Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
Bizi izləyin

Qarabağ

Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı

Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə xalqımızın milli birliyinin, Azərbaycan Ordusunun gücünün, hərbi qulluqçularımızın peşəkarlığının və yüksək vətənpərvərlik ruhunun təntənəsidir. Bu Zəfər yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasına aparan tarixi mərhələdir.

Publika.az xəbər verir ki, bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Bərdə seysmik stansiyasının müdiri, Birinci Qarabağ müharibəsinin və Vətən müharibəsinin iştirakçısı Gəray Əsədov bildirib.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycan xalqı bir nəfər kimi Ordumuzun ətrafında birləşdi. Yaşından asılı olmayaraq minlərlə insan hərbi komissarlıqlara müraciət edir, Vətənin müdafiəsinə getmək istəyirdi. Bu mənzərə xalqımızın torpaqlarına bağlılığını, vətənpərvərlik ruhunu və milli həmrəyliyini bir daha nümayiş etdirirdi.

Müsahibimiz bildirib ki, Vətən müharibəsi zamanı müharibə veteranlarından ibarət batalyon yaradılıb və onlar polkovnik Gənizadənin rəhbərliyi ilə döyüşlərdə iştirak ediblər. Veteranlar təxminən 40 gün cəbhə bölgəsində, hərbi qulluqçuların yanında olublar, döyüş təcrübələrini bölüşərək şəxsi heyətə müxtəlif istiqamətlərdə dəstək göstəriblər. “Biz veteranlar olaraq döyüş təcrübəmizə görə yenidən cəbhəyə cəlb olunduq. Təxminən 40 gün cəbhə bölgəsində, əsgərlərimizin içində olduq və sonadək üzərimizə düşən vəzifələri yerinə yetirdik. Hərbi əməliyyatların mərkəzində idik. Bizim üçün əsas məsələ Vətənin müdafiəsinə töhfə vermək, gənc əsgərlərin yanında olmaq idi. Dövlətimiz də xidmətimizi qiymətləndirərək bizi “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif etdi”.

O qeyd ki, Azərbaycan Ordusunun son illərdə qazandığı inkişaf və döyüş hazırlığı Vətən müharibəsində özünü aydın şəkildə göstərdi. Ordunun müasir silahlarla təchiz olunması, şəxsi heyətin peşəkarlığı, təminat imkanları ilə yanaşı, hərbi qulluqçuların yüksək mənəvi-psixoloji hazırlığı da Qələbənin mühüm amillərindən olub. Ordunun mənəvi-psixoloji ruhu döyüş əməliyyatlarının uğurla aparılmasında xüsusi əhəmiyyət daşıyır. Azərbaycan əsgərinin Vətən sevgisi, torpaqlarını qorumaq əzmi və qəhrəmanlıq ənənələri bunu bir daha təsdiqlədi. O, Milli Qəhrəman Mübariz İbrahimovun və digər qəhrəmanlarımızın adını çəkərək bildirib ki, Azərbaycan xalqı hər zaman öz torpaqlarını müdafiə etməyə qadirdir.

Müsahibimiz 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirlərinin də Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası baxımından mühüm mərhələ olduğunu vurğulayıb. Təəssüflə qeyd edib ki, həmin əməliyyatlarda onun bacısının nəvəsi şəhid olub. “Bu döyüşlərdə şəhidlərimiz oldu. Mənim də bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların hər biri Vətən uğrunda qəhrəmanlıq göstərib. Biz bu gün azad və suveren ölkədə yaşayırıqsa, bunu şəhidlərimizin canı, qazilərimizin sağlamlığı və xalqımızın birliyi sayəsində əldə etmişik”, – deyə veteran bildirib. O, xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini qeyd edərək bildirib ki, bugünkü gənclər elmə maraqları, Vətənə bağlılıqları və dövlətçilik düşüncələri ilə seçilirlər. “Biz bir ömür yaşayırıq. Əsas məsələ həmin ömrü şərəf və ləyaqətlə yaşamaq, daim xalqın, dövlətin və dövlətçiliyin yanında olmaqdır. Vətən müharibəsi zamanı xalqımızın nümayiş etdirdiyi həmrəylik mənim yaddaşımdan heç vaxt silinməyəcək. Böyükdən-kiçiyə hər kəs bir amal ətrafında birləşmişdi. Belə bir xalqın nümayəndəsi olduğumuz üçün qürur duyuram”, – deyə müharibə veteranı vurğulayıb.(Azərtac)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm