İllik xərci 15 min avroluq xəstəlik – hamımız yoluxa bilərik
Bizi izləyin

Qırmızı.az

İllik xərci 15 min avroluq xəstəlik – hamımız yoluxa bilərik

İllik xərci 15 min avroluq xəstəlik – hamımız yoluxa bilərik

“Uzun müddət qarnımda ağrılar olurdu, əvvəl fikir vermədim. Ağrılar kəskinləşəndə dövlət xəstəxanasında analiz verdim, nəticə Hepatit C çıxdı. Əvvəl inanmadım, bir neçə özəl xəstəxanada yenidən analiz verdim, 300 manata qədər xərc çıxdı, nəticə eyni oldu. Bir müddət müalicə olundum, 1000 manat məbləğində iynə-dərman yazılmışdı. Amma sonra müalicənin səhv aparıldığını anladım. Əsas müalicə həftədə bir dəfə vurulan iynədir, qiyməti 300 manatdır. İynə azı 6 ay vurulmalıdır, amma imkanım olmadığına görə, ala bilmirəm”.

Adını açıqlamaq istəməyən müsahibim deyir ki, indi ağrılara dözməkdən başqa yolu yoxdur. Onun sözlərinə görə, bu vəziyyətdə olan hepatitli xəstələrin sayı az deyil. Ona görə də, xərclər dövlət tərəfindən təmin edilsə, yaxşı olar. O həm də xəstələri başqalarına yoluxdurmamaq üçün daha diqqətli olmağa çağırır.

Müsahibimizin də dediyi kimi, bu Hepatit C-dən əziyyət çəkən, lakin müalicə edilmədiyinə görə qaraciyə serrozu, xərçənglə üz-üzə qalanların sayı az deyil. Bu halda yeganə çıxış orqan transplantasiyası olsa da, imkansızlıq bu anda da xəstələrin yolunu bağlayır.

Günümüzün ağır xəstəlikləri və peyvəndi mümkün olmayan Hepatit C-dən necə qoruna bilərik? Müalicə xərclərinin daha aşağı və yüksək olduğu ölkələr hansılardır? Ən son müalicə üsulları nələrdir?

Suallarımıza Publika.az-ın “Qırmızı xətt” layihəsində cavab tapmağa çalışacağıq.

Mövzunu daha dərindən araşdırmaq üçün Hepatit C-li xəstələrlə ünsiyyətdə olub, onların problemlərini öyrənməyə çalışdıq. Xəstələrin maddi problemləri qədər mənəvi sıxıntıları da var. Cəmiyyətdə onlara olan münasibət, yoluxucu xəstə kimi baxılması bu insanları cəmiyyətdən uzaqlaşdırır. Məhz bu səbəbdən onlar danışarkən ilk şərt adlarının açıqlanmaması olur. Bir ildən artıqdır, hepatit C-dən müalicə olunan digər müsahibimiz, müalicə üçün bir ildə 15 min manat xərclədiyini deyir.

“Müalicə üçün İsveç istehsalı “Pegasis” iynə vurulur və dərman da qəbul edirəm, müalicənin bir həftəlik xərci 198 manatdır. İynəni həftədə bir dəfə eyni gündə, dərmanı isə gündə altı ədəd olmaqla 12 saatdan bir, hər dəfə 3-nü qəbul edirəm. İranda “Peqaferon” adlı iynə var, bu “pegasis”in əvəzləyicisi hesab edilir, təsiri zəif olsa da, imkanı olmayanlar alır. Mən də artıq Ərdəbildən “Peqaferon” alıb ondan istifadə edirəm. “Pegasis”i də İranda 120 dollara almaq olur. Bundan başqa, müalicə müddətində hər üç aydan bir 200-300 manatlıq analizlər verir, qaraciyər və dalağın USM-i edilir”.

Müsahibimin sözlərinə görə, virusa yoluxduğunu ilk dəfə eşidəndə inanmayıb, 4-5 xəstəxanada analiz verib.

Sonra müalicəyə başlayıb, bu zaman arıqlayıb, saçı tökülüb, depresisyaya düşüb. Onun sözlərinə görə, intihara meyl edənlərin də sayı az deyil. Bir müddət sonra bunlar aradan qalxır. Amma buna baxmayaraq, artıq cəmiyyətdən uzaqlaşdığını deyir:

“Xəstəlik hava, damcı yolu ilə keçməməsi barədə insanlar məlumatlı deyil. Onlar yanlış olaraq elə düşünür ki, ünsiyyət zamanı da bu xəstəliyə yoluxmaq mümkündür. Insanları tək-tək başa salmaq olmur. Bəzən xəstəliyi eşidənlər xəstədən çəkinir, ünsiyyət belə qurmamağa çalışır. Ona görə də, məclislərə qatılmamağa çalışıram”.

Hepatit C olduğumuzu necə bilək?

Xəstəliyin klinikası hər insanda müxtəlif cür olur. Ümumi simptomlara isə yorğunluq, çəkinin azalması, qripə bənzər simptomlar, əzələ, oynaq ağrısı, dayanıqsız aşağı hərarəti, qaşınma, həyəcanlanma, qarın ağrısı, xüsusilə yuxarı sektorda, iştahasızlıq, ürək bulanması, mədə pozğunluğu, idrak dəyişiklikləri, depressiya, başağrıları və əhval-ruhiyyənin pozulmasını misal göstərmək olar.

Hepatit virusları xırda (50 nm) ölçüdə, RNT tərkibli viruslara aiddir. Bu Flaviviridae ailəsindən hepacivirus növünün tək üzvüdür. Hepatit C virusunun altı əsas genotipi var – hansı ki rəqəmlə (məsələn, genotip 1, genotip 2 və s.) göstərilir. Azərbaycanda isə genotip 1 daha çox yayılıb ki, bu da ən çətin müalicə olunan növdür.

Virus 1992-ci ilə qədər qan köçürülən insanlarda daha geniş yayılıb. Çünki bu ilə qədər köçürülən qanın Hepatit C-yə qarşı skrininqi mövcud deyildi. Təəssüf ki, bu gün də qanköçürmə zamanı Hepatit C virusu ilə yoluxma halları mövcuddur. Xəstə insanın istifadə etdiyi şprislə iynənin vurulması virus yoluxmasının əsas yollarından biridir. Narkotikə aludə olmuş insanlardan birinin digərinin şprisindən istifadə etməsi HCV ilə yoluxma təhlükəsi yaradır. Çirkli iynə ilə tatu edən insanların az da olsa yoluxma ehtimalı var. Yeni doğulmuşların bəziləri doğuş zamanı Hepatit C virusunun daşıyıcısı olan anadan yoluxa bilər. Az-az hallarda Hepatit C cinsi əlaqə zamanı da ötürülə bilər.

Hepatitlilərin sayı

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda ötən il 524 nəfərdə Hepatit A, B və C virusları aşkarlanıb. Nazirliyin məlumatına görə, Hepatit viruslarının aşkarlanması halları azalıb. 2012-ci ildə 665 nəfərdə adıçəkilən viruslar aşkarlanıb.

2012-ci ölkədə 256 nəfərdə Hepatit B, 226 nəfərdə Hepatit A, 183 nəfərdə isə Hepatit C virusuna yeni yoluxma halı aşkarlanıb. 2013-cü ildə isə Azərbaycanda 223 nəfərdə Hepatit B, 150 nəfərdə Hepatit A, 151 nəfərdə Hepatit C virusuna yeni yoluxma halı aşkar edilib.

Həkim-qastorenteroloq Arzu Yusifova Hepatit C qaraciyər serrozu və qaraciyər xərçənginin ana səbəblərindən biridir. Lakin bu, müalicə oluna bilən xəstəlikdir. İndiki tibbi nailiyyətlər hesabına 91% halda Hepatit C-dən sağalma mümkün olur. Amma bunun üçün də xəstənin vaxtında müalicə olunması vacibdir. Daha çox fəsadlaşmış qaraciyər xəstəliklərində yeganə xilas yolu qaraciyərin transplantasiyasıdır. Həkim bildirib ki, inkişaf etmiş ölkələrdə artıq Hepatit C virusuna yoluxma aşkarlanmır və yoluxma şansı çox aşağı səviyyəyə düşüb.

A.Yusifova bildirib ki, körpə uşaqlarda da Hepatit C və ya B-yə rast gəlinə bilər. Әgər hamilə qadın Hepatit B və ya C virusunun daşıyıcısıdırsa, bu zaman virus anadan uşağa keçə bilir. Uşaqlarda Hepatit C-nin müalicəsi 3 yaşından sonra aparılmalıdır.

Vəfa Yusifova Azərbaycanda tətbiq edilən müalicə üsullarından da danışdı. Həkimin sözlərinə görə, hazırda tətbiq edilən ikili müalicənin xərcləri hər kəsin büdcəsinə uyğun olmur:

““Pegasis”, “peginteron” iynələrin üzərinə “Bolsepravir”, “terapravir” dərmanlar əlavə edilir. Bu müalicəyə cavab verən xəstələr üçün tətbiq edilir, cavab verməyən xəstələrdə isə əvvəlki müalicə vasitələrindən istifadə edirik. Çünki ikili müalicə çox bahadır və xəstələrin çox zaman buna imkanı olmur. Bu yaxınlarda ABŞ-da və Avropada istifadəyə verilən “Sofosfobir”la üç aylıq müalicə 86 min dollara yaxındır, bunun yanında bəzi dərmanlar da qəbul edilir. Hələ ki, bu dərmandan istifadəyə sertifikat verilməyib, verilsə belə yalnız imkanı olanlar istifadə edə biləcək”.

Həkimin sözlərinə görə, müalicə müddəti virusun genotipindən asılıdır:

“Müalicə müddəti 6 aydan 18 aya qədər davam edir. Hazırda tətbiq edilən ikili müalicənin bir illik xərci 15 min avrodur. Üçlü müalicənin 3 aylıq müalicəsi 5 min avrodur. Bu da 36-48 həftə davam edir. İstərdik ki, Səhiyyə Nazirliyi tərəfindən ağır xəstələrə dərman və iynələr pulsuz verilsin. Çünki virus aşkarlananlar arasında imkansızlıqdan müalicə olunmayanlar var. Müalicə daha çox qadın və gənclərdə effektli olur”.

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Hepatit B və C ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasını dəfələrlə gündəmə gətirib. Millət vəkili fikrini qaraciyər köçürülməsinə ehtiyacı olan xəstələrin əsasən Hepatit C-li insanlar olması ilə əsaslandırıb. Virusun vaxtında aşkarlanması və müalicənin dövlət tərəfindən təşkili xəstəliyin sonrakı mərhələyə keçməsinin qarşısını ala bilər.

Bəs xaricdə müalicə üçün hansı yeniliklər tətbiq edilir?

Türkiyəli enfeksionist Nuri Beslenin sözlərinə görə, Qafqazda hepatitlər daha çox yayılıb. Türkiyədə bu virusun yayılması Azərbaycanla müqayisədə daha azdır. Bunun səbəbi Türkiyədə bu xəstəliyin analizlərinin uzun müddətdir aparılmasıdır, Azərbaycanda isə prosesə yeni başlanılıb.

“Periodik müayinələr zamanı, əməliyyatdan əvvəl bu virusla bağlı yoxlamaların sayı artıb. Bu xəstəlik vaxtında müalicə edilmədiyi halda serroz, qaraciyər xərçənginə səbəb olur, nəticədə, müalicə daha uzun müddətli və daha çox xərc tələb edir. Bu zaman da müalicə çox vaxt xarici ölkədə davam etdirməli olur. Ona görə də, Hepatit B və C-nin müəyyən edilməsi üçün zaman-zaman dövlət, qeyri-hökümət təşkilatları tərəfindən aksiyalar keçirilməlidir. Hər kəs ən azı 2 ildən bir analiz verməlidir. Çünki əvvəlki illərlə müqayisədə xəstəlik erkən dövrdə aşkarlandığı halda müalicəsi daha asan olur”.

N.Beslenin fikrincə, hepatitlərlə bağlı ən önəmli məqam qorunmaqdır. Onun sözlərinə görə, xüsusən Hepatit C-də peyvəndin tapılmaması yoluxma riskini artırır.

“Stomoloqlar və xəstələr istifadə edilən avadanlıqların steril olmasına diqqət etməlidir. İkinci məqam stomatoloqların mütəmadi olaraq yoxlanmasıdır. Xəstəliyin qanköçürmə ilə keçməsi təhlükəsi azalır. Lakin narkomanlar arasında virusun yayılması riski daha çoxdur. Manikür, pedikür, döymə etdirənlər diqqətli olmalıdır. Qadınlar salonlara gedərkən özlərinin manikür-pedikür dəstlərindən istifadə etməlidirlər. Döymə zamanı istifadə edilən alətlərin steril olmasına diqqət olunmalıdır”.

N.Beslen artıq xəstəliyin müalicəsi üçün yeni dərmanların istehsal edildiyini dedi. Həkimin sözlərinə görə, ABŞ-da Hepatit C-li xəstələrin sayı 3 milyondan çox olduğuna görə, onlar müalicə üçün daha çox araşdırma aparırlar. Digər ölkələr də həmin yenilikləri tətbiq edirlər.

“Türkiyədə bu xəstəliyin müalicəsində sığorta sistemi işlədiyinə görə, xəstələr çox böyük ödəniş etmir. Üstəlik, ildən-ilə iynə-dərmanların qiyməti də ucuzlaşır. Artıq bir iynə ilə müalicə fikri keçmişdə qalıb. Daha effektli üsullar tapılır. Yaxın 3-4 ilə iynə əvəzində dərmanlarla müalicə tətbiq ediləcək və tam effekt almaq mümkün olacaq”.

Xəstəliyin aşkarlanması və müalicəsi xərclərinin dövlət tərəfindən təyin olunmasına gəlincə isə, N.Beslen ölkədə sığorta sisteminin tətbiqinin ən yaxşı üsul olduğunu deyib. Onun sözlərinə görə, bu sahədə qeyri-hökümət təşkilatlarının üzərinə daha çox iş düşür.

Həkimlərin sözlərinə görə, xəstəliyin ilkin mərhələdə aşkarlanması qədər müalicənin daimi aparılması və müalicəyə fasilə verilməməsi önəmlidir. Müalicənin dayanması virusun inkişafı və qaraciyərin sıradan çıxması deməkdir. Hazırkı durumda yaxşı müalicə üçün əsas şərt xəstənin maddi imkanının olmasıdır. Amma bununla yanaşı, xəstə sağalmağa inanmalı və depressiyadan uzaq olmalıdır. Müalicədə müsbət nəticə üçün inam və imkan bərabər olmalıdır.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm