Elçin Mirzəbəyli bu hadisəni ilk dəfə danışdı - "Vaqifin hər iki əli yanmışdı" - FOTO
Bizi izləyin

Sosial

Elçin Mirzəbəyli bu hadisəni ilk dəfə danışdı - "Vaqifin hər iki əli yanmışdı" - FOTO

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 1990-cı il 20 Yanvar tarixində başına gələn və indiyədək danışmadığı hadisə barəsində yazıb.

Publika.az xəbər verir ki, Elçin Mirzəbəyli Aynur Camalqızının çağırışına qoşularaq 20 Yanvar gecəsi şahidi olduğu olayı qələmə aldığını bildirib: “Bu günə qədər yazmadığım və haqqında 29 ilə yaxındır ki, danışmadığım bir hadisə də var. Həm də mənimlə bağlı olduğu üçün bu barədə yazmaq istəmirdim. Amma düşünürəm ki, yazmasam o hadisənin digər iştirakçılarına qarşı haqsızlıq etmiş olaram...

Yanvarın 19-dan 20-ə keçən gecə və yanvarın 20-də, səhər saat 6-da şahidlik etdiyim qanlı hadisələr məni elə sarsıtmışdı ki, günün sonuna yaxın bir küncə çəkilib yazmağa başladım. Bir neçə bəndlik şeir yazacağımı düşünürdüm, amma nəticədə poema alındı... Yanvarın sonuna yaxın tələbə və hərəkat yoldaşlarımla birlikdə bu poemanı səhnələşdirmək qərarına gəldik. Bütün qadağalara və universitetdən qovulmağımız üçün bəhanə axtarıldığına baxmayaraq, fövqəladə vəziyyət rejimində məşqlərə davam edirdik. Fasiləsiz məşçqlərdən sonra tamaşanı ilk dəfə Dövlət Konservatoriyasında nümayiş etdirdik. Rejim qulluqçuları imperiyanın iç üzünü açan hər kəlmədən sonra cəhənnəmə gedib qayıdırdılar. Yüzlərlə insan tamaşanı ayaq üstə izləyir, hər sözə reaksiya verir, şər imperiyasına, onun cinayətkar ordusuna lənət oxuyur, Azərbaycanın istiqlalını tələb edirdilər. Tamaşanı Bakı Dövlət İnversitetində nümayiş etdirdiyimiz gün isə tamamilə fərqli bir atmosfer vardı... Tamaşa salonundan kənarda əli silahlı əsgərlər, içəridə isə yalın əllə bizi müdafiə edən, qoruyan qardaş və bacılarımız... Bizi Bakı Dövlət Universitetinə Qorxmaz İbrahimli dəvət etmişdi. Təşkilatçılarla bağlı mənə və əziz həmkarlarıma bəlli olmayan məqamları şübhəsiz ki, o daha yaxşı bilir.

Tamaşaçı sayının nə qədər olduğunu unutmuşam. Çünki indi də təxminən 300 nəfərin sığışa biləcəyi bir salona bu qədər insanın necə sığışdığını təsəvvür edə bilmirəm... Tamaşada işıq effektləri ilə bağlı bizim “tapança” adlandırdığımız işığa ehtiyac vardı. Bakı Dövlət Universitetində olmadığı üçün özümüzlə gətirmişdik. İşığı quraşdırmağa imkan olmadı... Tələbə yoldaşımız, can dostumuz Vaqif Əhmədov işığı əlləriylə yönəldəcəyini dedi... Tamaşa başa çatdıqdan sonra Vaqifin hər iki əlinin yandığını gördük. Əlləri yansa da işığı buraxmamışdı... Vaqif sonralar Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid oldu. Dostlarını xilas etmək üçün əlindəki qumbaranı və işğalçı ordunun qaniçən əsgərlərini partlatdı...

29 il öncə mənimlə bir yerdə həyatlarını, gələcəklərini təhlükəyə atan əziz dostlarıma minnətdarlıq borcum var. Dostlar, fədakarlığınızı unutmamışam!

Var olun!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm