Tabloid.az
Xalq artisti: “Əkrəm Əylislini yazıçı kimi o tanıtdı”
Azərbaycan milli teatrında məktəb qoyub getmiş üç nəhəng rejissorun adı hər zaman fəxarətlə çəkilir: Ədil İsgəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov. Onlardan biri - görkəmli rejissor Tofiq Kazımovdan danışacağıq. Bu gün onun ad günüdür.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması birbaşa Tofiq Kazımovun adı ilə bağlıdır. Onun ömür yolunu teatra həsr etməsi də təsadüfi deyildi. Bildiyimiz kimi, o, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur isə Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri, eləcə də teatr truppalarının rəhbərlərindən idi.
Adını milli teatr tarixinə novator rejissor kimi yazan Tofiq Kazımov haqqında Publika.az-a xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Zemfira Nərimanova danışacaq…
“Əfsuslar olsun ki, bu gün Tofiq Kazımov aramızda yoxdur. Amma buna baxmayaraq, hər dəfə səhnəyə çıxanda onu xatırlayıram. Onun teatrda bir lojası vardı və hər zaman o lojada oturub tamaşalara baxardı. Mən bu gün də elə hiss edirəm ki, oradan oturub mənə baxır. Tofiq müəllim cavanlara etibar edir, onlara etimad göstərirdi. İlk dəfə Tofiq müəllim məni tələbə vaxtı Lermontovun əsəri əsasında hazırlanan “İspanlar” tamaşasında görüb bəyənib və “Azdrama”ya dəvət edib. Təsəvvür edin, gənc tələbə qızı nəhəng rejissor birdən-birə böyük bir tamaşada - Əkrəm Əylislinin “Yastı təpə” tamaşasında baş rola dəvət etdi. O mənə Şeyda rolunu tapşırmaqla mənə etibar etdi. Korifey sənətkarlarla eyni səhnəni bölüşməyin sevincini mən onda yaşadım. Mənə həmişə ürək-dirək verirdi. Deyirdim ki, mən bu rolun öhdəsindən gələ bilməyəcəyəm. Deyirdi ki, nə danışırsan, səndən gözəl aktrisa olacaq...
Çox ürəyiyuxa insan idi, insanın xətrinə dəyməzdi. Özü də hədsiz intuisiyalı insan idi. Nə deyirdisə, hamısı çin olurdu. Özünə inamlı adam idi. Kimi seçirdisə, deməli, o aktyora inanırdı. Özü də inandığı gənc aktyorları tanıtmağa çalışırdı. Yadımdadır ki, tamaşaların ictimai baxışı o vaxtlar çox yüksək səviyyədə keçirilirdi. Hətta çox mötəbər insanlar gəlib orada iştirak edirdilər. Tofiq müəllim əlimdən tutub məcbur edirdi ki, onunla görüşən adamlar mənim də əlimi sıxsınlar. Hərçənd o vaxtlar onların heç birini tanımırdım. O, həddən artıq ürəyigeniş insan idi...
Tofiq müəllimin çox qəribə məşq üslubu vardı. Çox templi insan idi, onun ağzından çıxan sözləri aktyorlar göydə tuturdular. İndiki vaxtda hazırlanan tamaşalara baxırsan, adamın ürəyi sıxılır, o qədər vaxt sərf olunur ki… Amma Tofiq müəllimin məşq prosesi çox dinamik və cəld keçirdi. Özü də xasiyyətcə çılğın insan idi. Aktyorlar artıq onun tempini bilirdilər. Ümumiyyətlə, o, ağzını açanda bilirdik ki, nə demək istəyir. Özü də işinin bəhrəsini qabaqcadan görən insan idi. Qəribə bir tələskənlik vardı onda, hətta danışanda da, iş görəndə də tələsirdi. Sanki həyatdan qəfil köçəcəyini hiss edirdi...
Həm də koloritli insan idi, kənddə yaşamasa da, bu həyatın incəliklərini gözəl bilirdi. “Yastı təpə” tamaşası kənd həyatından bəhs edirdi. Mən tamaşada gənc bir qız kimi Fuad Poladovun canlandırdığı qəhrəmana vuruluram və bu hadisələr kənddə cərəyan edir. Yadımdadır ki, tamaşada rol alan aktyorlardan biri - Bürcəli Əsgərov da kəndli obrazlarından birini oynayırdı. Tofiq müəllim ona kənd həyatını elə başa salırdı ki, kənddən gələn Bürcəli müəllim özü də məəttəl qalırdı. Hərçənd, Tofiq müəllim heç vaxt kənddə yaşamamışdı...
O, əsl psixoloq idi, insan psixologiyasına dərindən bələd idi. Çox zarafatcıl idi, hər zaman teatrdakı otağı aktyorlarla dolu olardı. Mən öz qrim otağıma bu otağın yanından keçib getməli olurdum. Amma onun ölümündən sonra uzun müddət öz otağıma keçə bilmədim. Onun ölümü məni çox sarsıtmışdı. Tofiq müəllimin ölümündən əvvəl anamı itirdim, ardınca da onu. Onun avtomobil qəzasında öldüyünü eşidəndə dünya başıma uçdu...
Təbii ki, xarici görünüş, gözəllik, istedad onun üçün çox önəmli idi, amma Tofiq müəllim təbii oyuna üstünlük verirdi. Mən lap gözəl olsaydım da, o məni küçədə görüb, bəyənib teatra dəvət etməzdi. Tofiq müəllim məni kurs işim olan tamaşada gördü və mənim istedadıma əmin oldu. Bildi ki, nəsə alınacaq...
Mən bir aktrisa kimi ali təhsil ocağında heç nə öyrənmədim, nə öyrəndimsə, Tofiq müəllimdən öyrəndim.
Onun bir xasiyyəti də vardı, ləyaqətli insanları sevirdi. Özü də qəribə şəxsiyyət idi. Dəfələrlə ondan hansısa aktrisaya rol verməsini xahiş edirdilər, amma o razılıq vermirdi. Tapşırıqla tamaşasına aktrisa dəvət etməzdi. Buna imkan verməzdi. Elə mənim də oynadığım baş rola başqa aktrisanı məsləhət görənlər də olmuşdu, amma Tofiq müəllim qəti etiraz etdi. Hətta o, məni teatra gətirəndə tamaşaya başqa aktrisanı seçmişdilər. Tofiq Kazımov qəbul etmədi və rolu ondan alıb mənə verdi. Bunu mənə sonradan dedilər, o vaxt bu məsələdən xəbərim yox idi.
Tofiq Kazımov seçimini dəqiq bilirdi və onun hər bir tamaşası hadisəyə çevrilirdi...
Tofiq müəllim hətta yazıçıların ona təqdim etdiyi əsərləri də özü istədiyi şəklə salır və sonra səhnələşdirirdi. Yazıçılar heç bundan incimirdilər də, çünki bilirdilər ki, Tofiq Kazımov o əsərlərə can verəcək. O vaxtlar hər bir yazıçının arzusuydu ki, Tofiq müəllim onun əsərinə quruluş versin. Onu da deyim ki, Tofiq Kazımovun bir çox yazıçıların tanınmasında müstəsna xidməti olub. Əkrəm Əylislini Tofiq Kazımov tanıdıb. İlyas Əfəndiyevi məhz o pyes yazmağa həvəsləndirirdi. Çünki İlyas müəllim əvvəllər teatr üçün pyeslər yazmırdı. İlyas Əfəndiyevlə Tofiq Kazımovun gözəl bir tandemi vardı.
Tofiq Kazımov eyni zamanda, bir çox aktyor nəslini üzə çıxardı,
tanıtdı: Hamlet Qurbanov, Hamlet Xanızadə, Amaliya Pənahova,
Səməndər Rzayev, Həsən Turabov, İlham Namiq Kamal, Şəfiqə
Məmmədova… Sonuncu dəfə o məni və Bəsti Cəfərovanı teatra gətirib.
O, həmişə haqqımda deyərdi ki, bu qız mənim tapıntımdır...
Tofiq müəllim aktyorlara fərq qoymurdu. Hamısını öz balası kimi sevirdi.
Çox gözəl ailə başçısı idi. Həyat yoldaşını, uşaqlarını hədsiz sevirdi. Mən onun xanımını premyeralarda görürdüm. Çox alicənab insan idi və həyat yoldaşına hər zaman diqqət göstərirdi. Tofiq müəllim teatra hamıdan tez gəlib hamıdan gec çıxırdı. Özü də evi teatrla üzbəüz binada yerləşirdi. Xanımı oradan görürdü ki, teatrın işıqları sönüb, deməli, Tofiq müəllim evə gəlir. Həyat yoldaşı özü bunları bizə danışırdı. Teatr onun evi idi. Hətta nahar fasiləsini də işdə keçirirdi...
Onu siqaretsiz təsəvvür edə bilməzdik, bütün günü siqaret çəkirdi. Hərdən onun barəsində düşünəndə deyirəm ki, kaş səsini yazıya köçürüb, saxlayaydım. O, mənim üçün çox əziz insan idi...
Tofiq müəllimdən bir dəfə də olsun inciyən insan görmədik. Çox gözəl, mehriban gözləri vardı. Həmişə üzündə bir təbəssüm dolaşırdı, dodağının altında qımışmağı vardı. Ünsiyyətcil və sevimli insan idi. Hər zaman aktyorlarla bərabər olurdu, onlardan ayrılmırdı. Çox səliqəli geyinirdi, sanki bir rəssam görünüşü vardı. Üstündə bir dənə də olsun, artıq nəsə tapmaq olmazdı. Onun pencəyinin rəngi indi də gözümün önündə qalır. Hər zaman məşqlərdə ayağını ayağının üstünə aşırıb, oturmağı vardı. Özü də həmişə bir əli ayağının üstündə olardı və diqqətlə aktyorlara baxardı. Çox zarafatcıl insan idi. Heç vaxt məşqlərə əsəbi gəlməzdi. Hirslənəndə də bu, ani olurdu və tez keçib keçirdi. Hamı onu sevirdi deyə, məşqlərinə də vaxtlı-vaxtında gələrdilər. Aktyorlar onun məşqləri zamanı zövq alırdılar”.
Gəlin onun zəngin və maraqlı ömür yoluna nəzər salaq…
Tofiq Kazımov 1923-cü il yanvarın 14-də Bakıda doğulub və yeddiillik təhsilini başa çatdırdıqdan sonra teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edən T.Kazımov döyüşlərdə yaralanaraq, 1943-cü ildə vətənə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışıb.
Tofiq Kazımov 1951-1952-ci illərdə Moskvada ali rejissorluq təhsili alıb.
O, Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin “Ölülər”, Cəfər Cabbarlının “Aydın”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Əbdürrəhim bəy Haqverdiyevin “Pəri cadu” əsərlərini və s. səhnələşdirib.
1958-ci ildə kinostudiyaya işə qəbul olunaraq, “Azərbaycanfilm”də çəkilən “Səhər” kinolentində rejissor kimi çalışıb. Elə həmin il Rus Dram Teatrında Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq, yenidən Akademik teatra quruluşçu rejissor götürülüb.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib.
Rejissor 1965-ci ildə “Antoni və Kleopatra” və 1979-cu ildə “Şəhərin yay günləri” tamaşalarına görə Dövlət mükafatları ilə təltifl olunub.
Tofiq Kazımov 1980-ci il avqustun 2-də avtomobil qəzasında həlak olana qədər baş rejissor işləyib.
Cəvahir Səlimqızı
-
Sosial01:41
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı