Xalq artisti Fransanın məşhur layihəsinə dəvət aldı
Bizi izləyin

Tabloid.az

Xalq artisti Fransanın məşhur layihəsinə dəvət aldı

Bu ilin yanvarında Fransanın tanınmış “Utopik” ansamblı məşhur “Dünya xalqlarının mahnıları” silsiləsindən yeni bir layihəni həyata keçirib. Bu dəfə “Utopik” öz layihəsinə iki fransız, bir meksikalı bəstəkarla yanaşı, Firəngiz Əlizadəni də dəvət edib.

Bu barədə Publika.az-a F.Əlizadə özü məlumat verib.

F.Əlizadə “Bu dağda maral gəzər” xalq mahnısını sözügedən layihə üçün yeni aspektdə təqdim edib. Kompozisiya soprano və 10 nəfərlik ansambl üçün yazılıb.

Layihənin solisti lüksemburqlu müğənni Laura Delkampe “Utopik”in dörd yeni mahnısı ilə yanaşı, L. Berionun silsiləsindən 3 mahnını da ifa edib.

Ansamblın konsertləri Fransanın Marsel, Lion və Nant konservatoriyalarında baş tutub.

Konsertlərdən öncə bəstəkarların tələbələrlə görüşləri, həmçinin onlar üçün ustad dərsləri təşkil edilib.

“Utopik” ansamblının yekun konserti isə Nant şəhərinin dəbdəbəli daxili görünüşü fərqlənən və gözəl freskaları ilə məşhur olan əzəmətli “Graslin” Opera Teatrında keçirilib. Vaxtilə bu bina fransızların işğalı zamanı böyük zərər çəkib, lakin sonradan imperator Napoleonun göstərişi ilə yenidən bərpa edilib.

Qeyd edək ki, sözügedən konsert salonunda “Dünya xalqlarının mahnıları” layihəsindən başqa, Firəngiz Əlizadənin “Yapon poeziyasından” vokal-silsilə, həmçinin “Habilsayağı” və “Oyan!” əsəri ansambl solistlərinin ifasında səsləndirilib.

Beləliklə, “Dünya xalqlarının mahnıları” layihəsi vasitəsilə Azərbaycan musiqisi Fransanın üç böyük şəhərində musiqisevərlərin ürəyinə yol tapıb.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm