Hansı saatlarda açıq havada gəzmək olmaz?
Bizi izləyin

Qırmızı.az

Hansı saatlarda açıq havada gəzmək olmaz?

İsti hava şəraiti ilə əlaqədar təcili yardıma müraciətlərin sayı artıb. Adi günlərdən fərqli olaraq son günlərdə çağırışların sayı 2 minə çatıb.

Xüsusən də, ürək-qan-damar, xroniki xəstəlikləri olanlar, uşaq və qocalarla bağlı təcili yardıma müraciətlər artıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaxın üç gün ərzində Abşeron yarımadasında isti temperaturun, zəif küləklərin, bəzi saatlarda durğun hava şəraiti və rütubətin çoxluğunun meteohəssas insanlar üçün əlverişsiz olacağı ilə bağlı məlumat yayıb. Nazirliyin yaydığı məlumata görə, günorta saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.

İsti günlərdə başqa nələrə diqqət etməliyik?

Kardioloq Rəna Səmədovanın sözlərinə görə, ürək-qan-damar xəstəliklərindən əziyyət çəkənlər xüsusən isti havalarda diqqətli olmalıdırlar. Onlar daimi qəbul etdikləri dərmanları məhz bu günlərdə yanlarından əksik etməməlidirlər. Hipertoniya xəstəliyindən əziyyət çəkənlər gündə iki dəfə təzyiqlərini ölçdürməlidirlər. Hər hansı narahatlıq hiss etdikdə həkimə müraciət etmək lazımdır.

Kardioloq bildirib ki, xəstə insanlar isti havalarda su və qida qəbuluna xüsusi fikir verməlidirlər: “Yağlı qidalardan uzaq durmalıdırlar. Suyu da norma daxilində qəbul etməlidirlər. Hər bir ürək xəstəliyi fərdi xüsusiyyətlərə malikdir. Lakin hər kəs öz su qəbul etmə normasını həkimi ilə məsləhətləşməlidir. Susuzluyarkən mütləq içmək lazımdır. Gün altında uzun müddət gəzmək bu xəstələrə məsləhət görülmür. Ürək xəstəliyi olmayan insanlar da problem yaşamamaq üçün açıq havada maksimum az qalmalıdırlar”.

Terapevt həkim Rəqsanə Cəlilovanın sözlərinə görə, təzyiq, ürək və şəkər xəstəliyi olanlar, həmçinin uşaqlar və qocalar isti havalarda açıq havada maksimum az gəzməlidirlər: “Qeyd etdiyimiz qrupa aid olanlar günün pik saatları – 11:00-dan 15:00-dək açıq havada olmamalıdırlar. Açıq havada işləmək məcburiyyətində olanlara isə açıq rəngli, pambıq və ya kətandan hazırlanmış paltarlar geymələri məsləhət görülür. Həmçinin çətirlər, papaqdan istifadə edə bilərlər. Təzyiq problemi olan dərmanlarını mütəmadi qəbul etməlidirlər. İnsanlara bol maye qəbul etməyi məsləhət görərdik. Böyrək problemləri olmayan, ayaqlarında ödəm yaranmayanlar 3 litr su qəbul edə bilərlər”.

Həkim azyaşlı uşağı olan valideynlərə də bəzi məsləhətlər verdi:

“Şirin, qazlı sərinləşdirici içkilər qəbul etmək məsləhət görülmür. Günün isti saatlarında yağlı yeməklər qəbul edilməməlidir. Çünki yağ qanda xolesterinin miqdarını yüksəldir, bu da təzyiqin yüksəlməsi və immunitetin zəifləməsinə səbəb olur. Çimərliklərə gedənlərə səhər 10:00-dan 19:00-dək dənizə girməmək məsləhət görülür. Valideynlər azyaşlı uşaqların da açıq havada olmamasına diqqət etməli, onlara bol maye qəbul etdirməlidirlər. İsti hava böyüklərdə olduğu kimi, azyaşlılarda da iştahsızlığa səbəb olur. Valideynlər onları məcbur yedirməyə çalışmamalıdırlar. Həm uşaqlar, həm də böyüklər tez-tez ilıq duş qəbul etsinlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm