Qırmızı.az
Azərbaycan-İsrail münasibətləri: düşmənimin düşməni dostumdur...
İsrailin "Polosa" nəşri "Kimin əleyhinə dostluq eləyək?" sərlövhəli məqalə yayınlayıb. Vladimir Yankeleviç imzalı müəllif Azərbaycanın İsrailin beynəlxalq aləmdən təcridi barədə təsəvvürləri pozduğunu isbat etməyə çalışıb. Burada İsraillə Azərbaycanın pozitiv münasibətləri, buna qısqanclıqla yanaşanların hədələri faktlarla göstərilib. Yazının azərbaycanlı oxucu üçün də maraqlı olacağını nəzərə alaraq, onu ixtisarla dərc edirik:
"Bir neçə il əvvəl bir jurnalist "nəyi informasiya saymaq olar"
sualının cavabını mənə izah edirdi: "Məsələn, əgər körpü tikilibsə,
bu, informasiya deyil. Amma əgər tikiləndən sonra körpü uçubsa, bu,
əsl informasiyadır". Bəlkə ona görə "İsrailin beynəlxalq aləmdən
təcridi" məsələsi indi bu ölkədə bu qədər populyardır? Bu barədə
danışmaq asandır, çünki reallıqda pessimist iddialar üçün müəyyən
əsaslar var. Misir və Türkiyə İsraillə münasibətləri korlayıb,
İordaniya da nəsə çəp-çəp baxır, xüsusən də ərəblərin guya,
yaratmaq istədikləri Fələstin dövlətinin elə İordaniya olduğunu
yada salanda. Lakin İsrailin "beynəlxalq təcrid" mənzərəsini
Azərbaycan korlayır. Söhbət nədən gedir? Əlbəttə ki, Azərbaycanda
həmişə yəhudilərə dostcasına yanaşılmasını, respublikada heç vaxt
antisemitizm olmamasını Bakıda doğulub-böyümüş bir adam kimi, dəqiq
bilirəm. Lakin hər şey bununla məhdudlaşmır. Azərbaycan İsrail
kimi, Avropayla Asiyanın kəsişməsindədir və eynilə yaxın qonşuları
tərəfindən təzyiqə məruz qalır. Cənubda bu, Türkiyəylə İran, Şərqdə
düşmən Ermənistan, şimalda Rusiyadır. Lakin məhz Azərbaycanın
coğrafi vəziyyəti İsrailin onunla əməkdaşlıq üçün strateji marağını
formalaşdırır. İsrail Azərbaycanı İranla qarşıdurmada əsas
dövlətlərdən biri sayır. Burda söhbət təkcə 600 kilometrlik
İran-Azərbaycan sərhədindən yox, həmçinin, İranda 30 milyon
azərbaycanlının yaşamasından gedir.
İsrail-Azərbaycan əlaqələrinin başlanğıcında hərbi aspektlər yox
idi. Məsələn, 2003-cü ildə İsrail tərəfindən Bakıda "Maşav"
proqramı çərçivəsində yoxsul vətəndaşlara oftalmoloji yardım
göstərilməsi həyata keçirildi. İki həftə ərzində İsrailli cərrahlar
19 əməliyyat və 150 konsultasiya keçirdilər. Yardım çadır
şəhərciyində yaşayan qaçqın və məcburi köçkünlərə də göstərildi.
Xeyriyyə əməliyyatlarının və konsultasiyalarının keçirildiyi
"Caspian Compassion Project" oftalmoloji klinikasına İsrailli
həkimlər 10 min dollar həcmində tibbi avadanlıq və dərman verdilər.
Lakin bu gün təəssüf ki, İsrail-Azərbaycan əlaqələri daha çox İran
təhlükəsi ilə müəyyən olunur. Azərbaycanın iri müdafiə ehtiyacları
əsasən ödənilməyib, ölkənin müasir hərbi texnologiyalara və
ordusunun müasirləşdirilməsinə ehtiyacı var. Bu problem Dağlıq
Qarabağ münaqişəsinə görə silah-sursat alınmasına qoyulmuş
məhdudiyyətlərlə bağlıdır. Bu məhdudiyyətlər təkcə ABŞ və Avropa
ölkələri yox, həmçinin Rusiya, Belarus və Ukrayna tərəfindən də
tətbiq olunur. Yüksək səviyyəli hərbi sənayeyə malik İsrail ideal
tərəfdaşdır. Bu tərəfdaşlıq sayəsində Azərbaycan yeni səviyyəli
silahlara çıxış əldə edib. Hərbi əməkdaşlığın əsası 2004-cü ildə
qoyulub. O vaxt Azərbaycan Türkiyədə istehsal olunmuş İsrail
silahlarını almağa başlayıb. 2008-ci ilin sentyabrında "Soltam"
şirkəti Azərbaycan ordusuna minomyot və sursat satmaq üçün müqavilə
imzalayıb. Hərbi təyinatla elektron aparatura istehsal edən
"Tadiran Communications" Azərbaycana rabitə qurğuları, silah
sistemləri, sursat və raket istehsal edən "Israel Military
Industries" (IMI) isə geniş spektrdə raket və hədəfi müəyyən etmə
sistemləri satmağa başladılar. Bu müqavilənin qiymətli yüz
milyonlarla dollarla ölçülür. Azərbaycan artıq IMI-dən 122-300
mm-lik raketlərlə atəş açan "Lynx" müasir reaktiv yaylım atəşi
sistemini alıb. 2011-ci ilin yazında Azərbaycan Müdafiə Nazirliyi
və İsrailin "Aeronautics Defense Systems" şirkətinin birgə "Azad
Systems" şirkəti Azərbaycanda "Aerostar" və "Orbiter" pilotsuz
təyyarələrini istehsal etməyə başlayıb və 2012-ci ilin sonunadək
Azərbaycan silahlı qüvvələrinə 60 pilotsuz təyyarə verəcək.
Azərbaycan İsraildən əvvəllər də bu tipli təyyarələr alıb.
Azərbaycan təbii ki, İsraildən alınmış yüksək texnologiyanın
əsasında özünün silah sənayesini yaratmaqda maraqlıdır. Belə ki,
2009-cu ildə Azərbaycan və İsrailin "Elbit Systems" şirkəti
müştərək "Elbit Systems of Azerbaijan" şirkətini yaradıb. Şirkətdə
Azərbaycanın payı 51 %-dir. "Elta Systems Ltd" şirkəti isə
Azərbaycanla peyklər sisteminin yaradılması sahəsində əməkdaşlıq
edəcək.
2012-ci il fevralın 26-da "The Washington Post" "Israel Aerospace
Industries"in Azərbaycanla 1,6 milyard dollarlıq müqavilə
imzaladığını yazıb. İsrail şirkəti Azərbaycana müasir silahlar və
hərbi texnologiya satacaq. Bunların arasında pilotsuz təyyarələr,
peyk sistemləri və yüksək dəqiq raket sistemləri var. Lakin İsrail
üçün işin ən maraqlı tərəfi İranla sərhəddə "Oren Yarok"
radarlarının yerləşdirilməsi olacaq. Bu müqavilənin İranın raket
sistemlərinin izlənməsi üçün nə dərəcədə qiymətli olduğunu demək
yersizdir. Bu yaxınlarda Azərbaycan İsraildən POMİNS-2 uzaqdan
minanın zərərsizləşdirilməsi sistemlərini alıb. Sistem ərazini
istənilən tipli piyada əleyhinə minalardan, həmçinin, simli
maneələrdən təmizləyir. Sadalanan nümunələr hərbi-sənaye kompleksi
sahəsində əməkdaşlığın bütün aspektlərini əhatə etmir, lakin bu
əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini güman etməyə imkan
verir. "London Times" 2012-ci il fevralın 11-də dərc olunmuş "Casus
casusa qarşı" məqaləsində yazır ki, "bu günkü Bakı Birinci dünya
müharibəsindəki Norveçə və ya İkinci dünya müharibəsindəki
Kasablankaya bənzəyir. Bəli, məhz elə bura casusluğun mərkəzidir".
Bu, Azərbaycan əhalisinin 16%-nin İranda qohumlarının olması ilə
bağlıdır. Onlar vizasız rejimdən istifadə edərək sərbəst surətdə
İrana və əks istiqamətə keçirlər. Bu axına nəzarət etmək praktiki
olaraq mümkün deyil, lakin "London Times"ın məlumatına görə, onlar
külli miqdarda kəşfiyyat xarakterli məlumat daşıyırlar.
Azərbaycanın iri hərbi aksiyaların keçirilməsi üçün istifadə
olunacağı ehtimalı azdır, lakin ölkənin kəşfiyyat xarakterli
məlumatın toplanmasındakı rolu əvəzedilməz ola bilər. Bakı özü də
İran barəsində müstəqil preventiv tədbirlər görür. Fevral ayında
Bakının islam mühafizəkarlığı ilə məşhur olan Nardaran qəsəbəsində,
hüquq-mühafizə orqanları Bakının İsraillə əlaqələrini tənqid edən
yeganə siyasi təşkilat olan İslam partiyasının 15-dən çox üzvü həbs
olunub. Bu həbslər onu göstərir ki, prezident İlham Əliyevin
hökuməti İranın Azərbaycandakı təsir mənbələrini
neytrallaşdırır.
İranın Bakıdakı səfirliyi son həbsləri qınayıb və bu addımların
Tehranla münasibətləri korlaya biləcəyini bəyan edib. Lakin çox
çətin vəziyyətdə olan Azərbaycan çoxdan öz diplomatik kartlarından
ehtiyatla istifadə etməyi öyrənib. İsraillə 1,6 milyardlıq müqavilə
barədə məlumatı Tehran çox narahatlıqla qəbul edib. Azərbaycanın
Tehrandakı səfiri izahat üçün İran XİN-ə çağırılıb. Onun silahın
İrana qarşı istifadə olunmayacağı barədə bəyanatı İranı
inandırmayıb. Martın 12-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev
Tehrana dəvət olunub. Nazir bir daha İran tərəfini inandırmağa
çalışıb: "Azərbaycan heç vaxt dost və qardaş ölkəmiz olan İrana
zərbə endirmək üçün hansısa ölkəyə özünün quru və hava ərazisindən
istifadə etməyə imkan verməz". Əhmədinecat isə qeyd edib ki,
düşmənlərin iki ölkənin əlaqələrinə təsir etməsinə imkan verməmək
üçün ehtiyatlı olmaq lazımdır: "Əlbəttə, həll oluna biləcək kiçik
problemlər var, ondan sonra ikitərəfli əlaqələrin səviyyəsi
yaxşılaşacaq". Daha öncə fevralın 12-də Azərbaycanın İrandakı
səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Ona iranlı
nüvə aliminin qətlinə Azərbaycanın da dəxli olması barədə etiraz
notası təqdim olunub. "Son aylarda Tehranda nüvə alimlərini qətlə
yetirən terrorçular Azərbaycandan platsdarm kimi istifadə edirlər.
"Mossad" əməkdaşları Azərbaycanda iranlı nüvə alimlərinin aradan
götürülməsi planlarını hazırlayırlar". Bu cümlələr həmin notada yer
alıb. Bundan əlavə notada Azərbaycan KİV-də sistematik antiiran
təbliğatının aparılması və İran təşkilatlarının Azərbaycanda
rastlaşdığı problemlərdən söz açılır. Bakı bu iddiaları təkzib
edib, onları yalan, şər və böhtan adlandırıb. 2012-ci ilin
əvvəlində Bakı və Tehran bir-birinə 3 etiraz notası təqdim edib və
bir-birlərini müxtəlif qeyri-dost hərəkətlərində günahlandırıb.
Bütün bunlar Azərbaycan-İran münasibətlərinin mənfi dinamikasını
göstərir. Fevralın 21-də Tehran deyəsən, va-bank gedib: Bakının
bəyanatına görə, Astara şəhəri istiqamətində İran helikopteri
Azərbaycanın hava sərhədini pozub.
Tehran son illərdə Bakını İsraillə əlaqələrə görə daima tənqid
edir. "Hizbullah"ın Təbrizdəki lideri Ruhulla Becani İsraillə
əməkdaşlığın davam etdirəcəyi təqdirdə Tehrandakı Azərbaycan
səfirliyini Britaniya səfirliyinin aqibətinin gözlədiyini bəyan
edib. "İlk addım baş nazir Netanyahunun casus idarəsinə çevrilmiş
Azərbaycanın Təbrizdəki baş konsulluğuna qarşı atılacaq" deyə
Becani bildirib. İsrailli iranşünas doktor Vladimir Mesamed qeyd
edir ki, İranla Azərbaycanın münasibətləri həmişə gərgin olub,
sadəcə, əvvəllər bu barədə heç nə demirdilər. İki ölkə arasında
köhnə ərazi mübahisəsi var, hər iki ölkə "öz torpağını" qaytarmaq
istəyir. Bakı Tehranın ölkədəki azərbaycanlılara münasibətindən
narazıdır, xüsusən də onların mədəniyyət və dil baxımından
sıxışdırılmasından. Tehran isə islam inqilabını ixrac etmək
istədiyi Azərbaycanın dünyəviliyindən. Molla rejimi milyonlarla
azərbaycanlının məcburi assimilyasiyası siyasətini həyata keçirir,
Azərbaycan ərazisindəki islamçıları fəal surətdə dəstəkləyir,
Azərbaycanın düşməni Ermənistanla sıx əməkdaşlıq edir.
Tehran Azərbaycanla daha sıx münasibətlərdə olan Türkiyəni də
"səfərbər" etməyə məcbur olub. Ərdoğanın antiisrail bəyanatlarını
nəzərə alsaq, bu barədə ayrıca danışmaq lazımdır. İlk növbədə qeyd
etmək lazımdır ki, Türkiyə və Azərbaycanın keçmiş dost
münasibətlərindən çox şey qalmayıb, Ankara və Bakının münasibətləri
xeyli soyuyub. Səbəblərdən biri Türkiyə rəhbərliyinin antiisrail
mövqeyidir. Maraqlıdır ki, İlham Əliyev prezident kimi Türkiyəyə
ilk səfərini yalnız Qərbi Avropa və MDB-yə səfərlərdən sonra edib.
Türkiyə ilə münasibətlərə mənfi təsir göstərən faktorlardan biri
Ermənistan-Türkiyə sərhədinin açılması məsələsidir. Ankara üçün də
Azərbaycan-İsrail münasibətləri əlavə narahatlıq amilidir. Buna
baxmayaraq, Türkiyə Azərbaycan üçün NATO ilə münasibətlərdə vacib
ölkə olaraq qalır. Azərbaycan və Türkiyə arasında hərbi sahədə
əməkdaşlığa dair xeyli sənəd imzalanıb. Ankara və Bakını Bakı –
Tiflis – Ceyhan və Bakı–Tiflis–Ərzurum boru kəmərləri layihələrinin
həyata keçirilməsi ilə bağlı uzunmüddətli geosiyasi planlar da
bağlayır. Azərbaycan və İsrail arasındakı iqtisadi və hərbi
əlaqələr hər iki ölkə üçün o dərəcədə əhəmiyyətlidir ki, bu
əlaqələri uzunmüddətli regional faktor saymaq üçün bütün əsaslar
var".
Ülkər Abdullayeva
Publika.Az
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 11:55
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."