Qırmızı.az
Qəza törədib, polisdən qaçan sürücülərin sığınacağı - Avtoservislər
Ötən ilin oktyabr ayında qəbul olunmuş qərara görə, artıq ölkə ərazisində baş vermiş avtomobil qəzaları zamanı sığorta ödənişini almaq üçün Dövlət Yol Polisindən (DYP) arayış almağa ehtiyac yoxdur. Qeyd edək ki, bu, "Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları"nda nəzərdə tutulub.
Sözügedən sənədin "Hadisə ilə bağlı təsdiqedici sənədin tələb olunmaması" bölməsində bildirilir ki, avtomobil qəzası zamanı 3 şərt mövcud olduğu halda sığorta şirkəti DYP-dən arayış tələb edə bilməyəcək.1-ci şərt hadisənin günahkarının kimliyi ilə bağlı tərəflər arasında mübahisənin olmaması, 2-ci şərt hadisə nəticəsində sağlamlığa zərər dəyməməsi, 3-cü şərt isə hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatı keçməməsidir. Belə olduqda ödəniş yol polisinin arayışı tələb edilmədən verilməlidir.
Təəssüflər olsun ki, bu, bir çox sürücülər tərəfindən düzgün anlaşılmadığından onlar baş vermiş nəqliyyat hadisəsi zamanı olay yerinə DYP əməkdaşlarını çağırmadan, aralarında əldə olunmuş razılaşmaya əsasən birbaşa avtomobil təmiri ilə məşğul olan şirkətlərə, avtoservislərə üz tuturlar. Bu isə özlüyündə qanun pozuntusu kimi qiymətləndirilməlidir. Çünki dəymiş ziyanın miqdarından, eləcə bədən xəsarətinin olub-olmamasından asılı olmayaraq, avtoqəzalar barədə mütləq yol polisinə məlumat verilməlidir.
Mövzu ilə bağlı apardığımız araşdırmalar zamanı bəlli oldu ki, paytaxtda fəaliyyət göstərən avtoservislərin əksəriyyəti qəzalı vəziyyətdə daxil olan nəqliyyat vasitələrini DYP-nin arayışı olmadan təmir edirlər. Məsələn, Bakının Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində, Xətai rayonu Əhmədli qəsəbəsində, eləcə də Nizami rayonu 8-ci kilometr qəsəbəsində yerləşən texniki xidmət mərkəzlərinə baş çəkdikdə bu cür halların şahidi olduq.
Belə ki, qara rəngli «Hundai» markalı avtomobilini təmir üçün Suraxanı rayonu Könhə Günəşli qəsəbəsində yerləşən avtoservisə gətirən şəxs maşın ustası ilə qiymətdə razılaşdıqdan sonra idarə etdiyi nəqliyyat vasitəsinin açarlarını təhvil verib getdi. Bunu gördükdə ustaya yaxınlaşıb «Siz ondan baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı yol polisindən arayış tələb etməli idiniz. Nə üçün DYP araşıyını istəmədiniz?» deyə sual verdikdə qarşı tərəf «Əşi, hər gələndən sənəd istəsəm, onda hamı məndən qaçar» cavabını aldıq:
«Mən də bilirəm ki, qanuna görə, avtoservisə müraciət edən şəxsdən arayış istəməliyəm. Amma belə etsəm, onda daha heç kim mənə müraciət etməz. Elə bilərlər ki, polisə məlumat verəcəm. Çəkinib başqa ustanın yanına gedəcəklər. Mən də gəlirimdən olacam».
Hər ayın sonunda avtoservisin rəhbərliyinə icarə haqqı ödəməli olduğunu deyən maşın ustası dolanışığı bəhanə gətirərək qanunu pozmasına bəraət qazanmağa çalışdı: «Vallah, bu gün dolanmaq çətindir. Maşınını bura gətirən adam deyir ki, məni vurublar, həmin adam da özü düzəltdirir. Mən sadəcə maşının ətrafına baxıram ki, birdən adam vurar, işə düşərəm. Əgər qan ləkəsi-filan yoxdursa, o zaman təmir edirəm. Amma DYP sənədi tələb etmirəm. Çünki əksər hallarda yol qəzası törədən, ya da qəzaya tuş gələn sürücülər öz aralarında razılığa gəldikdən sonra bizə müraciət edirlər. Əgər onlar razılaşıblarsa, daha mən niyə arayış tələb etməliyəm?»
Qeyd edək ki, Xətai rayonunda yerləşən «111» texniki xidmət mərkəzində də eyni mənzərənin şahidi olmaq mümkündür. Belə ki, adıçəkilən avtoservisdə çalışan ustalar avtomobili zədəli vəziyyətdə olan şəxslərdən yol polisindən arayış gətirmələrini tələb etmirlər. İstər rəngsaz olsun, istər dəmirçi, istərsə də çilingər - fərq etməz, baş çəkdiyimiz texniki xidmət mərkəzlərinin ustaları birmənalı şəkildə avtomobil sahiblərindən DYP arayışının olub-olmaması ilə maraqlanmırlar. Səbəbsə eynidir: DYP sədənilə bağlı sual müştəriləri avtoservisdən uzaqlaşdırır.
Texniki xidmət mərkəzinə müraciət edən şəxslərlə söhbət zamanı bəlli oldu ki, onlar baş vermiş hər yol nəqliyyat hadisəsi ilə bağlı DYP-nin məlumatlandırılmasının əleyhinədirlər. «Məsələn, dünən mənim maşınımı sağ tərəfdən vurublar. Həmin maşının sürücüsü düşüb üzrxahlıq etdi və dəymiş ziyanı ödəyəcəyini bildirdi» deyən müştəri hesab edir ki, bu cür hallarda yol polisi olmadan da keçinmək mümkündür: «Əgər adam mənə dəyən ziyanı ödəyirsə, maşınımı istədiyim kimi təmir etdirirsə, onda niyə həmin şəxsdən şikayətçi olmalıyam? Məncə, bunun mənası yoxdur. Aramızda danışıb razılığa gəldikdən sonra məsələni yol polisinə məlumat vermədən də asanlıqla həll etmək mümkündür. Odur ki, baş vermiş hər avtoqəza ilə bağlı yol polisinin məlumatlandırılmasını düzgün saymıram».
Bir qədər öncə də qeyd etdiyimiz kimi, baş vermiş nəqliyyat hadisəsi zamanı yol polisinin rəyi mütləq lazımdır. Çünki sürücülərin öz aralarında razılığa gəlib hadisə yerini tərk etməsi, avtomobili ustaya aparması qanunsuz əməldir.
Məsələ ilə bağlı fikrini öyrəndiyimiz yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov da bu mövqedən çıxış edərək qeyd etdi ki, hadisə yerindən yayınmağa görə, İnzibati Xətalar Məcəlləsində müvafiq cərimə nəzərdə tutulub: «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin tələbini pozmaq, yəni istənilən halda (zərərin miqdarından asılı olmayaraq) sürücülərin DYP-yə məlumat vermədən hadisə yerini tərk etmələri onların hər birinin İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsi ilə 80 manat cərimələnməsinə və 4 cərimə balı almasına səbəb ola bilər. Bundan başqa, müvafiq qanunvericilik yol nəqliyyat hadisəsi zamanı zədələnmiş avtomobilin yol polisinin icazə arayışı olmadan təmir olunmasını qadağan edir. Yəni baş vermiş yol nəqliyyat hadisəsində günahkar tərəf olub-olmamasından asılı olmayaraq, yol polisinin müvafiq arayışı olmadan avtomobil servislərində nəqliyyat vasitəsini təmir etmək qəti qadağandır. Hətta avtoqəza nəticəsində zədələnmiş avtomobillər parklama yerlərinə də qəbul olunmamalıdır. Bu qaydadanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulub. Odur ki, istər təmir sahəsində çalışan fərdi usta olsun, istərsə də hansısa şirkət olsun, yəni fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq, avtomobil arayışsız təmir olunmamalıdır».
Banı zədələnmiş nəqliyyat vasitəsinin parklama yerində müvafiq arayış olmadan saxlanılmasına görə 60 manat cərimənin nəzərdə tutulduğunu deyən ekspertin sözlərinə görə, bir çox avtoservislər qanuna məhəl qoymadan zədələnmiş nəqliyyat vasitəsini DYP arayışını tələb etmədən təmir edirlər: «Kim bilir, bəlkə də, sürücü bu yolla törətdiyi cinayəti ört-basdır etməyə, məsuliyyətdən yayınmağa çalışır. Çünki baş vermiş nəqliyyat hadisəsi zamanı hər hansı bir şəxs ağır bədən xəsarəti ala, hətta dünyasını dəyişə bilər. Odur ki, avtomobil təmiri ilə məşğul olan şirkətlər, servislər bu kimi önəmli məqamlara xüsusi diqqət yetirməlidirlər. Onlar bilməlidirlər ki, vurulmuş avtomobili yol polisinin arayışı olmadan təmir etməklə bəlkə də cinayətkara məsuliyyətdən yaxa qurtarmağa, baş vermiş cinayət hadisəsini gizlətməyə yardımçı olurlar. Əgər baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hüquq-mühafizə orqanlarının məlumatı varsa, o zaman siz idarə etdiyiniz nəqliyyat vasitəsini istədiyiniz vaxt, istədiyiniz yerdə təmir etdirə bilərsiniz. Qanunvericilikdə buna heç bir qadağa yoxdur. Etiraf etmək lazımdır ki, bu gün paytaxtda fəaliyyət göstərən avtoservislərin böyük əksəriyyəti pul qazanmaq üçün bu cür önəmli məsələlərə diqqət yetirmirlər. Onlar heç kimdən arayış tələb etmirlər. Sadəcə, pullarını alıb işlərini görürlər».
Mövzu ilə bağlı Publika.az-a danışan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də bildirdi ki, banı zədələnmiş nəqliyyat vasitəsinin yol polisinin icazəsi olmadan təmirinə qəbulu birbaşa qanun pozuntusudur: «Əgər belə bir hal aşkar olunursa, yəni yol polisinin qeydiyyatından keçməyən nəqliyyat vasitəsi təmir olunarsa, bu əmələ görə həm sürücü, həm də avtomobili təmir edən şəxs inzibati məsuliyyət daşıyır. Buna görə də texniki təmir stansiyalarında çalışan şəxslər, eləcə də bu cür müəssisələrin sahibləri banı əzilmiş vəziyyətdə olan nəqliyyat vasitəsini təmirə qəbul etməməlidirlər».
Kamran Əliyevin sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 158.2-ci maddəsində nəqliyyat vasitələrinin saxlanca qəbul edilməsi və saxlanılması qaydalarının pozulmasına görə də inzibati məsuliyyət nəzərdə tutulub: «Buna görə də banı zədələnmiş hər hansı nəqliyyat vasitəsi mühafizə olunan duracağa qəbul olunduqda mütləq onun yol nəqliyyat hadisəsi törətməsi barədə arayışı da tələb olunmalıdır. Bu ağır yol qəzası törətmiş şəxslərin hadisə yerindən yayınmalarının, eləcə də onların məsuliyyətdən yaxa qurtarmağa çalışmalarının qarşısını almaq üçün edilir. Onu da nəzərinizə çatdırım ki, mövcud olan müasir avadanlıqların köməyi ilə yol nəqliyyat hadisəsi törədib, hadisə yerindən qaçan avtomobillərin aşkar olunması mümkündür. İstənilən halda həmin nəqliyyat vasitələri aşkar olunur və onun sürücüsü ilə yanaşı, avtomobili təmir edən usta, həmçinin texniki təmir stansiyasının rəhbərliyi barəsində müvafiq tədbirlər görülür».
Vazeh Bəhramoğlu
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO