar - təkrar seyr etmişdim.

Bir gün də həmin videosüjetin şərhində adı Əsgər olan bu igidin ağır döyüşlərin birində ağır yaralanaraq, yalnız möcüzə nəticəsində sağ qaldığını oxudum. Elə həmin anda qərara gəldim ki, onunla görüşüb, döyüş xatirələrini qeydə alım.

Əsgərlə hospitaldan çıxandan sonra görüşdük. Söhbətindən diqqət ayırmaq mümkün deyildi. Danışdıqları əsl qəhrəmanlıq hekayəti idi.

Bütün insanlar kimi Əsgərin də şirin bir uşaqlıq arzusu var idi. Azərbaycan Ordusunun zabiti olmaq istəyirdi. Televiziyada elə bir döyüş və müharibə fimi olmayıb ki, Əsgər ona baxmamış. Amma orta məktəbi bitirəndən sonra, ailəsinin maddi durumu ona hərbi məktəbə gedib sənəd verməyə imkan vermir. Bir müddət sonra çox böyük həvəslə hərbi xidmətə yollanır. Gümün edir ki, burda cəhd edib hərbiçi olmaq arzusuna çatar. Bu da baş tutmaur və onun xidmətinə ehtiyac olmadığını bildirirlər.

Buna baxmayaraq, Əsgər həvəsdən düşmür və inadla hazırlaşmağa başlayır. Nəhayət, bir neçə cəhddən sonra, 2016-cı ilin yanvar ayında Müdafiə Nazirliyinin gizir hazırlığı kursuna daxil olur. Kursu başa vurandan sonra təyinat üzrə “N” saylı hərbi hissədə xidmətə göndərilir. Elə bu ərəfədə Aprel döyüşləri başlayır. Əsgərin xidmət etdiyi hərbi hissə də döyüşlərin getdiyi cəbhə bölgəsində dislokasiya olunur. Sanki özünü təsdiq etmək üçün şans yarandığını güman edən Əsgər böyük həvəslə döyüşə girəcəyi saatları gözləyir. Lakin onun olduğu hərbi hissə ikinci eşalonda olduğu üçün onları döyüşə burxmırlar…

Bir müddət sonra ordumuzun tərkibində həmlə taboru yaratmağa başlayanda, Əsgər təkidlə həmin taborda qulluq etmək istəyini bildirir və xüsusi döyüş qabiliyyəti tələb edən sınaqlardan sonra, tabora qəbul edilir.

-Əmin idim ki, müharibə başlasa, buradan birbaşa ön cəbhədə döyüşlərə qatıla bilərəm, - deyə Əsgər sözünə davam edir. - Nəhayət, həmlə taborunun qarşıya qoyduğu tələbləri uğurla yerinə yetirib onun üzvi oldum. İki il orada xidmət etdim. Amma tale elə gətirdi ki, səhhətimdə müəyyən problem yarandı və mən yenidən əvvəllər xidmət etdiyim hərbi hissəyə qayıtdım. Lakin, atalar demiş, “niyyətin haradırsa, mənzilin də ora olacaq”. Sentyabrın 27-də hərbi hissəmizlə birlikdə torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərin ən qaynar nöqtələrində xüsusi döyüş tapşırıqlarının icrasına başladım…

Sentyabrın 27-də Əsgər Füzuli istiqamətində gedən çox ağır döyüşlərə qatılır. Neçə illər boyu xüsusi istehkamlar qurmuş Ermənistan ordusu ağır itkilər vermələrinə baxmayaraq, ilk günlərdə geri çəkilmək istəmirdi. Lakin Azərbaycan silahlı qüvvələrinin komandanlığı döyüş planlarını elə dəqiq işləyirdi ki, hərbi hissələrimiz bu ağır döyüşlərdən çox az itgilərlə çıxır və torpaqlarımızı uğurla düşməndən təmizləyirdilər.

-Növbəti döyüş tapşırığına getmişdim, -deyə Əsgər danişdiqca üzündəki ifadə dəyişir, qəzəb və nifrət dolu baxışları uzaq bir nöqtəyə dikilirdi. - Qarşıya qoyulan tapşırığı yerinə yetirib yenicə geri qayıtmışdım. Səngərə girəndə, döyüş yoldaşlarım mənə yaxınlaşıb dövrəyə aldılar. Onların hərəkəti tamam məni çaşdırmışdı. Taqım komandirinin müavini əlini çiynimə qoyub təəssüf hissi ilə dedi: “Əsgər, başımız sağ olsun, qohumun şəhid olub”. Səmimi deyim ki, döyüşdə olanlar əslində hamısı mənim üçün dogma idi. Əvvəlcə kimdən söhbət getdiyini bilmədim. Yaxınlaşıb şəhidimizin üzündən örtüyü çəkdim. Gözlərimə inana bilmədim. Cavanşır idi, həmkəndlim və yaxın qohumum. Bir əsgər kimi təbii onun Vətən yolunda şəhid olması şərəf idi, lakin mənim üçün bir dogma insan kimi böyük itgi idi.

Yas saxlamağın yeri deyildi. Onun nəşini döyüş bölgəsindən çıxartmaq lazım idi. Komandirdən icazə alıb içim qan ağlaya-ağlaya onu çiyinlərimə aldım. Arxaya, hərbi birliyə aparıb müvafiq quruma təhvil verdim. İçimdəki intiqam hissi getdikcə daha da alovlanırdı. Bu məqamda imkanım olsa qarşıma çıxan hər bir erməni əsgərini dişimlə didməyə hazır idim.

Bu intiqam hissi ilə də geriyə, hərbi hissəmizin yerləşdiyi cəbhə xəttinə qayıdıb xidmətimə davam etməyə başladım. Cavanşırın qisasını almaq bir an belə məni rahat buraxmırdı. Bir gün sonra komandirimin icazəsi ilə iriçaplı “Bora-12” snayper tüfəngimi də götürüb müşahidəyə çıxdım. Çox çəkmədi ki, düşmən əsgərləri hədəfdə göründü. Həmin gün açdığım beş atəşin biri də boşa getmədi…

Söhbət əsnasında Əsgərin təəssüflə dediyi, “Cavanşir kimi oğullarımızın şəhid olmaları məni çox sarsıdırdı və mən də istəyirdim düşmənlə amansız döyüşlərin birində Vətən yolunda şəhid olum, onların ucaldıqları zirvəyə ucalım” sözləri vücudumu titrətdi. Bunu yalnız Vətənə sədaqət andı içmiş, onun yolunda qanın, canını əsirgəməyən Azərbaycan əsgəri deyə bilərdi.

Məhz Cavanşirin həlak olmasından sonra Əsgər çox amansız döyüşlərdə iştirak edir, ən təhlükəli mövqelərə atılmaqdan belə çəkinmir və bütün qəzəbini hədəfə aldığı hər bir düşməni məhv etməklə soyudurdu.

Bu məqamda, düşmənə nifrəti üzündən oxunan Əsgərdən soruşuram:

-Heç düşmənə rəhm etmək istədiyin məqamlar olubmu?

-Bəzən elə olub pusquda durub erməni əsgərini hədəfə alırdım. Baxırdım ki, çox yeniyetmə, heç 20 yaşı olmayan bir gəncdir. Özünü səngərdə aparmağından, mövqe tutmağından görürdüm ki, bu əsgərin ümumiyyətlə döyüş anlayışı belə yoxdur. İçimdə bir anlıq da olsa xalqımıza məxsus mərhəmət, rəhm etmək hisləri baş qaldırırdı və özümdən ixtiyarsız tətiydəki barmağım boşalırdı. Belə məqamda bir anlıq Xocalı faciəsi ildırım kimi xəyalımda çaxır, bütün bu mərhəməti qısas hissi üstələyirdi. “Yox, belə düşmənə qisas ola bilməz” deyirdim öz-özümə. Və tətiy bir göz qırpımında çəkilirdi. Düşmənlə bərabər içimdəki o məsum hiss də yoxa çıxırdı…

- Ən ağır döyüşüm Hadrutdan Xankəndi istiqamətinə gedəndə baş verdi, - deyə gizir sözünə davam edir. - Taborumuzun döyüşçüləri maşınlara oturub növbəti döyüş tapşırığını yerinə yetirmək üçün Hadrutun içindən keçib Xankəndi tərəfə yollandı. Tabor komandiri mənə tapşırıq verdi ki, öz qrupumla rabitə vasitələrini götürmək üçün geri qayıdım. Rabitələri götürüb geri 1saylı minaatanlar batareyasının maşınlarına mindik. Rayonun son kəndlərindən birini qurtaracağındakı (adını unutmuşam) yoxuşu adlayıb, körpüyə çatdıq. Bu körpünü keçib düz yola çıxırdıq. Sübh çağı idi. Bir neçə yüz metr getmişdik ki, sağ və sol tərəfdən bizi aramsız atəşə tutdular. Snayper silahımı alıb bir göz qırpımında maşından yerə atılıb uzandım. Müşahidə aparmaq, vəziyyəti qiymətləndirmək istəyirdim. Düşmənin atəş nöqtələrini tapmaq və onları susdurmaq lazım idi ki, maşınlar keçsin. Əvvəl elə bildim ki, sağ tərəfdən atəş açan bizim əsgərlərimizdir. Sonra dəqiqləşdirdim ki, hər iki tərəfdən ermənilər atır. Maşınların dördünü qabağa buraxdım. Val deyilən bir yer vardı, (atəş tutmayan ərazi olduğu üçün ölü sahə deyillər hərbi dildə,) onlara sürətlə ora sürməyə işarə etdim. Maşınlardan biri keçə bilmədi və yolun ortasındaca saxladı. Ondan sonra gələn sursat maşını da atəş altına düşəcəkdi. Yaxınlıqda bir meşəlik görmüşdüm və dərhal sursat maşınının sürücüsünə maşını ora sürməyi əmr etdim. Əgər onu vursaydılar hamımız ordaca məhv ola bilərdik. Maşın meşəliyə girdi. Yolun ortasında tək uzanmışdım. Alatoran olduğu üçün yəqin ki, məni görməmişdilər. Çevik hərəkətlərlə yolun kənarındakı cəngəlliyə, oradan da meşəyə tərəf hərəkət etdim. Kimsənin məni görmədiyinə arxayın olandan sonra, bir anlıq uzanmış vəziyyətdə ətrafı dinlədim. Qulağıma səslər gəlirdi, ancaq bunların bizim, ya erməni əsgərlərinin olduğunu ayırd etmək olmurdu. Ehmalca bir qədər də yaxına sürünüb, daha diqqətlə qulaq asandan sonra aydınlaşdırdım ki, dogma dildə danışırlar. Hərbi hissənin parolunu deyə-deyə onlara yaxınlaşdım ki, düşmən zənn edib atəş açmasınlar. Bizim əsgərlər idi. 2-ci minaatan batareyanın üzvlərindən 18 nəfər döyüşçü toplaşıb vəziyyətdən çıxış yolu axtarırdılar. Biz demək olar mühasirədə idik. Artıq bir hərəkət bizim məhvimizə səbəb ola bilərdi. Döyüşçüləri düşmənin ağlına gəlməyən ən təhlükəsiz, çayiçi cəngəllik yollarla körpünün altından bir-bir keçirib itkisiz mühasirədən çıxartmağa nail oldum. Onları dağın arxa döşündə köhnə qəristanlıqda təhlükəsiz mövqedə yerləşdirdim.

Amma təhlükə bununla bitmirdi. İki təpənin arasında dayanan döyüşçülər tamamilə mühasirəyə düşə bilərdilər. Köməyə qüvvə çağırmaq üçün Əsgərə rabitə vasitəsi lazım idi. Özünü bir an belə itirməyən gizir snayperin nişangahı ilə müşahidəyə başlayır və onların olduğu yerdən arxada, dağın döşündə tərpəniş diqqətini çəkir. Özü ilə iki nəfər də götürüb hərəkət gördüyü yerə yaxınlaşır. Məsafə azaldıqca ehtiyatı da əldən vermir və diqqətlə danışıqlara qulaq asır ki, hansı dildə danışırlar. Bir qədər də yaxınlaşanda aydın olur ki, milli ordumuzun hissələridir. Hərbi hissənin nömrəsini ucadan deyə-deyə onlara yaxınlaşır.

- Şükür, özümüzkilər idi, - deyə gizir Əsgər Hüseynov sanki hansısa döyüş filmindən danışırdı. - Onların rabitəsindən istifadə edib hərbi hissə komandiri ilə əlaqə yaratmaq istədim. Amma rabitəyə korpus komandiri - general çıxdı. Dərhal məni yanına çağırdı. Vəziyyəti məruzə etdim. Mühasirəyə düşmək təhlükəsində olan döyüşçülərimizi vəziyyətdən çıxarmaq üçün erməni qüvvələrinin mövqelərinə artileriya və minaatanlardan zərbələr endirməyə göstəriş verdi. Mən dediyim koordinatları vurmaq mümkün olmasa da, düşmən onların yerləşdiyi mövqeləri aydınlaşdırdığımızı anlamışdı.

Nişangahla müşahidə aparıb gördüm ki, düşmən əlinə keçmək ehtimalı artdığı üçün əsgərlərimiz gərginlik keçirirlər. 2-ci minaatanlar batareyasının “starşinası” da mənə rabitə ilə bildirirdi ki, təcili uşaqları burdan çıxartmaq lazımdır. Ermənilərə əlavə qüvvələr köməyə gəlir…

Əsgər qərara gəlir ki, vaxt itirmədən özü döyüş yoldaşlarının köməyinə getsin. Generaldan icazə alıb yenidən gəldikləri istiqamətdə, mühasirədən çıxan dözüşçülərin yanına qayıdır. Öz qrupundan 4 nəfəri – Lerik rayonunun Kəlvəz kəndindən olan Məmmədzadə İman və Bəhrəm qardaşlarını (sonrakı döyüşlərdə hər iki qardaşşəhid olur), manqa komandiri Lənkəran şəhərindən olan Təhməzzadə Mirhəsəni və Yardımlı rayonundan olan İmanlı İlkini götürüb ermənilərin mövqelərinə tərəf hərəkət edir.

Əsgər sanki döyüş anını təkrar yaşayırmış kimi hər hərəkəti xırdalıqlarına qədər danışır:

- Özüm tək nişangahçı kimi başqa təpədə mövqe seçdim. Onların da hər birini özümlə üzbəüz ayrı-ayrı mövqelərdə yerləşdirdim və tapşırdım ki, mən iz buraxan güllə ilə atəş açıb düşmənin mövqelərini nişan verməyənə qədər atəş açmasınlar. Snayperlə müşahidə aparıb düşmən mövqelərin öyrənir və iz buraxan güllə ilə hara atəş açmağı onlara nişan verirdim. Bu yolla düşmənin bütün diqqətini özümüzə cəlb etdik. Qrupun döyüşçülərini elə yerləşdirmişdim ki, sanki ermənilərlə kompelktləşdirilmiş bir taborumuz döyüşürdü. Döyüşçülərim göz qırpmadan düşmənin mövqelərini atəş altında saxlayır, onlara başlarını qaldırmağa aman vermirdi. Uşaqlar tez-tez mövqelərini dəyişirdilər ki, atəşə tuş gəlməsinlər. Mühasirədə olanlara tapşırıq verdim ki, maşınları tək-tək sürətlə geri sürüb olduqları yerdən uzaqlaşsınlar. Beləcə, 34 nəfər şəxsi heyəti də, (18 nəfərlə bir yerdə 52 döyüşçümüzü) mühasirədən xilas edə bildik.

Əsgər qrupu ilə az bir müddət istirahət edəndən sonra, yeni tapşırıq alır. İndi onun qrupu ilə yanaşı daha iki qrup Xankəndi istiqamətindəki Qırmızı Bazar strateji məntəqəsinin ətrafındakı müəyyən yüksəklikləri tez bir zamanda ələ keçirməli idi. Son dərəcə ağır tapşırıq idi. Qeyd edilən məntəqələrə qədər yolu avtomobillə qət etdikdən sonra piyada yürüşə başlayırlar ki, düşmənin diqqətindən yayına bilsinlər.

Əsgər deyir:

- Faktiki olaraq düşmən arxasına keçməli idik. İki gün yol qət etdik. Vəziyyətə və şəraitə uyğun olaraq gah gecə, gah da gündüz yola çıxırdıq. Üçüncü gün səhər tapşırılan yüksəkliklərin ətəklərinə çatdıq. Tapşırığı bir də tam dəqiqləşdirib qruplara bölündük. Bu dəfə qrupumuzda Məmmədzadə İman və Bəhrəm qardaşlarından başqa daha 11 döyüşçü var idi. Bir çoxları bizə könüllü qoşulmuşdu. Mən gizir kimi qrup komandiri idim. Əlavə olaraq idarə heyətindən tabor komandirinin birinci müavini, əslən Lerik rayonunun Xəlifəkücə kəndindən olan kapitan Cəlil Cavadovu da bizimlə göndərdilər. Kapitan Cavadov şəxsən özü bizə rəhbərlik edirdi. Necə olmuşdusa düşmən izimizə düşə bilmişdi. Qrupumuz qəfil pusquya düşdü.

Pusquya düşdüyümüzü başa düşsək də əlimizi-qolumuzu sallayıb baxmadıq. Bəlkə həmin gün həyatımızın ən amansız döyüşünə başladıq. Qüvvələr bərabər deyildi. Özümüzdən 4 dəfə çox, 14 nəfər 50-60 erməni əsgərinə qarşı döyüşürdük.

Sonra da sanki sağ qalmasına acığı tutubmuş kimi deyir:

- Buna baxmayaraq, döyüş meydanında 11 şəhid, mən və daha iki yaralı qaldıq...

Səhər saat 1-2 radələrində Əsgər əvvəl dabanından yaralanır. Qan itirməsin deyə üstündə olan tibbi “jqutla” topuğundan yuxarını sıxıb bağlayır və yenə döyüşə davam edir. Döyüş bir an belə səngimir. Əsgərlər aslan kimi döyüşür, düşmənə göz açmağa aman vermirlər. Bir saat keçməmiş gizir Əsgər Hüseynov bu dəfə sol ayağından, dizdən aşağı dörd gülə yarası alır. Onlardan ikisi ətini siyirib keçir. Artıq üstündə ayağını bağlamağa “jqut” olmadığı üçün əsgər plaşın gündüzlər yığıb kürəyindən asdığı ipi açır və onunla dizdən yuxarı bərk-bərk sıxıb bağlayır.

- Mövqeyimizdən açılan atəş səsləri səngidikcə hiss edirdim ki, itkilərimiz artır, - deyə Əsgər dərindən ah çəkib söhbətinə davam edir. - Yanımdakı döyüş yoldaşlarımdan biri ağır yaralanmışdı. Ona daha bir gülə dəyməsin deyə özümü onun üstünə atdım. Elə bu məqamda sol tərəfimdən sanki qolumu baltayla çapdılar. Son dərəcə kəskin ağrıdan 20-25 dəqiqə şok yaşadım. Başımı torpağa sıxıb keyimiş, hərəkətsiz vəziyyətdə qaldım. Hiss edirdim ki, sol qolum var, amma onu tərpədə bilmirdim. Qolumu sağa hərəkət etdirmək istəyəndə yerdən qalxmadı. Baxdım ki, qolumun bazi sümüyü çilik-çilik olub, əzələlər parçalanıb. Bircə nazik sümük və vətərlər qalıb.

Uzandığım yerdən tərpənmədim. Artıq mənə snayperdən atəş açıldığını və snayperin müşahidəsində olduğumu hiss etmişdim. Saat 2:30 radələrindən saat 8-9-a qədər orada qaldım. 3-4 saatlıq döyüşdən sonra yoldaşlarımın əksəriyyətinin şəhid olmasına baxmayaraq, 4 saata yaxın ermənilər bizə yaxın düşməyə cəsarət etmədilər.

Ermənilər qrupun olduğu mövqeyə yaxınlaşmamışdan Əsgər sinif yoldaşı və dostu Elton Ağayevə zəng vurub, mövqelərinin koordinatlarını bildirir. Sonra da vəsiyyət edib söyləyir ki, ağır yaralanıb, buradan çıxmaq ehtimalı çox azdır. Xahiş edir ki, əgər şəhid olsa, haçansa onun meyitini buradan götürə bilsələr, anasının məzarının yanında dəfn etsinlər...

Əsgər deyir:

- Axşama ermənilərin danışıqlarını aydın eşitməyə başlayanda başa düşdüm ki, bizə tərəf gəlirlər. Üstümdəki tapançamı çıxarıb sağ böyrümün altına qoydum. Qumbaranı sağ əlimə götürüb, baş barmağımı həlqəsinə keçirib altıma çəkdim. Sağ böyrüm üstünə uzanmışdım, sol qolum qırılıb arxa tərəfimə düşmüşdü. Bütün pal-paltarım qan içindəydi. Ayaq səsləri daha da yaxından gəlməyə başladı. Qəlbimdə Allaha üz tutub özümü ölülüyə vurdum. Əsir düşməyi ağlımın ucundan belə keçirmirdim. Bu vəziyyətdə onlar məni heç əsir də götürməyəcək və işgəncə ilə öldürəcəkdilər.

Qaniçənlər yaxınlaşıb şəhidlərimizi və məni bir neçə dəfə təpiklədilər ki, öldüyümüzə əmin olsunlar. Nə möcüzə idisə kontrol atışı etmədilər. Sonra silahlarımızı yığışdırıb öz səngərlərinə tərəf yollandılar. Bir qədər aralanandan sonra onlardan biri təkrar geri qayıtdı və birbaşa mənə tərəf gəlirdi. Elə zənn etdim ki, mənim sağ olduğumdan duyuq düşüb. Baş barmağımın ovucumdakı qumbaranın həlqəsində olduğunu bir də yoxladım ki, buna cəhd etsə onu da, özümlə bir yerdə partladım. Əl atıb qarşımda düşmüş bükülü plaşı götürdü və çıxıb getdi. Amma bu hələ mənim xilasım deyildi...

Ermənilər gedəndən sonra Əsgər iki saata yaxın ətrafı sakitcə müşahidə edir. Bir-bir yoldaşlarına yaxınlaşıb astadan adlarını çağırıb tərpədir, nəbzlərini tutur. Yox, onlar çoxdan haqq dünyasına qovuşub şərəfli əbədiyyət zirvəsinə ucalmışdılar. Əsgər özünü toparlayıb birtəhər ayağa qalxır. Əl qumbarasını sağ cibinə qoyub, hazır vəziyyətə gətirdiyi tapançanı sağ əlində tutur. Sallanmış vəziyyətdə olan sol əlini sağ əlində tutduğu tapançanın üst tərəfinə qoya bilir. Bir addım atmamış başı gicəllənir və büdrəyib yerə yıxılır. Yenidən canını dişinə tutub ayağa qalxır və çox çətinliklə, ağır addımlarla Azərbaycan Ordusunun yerləşdiyi mövqelərə doğru irəliləməyə başlayır. 5-6 kilometr yol qət edərək özünü birliyə çatdıra bilir. Ağır yaralı olan Əsgəri əvvəl Hadrutda yaradılmış hospitala, sonra Füzulidəki hospitala yerləşdirirlər.

Yaralandığımı kəndimizin qəhrəman şəhidi Cavanşırın əmisi, hərbi həkim, travmatoloq-cərrah polkovnik-leytnant Əbülfət Həmidova telefonla məlumat verdim. Qolumun amputasiya ediləcəyindən narahat idim. Telefondaca mənə kövrək səslə bildirdi ki, bütün imkan və biliyindən istifadə edib qolumun amputasiyasına imkan verməyəcək. Sağ olsun, elə həmən gün xahiş etdi ki, məni onun çalışdığı Agcabədidəki hərbi hospitala çatdırsınlar. Ağcəbədiyə çatan kimi, Əbülfət doktor dərhal məni əməliyyata götürdü və 8 saata yaxın sol qolumun amputasiya olunmaması üçün əməliyyat apardı. Sağ olsun, ona minnətdaram. Amma Əbülfət doktor mənim kimi bəlkə 200-ə yaxın əsgərimizə yeni həyat verdi...

44 günlük müharibədə 30 gün öz qrupu ilə xalqının adına qəhrəmanlıq tarixi yazan və qan tökən qazimiz Əsgər Hüseynov bizi təkcə danışdıqları şücaətləri ilə heyrətləndirmədi. Həm də əxlaqlı və vicdanlı bir insan kimi onu və onun kimi yüzlərlə yaralını xilas etmiş hərbi həkim, polkovnik-leytnant Əbülfət Həmidovun xidmətlərinin layiqincə qiymətləndirilməsi üçün Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə müraciətilə təəccübləndirdi...

Bu Qələbədən sonra planlarına soruşanda isə, sadəcə əlinə işarə edib deyir:

-Tez sağalıb hərbi hissəmizə qayıtmaq, Vətənə xidmətimi davam etdirmək istəyirəm. Həm də müzəffər ordumuzun azad etdiyi Qarabağda...

İlqar RÜSTƏMOV

Oxumağa davam et
Reklam
Reklam

Gündəm