Rəsmi xronika
İlham Əliyev Türkiyənin Milli Təhsil nazirini qəbul etdi - FOTO - (YENİLƏNDİ)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edib.
Publika.az xəbər verir ki, türkiyəli naziri salamlayan Prezident İlham Əliyev dedi:
-Xoş gəlmisiniz. Sizi görməyimə şadam. Əminəm ki, səfəriniz çox uğurlu olacaq və əlaqələrimiz bütün başqa sahələrdə olduğu kimi, təhsil sahəsində də daha sürətlə inkişaf edəcək.
Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr ən yüksək səviyyədədir və elə sahə yoxdur ki, biz o sahədə əməkdaşlıq etməyək. İki qardaş ölkə kimi biz bütün sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edirik. Təhsil sahəsi də əməkdaşlığımızın önəmli bir hissəsidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün, əlbəttə ki, bu sahədə çox önəmli addımlar atılmalıdır və əslində atılır. Əminəm ki, sizin budəfəki səfəriniz çərçivəsində bir çox önəmli məsələlər müzakirə olunacaq və gələcək işbirliyimiz haqqında konkret planlar tərtib ediləcəkdir.
Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm. Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır.
Biz hazırda bu sahə ilə bağlı çox ciddi islahatlar aparırıq. Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir. Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar. Hesab edirəm ki, bu məqsədlə müxtəlif tədbirlər - gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməlidir. Əminəm ki, siz səfər çərçivəsində bu məsələləri öz həmkarınızla geniş müzakirə edəcəksiniz.
Bir daha xoş gəlmisiniz.
x x x
Türkiyənin milli təhsil naziri Ziya Selçuk dedi:
-Hörmətli cənab Prezident. Bizi qəbul etdiyiniz, vaxt ayırdığınız üçün çox təşəkkür edirik. Hörmətli Prezidentimizin, Türkiyə xalqının salamları ilə buraya gəldik və böyük bir sevinclə gəldik. Qarabağ Zəfərinin – tarixə yazılan bu Qarabağ Zəfərinin qəlbimizdəki sevinci ilə buradayıq. Min ildən sonra da Sizin adınız tarixdə uşaqlar tərəfindən tərənnüm ediləcək və uşaqlar Sizin adınızı, xalqın, şəhid olan əsgərlərimizin adını əzbər söyləyəcəklər, İnşallah. Bu, küçələrə çıxan bütün Türk vətəndaşlarının son dövrlərdə yaşadığı ən böyük sevincdir və biz çox xoşbəxtik.
Bununla yanaşı, bizim aramızdakı təhsil proqramları, təhsilin inkişafı, gələcəklə bağlı görüləcək işlərlə əlaqədar heç bir problem ola bilməz. Biz hamısını həll edərik. Mən bunların texniki tərəfləri ilə Sizi məşğul etmək istəmirəm. Həmkarım, dostumla birlikdə biz nə lazımdırsa, artıqlaması ilə edərik. Heç narahatlığınız olmasın. Sizin əmrləriniz bizim üçün kifayətdir. Bu çərçivədə peşə fəaliyyəti ilə bağlı imzaladığımız protokol da hazırda həyata keçirilir. Bu gün də onunla bağlı müzakirələri davam etdirəcəyik. Bizim əlaqələrimiz, münasibətimiz rəsmi münasibətdən də yüksək səviyyədə davam edir. Proseslərin, işlərin sürətləndirilməsi üçün nə lazımdırsa, birlikdə edirik.
Digər məsələlər də həll edilir. Xüsusilə, FETÖ məsələsində Sizin göstərdiyiniz qətiyyət, verdiyiniz dəstək bizim üçün çox mühümdür. O da bizə böyük xoşbəxtlik və sevinc verir. Bunun üçün çox şadıq. Bundan başqa, biz görülməli olan bütün iş və prosesləri qaydasına qoyacağıq, dostlarımızla birlikdə həll edəcəyik və sonra da Sizə məruzə edəcəyik, cənab Prezident. Heç narahat olmayın. Nə lazımdırsa, biz bu işlərin başındayıq, izindəyik, cənab Prezident.
Mən bizi qəbul etdiyiniz üçün bir daha təşəkkürlərimi və ehtiramımı bildirirəm.
X X X
Prezident İlham Əliyev: Sağ olun. Mən çox şadam ki, peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, Azərbaycan, dediyim kimi, bu gün böyük quruculuq işlərinin astanasındadır və həm azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik.
Mən artıq göstəriş vermişəm ki, bizim təhsil proqramlarımızda, məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınsın. İndi bizim müvafiq qurumlar, o cümlədən Təhsil Nazirliyi bu məsələ üzərində çalışır ki, bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilsin. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Ona görə, real həqiqətləri, həqiqətə əsaslanmış bu tarixi biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq. Ümid edirəm ki, Türkiyənin tarix dərsliklərində də bu məsələ öz əksini tapacaq. Xüsusilə, nəzərə alsaq ki, Türkiyə müharibənin ilk saatlarından Azərbaycana çox böyük siyasi və mənəvi dəstək göstərmişdir. Əziz Qardaşım, Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk dəqiqələrdən, ilk saatlardan bəyanatlarla çıxış etmiş və demişdir ki, Türkiyə Azərbaycanın yanındadır. Bunun çox böyük mənəvi və siyasi əhəmiyyəti olmuşdur. Azərbaycan 44 gün ərzində ədaləti, öz ərazi bütövlüyünü bərpa etdi və 30 illik işğala son qoyuldu.
Ona görə, bizim gənc nəslimiz, əlbəttə ki, tarixi olduğu kimi bilməlidir. Mən oxuduğum dövrdə biz təhrif edilmiş tarixi öyrənirdik. Azərbaycan xalqının qanını axıdan daşnak-bolşevik bandalarının rəhbərləri qəhrəman kimi təqdim edilirdi. Mən məktəbdə və ali məktəbdə oxuyarkən bu kitablar, bu saxta tarix kitabları əsasında oxumuşam. Biz müstəqilliyə qovuşandan sonra real tarixi bildik. Qəhrəmanlar düşmən kimi göstərilirdi, düşmənlər qəhrəman kimi. Ona görə, biz - sovetlər birliyində yaşamış insanlar, - sovetlər birliyi dağılanda mənim 30 yaşım var idi, bütün təhsilimi bitirmişdim, - ondan sonra öyrəndim ki, bizə nə qədər ziyanlı və saxta tarix təqdim edilirmiş. Ona görə indiki şəraitdə biz həm qədim tariximizi, eyni zamanda, müasir tariximizi olduğu kimi təqdim etməliyik və bu sahədə bərabər çalışacağıq.
Ziya Selçuk: İnşallah.
X X X
Prezident İlham Əliyev Türkiyə Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO