Qırmızı.az
"Azərbaycanda seks yoxdur" - BRİFİNQ
"Brifinq"in budəfəki qonağı tanınmış rejissor Aqil M.Quliyev oldu. Şəxsi həyatından tutmuş, klip çəkilişlərinin incəliklərindən danışan rejissor kinonu ərsəyə gətirən komandanın çatışmazlığından danışdı. Qızı ilə münasibətlərinin korlandığını deyən Aqil bəy əmisi ilə də əlaqəsinin olmadığını dilə gətirdi. Aqil M.Quliyev hazırda türk şirkətləri ilə çalışan müğənnilər Aygün Kazımova və Röyanın işlərini dəyərləndirdi.
- Mən harasa boş-boşuna gedə bilmirəm. Məkan seçirəm, gəzirəm, telefonla çəkirəm. Dincəlmək faylı məndə yoxdur, bu, məndə alınmır. Mən işimi görə-görə dincəlirəm. Haradasa çəkilişim varsa, 2-3 gün öncə gedib, həm işimi görürəm, həm də dincəlirəm. Belə daha çox həzz alıram. 1 saat meşədə gəzirəm, ya şəlalə qırağında oluram. Bakıda haradasa kafedə sərin yerdə oturub ssenari yazaraq dincəlirəm.
N.Muradova: Bu yaya işlə bağlı
planlarınız nədir?
- Hazırda "Şaman" filminin son montaj mərhələsinə girmişik. Hər
axşam, demək olar ki, montajdayıq.
N.Muradova: Prodüserliyini və
rejissorluğunu özünüz edirsiniz, bəs maliyyəsini haradan
tapmısınız?
- Film hazır olsun, maliyyəsini həmin insanların razılığı ilə o
zaman açıqlayacağam. Son mərhələdə olan çəkilişləri də özümüz
gördük. Filmə xalq artistləri Yuri Baliyev, Amaliya Pənahova
çəkilib, qədim türk mifologiyası üzərində qurulub. Ssenari müəllifi
mən və İkram Əliyevdir.
"Daxili senzuramız sovet vaxtından qalıb"
N.Muradova: Kino industriyasının bu
vaxtkı dövründə belə işə girişmək çətin olmadı ki?
- Təbii ki, çətin oldu. Bizdə kinonu yaradan ikinci heyət çox
zəifdir. Rejissor, ssenarist talantlı, operator dahi ola bilər,
amma bu insanların yanında köməkçilər olmalıdır. Arxa planda
görünməyən insanlar var ki, işi düzüb-qoşur, onun vaxtlı-vaxtında
icra olunmasına nəzarət edir. Bizdə o insanlar çox
azdır.
N.Muradova: Kinostudiyanın özündə
də belə fikir var ki, Azərbaycanda bir komanda filmi çəkir. Əlavə
adamları necə tapırsınız?
- Maksimum iki komanda var. Sadəcə olaraq gərək boşluğu gözləyəsən
ki, o insanlar hansısa filmi bitirsin, onlarla danışıb işləyəsən.
Ona görə də "Şaman"ın istehsalatı 5 il vaxt apardı. Biz 2009-cu
ildə birinci səhnəni çəkdik. Vaxt tapanda yeni səhnələr çəkirdik.
Son səhnəni isə bu ilin aprelində çəkdik.
N.Muradova: Filmin uzanması həm də
maliyyə ilə bağlı idi?
- Təbii ki.
“Amaliya Pənahovanın çox maraqlı inzibati qabiliyyəti var”
N.Muradova: Amaliya xanımla
işbirliyiniz "Şaman"dan başladı?
- Yox, ondan əvvəl, 2008-ci ildə "Sarı gəlin" klipindən başlayıb.
Orada Bizans zadəganının, "Sarı gəlin"in nənəsi obrazı vardı,
Amaliya xanım ssenariyə baxıb dedi ki, layihə "Sarı gəlin" olduğuna
görə razılıq verirəm. O vaxt bizimkilərlə ermənilər arasında "Sarı
gəlin" ətrafında böyük qalmaqal qalxmışdı. Ona görə də dedi ki, bu
işdə sizinlə varam.
N.Muradova: Bəs teatrla
əməkdaşlığınızla bağlı qərar necə verildi?
- 3 il öncə teatrda bir layihə vardı, Amaliya xanım istəyirdi ki,
mən səhnəyə çıxım və bir rolda oynayım. Bizim söhbətlər o vaxtdan
başladı. Sonra həmin layihə qıraqda qaldı və indiki Polşa rejissoru
Kşıştov Zanussi ilə bağlı layihə meydana çıxdı. İl yarım öncə
Azərbaycanda keçirilən teatr simpoziumunda Amaliya xanım Zanussi
ilə tanış olmuşdu, mən Zanussinin hansı festivalların ödüllərini
aldığı barədə məlumat verəndə Amaliya xanım qollarını çirmələdi və
işə girişdi. Onun çox maraqlı inzibati qabiliyyəti var. 21 ildir
teatr rəhbəridir, çox nadir hallarda olur ki, sənətkar belə bir
inzibati iş görər. Zanussi ilə razılığa gəldik.
N.Muradova: Nəticədən razı
qaldınız?
- Nəticədən də razı qaldıq. Əsas odur ki, Zanussi özü Azərbaycan
aktyorlarından, bizim aktyor məktəbindən razı qaldı. Bu insan
müxtəlif Avropa teatrlarında işləyib. Ondan soruşdum ki, bizim
aktyorlarla dil tapıb işləmək nə qədər asandır? Çox məmnun olduğu
bildirdi, söylədi ki, çox rahat dil tapıb.
N.Muradova: Teatr cameəsində
ajiotaj yarada bildiniz?
- Düşünürəm ki, yaratdıq. Bizdə hamı öndə gedəni daş-qalaq etmək
istəyir. Amaliya xanım həmişə öndə gedən olub, oynadığı rolların
siyahısını götürsən, o rol qalmayıb ki oynamasın. Çox məhsuldar
aktrisa olub. Amma paxıllıq edənlər var. Qanımızda bir şey var ki,
mən buna əl çalmayım, yaxşı olduğunu deməyim. Fikirləşirəm ki,
ortaya qoyduğumuz iş Azərbaycan teatr cəmiyyətinin uğurudur. Avropa
səviyyəsində çalışan qocaman sənətkar haradasa Azərbaycan
aktyorları haqqında xoş söz deyəcək.
"Bizim təsəvvürümüzdə rejissor bədbəxt olmalıdır"
N.Muradova: Bu işbirliyi həm də
böyük məbləğ deməkdir...
- Çox da böyük məbləğ deyil. Məbləği açıqlaya bilmərəm. Bir söz
söyləyə bilərəm ki, Azərbaycanda qurulan tamaşalardan baha başa
gəldi. Çünki bizim aktyorlar Zanussinin iqamətgahında 10 gün qalıb
məşq elədilər. Cənab Zanussinin köməkçisinin gəlməyi, qalması,
hamısı puldur. Tamaşa bilet satmaq üçün yaranmayıb. Bu, konkret
Amaliya xanımın teatrda fəaliyyətinin 50 illik yubileyi ilə bağlı
tədbir idi. Amma iş ona dəyərdi. Biz piar deyirik, amma sənətimizin
düzgün piarını qura bilmirik. Zanussinin Kann, Venesiya
festivallarında Azərbaycan haqqında bir kəlmə xoş deməsi artıq
bizim uğurumuzdur. Bu, həmin zala gəlməyən, əl çalmayan və
dalımızca danışanın da uğurudur, onu başa düşmür.
N.Muradova: Gəlməyənlər çox
oldu?
- Olan oldu. Adamlar var ki, kiminsə uğurunu gözü
götürmür.
Nərgiz Ehlamqızı: Bayaq söylədiniz
ki, Sizə rol təklifi olmuşdu. "Bəyaz həyat" serialında oynamısınız.
İndi özünüz niyə hansısa rol ifa etmirsiniz?
- Desəm ki, məni dəvət edirlər, imtina edirəm, bu elə deyil. Son
illər ərzində 2 dəfə dəvət ediblər. Birini qəbul etmişdik.
Kinostudiyada xarici təhsil almış azərbaycanlı rejissorlar almanax
kimi film yaradırdılar. "Azərbaycanfilm" kinostudiyasının direktoru
Müşfiq Hətəmov dəvət etdi. Hazırda film montajdadır, İradə
Bağırzadənin layihəsi, Vüqar İslamzadənin filmidir. Orada qəddar
cani rolunda oynadım. Mənim bir xasiyyətim var, dəvət edəndə çox da
pul söhbətinə girmirəm. Rol xoşuma gəldisə, götürürəm. Bu
yaxınlarda Şahin Zəkizadə dəvət elədi, sadəcə indi məşğul olduğuma
görə imtina etdim. Amma desəm ki, səhərdən axşama kimi təkliflər
gəlir, yalan olar. Bir dəfə də olsun radio veriliş təklifi
olunmayıb. Kinostudiyadan son 10 il ərzində bir dənə bu balaca rolu
aldım. Onu da gənc rejissor görüb dəvət elədi.
"Cəhənnəmə gedib qayıtmışam"
N.Muradova: Niyə Sizi kino cameəsi
qəbul eləmir?
- Çox maraqlı vəziyyət yaranıb. Məni şou-biznes qəbul eləmirdi ki,
sən kino adamısan, lazım olmayan təhsilin var. Söhbət düşəndə
təhsil söhbəti ilə onlara təsir edirdim. Kino aləmi məni şou-biznes
aləmi adamı kimi qəbul edir, həddən artıq populyar, qlamur, özündən
razı. Yəqin ki, Azərbaycan stereotip təsəvvüründə rejissor bədbəxt,
balacaboy, kök, yazıq obrazındadır. Özünəinam və özündən razılıq
tamamilə başqa şeylərdir. Niyə də özümə inamım olmasın, hər gün heç
olmazsa bir abzas öz sənətim haqda oxuyuram, bir filmə baxıram.
Camaat gedir ailə qurub uşaqlarına baxır. Elə olur sutkalarla
ofisdə qapını bağlayıb işləyirəm, yeni serialları izləyirəm. Mən
iki aləm arasında qalmışam.
N.Muradova: Bəlkə, kinostudiyanın
90-cı illərdə təmirsiz vaxtlarında onlarla çiyin-çiyinə
oturmadığınıza, kliplərlə məşğul olub pul qazandığınıza görə
qınanırsınız?
- Dərd odur ki, çox adam bizim kliplərin çəkilişini kino
pavilyonunda başladığımızı unudub. Biz klip çəkilişlərinə kino
işçilərini dəvət edirdik ki, onlar oradan qazansınlar.
Kinostudiyada balaca otaq vardı, bizim dostumuz operator Nadir
Mehdiyevin operator otağı. O vaxt o otaqda Elxan Cəfərov, mən,
Ülviyyə Könül, səs rejissoru Teymur Abdullayev yığışardı. Bu gənc
nəsil kinostudiyanın o darmadağın dövründə hər gün gəlib-gedirdi.
İlk kliplərimizi kinostudiyanın pavilyonunda çəkmişik. Biz heç vaxt
almamışıq, biz nəsə gətirmişik, pul vermişik. 2000-ci illərin
əvvəlində kinostudiyaya məni buraxmadılar.
“Orada qəddar cani rolunda oynadım”
N.Muradova: Xamis müəllimin
rəhbərlik etdiyi dövr idi?
- Deyəsən. Qapıya gəldim, yeni mühafizəçi qoymuşdular, mənə qayıtdı
ki, qardaş, səni tanımıram, içəri buraxa bilmərəm. O həmin dövr idi
ki, "Bəyaz həyat"dan sonra küçələrdə avtoqraf paylayırdım. Amma o
kişi məni tanımadı. O vaxtdan kinostudiyadan sındım. Bizim tələbə
yoldaşımız, çox fəxr etdiyim Müşfiq Hətəmov kinostudiyaya gələndə
bizim hamımızı çağırdı, söhbət elədik. Oraya ayağımız açıldı,
gedib-gəlirik, çalışırıq birgə işləyək.
“Bizdə hamı öndə gedəni daş-qalaq etmək istəyir”
Taleh Şahsuvarlı: Niyə bizim
kliplərimizdə yeni ideya yoxdur? Musiqi ilə uyuşma səviyyəsi çox
aşağıdır?
- Musiqili klip janrı belədir ki, ön planda olan ifaçı və
musiqidir. İfaçı, doğrudan da, ulduzdursa, musiqi fraqmenti
hitdirsə, dəniz qırağında ştativsiz çəksən də hit olacaq. Problem
ifaçıdan başlayır. Bunların səhnə qabiliyyəti, zahiri görünüşü,
kamera qarşısında özünü apara bilməməsi, musiqi çox vacibdir. O
vaxt toylar başlayanda dedim ki, bu işi dəyişəcək, eşitmədilər.
Konsert üçün işləyən qrup başqa formatda işləyir, toy üçün
işləyənlər başqa. Toy bütün şou-biznesi dəyişdi. Musiqini,
insanları dəyişdi, tamamilə başqa ifaçılıq sənəti yarandı. Mən
əslində buna görə qırağa çəkildim. Digər tərəfdən, bizim çox böyük
senzuramız var, bizdə sovet vaxtından daxili senzuramız qalıb.
Müəyyən kanal var ki, deyir ki, "qızın sinəsi görünməsin". Bunlar
heç olmazsa, bunu açıq deyirlər. Nə badə Azərbaycan klipində
oğlanla qız öpüşə. Azərbaycanda seks yoxdur, azərbaycanlılar ağacda
bitir axı. Bu qadağalar var. Oğlanla qız arasında münasibəti necə
göstərəsən? Yazıq rejissorlar nə etsin? Yataq yox, öpüşmək yox,
qızı vurmaq yox, sındırmaq olmaz ki, bahadır. Göstərməyə bir şey
yoxdur axı. Oğlan-qız, telefon filan. Dəniz qırağında qol-qola 122
dənə klip var artıq. Hazırda 2-3 ildir Miri Yusifin kliplərində
yeni ideyalar əmələ gəlir. Toy qolunu götürəndə mətndə nə var,
ekranda o olur. Mətn də nədir? Sən məni atdın, mən səni atdım. Niyə
bir kanalda Beyons “kupalnik”də oynaya bilir, amma həmin kanalda
kimsə bizimkilərdən ondan hələ abırlı çıxanda biz hay-küy
qaldırırıq? Daxili senzuranı başa düşürəm. Amma niyə onu qəbul
edirik, bunu yox. Bizdə kinoda da bu dərd vardı. Həmişə yataq
çəkilişləri olan rollara xarici aktrisalar gəlir. Bizim müğənni
klip çəkdirəndə əsas məqsədi odur ki, siması yadda qalsın, toylara
dəvət eləsinlər. Klipdə nə göstəriləcəksə, hamısı “rasxod”dur,
ondansa maşına verərəm yanaşması var. Bizim müğənnilər üçün indiki
dövrdə ev, maşın, qızıl, geyim daha üstündür. İndi kasıb olmaq ayıb
bir şey sayılır. Bu, mənəviyyatsız yanaşmadır. Kasıb, varlı və orta
təbəqəyə bölünmə bütün cəmiyyətlərdə olub. Biz bilirik ki, varlı
adamlar kimdir, nəçidir, hələ ona bəraət də qazandırırıq. Biz
kiminsə məşuqəsinə “xanım” deyə bilirik, ofisiant işləyən qıza
“xanım” deməyə dilimiz dönmür. Nəyə görə? Halbuki qız səhər saat
7-də durub halal zəhmətilə camaata qulluq edir ki, evinə çörək
aparsın, o xanım daha hörmətli insandır, nəinki başqa yolla bahalı
maşını üstümüzə sürən.
"Mənə bircə "mavi" deməyiblər"
N.Ehlamqızı: Söylədiniz ki,
istədiyinizi çəkə bilmədiyiniz üçün klip çəkilişlərindən
uzaqlaşdınız, bir ara Sizi ləng işləməkdə suçlayırdılar. Deyirdilər
ki, Aqil yalançıdır. Hətta Faiq Ağayev, Röya ilə problemlər də
yaşadınız...
- Bəli, Aqil yalançıdır, narkomandır, bazdır, min dənə epitet
qoşdular. Belə baxanda “mavi”dən başqa hər şey deyiblər. Bu
insanların 99 faizinin xəbəri yoxdur ki, istehsalat nədir,
bilmirlər ki, ssenari yazılmalıdır, bunun üzərində operator
çalışmalıdır, rəssam olmalıdır. Çox adama klipdə rəssam olmalıdır
deyəndə qayıdır ki, doğrudan, papa canı? Mən həmişə işimi öz
arxivim üçün görürəm. Baxmamışam ki, pulum, vaxtım gedir. Çox vaxt
pulum gedib, bir köpük qazanmamışam, üstünə də pul qoymuşam ki,
arxivimdə bu işlər olsun. Kliplər olub ki, sponsor pulu olub,
müğənni məndən pul tələb edib ki, ondan mənə də ver. Bunlar hamısı
kadr arxasındadır. Susmuşam ki, görüm axırı necə olacaq. Hamısı
keçib, arxada qalıb. Müğənnilərə kimsə həyatda həqiqəti deməli idi
də, bu da nəyə görəsə mən oldum. Faiqlə klip üstündə söhbətimiz
olub, keçib.
N.Muradova: Faiq Ağayev işinə
məsuliyyətlə yanaşır, ona görə Sizinlə anlaşa bilməməsi
qəribədir...
- Biz Faiqlə bir yerdə Mədəniyyət və İncəsənət Universitetində eyni
vaxtda oxumuşuq. O, musiqili-komediya, mən kinorejissoruluq
şöbəsində təhsil almışam. Onun ilk solo-konsertinin rejissoru mən
olmuşam. Faiqlə münasibətimiz həmişə olub. O klipin söhbəti oldu,
keçdi. Belə fikir vardı ki, Aqil ləng işləyir. Sadəcə keyfiyyətli
məhsulun üzərində gərək işləyəsən. Mənim üçün əsas odur ki, bu işi
mən görürəm, ortaya çıxanda haqqımda nə deyəcəklər. Müğənnilər başa
düşmür ki, bunu çəkib qurtaranda tarixdə qalır. Sabah öləndə bu
qalır, elə eləməlisən ki, dədəmin goruna söyməsinlər.
T.Şahsuvarlı: Hüquqi baxımdan hansı
statusla işləyirsiniz? Şəxsi vergi ödəyicisi kimi, yoxsa hər hansı
bir şirkətlə?
- Şəxsi. 2007-ci ildən “Aqil M” film şirkətimiz olub. O vaxt böyük
reklam işləri görürdük. Daha sonra şirkətin fəaliyyətini dondurdum.
Çünki yeganə şirkətin rejissoru olmaq heç də xeyirli iş
deyil.
"Röyanın həyatı bir əfsanədir"
T.Şahsuvarlı: Niyə müğənnilər
hansısa şirkətlə çalışmaq əvəzinə sponsor axtarır? Olmazmı şirkət
etik qaydalar çərçivəsində müğənni ilə müqavilə bağlasın və onunla
iş görsün?
- Buna hələ bizim cəmiyyət, əsasən də təhsilsiz, dünyagörüşü kasad
olan müğənnilər hazır deyil. Prodüser şirkəti ilə müqavilə
bağlayıb, bu insanın hüquqinöqteyi, nəzərindən maraqlarını
güdməsini və strateji planlama kimi bir şey edib onun yaracılığının
satılmasını müğənnilər başa düşmür. Üç nəfərdən ibarət qrup
yaratsan, o, maksimum 1 il yaşayacaq. 3 il ərzində 3 gözəl qızdan
bir qrup yaratmaq ideyası çox bədbəxt fikirdir. Yarım ildən sonra o
qızlar efirə çıxan kimi onlardan biri özünə kimisə tapacaq, aradan
çıxacaq. Ki, məni efirə çıxmağa qoymur. Dantenin cəhənnəmi kimi,
mən elə bil həyatda cəhənnəmə gedib qayıtmışam. İçəridə hər şeyi
görmüşəm. Məsələn, Aygün Kazımova türk şirkəti ilə işlədi.
Zənnimcə, düzgün seçilməmiş hədəf idi. Onun Moskvada, klub sistemi
işləyən yerdə məşhur reperlə dueti uğur gətirərdi. Azərbaycanda
klublar sistemi yoxdur. Bizdə klub əhli maksimum 300 nəfərdir,
onlar da bir tədbirdə bu klubda otururlar, 2 saatdan sonra o biri
klubda olurlar.
“Röya müasir, kapitalist Azərbaycanda bir simvoldur”
N.Muradova: Bəs Röyanın işini necə
qiymətləndirisiniz?
- Röyanın işbirliyini deyə bilmirəm. Məncə, o hansısa şirkətlə
işləmir. Həmişə olduğu kimi, öz bildiyini eləyir. Röyanın çox nadir
tembri var. Röyanın uğuru bir neçə amildən asılıdır. Səsin
tembrinin nə olduğunu mən bilirəm. Röyanın həyatı özü bir
əfsanədir. O, faktiki olaraq Zoluşkadır. Ən aşağıdan ən yuxarı
qalxan insandır. Məhz kasıb qızlar Röyaya inamla baxır ki, o
bacardı, mən də bacararam. Ona görə də Röya müasir, kapitalist
Azərbaycanda bir simvoldur. Röya qaranlıqda bir işartıdır, insanlar
işıq görür ki, onda alındı, məndə də alına bilər. Röya o işığı
camaata, kasıb əhaliyə verir. Təbii ki, sadə, səmimi, öz bildiyini
edəndir. Aygünlə daha çox reklam çəkmişəm, nəinki klip, Röya ilə
klip də, reklam da təxminən bərabər sayda çəkmişəm. Mən şou-biznesə
də gətirən əl olmuşam. O vaxt dublyaj işlərində Aygünün, Samir
Bağırovun səsini yazmışam. Röyanın konsertlərinin reklamını
eləmişəm. Bu insanlardan maddi asılılığım olmayıb. Həmişə reklamla
qazanmışam. Röya oturan yerdə gəlib deməmişəm ki, qurban olum,
axırıncı mahnın var anam o gün eşidəndə elə ağladı ki, elə
texnikanı ödəyərsən, onu sənə çəkim. Heç vaxt bu səviyyəyə
alçalmamışam. Həmişə sənətimə hörmət eləmişəm ki, mənə zəng edib
işi sifariş etməlidirlər. Bizim sexdən çox uşaqlarla soyuq
münasibətdəyəm, çünki rejissor sənətinə hörmət qoymurlar. Rejissor
çəkiliş qrupunda elitaya aid olan sənətdir. Rejissorun meydançada
həm zəhmi, həm hörməti olmalıdır. Təbii ki, onun dalında
dayanmalısan, həm də maddi cəhətdən. Bizə həmişə öyrədiblər ki,
süfrədə aktyorlar oturan yerdə mütləq “şot”u rejissor verməlidir.
Bu cür xırdalıqlar var. Bizdən sonra gələnlər o məktəbi görmədi.
Tofiq Tağızadə bizə vaxt ayırırdı, Azərbaycan kinosunun kitabında
olan adamdır. Otururdu, bizimlə çay içirdi, elə xırdalıqları izah
edirdi ki... Bizim fakültəyə kinostudiya çox isti münasibət
göstərirdi. Mənim bəxtim gətirdi ki, Ayaz Salayev, Şamil Nəcəfzadə
ilə işlədim, Rasim Ocaqovun filmində stajor oldum, Şahmar
Ələsgərov, Nazim Abbasov bizə çox yaxşı münasibət
göstərirdi.
“Zanussinin Azərbaycan haqqında bir kəlmə xoş söz deməsi artıq bizim uğurumuzdur”
T.Şahsuvarlı: Filmlərinizdə
sonradan özünüzün fərq etdiyiniz səhviniz olub?
- Təbii. “Sarı gəlin”də iki montaj səhvi var, onu ancaq mən
görürəm. Heç kim görmür. Əslində o vaxt onu düzəltmədim, ürəyimdə
qaldı. “Sarı gəlin”də rəssam seçimində böyük səhv
elədik.
N.Muradova: Yaradıcılığınızda
səhvlər çoxdur, yoxsa həyatınızda?
- Həyatımda. Meydançada çox rahatam, elə bil ki, suyun içində
akulayam. Heç bir vəziyyət, aktyorun ölümünə qədər, məni qorxuda
bilməz. Elə şey də başıma gəlib. “Şaman”ın pilot versiyasını
çəkdik, rollardan birini oynayan kişi rəhmətə getdi, ikinci pilotu
çəkdim. Yəni, məni o da sarsıda bilməz. Həyatdasa məni çox şey
sarsıdır. Hərdən insanları görməyim deyə gedib ofisdə otururam,
sutkalarla çıxmıram, kinolara baxıram, heç telefona cavab
vermirəm.
"Qızımla 4 ildir danışmıram"
N.Ehlamqızı: Qızınızla aranız
necədir?
- Heç necə. 4 il əvvəl onun xətrinə dəymişəm, o vaxtdan mənimlə
danışmır.
Aytən Həsənova: Barışmağa cəhd
eləmisiniz?
- Yox, çünki xasiyyəti mənim xasiyyətimi qəbul etməyəcək. Gərək o,
özü yetişsin.
N.Muradova: Onun təlim-tərbiyəsində
nə dərəcədə iştirak etmisiniz?
- Hardasa, Bakıda olan dövründə iştirak etmişəm. Amma şükürlər
olsun ki, anası işə düzəlmədi, ərə getmədi və tam uşağın
tərbiyəsinə girişdi. Qızım ingilis, fransızca danışır. Bu il
Moskvada ali məktəbi bitirir. Simanın 11 yaşın olanda anası,
qardaşları ilə birgə Moskvaya köçdülər. Orada başqa insan olub,
məndən də çox Avropaya yaxın insandır. Hər şeyin öz vaxtı
var.
“Qoluma qandal vurulan andan hörmət hiss eləmişəm”
Dilqəm Əhməd: Söylədiniz ki,
istirahətə gedəndə də hər şeyi çəkiliş kimi görürəm. Həbsxanada bəs
elə yerlər vardı?
- Eyni şeydir. Birinci otağı təmizlədim, otağa kitablar, dəftərlər
gətizdirdim. Elə bil ki, kabinetdə idim. Orada yazdım, çıxanda,
dayandım, yazılara əl vurmamışam. İstəyirəm, vaxt tapıb o yazıları
bitirim. 3 yaşımdan bu tərəfə nə yadımda idi, yazdım. Düzdür,
adları qeyd eləmədim, məsələn, qadınlar haqda gülməli əhvalatları
yazdım. Məni əslində o heç sarsıtmadı.
T.Şahsuvarlı: Həbsxana qanunları
sizə necə görünürdü?
- Çox rahat. Çox şey insanın özündən asılıdır. İnsan özünə
güvənirsə, sənə həm məhbuslar, həm də digər tərəf hörmətlə
yanaşacaq. Orada bir şeyi başa düşdüm ki, həyatımı elə-belə
yaşamamışam. Məni necə bayırda Aqil M.Quliyev kimi qəbul edirlər,
qoluma qandal vurulan andan o hörməti hiss eləmişəm.
T.Şahsuvarlı: Adətən, türmələrdə
ləqəblər olur. Sizə nə deyirdilər?
- Ləqəbim yox idi, eləcə “Aqil müəllim” deyə müraciət
edirdilər.
N.Ehlamqızı: Əminiz Eldəniz
Quliyevlə niyə münasibətiniz yoxdur?
- Yox, heç bir əlaqəm yoxdur. Uşaqlıqdan Eldənizlə fikirlərimiz düz
gəlmir. Düzdür, uşaqlığımız nənəmgildə bir yerdə keçib. Şənbə
günləri yığışardıq. Elbrus əmim var, İTV-də işləyir, bu gün də
televiziyada gördüm, onunla münasibətim var. Eldənizlə isə
xasiyyətimiz haradasa yaxındır, o da soyuqqanlıdır, mən
də.
D.Əhməd: Sizə də siyasət
maraqlıdır?
- Heç maraqlı deyil. Öz işlədiyim sahə mənə çox maraqlı
gəlir.
D.Əhməd: Oxucularımızdan biri
soruşur ki, qadınların əksəriyyəti Aqil M.Quliyevin səsi üçün
“ölür”. Bəs özü hansı qadının səsini bəyənir?
- Səsini bəyəndiyim qadın var. Amma bunu sirr saxlayıram. Mən
qadınları sevsəm də, onlar barədə danışmağı sevmirəm.
"Televiziyalar məni "xoxan" kimi təqdim edir"
Ülviyyə Axundova: Bayaq
qalmaqallardan danışdıq, media bu qalmaqallarda nə dərəcə rol
oynayır?
- Maqazin verilişləri məni “xoxan” kimi təqdim edir. Mənim barəmdə
balacaboy, zalım təsəvvürü yaradıblar. Kimsə məni görəndə deyir ki,
siz hündürboy imişsiz ki. Başa düşə bilmirəm ki, məni niyə belə
təqdim edirlər? İllərdir maqazin verilişləri faktiki olaraq
Azərbaycan üçün serial idi. Elə bil balaca şəhər var, orada Aygün,
Röya, Aqil yaşayır və o şəhərciyin sevgililəri vardı - Xose və
Oksana, Aygün və Namiq baş qəhrəmanlarıdır, meşənin “xoxan”ı isə
Aqil oldu. Şüuraltı səviyyədə kanallar bunu edirdi. Bu, sanki böyük
və qlobal serial idi. Serialın da mənfi qəhrəmanı mən idim.
Seriallar çıxandan sonra da maqazin verilişləri öldü.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi
-
Dünya17:00
Zelenski axtarışa verildi
-
Sosial16:35
Nazir rəisi işdən azad etdi