Səssiz-səmirsiz gələn ölüm – Dəm qazı kabusundan necə qorunaq? – ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Səssiz-səmirsiz gələn ölüm – Dəm qazı kabusundan necə qorunaq? – ARAŞDIRMA

Şabran rayon sakini Ayşən Məmmədova Yasamal rayonu ərazisində kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb. Payız mövsümü başlayandan bu, dəm qazının aldığı ilk can olsa da, zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə bir həftədə iki nəfər müraciət edib.

Havaların cəmi bir həftədir soyumasına baxmayaq, artıq bəzi evlərdə istilik sobaları qurulub. Evi isitmək üçün işə salınan sobalar hər il onlarla ailənin ocağını söndürür. Ötən il qış mövsümü dəm qazı zəhərlənmələri ilə bağlı “zəngin” oldu. Bu il mövsümün başlanğıcında bir həftədə 3 faktın qeydə alınması sayın daha da çox olacağı narahatlığını yaradır.

Hər il artan rəqəmlər fonunda rəsmi qurumlar məsuliyyətdən yayınır və itirilən həyatların səbəbkarlarının müəyyən edilməsi çətinləşir. Bir çox hallarda günahı ölənin boynuna qoyaraq yaxalarını məsuliyyətdən qaçırırlar. Baxmayaraq ki, vətəndaşın saxta qaz sobası almasında da, hamam otaqlarının tələblərə uyğun olmamasında və qaz sobalarının düzgün quraşdırılmamasında da vətəndaş qədər həmin qurumlar cavabdehlik daşıyır. Bu il zəhərlənmələrin sayının daha az olması üçün qurumlar tərəfindən hansı işlərin görülməsi ilə maraqlandıq. Bu yazı həm də sizin dəm qazı təhlükəsindən necə qorunmağınız üçün bələdçi ola bilər.

Ekspertlər hesab edirlər ki, zəhərlənmələrin bu qədər çox olmasında başlıca səbəblərdən biri insanların qazla “doğmalaşma”sıdır. Belə ki, keçmiş SSRİ-də Bakı qazlaşdırmanın pioneri hesab edilirdi. 1929-cu ilin sonlarından Bakı sakinləri təbii qazdan istifadə edir. İllərdir qaza alışan insanlar onun həyatları üçün nə qədər təhlükəli olduğunu düşünmürlər.

Tüstü bacaları təmizlənmir

Azad İstehlakçılar Birliyinin Kommunal məsələlər üzrə eksperti Nüsrət Qasımov hər il onlarla insanın dəm qazından zəhərlənməsi və bir çoxunun ölməsinin vətəndaşların məsuliyyətsizliyi səbəbindən baş verdiyini deyir:

“Zəhərlənmələrin 90%-i vanna və yataq otaqlarında baş verir. İnsanlar yatarkən qazı açıq qoyur, gecə qazın kəsilməsindən xəbərsiz olurlar. Külək əsərkən bayıra çıxmalı olan tüstü otağa ötürülür, nəticədə zəhərlənmələr baş verir. Çünki otağa 1.1% dəm qazı dolanda zəhərlənmə üçün əlverişli şərait yaranmış olur, 7-30 dəqiqəyə bu qaz insan həyatına son qoya bilər. Ona görə hər rübdə bir dəfə suqızdırıcıları, payızda isə digər qızdırıcı cihazların tüstü bacaları yoxlanmalıdır. Qızdırıcının baş hissəsi ilə birinci dirsəyə qədər 50 sm məsafə olmalıdır. “Azəriqaz” əməkdaşlarının xəbəri olmadan qaz cihazlarının yerini dəyişdirmək, qaz cihazı quraşdırmaq olmaz. Hər yoldan keçənə qaz ustası deyib sobaların quraşdırılmasını həvalə etmək olmaz. Hamam otağında təbii işıq mənbəyi, qapının aşağı hissəsində deşiklər olmalıdır. Havalandırma sistemi bir saatda otağın havasını 3 dəfə dəyişdirməlidir. Təəssüf ki bu parametrləri heç kim gözləmədiyinə görə bədbəxt hadisələr baş verir”.

30 ildən çoxdur tüstü bacalarının düzgün təmizlənməməsinə toxunan ekspert bunun üçün xüsusi qurumun yaradılmasına ehtiyac olduğunu dedi:

“Bu gün ölkədə tüstü bacaları təmizləyən qurum yoxdur. Yeni yaradılacaq qurum müvafiq avadanlıqlarla təmin edilməlidir. MİS pul yığmaqla məşğuldur, yalandan tüstü bacalarını təmizlədikləri barədə məlumat verirlər. “Azəriqaz”ın bu məsələdə məsuliyyəti yoxdur, çünki onlar qazın verilişi, qaz sızmasının qarşısının alınması və digər xidmətlərlə məşğuldurlar. Qazdan təhlükəsiz istifadə qaydalarında yazılıb ki, tüstü bacalarının saz halda saxlanmasına, təmizlənməsinə mülkiyyətçi məsuliyyət daşıyır. Lakin mülkiyyətçinin tüstü bacasını təmizlətdirəcəyi qurum olmadığından vətəndaş onun təmiz olub-olmadığını özü yoxlaya bilər. Bunun üçün kibrit və ya məşəli tüstü bacasına yaxınlaşdıra bilər. Bu zaman alov bacaya meyillənməli, əks halda, bu, tüstü bacasının işləmədiyini göstərmiş olacaq. İnsanlar bilməlidir ki, qaz zəhərli deyil, onun məhsulları zəhərli ola bilər. Zəhərlənmə otaqda oksigenin faizi aşağı enəndə baş verir”.

Məsələnin nəzarətsiz qaldığını nəzərə alaraq ekspert vətəndaşlara çıxış yolunu göstərdi. Onun sözlərinə görə, dəm qazına reaksiya verən detektorları mənzildə quraşdırmaqla zəhərlənmənin qarşısını ala bilərlər. Bəzi sobalarda tüstü bacası işləmədiyi halda qazın verilişini dayandırma funksiyası var ki, həmin avadanlıqlardan istifadə edə bilərlər.

“Azəriqaz”ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi Qaz kəmərlərinə və cihazlarına texniki nəzarət xidməti tərəfindən bu ilin 9 ayı ərzində 190043 mənzilə texniki baxış keçirilib: “Baxış mənzildaxili xətlərə qeyri-qanuni birləşmələr, qaz xətlərinin yerinin dəyişdirilməsinə nəzarət və abonentlərin təbii qazdan istifadəsi ilə bağlı məlumatlanmadan ibarət olur. Mütəmadi olaraq bununla bağlı respublika ərazisində reydlər keçiririk.

Bəzən mənzildə təmir zamanı qaz xətləri tavanın altına, ya da mətbəx mebelinin arxasına salınır ki, bu da doğru deyil. Bu zaman boruların birləşmə xətlərini yoxlamaq olmur. Qeyri-qanuni rezin birləşmələrdən istifadə olunur ki, onların ömrü azdır. Müəyyən müddət sonra həmin xətlərdən qaz sızması baş verir. Sahəsi az olan mənzillərdə mətbəxin yerini dəyişirlər, bu zaman havalandırma, tüstü bacası normal işləmir. Bu faktlar aşkarlananda mənzilə qaz verilişi dayandırılır, akt tərtib olunur. Bəzən problem yalnız hamamın tüstü bacasında olarsa, təkcə həmin otağa qaz verilişi dayandırılır. Problem aradan qaldırıldıqdan sonra qaz təchizatı bərpa edilir.

Tüstü bacaları “Azəriqaz” tərəfindən tam izlənməsə də, onlara baxış keçirilir. Mənzil sahiblərinə tüstü bacasının işləməməsi barədə məlumat verilir, xəbərdarlıq edilərək qaz verilişi dayandırılır”.

Yalnız Bakıda bir milyondan çox abonent, onların hər birinin evində isə 2-3 tüstü bacası var. Nəzərə alsaq ki, onların əksəriyyətində “Azəriqaz” tərəfindən sadalanan problemlər müşahidə edilir, onların hamısında qazın kəsilməsi real görünmür. Digər məqam - “Azəriqaz” problem aşkarlanan abonentin mənzilində qaz xəttini möhürləyir ki, bunu da sonradan açmaq vətəndaş üçün çətin deyil. Yəni “Azəriqaz”ın bu inzibati tədbiri effektli görünmür.

Aldığımız sobanın keyfiyyətli olduğunu necə bilək?

Zəhərlənmələrin başlıca səbəblərindən biri məhz standarta uyğun olmayan qaz sobalarıdır. Bu sobalar isə cəmiyyətdə “İran sobaları” adı ilə məşhurdur. Bir vaxtlar ən çox problem məhz bu ölkədən idxal edilən sobalarda aşkarlanırdı. Bəs indi vəziyyət necədir?

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı artıq satışda olan qaz sobalarının keyfiyyəti ilə bağlı monitorinqlərə başladıqlarını dedi:

“Ötən ildə dəm qazının səbəb olduğu bədbəxt hadisələrin təhlili göstərir ki, zəhərlənmələrin əksəriyyəti sobalardan istismar qaydalarına əməl edilmədikdə, yaxud keyfiyyətsiz sobalardan yararlandıqda baş verir. Bu barədə aparılan monitorinqlər zamanı ölkəyə ucuz başa gəlməsi üçün təhlükəsizlik çaxmağı (klapan) olmayan sobaların gətirildiyini müəyyənləşdirdik. İstehlakçılarda İran İslam Respublikasından idxal olunan sobalarla bağlı müəyyən xof var, ona ölüm mənbəyi kimi baxırlar. Lakin bu fikir aradan qalxmalıdır. Çünki idxalçılar qarşısında təhlükəsizlik çaxmaqlarının gətirilməsini şərt kimi irəli sürmüşük. Tüstü bacası işləmədiyi halda, klapanların biri qazın nəqlini avtomatik dayandırır. Gecə yatarkən qazın nəqli dayanarsa, sonradan yenidən bərpa edilərsə, ikinci klapan sobaya qaz verilişini dayandırır. Üçüncü klapan isə qazın təzyiqinin artıb-azalmasını tənzimləyir”.

Görülən bütün tədbirlərə baxmayaraq, F.Talıblı satışda keyfiyyətsiz sobaların olmasını inkar etmədi. O həmçinin soba almaq istəyənlərə keyfiyyəti müəyyən etmək üçün bəzi məsləhətlər də verdi.

“Dövlət qurumu olaraq bizim işimiz bu barədə araşdırma aparmaqdır. Lakin soba alarkən vətəndaş onun müvafiq qurumlar tərəfindən verilən sertifikatına, təhlükəsizlik tələblərinə diqqət yetirməlidir. Bunlar olmadan soba almasınlar. Təhlükəsizliyi sübut olunmayan sobalar aşkar edənlər bizə müraciət edə bilərlər. Komitə nəzdində qaz sobalarının təhlükəsizliyini müəyyən edən laboratoriya qurmuşuq. Bundan başqa, ölkədə satışda uyğunluq sertifikatı almış məhsulların siyahısı komitənin saytında var. Saytın “uyğunluğun qiymətləndirilməsi” bölməsində istədiyi məhsulun adını yazıb axtarış verə bilər. Eləcə də bu bölmədə satışına icazə verilən qaz sobaları barədə məlumat əldə edə bilər. Bununla da məhsulu alarkən saytda axtarış edib sobanın sertifikatlı olub-olmadığını müəyyən edə bilər”.

“Azəriqaz”ın tabeliyində olan qurumun işi qənaətbəxş olmadı

Dəm qazı zəhərlənmələrinin qarşısını almaqda maraqlı olan digər qurum - Fövqəladə Hallar Nazirliyinin əsas işi həm “Azəriqaz”ın fəaliyyətinə nəzarət etmək, həm də insanları maarifləndirməkdir. Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentlıyinin baş müfəttişi Eldar Əhmədov Publika.az-a açıqlamasında bildirdi ki, dəm qazı zəhərlənmələrinin qarşısını almaq üçün vətəndaşlar təhlükəsizlik tədbirləri barədə məlumatlı olmalıdırlar: “Dəm qazı zəhərlənməsinin başlıca səbəbi qaz cihazlarının standarta cavab verməməsi, onların yerləşdiyi mühitin tikinti normalarına uyğun, qaz cihazı olan yerdə normal oksigenin, tüstü bacasının olmaması və ən əsası, istismar qaydalarına düzgün əməl edilməməsidir. Bu problemlərin həlli üçün maarifləndirmə ilə yanaşı, inzibati tədbirlər də görülür. 2011-ci ildə Nazirlər Kabinetinin qazdan istifadəsi ilə bağlı istehlakçı və təşkilatçıların öhdəlikləri müəyyən edilib. Bəzən istehlakçılar cihaz alıb qurarşdırarkən öhdəliklərini bilmirlər. Bu qərarda göstərilib ki, istehlakçılar özləri cihazlarının, tüstü bacalarının yoxlanmasında maraqlı olmalıdırlar. İldə iki dəfə istehlakçının nəzarətində olan cihaza qaz təşkilatının nümayəndəsi baxış keçirməlidir. Problem aşkarlanarsa, istehlakçıya xəbərdarlıq edilməlidir”.

Nazirlik rəsmisi bildirdi ki, bütün bunlarla yanaşı, dəm qazından zəhərlənmə hallarının sayını azaltmaq üçün müvafiq aktlara dəyişiklik edilir. Bu il Dövlət Şəhərsalma Komitəsi tərəfindən “Qaz təchizatı layihələndirmə” adlı normativ sənədə dəyişiklik edilib. Qazdan istifadə edənlər təsərrüfatında texniki müayinələrin keçirilməsi üçün ixtisaslaşmış kadrları cəlb etməlidir.

“Yol verilən çatışmazlığı aradan qaldırmaq üçün qaz cihazlarının yoxlanmasını “Azəriqaz”ın tabeliyində olan qurumun aparması qənaətbəxş olmadığına görə yeni bir qurum yaradılıb. Yeni yaradılan qurum Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindədir. Qurum istehlakçıların ixtiyarında olan qaz təsərrüfatının texniki vəziyyətini təhlil edərək nöqsanların yaranma səbəbini araşdırır. Bu ilin yanvarından fəaliyyət göstərən idarə hələ ki bütün respublikanı əhatə etmir”.

Mənzil İstismar Sahələrinin tüstü bacalarını təmizləməsi ilə bağlı fikirlərə toxunan FHN rəsmisi əlavə edib ki, bir vaxtlar MİS-in nəzdində xüsusi ustalar bu işlə məşğul olurdular. Son zamanlar bu qurumlar öz işləri ilə məşğul olmurlar: “Lakin hesab edirəm ki, son illər dəm qazı ilə bağlı zəhərlənmələrin artması respublikada qazlaşdırmanın genişlənməsi ilə əlaqədardır. MİS-lə yanaşı, Yanğından mühafizə Cəmiyyəti də tüstü bacalarının təmizlənməsi ilə məşğuldurlar. “Azəriqaz” da MİS-dən tüstü bacalarının təmizlənməsini tələb edir. Bundan başqa, tüstü bacaları son illərdə yenilənir. Bütün bunlar tüstü bacaları ilə bağlı problemin yavaş-yavaş həll olduğunu göstərir”.

Əgər evinizi isidərkən dəm qazının qurbanı olmaq istəmirsizsə, mütəxəssislərin məsləhətlərinə əməl edin.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm