Azərbaycanda ölümə aparan QORXUNC 24 GÜN: 26 ölü, 10 yaralı və...
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ölümə aparan QORXUNC 24 GÜN: 26 ölü, 10 yaralı və...

“Ər uşaqlarının gözü qarşısında arvadını qətlə yetirdi”, “Həyat yoldaşını baltaladı”, “92 yaşlı qadın intihar etdi”, “Bacısını namus üstündə vəhşicə öldürdü”...

Bu xəbərləri oxuyarkən bir çoxlarınız dəhşətə gəlib və bundan daha dəhşətli xəbərlər ola bilməz deyə düşünməmiş deyilsiz. Amma sən demə, daha dəhşətliləri də var imiş. Çox uzağa getməyək. Avqustun ilk günlərində ananın 14 yaşlı qızını öldürməsini, ya da 6 yaşlı Ramilənin anasının qeyri-rəsmi nikahda yaşadığı şəxs tərəfindən qətlə yetirilib küçəyə atılmasını oxuduq. Əvvəli belə başlayan ayın axırı da xeyir gəlmədi. Sonuncu gününü yaşadığımız ayda bir ata oğlu tərəfindən öldürülərkən, digəri oğul qatili olmamaq üçün intihar etdi, bir qayınata isə kürəkəni ilə yaşadığı münaqişənin qurbanı oldu və zibillikdə öldürüldü. Hadisələr o qədər çox oldu ki, biz belə hesabı itirdik.

Publika.az-ın “Müfəttiş” layihəsinin bu yazısında məhz sözügedən məsələləri araşdırdıq.

“Müfəttiş” bu hadisələrə sadəcə xəbər kimi yanaşmadı, ah-vayı bir tərəfə qoyub oğulun ata, ananın övlad qatili olmasının, ailədən bezib intihara əl atmaların səbəblərini, onları bu işə vadar edən məqamları araşdırdı.

Bu ay ölənlər

Əvvəlcədən qeyd edək ki, bu yazıda materiallar Publika.az saytında avqustun 1-dən 24-dək yer alan xəbərlər əsasında hazırlanıb.

Bu ay ərzində oxucularımız 13 intihar, 14 ailədaxili və 5 şəxsi münaqişə zəminində baş vermiş cinayət xəbəri oxudu. Bu xəbərlərin hər birini ayrıca araşdırma mövzusu hesab etmək olar. Biz bu dəfə məsələyə ümumi yanaşacağıq. 13 nəfərin nə üçün intiharını, eləcə də, ailə və dost-tanış münaqişələrindən cinayətə uzanan məqamları araşdıracağıq.

Suisidoloqlar hesab edir ki, kişilər qadınlara nisbətən daha çox intihara meyl edir. Buna səbəb kişilərin təhsilli olmasıdır, yəni təhsilli şəxs intihara daha çox meylli olur. Bəzi ekspertlər intiharı insanın qorxaqlığı ilə əlaqələndirirlər. İntihara yadda qalmaq, xatırlanmaq üçün əl atanların da az olmadığı deyilir.

Səbəbləri hələlik bəlli olmasa da, bu ay ərzində 13 intihar hadisəsi qeydə alındı. Onlardan 5-i qadın, 8-i kişi idi.

Siyahı:

Tamilla Mustafayeva (Bakı) - 38 yaş

Yasəmən Kərimova (Salyan) - 34 yaş

Töhfə Həsən qızı (Bakı) - 24 yaş

Fuad Mərdanov (Samux) - 26 yaş

Qafqaz İsgəndərov (Şəmkir) - 57 yaş

Gülnar Qasımova (Ucar) - 25 yaş

Yeganə İsgəndərova (Gəncə) - 46 yaş

Yunis Budaqov (Göygöl) - 79 yaş

Şahin Məmmədli (Qax) - 25 yaş

Həsrət Hüseynov (Şamaxı) - 57 yaş

Bayram Seyidov (Quba) - 55 yaş

Cahid Əsgərov (Saatlı) - 20 yaş

Teymur Həsənli (Bakı) - 15 yaş

Baş verən intihar hadisələrində rayonlar paytaxtı üstələdi. Belə ki, intiharların 3-ü paytaxtın payına düşdü. Lakin ümumilikdə intiharlar rayonlar üzrə bərabər paylandı. İntihar hadisələrinin hamısı ölümlə nəticələndi. Ölənlərin yaş həddi əsasən 20-50 yaş arasında idi. Cəmi biri 70, biri isə 15 yaşında canına qəsd etdi. İntihar cəhdində biri odlu silaha əl atdı, biri özünü hündürmərtəbəli binadan atdı, biri isə suda boğulub. Qalanları isə özünü asıb.

Səbəb “saqqal”dır?

Bir çoxunun təfərrüatı bəlli olmasa da, ayın ən yaddaqalan intihar hadisəsi Qubada baş verdi. Rayonun Xaltan kənd sakini 55 yaşlı Bayram Seyidov intihar edəcəyini əvvəlcə “facebook”da, 585 dostuna elan edib, daha sonra intihar etdiyi otağın qapısına xəbərdarlıq yazısı vurub. Otağın qapısına vurduğu xəbərdarlıqda ailə üzvlərinin yox, əvvəlcə rəsmi şəxslərin otağa girməli olduğunu qeyd edib. Bu xəbərdarlığın səbəbini onun gündəliyindəki yazılar izah edir. Məlum olur ki, 55 yaşlı müəllimi intihara sövq edən səbəb elə ailə üzvləri, bir az da konkretləşdirsək həyat yoldaşı və oğlu Əjdər olub. O, məhz bu iki şəxsi ata evinə varislikdən də məhrum edib. Bayram müəllimin “facebook” profilinə nəzər salarkən ölümündən əvvəlki günlərində əslində intihara hazırlaşdığını sezmək olur. Amma ailə üzvlərinin hansı əməli və ya sözünün onu bu həddə çatdırması yalnız prokurorun əlindəki gündəlikdə yer alıb, bir də ailəsinə məlumdur.

İntihar edənlərin ən kiçiyini, onu azyaşlı da hesab etmək olar. Kürdəxanı qəsəbə sakini 15 yaşlı Teymur Həsənli adlı bu şəxs işlədiyi avtotəmir sexində özünü asıb. Yay tətili vaxtı sexdə işləyən, şən, həyat dolu Teymurun intiharı ailəsi qədər bütün oxucuları şoka saldı desək, çox da mübaliğə etmiş olmarıq. Çünki Teymurun intiharının əvvəlcə daşa dəyən sevgi olduğu deyilsə də, ailəsi, dostları bu ehtimalı qəbul etmədilər. Məlum oldu ki, Teymurun oxuduğu 113 saylı orta məktəb artıq 5-ci dəfədir ki, intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ildən bəri məktəbin 4 şagirdi eyni üsulla – özlərini asmaqla canlarına qıyıblar. Onların hamısı həftənin şənbə günü və eyni üsulla intihar edirlər. Canlarına qəsd edən məktəblilərin ölüm üçün seçdikləri məkanların onların boyu qədər olması və üzərlərindəki zorakılıq izləri intihar faktını şübhə altına alır. İntiharlar kənddə yad, saqqallı şəxslər görünəndən sonra baş verir. Bütün kənd də intiharda məhz “saqqallı”ları səbəbkar hesab edir.

Pozulan münasibətlərdə nəticə ölümdür?

Bu ay 14 ailədə pozulan münasibətlər cinayətlə nəticələndi. Baş verən hadisələr nəticəsində 7 nəfər yaralandı, 11 nəfər isə öldü. Ailədaxili münaqişə kimi qeydə alınan cinayət hadisələrinin üçünün qeyri-rəsmi münasibətdə olan şəxslərin ailəsində baş verdiyi müəyyən olundu. Məsələn, Gədəbəy rayon sakini Fidani İsmayılov 4 aydır birlikdə yaşadığı Əfsanə Məmmədovanın ondan xəbərsiz qardaşı ilə dənizə getməsini həzm edə bilmədi. Bıçağa əl atan Fidani bacını yaraladı, qardaşı isə öldürdü. Evli olduğunu bildiyi halda Fidani ilə münasibət quran Əfsanəyə qalan isə qardaş itkisi oldu.

Ayın ən yaddaqalan cinayət hadisələrindən biri də 37 yaşlı Altay Həsənovun qeyri-rəsmi nikahda yaşadığı Yasəmən Novruzovanı əvvəl öldürüb evin həyətində basdırması, sonra isə polisə onun itkin düşməsi barədə məlumat verməsi oldu.

Bu, hələ ən dəhşətlisi deyil. Ər-arvadın bir-birini öldürməsi xəbərlərini çox eşitmişik. Amma oğulun atasını, ata və ananın qızını öldürməsi bizim üçün adi hal deyil. Avqustda ilk belə hadisə Bakıda yaşandı. Sabunçuda Züleyxa Cəfərova 14 yaşlı qızını öldürdü. Oxucular qətlin təfərrüatı üzərində baş sındırarkən ana ifadəsində namus üstündə öldürdüyünü dedi. Ananın sözlərinə görə, qızı cinsi zorakılığa məruz qalıb, ona görə də onu öldürmək qərarına gəlib. Amma zorakılıq qurbanını öldürmək əvəzinə qızına qıyması məsələnin qaranlıq qalan tərəfidir.

İmamın əmri ilə atasını öldürdü

Xırdalanda da bir qız öldürüldü. 6 yaşlı Ramilə Abdulxalıqovanı anasının qeyri-rəsmi nikahda olduğu Elnur Hacıyev qətlə yetirdi. Uşağı öldürüb küçəyə atan ana və onun sevgilisi, hələ bu azmış kimi qızı maşının vurub öldürdüyünü dedilər.

Elnur Ramilənin atası deyildi. Amma bu ay Salyanda ata doğma qızını iplə boğaraq öldürdü. Bu cinayətdə məlum olan Gülnar Qurbanova və atasının əvvəllər məhkumluq həyatı yaşamaları və qızın narkotik asılılığı olması idi.

Ayın ən dəhşətli hesab ediləcək cinayəti 17 yaşlı Qaçay Şahverənovun 44 yaşlı atası Nadir Şahverənovu ov tüfəngi ilə öldürməsi oldu. Qaçay atasını anasına və bacısına qarşı zorakı hərəkətlərindən bezdiyinə görə öldürdüyünü desə də, kənd sakinləri başqa şeylər danışdı. Qaçayın radikal dini qruplara qoşulduğunu, atasının isə onu bu yoldan çəkindirmək istədiyini dedilər. Qaçayın atasını öldürmək əmrini imam hesab etdiyi şəxsdən aldığını deyənlər də oldu.

Şəxsi münaqişə zəminində baş vermiş 5 hadisə qeydə alındı ki, onların ikisi ölümlə nəticələndi.

Ayın cinayət və intihar hadisələri barədə bizim apardığımız araşdırmadan bəlli oldu ki, adi hallar artıq cinayət səbəbi ola bilir. Axı nə üçün?

İnsanlar gərgindir

Hüquqşünas-ekspert, ədliyyə general-mayoru Xanlar Ələkbərov hesab edir ki, intihar və cinayətlərin artmasında əsas səbəblər sırasında cəmiyyətdəki sosial-psixoloji gərginlik dayanır: “Bu cinayətlərin böyük bir qismi statistikada öz əksini tapmır. Rəsmi rəqəmlərə əsasən, il ərzində ailədaxili münaqişələr nəticəsində baş verən cinayətlərin sayı 800-900 göstərilir, lakin ekspertlərin araşdırmasına görə bu rəqəm 27-30 min civarındadır. Bu neqativ halların artma səbəbi sosial-psixoloji gərginliklə bağlıdır. Kənarda yaşadığı problemləri insanlar ailələrinə gətirir. Demək olmaz ki, ailədaxili münaqişələrin səbəbi məhz budur. Lakin əsas səbəblər sırasında məhz ümumi psixoloji gərginlik yer alır”.

Ekspertin sözlərinə görə, intiharların artmasında səbəblər müxtəlifdir: “Səbəblər sırasında sevgi münasibətlərinin pozulmasını göstərmək olar. Uğursuz sevgi intiharların 5%-nin səbəbi ola bilər. 5-7% psixi problemlər, 85-87%-i digər problemlərlə bağlıdır. Təəssüf ki, intiharlarla bağlı rəsmi statistika açıqlanmır. Ekspertlərin açıqladığı rəqəmlərə görə il ərzində 2000-ə qədər intihar baş verir. Onların 1200-ə qədəri ölümlə nəticələnir”.

Ekspert problemin həlli üçün ümumi cəmiyyətdə psixoloji gərginliyin azalmasını vacib sayır: “Əlbəttə, maarifləndirməyə də ehtiyac var. Son illər təhsilin səviyyəsi aşağı düşüb. Həkim səhvinə görə insanların həyatını itirməsi hallarını müşahidə edirik. Həkimin belə səhvə yol verməsi, ölkədə təhsilin səviyyəsinə bir nümunədir. Bundan başqa, psixoloji yardım mərkəzlərinin açılmasına ehtiyac var. Psixoloji problem yaşayan insanlar anonim olaraq zəng edib yardım ala bilməlidir. Ən azı problemlərini bölüşməklə sakitlik tapmalıdırlar”.

Yadda qalmaq istəyi, yoxsa isti havalar?

Sosioloq Üzeyir Səfiyev intiharların artmasında mətbuatı səbəbkar hesab etdiyini deyir: “Bu prosesləri izləyən, təhlil edən biri kimi mətbuatın bu məsələdə bir nömrəli səbəbkar olduğunu düşünürəm. İntihar edənlərin böyük əksəriyyəti bu üsulu məhz yaddaqalmaq üçün seçir. Mətbuatda belə hallara nə qədər çox yer verilirsə, intihara meyl edən şəxslər bu barədə düşünməyə başlayır. Sovet dövründə intiharlar daha az idi, çünki mətbuatda yazılmasına icazə verilmirdi. Digər bir məqam isə mövsümlə bağlıdır. Avropa və Şərq alimlərinin bu istiqamətdə apardığı araşdırmalara əsaslansaq, intiharların əsasən yay dövrünə təsadüf etdiyini görərik. Çünki bu fəsil insanlara psixosomatik təsir edir, insanlararası münasibətlərdə gərginlik artır, dözümlülük azalır. Bir vaxtlar rayonlarda suisid edən şəxsi dini şəriət qaydası ilə dəfn etməzdilər, onun yasına çox adam getməzdi. Bu, intihar hallarına qarşı ictimai qınaq idi. Hesab edirəm ki, suisidlərin qarşısını almaq üçün dində intihara münasibət də təbliğ edilməlidir”.

20 yaşa qədər oğlanın yanında ata...

Ailə münasibətlərində pozuntuların cinayətlə nəticələnməsinə gəldikdə, ekspert bu məsələyə bir neçə aspektdən yanaşdı: “İntiharlarda olduğu kimi yay fəslində münasibətlərdəki dözümsüzlük cinayətlərə də səbəb ola bilər. Digər hal illərdir davam edən atalar və oğullar, analar və qızların nəsillərarası münasibətlərindəki uçurumdur. Müəyyən yaş dövründə övlad evdə sözünün keçməsini istəyir, valideynlər isə bunu özlərinə hörmət edilməməsi kimi qəbul edir. Bundan başqa, uşaqlar müəyyən yaş dövründə özünü təsdiqləmək istəyir, bu məqamda onlara güzəşt edilməlidir. 20 yaşa qədər oğlanın yanında atanın ananı döyməsi ataya qarşı aqressiyanı yaradır”.

Sosioloq hesab edir ki, istər intihar, istərsə də digər cinayətlərdə sosial şəbəkələrin rolu danılmazdır. Lakin bu yeganə sahədir ki, ora müdaxilə etmək imkanı yoxdur: “Sosial şəbəkə paralel dünya hesab edilsə də, real dünyadakı cinayətlərə birbaşa səbəb olur. Bu şəbəkələr nəzarətsiz çölə bənzəyir ki, orada təhqir, söyüş, alçaltmalar kifayət qədərdir”.

Qadınlar müstəqildir, kişilər əsəbi

Ailədaxili münaqişələrin qadın və kişinin bir-birini öldürməsi ilə nəticələnməsi hallarındakı artıma gəldikdə sosioloq bunu Azərbaycanda ailə tipinin dəyişməsi ilə əlaqələndirir: “Əvvəl ailələrimiz patriarxal idi, kişinin ailə üzərində nəzarəti var idi. Lakin son vaxtlar qadınların iqtisadi asılılığının aradan qalxması, iş, muxtariyyət əldə etmələri kişinin hakimiyyət və xarizmasına təsir edib. Artıq qadın kişiyə tabe olmaq istəmir. Bunu həzm etməyən kişi cinayətə əl atır. Bu gün ailədə əzilən, istismar edilən kişilərin də sayı kifayət qədərdir. Bu məsələdə kişilər artıq qadınlarla bərabərliklərini qəbul etməlidir. Qadınlar isə sosial bərabərliyi hakimiyyət səviyyəsinə çatdırmamalıdır. Bundan başqa, ailə daxili münaqişələrin əksəriyyətinin natamam ailələrdə yaşandığını müşahidə edirik. Natamam ailə gələcəkdə növbəti natamam ailənin başlanğıcını qoyur”.

Araşdırmamız zamanı ölkədə istər intihar, istərsə də ailə daxili münasibətlər səbəbindən baş vermiş cinayətlərlə bağlı statistikaya rast gəlmədik. Bunun hansı səbəbdən aparılmadığını deyə bilmərik. Lakin hadisələr göstərir ki, qısa zamanda belə bir statistikanın aparılmasına, onun təhlilinə və çıxış yollarının tapılmasına ehtiyac var. “Müfəttiş” bir ay üzrə araşdrma apardı, deməli, bu, heç də çətin deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm