Qırmızı.az
Şəhidlər Xiyabanı ümummilli ziyarət məkanına çevrilib - FOTOLAR
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə baş vermiş məşum qətliamdan 25 il ötür. Düz 25 il bundan əvvəl Azadlıq meydanına və paytaxtın bir sıra küçələrinə yeridilən sovet qoşunları öz silahlarını, ağır texnikasını dinc sakinlərə, əliyalın istiqlalsevərlərə qarşı yönəldərək ölkəmizin paytaxtında qanlı qırğınlar törətdi. Həmin hadisələrdən illər ötsə də, xalq 20 Yanvar faciəsinin şəhidlərini unutmur, azadlığımız uğrunda canından keçənləri böyük ehtiramla yad edir, onların ruhunu daim əziz tutur. Artıq bir neçə gündür paytaxtda, habelə respublikamızın bir sıra şəhər və rayonlarında faciənin anım gününə hazırlıq işləri görülür. On minlərlə insan ölkəmizin azadlığı uğrunda canlarından keçən mübarizlərimizin uyuduğu Şəhidlər Xiyabanına axışaraq, 20 Yanvar faciəsinin şəhidlərini böyük ehtiramla yad edir, respublikamızın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəmanların xatirəsinə ehtiramlarını ifadə edirlər.
Publika.az Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin il dönümünə hazırlıqla bağlı vəziyyəti öyrənib.
Anım tədbirlərinə hazırlıq işlərinə başlanılıb
Dünəndən başlayaraq Şəhidlər Xiyabanın giriş hissəsinə güllər döşənib, ərazi qırmızı qərənfillərlə əhatələnib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xiyabanın bütün ərazisində təmizlik və abadlaşdırma işləri həyata keçirilir, ərazinin işıqlandırma sistemi yenidən qurulur, köhnə lampalar yeniləri ilə əvəzlənir, məftillər təzələnir, məzarların üstü və ətrafı silinib təmizlənir. Xiyabanın yaşıllıq örtüyünə, o cümlədən ağaclara Səbail rayonu Mənzil Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən xüsusi qulluq göstərilir. Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti vəzifələrini icra edirlər, əraziyə təcili yardım maşını, tibb işçiləri da cəlb edilib.
Şagird və müəllimlər xiyabana axışır
Ən çox diqqəti çəkən məqam isə Şəhidlər Xiyabanına gündən-günə artan insan axınıdır. Bakının orta, ali təhsil müəssisələrinin müəllimləri, o cümlədən şagird və tələbələr, məktəbəqədər tərbiyə müəssisələrinin uşaqları, tərbiyəçilər, hərbçilər, tibb işçiləri, habelə digər sahələrdə çalışan insanlar, eləcə də paytaxtımızın qonaqları 20 Yanvar qəhrəmanlarının əbədiyyətə qovuşduqları müqəddəs məkana üz tutaraq, şəhidlərimizə sevgi və sayqılarını ifadə edirlər. Əllərində qərənfil güllər tutaraq xiyabana axışan gənclər faciənin baş verdiyi gecə şəhidlik zirvəsinə qovuşan azadlıqsevər qəhrəmanlarımızın məzarları önünə güllər düzür, onların ruhuna rəhmət oxuyurlar. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnamələri ilə xiyabana dəstə-dəstə axışan orta məktəb şagirdləri xüsusi olaraq maraqlanır. Paytaxtın Yasamal, Nizami, Binəqədi, Suraxanı, Xətai, Səbail, habelə digər rayonlarının orta və ali təhsil müəssisələrinin şagird və tələbələri, müəllimlər dəstə-dəstə xiyabana üz tuturlar.
Nərimanov rayonu 258 saylı orta məktəbin şagirdləri, habelə Yasamal rayonu 30 saylı orta məktəbin şagird-müəllim heyəti də Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, ölkəmizin istiqlaliyyəti uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın məzarları önünə əklillər düzür, şəhidlərimizi ehtiramla yad edirlər. Nizami rayonunda fəaliyyət göstərən Eldar Quliyev adına 145 saylı orta məktəbin 5, 6, 7-ci siniflərinin müəllimləri şagirdlərə ötən əsrin 80-ci illərinin sonlarında başlanmış milli azadlıq hərəkatı, habelə 1990-cı ilin qanlı yanvar hadisələri barədə söhbət açır, gələcək nəsli mübarizlərimizin qəhrəmanlıq salnamələri barədə məlumatlandırırlar. Yeri gəlmişkən qeyd edək ki, şagirdlərlə yanaşı, Şəhidlər Xiyabanını məktəblilərin valideynləri də ziyarət edirlər.
Bu arada diqqətimizi cəlb edən başqa bir məqam isə Şəhidlər Xiyabanını ölkəmizin bölgələrindən də ziyarət etməyə gələn insanlar, orta təhsil müəssisələrinin müəllim və şagird heyəti idi. Şirvan şəhərindən gəlmiş 21 saylı orta məktəbin şagird və müəllimləri ölkəmizin müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanlarımızın əbədiyyətə qovuşduqları məkana üz tutaraq, şəhidlərimizin məzarları önünə əklillər qoydular.
Nərimanov rayonunda fəaliyyət göstərən Dilqəm Nəbiyev adına 178 saylı tam orta məktəbin müəllimi Məlahət Məhərrəmova şagirdlərin, ümumiyyətlə gənc nəslin Şəhidlər Xiyabanını ziyarət etmələrinin, respublikamızın azadlığı naminə şəhid olmuş mübarizlərimizin həyatı barədə məlumatlandırılmalarının vacib olduğunu diqqətə çatdırdı. Məktəbin 4-cü sinif şagirdlərinin şəhidlərimizin fədakarlıqlarına xüsusi maraq göstərdiyini deyən Məlahət Məhərrəmova məktəblilərin bu gün, sabah, habelə sonrakı günlər də Şəhidlər Xiyabanını ziyarət edəcəklərini bildirdi.
Gülər Zari: “Bütün şəhidlərimiz bizim üçün əvəzsiz, müqəddəsdir”
178 saylı orta məktəbin ibtidai sinif müəllimi Gülər Zari 3-cü və 4-cü sinif şagirdlərinin 20 Yanvar faciəsi zamanı şəhid olmuş insanların, habelə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımıza həsr olunmuş şeirləri əzbər bildiklərini, onların fədakarlıqlarını əks etdirən hekayələri sevə-sevə oxuduqlarını vurğuladı: “Gənclik illərim həmin dövrə düşürdü. 20 Yanvar faciəsi gənclik həyatımın ən ağır günlərindən oldu. Mən qardaşım Elçin Zari ilə həmin dövrdə baş verən hadisələrdə fəal iştirak edirdik. O zamankı Tibb İnstitutunda təhsil alan qardaşım yanvarın 16-dan başlayan mitinqlərə qoşulmuşdu və 20 yanvar hadisələrinin iştirakçılarından idi. Ailəmizin yeganə oğul övladı olan qardaşım baş verən hadisələrə, o cümlədən ölkəmizə və xalqımıza qarşı ədalətsizliklərə etiraz əlaməti olaraq ali təhsilini yarımçıq saxlayaraq, könüllü şəkildə birinci Qarabag müharibəsinə yollandı. Belə fədakarlıqları Şəhidlər Xiyabanında uyuyan bütün qəhrəmanlarımız da edib. Bu müqəddəs məkanda uyuyan bütün şəhidlərimiz bizim üçün əvəzsiz, müqəddəsdir. Təhsil işçisi olaraq mən bütün şagirdlərimə həmin dövrdə baş verən hadisələrdə yaxından iştirak etmiş qəhrəmanlarımız barədə məktəblilərə ətraflı söhbət açır, gələcək nəslin onların yolunu getməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına çalışıram”.
Gülər Zarinin şagirdlərindən 178 saylı orta məktəbin 3-cü sinifdə oxuyan Əli Rüstəmli “Ağla, qərənfil ağla” şeirini dedi, 4-cü sinif şagirdi Adil Süleyman, Siyavuş Quliyev, 1-ci sinif şagirdi Gülay Rüstəmova, İzzət Hüseynzadə, Hikmət Süleymanov rus və erməni əsgərlərinin 20 yanvar gecəsi əliyalın insanlara qarşı törətdikləri vəhşiliklərdən danışdılar.
Sabunçu rayonu 67 saylı orta məktəbin müəllimləri 20 Yanvar faciəsinin şəhidlərini ziyarət etməyə gətirdikləri şagirdlərə elə Şəhidlər Xiyabanının girişindəcə azadlıqsevər qəhrəmanlarımız barəsində ətraflı məlumat verir, məktəblilərin vətənpərvər ruhda tərbiyə olunmaları üçün onlara həmin dövrdə baş verən hadisələri təsvir edirdilər.
Yasamal rayonu 308 saylı orta məktəbin müəlliməsi Gülnarə xanım təhsil müəssisənin 4-cü sinif şagirdlərinin Şəhidlər Xiyabanını böyük maraqla və diqqətlə ziyarət etdiklərini dedi. Yeri gəlmişkən, şəhidlərimizin məzarlarını ziyarət etməyə gələnlər arasında Kimya-Biologiya təmayüllü Liseyin, habelə 10 saylı internat məktəbinin şagird və müəllimləri də vardı. Şagirdlər şəhidlərimizin məzarları önündə baş əyərək, qərənillər düzür, onlara ehtiramlarını ifadə edir, əbədi alov məşəlinin qarşısına toplaşaraq, mübarizlərimizin fədakarlıqları barədə danışan müəllimlərin söhbətlərinə qulaq asırdılar.
Paytaxt sakinləri də xiyabana axışırlar
20 Yanvar şəhidlərini ziyarət etməyə gələnlər arasında xeyli sayda paytaxt sakinləri də var. Bakı sakini Sevinc Qafarova xalqımızın yanvarın 19-dan 20-ə keçən gecə “Azadlıq” meydanında şəhid olmuş qəhrəmanlarımızın heç vaxt unutmayacağını, qəhrəmanların xatirəsini daim əziz tutduğunu bildirdi. Qeyd etdi ki, o, ailəsi ilə birlikdə tez-tez Şəhidlər Xiyabanını ziyarət edir, burada əbədiyyətə qovuşan qəhrəmanlarımızın ruhuna dualar oxuyur. Qeyd edək ki, Şəhidlər Xiyabanında müşahidələr apararkən bu məkana üz tutanlar arasında bir neçə hərbçi, əcnəbi, habelə gənc cütlüklər də diqqətimizi cəlb etdi. 20 Yanvar faciəsinin qurbanlarını ziyarət edənlər Azərbaycanın görkəmli hərbi xadimi, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun bir qədər aralıdakı heykəli qarşısına güllər düzürdülər.
Şəhidlər Xiyabanına insan axını bu gün də davam edir.
Anar Tağıyev
-
Region23:21
Dünyada cəmi iki lider var: biri mənəm, digəri isə... - Ərdoğan
-
Yaxın Şərq22:20
Moskva Suriya ilə bağlı BMT-dən görün nə tələb etdi
-
Magazin122:08
"Bir dəfə mənə yazdı ki, qarşında baş əyirəm..."
-
Yaxın Şərq21:36
İsrail iranlı alimlərin Dəməşqdəki tədqiqat mərkəzini VURDU - VİDEO
-
Magazin121:24
Bizimkilər "Pantene Altın Kelebek"də - VİDEO
-
Yaxın Şərq19:36
Üsyançılar Rusiya bazasının yerləşdiyi TARTUSDA: Əsədin atasının daha bir heykəlini yıxdılar - VİDEO
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO