Qidalanma, oturaq həyat tərzi, hərəkətsizlik və qəfil ölüm
Bizi izləyin

Sağlamlıq

Qidalanma, oturaq həyat tərzi, hərəkətsizlik və qəfil ölüm

Ürək-damar xəstəliklərinin həqiqi səbəbi heç də xolesterin və yağlı yeməklər deyilmiş. Tədqiqatlar göstərir ki, ürək-damar xəstəlikləri arteriyaların divarlarının xroniki iltihabına görə yaranır. Əgər iltihabi proses yoxdursa, xolesterin damarlarda yığılmır və sərbəst dövran edir.

Bunu amerikalı kardiocərrah, əvvəllər “Banner Heart Hospital”da heyət rəhbəri və cərrahiyyə şöbəsinin müdiri olmuş Duayt Landell jurnalistlərə müsahibəsində bildirib: “Bu gün mən 5 mindən çox açıq ürək cərrahiyyə əməliyyatı aparan və 25 il təcrübəsi olan kardiocərrah kimi tibbi və elmi amillərlə bağlı səhvi düzəltməyə çalışacağam. Mən indi “tibbi yaradan” digər görkəmli həkimlərlə yanaşı, uzun illər boyu hazırlıq keçmişəm. Biz elmi ədəbiyyatda məqalələri dərc etdirir, maarifləndirici seminarlarda iştirak edir, təkidlə bildirirdik ki, ürək xəstəlikləri yalnız qanda xolesterinin yüksək səviyyəsinin nəticəsidir. Hesab edirdik ki, xolesterinin səviyyəsini aşağı salmaq üçün yeganə münasib terapiya həkimlərin yazdıqları dərmanlar və yağlı qidaları ciddi şəkildə məhdudlaşdıran pəhrizlərdir. Biz inandırırdıq ki, pəhrizlər qanda xolesterinin səviyyəsini aşağı salmalı və ürək xəstəliklərini qabağını almalı idi. Bu tövsiyələrin qəbul olunmaması cəfəngiyyat və ya həkim səhlənkarlığın nəticəsi kimi hesab olunurdu. Bütün bu tövsiyələr elmi və mənəvi cəhətdən əsassız imiş. Bir neçə il əvvəl kəşf olunub ki, ürək-damar xəstəliklərinin həqiqi səbəbi arteriyanın divarcıqlarındakı iltihabdır”.

Amerikalı kardiocərrah sonda bildirib ki, bu kəşf ürək xəstəliklərinə və digər xroniki xəstəliklərə qarşı mübarizə konsepsiyasını dəyişməyi tələb edir.

“Təkrar araşdırmaya gərək yoxdur”

Ümumrusiya Kardioloqlar Elmi Cəmiyyətinin (BHOK) və Avropa Kardioloqlar Cəmiyyətinin (ESC ) üzvü, həkim kardioloq Rəna Səmədova isə əcnəbi həmkarı ilə razılaşmır və qidalanmanın, o cümlədən piylənməyə səbəb olan xolesterinin birmənalı olaraq ürəyin fəaliyyətinə mənfi təsir etdiyini deyir. Həkim-kardioloq bizimlə söhbətində yanlış qidalanmanın insan sağlamlığına mənfi təsirinin illər öncə sübut olunduğunu bildirir: “Əsasən insanların düzgün qidalanmaması, çəkisinə diqqət etməməsi orqanizmdə müxtəlif xəstəliklərin yaranmasına, o cümlədən ürək-damar xəstəliklərinə yol açır. Xüsusilə oturaq həyat tərzi, hərəkətsizlik və necə gəldi qidalanma orqanizmi sıradan çıxarır. İnsanlar anlamalıdırlar ki, bədəni formada saxlamaq təkcə görüntü üçün deyil. Bu, vizual olaraq yaxşı görünməklə yanaşı, həm də sağlamlıq üçün şərtdir. Çox vaxt müayinəyə gələn şəxslərə çəkilərinə diqqət etmələri ilə bağlı məsləhət verəndə elə başa düşürlər ki, bu dəbdən irəli gəlir, amma unutmaq lazım deyil ki, əksər xəstəliklər məhz dieta ilə müalicə olunur, eləcə də ürək-damar xəstəlikləri”.
Həkim-kardioloq son vaxtlar ürək-damar xəstəliklərinin gəncləşməsinin səbəbini sinir sistemi xəstəlikləri, osteoxondroz, revmatizm kimi oynaq xəstəliklərinin çoxalmasında görür: “Bildiyiniz kimi, son illər sinir-oynaq xəstəlikləri artıb ki, bu da nəticədə ürəyin fəaliyyətinə ciddi təsir edən amildir. İnsanlar anlamalıdır ki, müəyyən faktlar var ki, onlar birbaşa orqanizmə təsir edir və onların təkrar araşdırlmasına gərək yoxdur. Artıq çəki, piylənmə, həyəcan, stressli həyat tərzi ürək-damar xəstəliklərini cavanlaşdıran amildir”.

“Bu cür insanlar ən şanssız qrupdur”

Müsahibimizin sözlərinə görə, Azərbaycanda bu xəstəlik adətən 40-50 yaşdan sonra başlayır: “Amma çox gənc yaşda da ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə rast gəlinir. Əslində Avropa və Amerikada bu, 60-70 yaşlı insanların xəstəliyidir, bizdə isə daha gənc yaşda görünür. Bu da saydığımız risk faktorlarının nəzarətsiz olması, qidalanma, bəslənmə alışqanlığımız və bir az da hərəkətsizliyimizlə əlaqədardır”.

Əlamətlərinə gəlincə, bəzən xəstədə ürək ağrısı xarakteri daşımayan ağrılar da ola bilər: “Sinənin ortasında, mədə nahiyəsindən başlayıb boyuna qədər və yaxud alt çənəyə qədər olan ağrılar ürək-damar ağrılarıdır. Bu ağrı göynədici, yandırıcı, basqı və yaxud sıxılma şəklində olur. Xəstələrin bəzilərində sadəcə mədə, alt çənə və boyunda ola, hər iki qola, çiyinə yayıla bilər. Bəzi insanlarda heç ağrının olmaması da mümkündür. Bu cür insanlar ən şanssız qrupdur ki, qəfil ölümlə qarşılaşırlar. Onu da deyim ki, adətən sancı, batma, “ürəyim ağrıyır” deyərək sol tərəfi göstərən insanlardakı ağrılar ürək ağrısı deyil. Batma, qulunc deyilən yerlərdəki sancılar əzələ ağrılarıdır”.

“İnsanların 35-40 yaşdan sonra...”

Kardiologiya İnstitutunun direktoru Adil Baxşəliyev də ürək-damar xəstəliklərində əsas faktorun ənənəvi problemlər olduğunu desə də, əlavə məşğuliyyətlərin də xəstəliyə yol açdığını bildirir: “Ənənəvi səbəblər qidalanma, siqaretdən, içkidən istifadə kimi zərərli vərdişlər idisə, indi bu sıraya oturaq həyat tərzi, hərəkətsizlik də daxil olub. İnsanlar gün ərzində saatlarla kompüter arxasında fasiləsiz əyləşirlər. Bu da onların səhhətinə mənfi təsir göstərir. Əsəb gərginliyi, stress qanda toksik maddələri, həyəcan hormonlarını artır. Bütün bunların da nəticəsində ürək-damar xəstəlikləri gizli formadan aşkar formaya keçir”.
A.Baxşəliyev qəfil ölüm hallarının 99 faizinin ürək fəaliyyətinin pozulması nəticəsində baş verdiyini deyir: “Qəfil ölümə əsasən ürək aritmiyası səbəb olur. Əvvəllər belə hallardan qorunmaq üçün insanlar 50 yaşdan sonra mütəmadi olaraq, həkim müayinəsindən keçməli idilər. Amma indi xəstəlik cavanlaşdığı üçün artıq insanların 35-40 yaşdan sonra ildə 1-2 dəfə həkim müayinəsindən keçməsi lazımdır”.

Qeyd edək ki, hər il dünyada 17 milyondan artıq insan ürək-damar xəstəliklərindən vəfat edir. Azərbaycanda bu rəqəm 25-30 min nəfər arasındadır. Təxminən 115 min nəfərin ürək-damar xəstəlikləri ilə əlaqədar qeydiyyata götürüldüyü bildirilir.

teleqraf.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm