Tanınmışlarımız Azərbaycan-Bolqarıstan oyunu haqda nə düşünür? – SORĞU
Bizi izləyin

Tabloid.az

Tanınmışlarımız Azərbaycan-Bolqarıstan oyunu haqda nə düşünür? – SORĞU

Bu gün futbol üzrə Azərbaycan milli komandası “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxır.

Ölkənin əsas komandası Bakıda Bolqarıstan millisini qəbul edəcək.

Publika.az bir qrup tanınmış sənət adamının oyunla bağlı fikirlərini öyrənib.

Əməkdar artist Baloğlan Əşrəfov bildirib ki, Azərbaycan millisinin qalib gəlməyini istəsə də, nikbin proqnoz verməkdə çətinlik çəkir: “Biz azərbaycanlı kimi istərdim ki, mənim komandam qələbə qazansın. Dünya futbolunu izlədikcə bir az bədbinliyə qapılıram. Xəyalən uydurmaq istəyirəm ki, millimiz qələbə qazanır. Lap 1:0 udsun, amma udsun. Bolqarlar dünya futbolunda elə də nəzərə çarpacaq komanda deyillər. Berti Foqtsun hansı məqsəd güddüyünü, əsas heyətdə kimləru buraxacağını bilmirəm. Əgər Rusiya ilə oyundakı kimi oynayacaqlarsa, nəticədən danışmağa dəyməz. Amma eşitdiyimə görə, Reynaldo da növbəti oyunlarda millimizə kömək edəcək. Möcüzə görmək istəyirəm. Çox nikbin adamam. Dilimə gətirmək istəmirəm ki, uduzacağıq. Amma konkret proqnoz verə bilmirəm”.

Şair-aktyor Reşat Kəsəmənli isə oyunla bağlı konkret proqnoz da verib: “Azərbaycan Braziliya ilə oynasa da, uduzacağımızı düşünə bilmərəm. Bəlkə də, reallıqda uduzacağıq. Amma heç vaxt belə şeyi dilimə gətirə bilmirəm. Ümidim də yaxşı nəticəyədir. Bu gün vətənpərvərlik hissimi kənara qoyub real olaraq düşünürəm ki, Azərbaycan Bolqarıstanla bərabərliyə nail olacaq. Hesab da 1:1 olacaq. Amma qələbəmiz çox gözəl olardı”.

Xalq artisti Amaliya Pənahova isə milli komandamızın oyunlarını izləməsə də, illər öncə idmanın bu növünə maraq göstərib: “Eysebio, Qarinça Pele kimi futbolçular oynayada beynəlxalq turnirlərə böyük məmnuniyyətlə baxırdım, həzz alırdım. Amma getdikcə bu oyunlar marağını itirdi. Bizim komandalarımız da getdikcə zəiflədilər. Millimizin oyunlarına baxmamışam. Ona görə də konkret proqnoz verə bilmirəm. Lakin bilirəm ki, millimizə xaricdən dəvət olıunanlar var. Bəlkə, onların sayəsində nəticə qazanaq. Ümid edirəm ki, bütün sahələrdə olduğu kimi futbolumuz da dirçələcək”.

Müğənni Manaf Ağayev isə ümumiyyətlə futbolla maraqlanmır: “Mənim futbolla heç bir əlaqəm yoxdur. Amma bir azərbaycanlı kimi qələbə gözləyirəm. Uşaqlarım baxır, özüm maraqlanmıram”.

Əməkdar artist Mətanət İsgəndərli isə oyunla bağlı bunları deyib: “Yalan deyə bilmərəm, futbolu sevmirəm, baxmıram. İstərdim ki, bizimkilər qalib gəlsin. Bu bizim ölkəmizin, vətənimizin adıdır. Güləşi daha çox xoşlayıram”.

Müğənni Səidə Dadaşova isə bolqarlarla oyunda güclünün qalib gəlməyini istəyir: “İstəyirəm ki, daha yaxşı oynayan qalib gəlsin. Çünki güclü, qələbə qazanır. Amma çox istərdim ki, Azərbaycan qazansın. Proqnoz vermək istəmirəm, çünki udacaqlarını deyirəm, uduzurlar, sonra pis oluram”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm