Nazir: "30-35 min insanın yaşayışı yaxşılaşacaq"
Bizi izləyin

Sosial

Nazir: "30-35 min insanın yaşayışı yaxşılaşacaq"

“İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması ilə növbəti ildə yaranacaq yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsində mühüm rol oynayacaq.

Publika.az xəbər verir ki, bu haqda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun “Azərbaycan” qəzetində dərs olunmuş yazısında bildirib.

Nazir bildirib ki, ölkəmizdə işsizlikdən sığorta sahəsində qabaqcıl dünya təcrübəsindəki mütərəqqi cəhətləri özündə əks etdirən yeni “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması Azərbaycan Prezidenti cənab
İlham Əliyevin sosial müdafiə siyasətində məşğulluğun təminatının aparıcı istiqamət kimi müəyyən olunmasının növbəti bariz ifadəsidir.

“Bu qanun Azərbaycanda 2018-ci ilin əvvəlindən işsizlikdən sığorta sisteminin fəaliyyətə başlamasına, iş yerini itirmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradan İşsizlikdən Sığorta Fondunun formalaşmasına səbəb olacaq. Yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, 2018-ci ildə məşğulluq sahəsində maliyyələşdirmə üçün ayrılan xərclərin cari ildəkinə nisbətən 3,2 dəfə artırılmasına imkan verəcək”.

S.Müslümov qeyd edib ki, gələn il ərzində İşsizlikdən Sığorta Fonduna toplanması gözlənilən 89 mln manat vəsaitin 37,6 faizinin və ya 33,5 mln manatının işsizliyə görə sığorta ödənişlərinə, 40,2 faizinin və ya 35,8 mln manatının isə özünüməşğulluq proqramının genişləndirilməsinə, yəni, əlavə olaraq 7 minə yaxın ailənin bu proqramla əhatə olunmasına yönəldilməsi nəzərdə tutulur:

“Proqrama cəlb olunan ailələrdə orta hesabla 4-5 nəfərin olduğunu nəzərə alsaq, təkcə bu il ərzində özünüməşğulluq proqramının 5-6 min nəfər civarında insanın rifahında müsbət dəyişikliklərə şərait yaratdığını, gələn il isə əlavə olaraq, daha 30-35 min insanın yaşayışında yaxşılaşmaya imkan verəcəyini qeyd etmək olar. Digər aktiv məşğulluq tədbirlərinin (peşə hazırlığı və əlavə təhsilin, əmək yarmarkalarının və əmək birjalarının, haqqı ödənilən ictimai işlərin, peşəyönümünə dair məsləhət xidmətlərinin təşkili və s.) genişləndirilməsi təmin olunacaq. Belə ki, fondun xərclərinin 6,8 faizinin və ya 6 mln manatının peşə hazırlığı və əlavə təhsil, ictimai işlərin təşkili və s. aktiv əmək bazarı tədbirlərinə ayrılması nəzərdə tutulub ki, bu da 2017-ci illə müqayisədə 3,7 dəfə çoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm