Qırmızı.az
“Hacıbala Abutalıbov mənə dedi ki...” – 77 yaşlı kişidən inanılmaz sözlər FOTOLAR/VİDEO
Yeniyetmə və gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsində, texniki-idman növlərinin təbliği və inkişafında, habelə ordumuz üçün mütəxəssislərin hazırlanmasında tir atış mərkəzlərinin necə mühüm rol oynadığını xüsusi vurğulamağa lüzum yoxdur. Xüsusən son vaxtlar gənclərimizin atıcılığa olan marağının artması tir atış mərkəzlərinin əhəmiyyətini gündəmə gətirib.
50 ilə yaxındır tir təlimçisi işləyən Rişad Mirzəyev Publika.az-a müsahibəsində bu sahə üzrə görülməli olan işlərdən, maraqlı hadisələrdən, eləcə də digər məsələlərdən söhbət açdı:
“1970-ci ildən Nizami parkında...”
1939-cu ildə Bakıda doğulmuş Rişad Mirzəyev ilk öncə uşaqlıq illərinə nəzər saldı: “Atam Əhmədağa Mirzəyev Böyük Vətən Müharibəsi iştirakçısı olub. O, 1941-ci ildə cəbhəyə yollandı, 2 il sonra qara kağızı gəldi. Anam məni böyük çətinliklə böyütdü. Tənha qadın olsa da, bütün çətinliklərə sinə gərdi. Anamın sayəsində normal dolandım. O, 90 yaşında vəfat etdi.
1970-ci ildən paytaxtın Nizami parkında tir atıcılığı ilə məşğul olmağa başladım. Təlimatçı işləyirdim. 6 övladımı – 1 oğlumu və 5 qızımı tir atıcı təlimatçısı ilə məşğul olaraq böyütdüm.
Qeyd edim ki, 70-ci illərdə atıcılığa böyük maraq vardı. Gənclər gəlib öz qabiliyyətlərini yoxlayırdılar. Onda qırmanın biri 3 qəpik idi”.
Lakin buna baxmayaraq o, ailəsinin böyük olması və 1982-ci ildə dolanışığının çətinləşməsi üzündən yeni işə daxil olub: “Bir müddət gəmidə matros işlədim. 1990-cı ilə qədər həmin sahədə çalışdım. 1991-ci ildə tir köşkünü bərpa edib yenidən tir təlimatçısı kimi işləməyə başladım.
Bir gün köşkümün yerləşdiyi ərazi plana düşdü, orada yeni park tikməyə başladılar. Buna görə də, köşkün yerini dəyişməli olduq”.
“Yetirmələrimdən biri Sankt-Peterburqda...”
Bir neçə təlimatçı yetişdirmiş müsahibim deyir ki, yetirmələrindən biri hazırda Sankt-Peterburq şəhərində işləyir: “İki fərqlənmə diplomum var. Onları 1979 və 1980-ci ildə Könüllü Vətənpərvər İdman Cəmiyyətinin o zamankı rəisi, general Əhmədov verib.
Bakıda keçirilən atıcılıq yarışında da birinci yeri tutub kubok qazandım. Habelə təlimatçı kimi yaxşı fəaliyyət göstərdiyimə görə SSRİ kubokunu aldım”.
O, müəyyən səbəblər üzündən hərbi xidmətdə olmasa da, hərbi təlimlərdə fəal iştirak edib: “İki - Neft və Yeyinti Sənayesi texnikumlarını bitirdim. Lakin həmin sahələr üzrə dolanmaq çətin idi. İş yox idi, üstəlik, külfəti dolandırmaq lazım idi. Rusiyanın elə bir şəhəri olmayıb ki, orada çörək pulu qazanmayım.
(Özünü nəzərdə tutaraq – A.T.) Şükür Allaha ki, ana ümidinə qalmış uşaq yeniyetmə olduqdan sonra özü özünü dolandırdı və üstəlik, böyüyüb öz hesabına ailə də qurdu”.
O, qırmaların əvvəllər Rusiyadan gətirildiyini dedi: “O dövrdəki qırmaların keyfiyyəti yüksək, çəkisi ağır idi. İndi istifadə etdiyimiz qırmalar İran və Türkiyədən gətirilir. Çəkiləri azdır, keyfiyyətləri o qədər də yüksək deyil. Bir qırma qutusunun qiyməti 5 manatdır. Bir atış isə 5 qəpikdir”.
“20 yanvar hadisəsi zamanı onları Moskvaya apardılar”
Rişad Mirzəyev sözlərinə belə davam etdi: “O dövrlərdə futbol oyunlarına gələn yeniyetmə və gənclər dəstə-dəstə toplaşıb tir atırdılar. Əvvəllər paytaxtın ayrı-ayrı rayonlarında, hətta bölgələrdə tir atışı mərkəzləri vardı. Amma əfsuslar olsun ki, bunları yığışdırıblar.
Əvvəlcə 1990-cı ilin 20 yanvar hadisələrindən sonra hamımızdan “İJ-12” tüfənglərini yığıb Moskvaya apardılar. 200 ədəd pnevmatik tüfəng müsadirə olundu.
İndi uşaqlar, gənclər gəlib tir atırlar, onlara silahı necə tutmağı, necə atəş açmağı öyrədirəm. Burdakı təlimatlar arasında 70-ci ildən qalan təlimatlar da var”.
O, bununla yanaşı, bəzi məqamlara da təəssüfünü gizlətmədi: “Əfsuslar olsun ki, indi gənclər internet klublara, kompüter oyunlarına daha çox maraq göstərir, bununla da öz qabiliyyətlərini nümayiş etdirə bilmirlər. Bir çoxları ancaq əsgərliyə çağırış vərəqəsi gələn gün bura üz tutur, gəlib silah atmağı öyrənirlər”.
Bütün bunlara rəğmən atıcılığa marağı olanlar da var: “Bu yaxınlarda tanımadığım polkovnik leytenant Kənan Təhməzov adlı şəxs oğluyla burada tüfəng atdı. Polkovnik yüksək peşəkarlıq nümayiş etdirərək beş onluğa vurdu. Onun 13 yaşlı oğlu da yaşına uyğun olmayan dəqiqliklə nişan aldı, dörd onluğa vurub 47 xal yığdı.
Hərdən Bakıxanov qəsəbəsindən bəziləri ailəliklə gəlib burada (Suraxanı rayonunda) tir atırlar. Bəzən hətta paytaxtın ayrı-ayrı yerlərindən 15-16 yaşlı yeniyetmələr də atıcılığa gəlirlər”.
“Hədəfi düz vurana qazandığım kuboku verəcəm”
O, hədəfi düz nişan alıb yaxşı atəş açanlara həvəsləndirici mükafatlar da verir. Bunlar peçenye, sabun, saat, vafli, gəlincik, saqqız, qələm, ətirdir: “Hədəfləri ən yaxşı vurana özümün 1970-ci ildə qazandığım kubokumu da hədiyyə edəcəyəm. Onu da uduşlu oyunlar üçün nəzərdə tutulmuş hədiyyələr sırasına qatmışam”.
Bu arada maraqlı bir məqama toxunmaq istərdik. Məsələ burasındadır ki, Rişad Mirzəyev bunların hamısını öz hesabına edir: “Hər şey öz hesabımadır. Mənə heç yerdən heç nə vermirlər. Könüllü Vətənpərvər İdman Cəmiyyəti ləğv olunduğundan indi hər şey bizim boynumuza düşüb. Silahları özüm təmir edirəm. Hansısa hissələri nasaz olanda, sıradan çıxanda onları əvəz edən hissələri tapır, nizamlayıram. Burdakı bəzi tüfəngləri 1970-ci ildən işlədirəm.
İndi 9 silahım qalıb. Onların arasında pnevmatik tüfənglərlə yanaşı pnevmatik tapançalar da var. Tüfənglərdən biri Almaniyada istehsal olunub. Bəzən gənclər gəlib ondan da atırlar”.
“Hacıbala müəllim məktubunda qeyd edib ki...”
Təcrübəli tir təlimatçısı deyir ki, əvvəllər yaxşı atıcılar çox olub, indi təəssüf ki, onların sayı azalıb: “Hərdən tüfəng atmağa gələn gənclər burada silahı bir-birlərinə tuşlayıb zarafat edirlər. Bir də görürsən biri tüfəngi əlinə alıb o birinə tuşladı. Dərhal acıqlanıram ki, bala, bu tüfəngdir, onunla zarafat etmək olmaz. Silahdır, birdən əlin tətiyə ilişər, atəş açıb qarşındakı adamı zədələyərsən. Hər gün burada gənclərə bununla bağlı təlim keçirəm.
Bəziləri nəinki düz atəş açır, heç silahı da düz tuta bilmir. Ona deyəndə ki, qoy, səni başa salım, deyir yox, dayı, özüm yaxşı silah atıram. Amma görürsən heç silahla rəftar qaydasını bilmir”.
Müsahibim söhbət əsnasında daha bir maraqlı məqama toxundu: “Mənim atıcılıq köşkümün burada fəaliyyət göstərməsi Hacıbala Abutalıbovun sayəsində baş verdi: “O, həmin vaxt Suraxanı rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı. Bir dəfə köşkümün olduğu ərazinin yaxınlığında yeni park salınırdı.
Belə olduqda Hacıbala müəllim Könüllü Hərbi Vətənpərvərlik İdman Cəmiyyətinin Respublika Şurasının sədri, general-mayor Sərdar İsrafilova göndərdiyi məktubda qeyd edib ki, sizin şuranın nəzdində 64 saylı pnevmatik tir yeni salınan parkın ərazisinə düşdüyünə görə onun yeri köçürülüb (Məktubu açıb göstərir).
Hacıbala müəllimin özüylə dəfələrlə görüşmüşəm. Elə iki dəfə bura – atıcılıq köşkünə gəlib. Yadımdadır, park salınanda işlərin gedişinə şəxsən özü nəzarət edirdi. Həmin vaxt köşkə də gəldi. Həmsöhbət olduq. Dedi ağsaqqal, Allah sənə can sağlığı versin və bu sənəti işlət, gənclərimizi öyrət. Balalarımıza, nəvələrimizə təlim keç”.
Qırx altı ildən çoxdur tir təlimatçısı kimi fəaliyyət göstərən Rişad Mirzəyevin övladı atasından fərqli olaraq tam başqa sahəni seçib: “Oğlum bu sənətin dalınca getmədi, sürücülüyü üstün tutdu. Mən də çox inad etmədim. Yəqin belə məsləhət imiş”.
Anar Tağıyev,
Fotolar müəllifindir
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"
-
Hadisə13:05
Politoloq Azər Qasımlı saxlanıldı
-
Hadisə12:15
Azərbaycanda qulağına səslər gələn 33 yaşlı kişidən DƏHŞƏTLİ ƏMƏL: həyat yoldaşını...