Vətənpərvərlik filmlərində din mövzusuna gərək varmı? RƏYLƏR
Bizi izləyin

Tabloid.az

Vətənpərvərlik filmlərində din mövzusuna gərək varmı? RƏYLƏR

Azərbaycanda son illər çəkilən filmlərin ümumi mənzərəsinə nəzər salanda bir məqam diqqətdən yayınmır. On-on beş il əvvəllə müqayisədə son beş ildə vətənpərvərlik istiqamətində çəkilən filmlərin sayında artım hiss olunur. Təbii ki, məsələnin keyfiyyət tərəfi başqa söhbətin mövzusudur. İstənilən halda, ideyanın özü təqdirəlayiqdir. Şəxsi qənaətimə görə, ssenaristindən və rejissorundan başqa heç kimin heç nə anlamadığı keyfiyyətsiz seriallardansa, bu istiqamətdə hətta ortabab filmlərin ərsəyə gəlməsi daha təqdirəlayiqdir.

Ancaq bu filmlərlə bağlı xüsusi bir məqamın üzərində dayanmaq yerinə düşər. Məsələn, son illərin məhsulu olan “Yaddaş”, “Qanlı Yanvar” filmlərində, Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş sənədli filmdə, eləcə də adını çəkmədiyim digər ekran işlərində din mövzusu qırmızı xətt kimi keçir.

Düzdür, Azərbaycan islam respublikası olmasa da, müsəlman ölkəsidir, əhalinin 90 faizdən çoxunun dini mənsubiyyəti islama bağlıdır. Ancaq nəzərə almaq lazımdır ki, din çox həssas məqamdır və təqdimat doğru olmayacağı təqdirdə bu, daha böyük fəsadlara səbəb ola bilər.

Adi bir misal çəkək. “Qanlı Yanvar” filmində də (qeyd edim ki, bir neçə gün öncə bu barədə yazı yazaraq, ideyanın və ümumilikdə ortadakı işin təqdirəlayiq olduğunu bildirmişəm) din mövzusu, məncə, lazım olandan bir qədər artıq yer alıb. Onu da nəzərə almaq lazımdır ki, sovet dövründə, həmçinin də 80-ci illərin sonu – 90-cı illərin əvvəlində din Azərbaycanda bu qədər geniş yayılmamışdı.

Publika.az olaraq bu mövzunu bir neçə mütəxəssislə müzakirə etdik.

Tanınmış kinoşünas Ayaz Salayevin fikrincə, məsələyə iki aspektdən yanaşmaq olar:

“Birincisi, bu gün din mövzusu, din faktoru - son hadisələrlə də bağlasaq - dünyada böyük rol oynayır. Amma fikrimcə, Azərbaycanla bağlı baş verən hadisələrdə din amili yox idi. Elə indinin özündə də bizim başımıza gətirilənləri, xüsusən Qarabağ məsələsini müsəlman-xristian münaqişəsi kimi təqdim etməyə çalışırlar. Amma bu məsələnin arxasındakı reallıq torpaq münaqişəsidir. Bu, qardaşlar, bacılar arasında da olur. Təəssüf ki, dünya buna don geyindirməyə, fərqli formada təqdim etməyə çalışır.

Amma Azərbaycanla bağlı bu kimi məsələlərdə heç vaxt din amili qabardıla bilməz. Çünki bu gün də Bakıda nə qədər erməni yaşayır. Ancaq dünyadakı digər münaqişələrdə dini faktorun rolu var”.

Bəs belə filmlərdə din faktorunun qabardılması doğrudurmu? Ayaz Salayev hesab edir ki, burada filmin müəlliflərinin, xüsusən rejissorun baxışı çox önəmlidir:

“Əgər həmin məqam müəllifi narahat edirsə, filmə salına bilər. Ancaq unutmayaq ki, ateistlərlə dindarlar arasındakı münaqişə getdikcə dərinləşir və filmlərdə din mövzusundan yan keçmək mümkün deyil. Amma bu münaqişəni vətənpərvərliklə bağlamaq doğru olmazdı. Yəni, qısaca desək, belə məsələlər müəllifdən daha çox asılıdır”.

Kinorejissor Adil Azay isə məsələyə qısa münasibət bildirib:

“Biz dinimizə də hörmətlə yanaşmalıyıq. Filmlərdə din mövzusu sovet vaxtında da var idi. Köhnə filmlərə nəzər salanda bunu görmək olur. Burada əsas məsələ odur ki, xurafat olmasın, hər şey insanlara düzgün çatdırılsın”.

Kinoşünas Aydın Kazımzadə isə filmlərdə dini məqamların olmasını müsbət dəyərləndirir. Sovet dönəmindən danışan kinoşünas deyir ki, bir zamanlar bizdə vəziyyət o həddə çatmışdı ki, insanlar öz dinlərindən - yəni İslamdan imtina etmək istəyirdilər:
“İnsanlar hökumətə inanmırdılar. Ona görə hamı üzünü Allaha çevirdi. Məscidlərdə ayaq qoymağa yer yox idi. Lap bu fikri qoyaq qırağa. Sovet ideologiyası bizi elə bir günə qoymuşdu ki, dinimizdən imtina etməyə hazırlaşırdıq. Hərçənd ki, Allahı qəlbimizdə yaşadırdıq. Novruz bayramının, Qurban bayramının keçirilməsinə icazə verilmirdi. Müstəqillikdən sonra isə belə məsələlərə daha çox diqqət ayrılmağa başlandı və bu, bir qayıdış idi. Məsələn, bu dəqiqə bəzi cavanlar namaz qılırlar, bir çoxları da narkomaniyaya qurşanıb, oğurluqla məşğuldur. Təbii ki, onların dinə meyillənməsi daha yaxşıdır. Ona görə filmlərimizdə din məsələsinin qoyuluşunu alqışlayıram”.

Aydın Kazımzadə də hesab edir ki, filmlərdə din mövzusunun düzgün təqdimatı çox vacibdir:

“Bir var din, bir də var xurafat. Bunlar tamam fərqli şeylərdir. Amma cəmiyyətin gözəlliyi elə onun rəngarəngliyindədir”.

Kinorejissor Əlisa Cabbarlı isə məsələyə bir qədər də fərqli yanaşır:


“Ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərin əvvəlləri Azərbaycan tarixində dinin intibahı dövrü hesab edilir. Qorbaçov da həmin vaxt sovet ordusunu Azərbaycana yeridəndə deyib ki, orada islam fundamentalizmi təhlükəsi var. Guya səbəb bu idi. Biz islam dövləti olan İranla, ən qədim xristian xalqı olduğunu iddia edən Ermənistanla qonşuyuq. Yəni biz dini faktora necə laqeyd qala bilərik? Tarixi həqiqətdir bu. Sadəcə, bunu kimsə filmdə çox, kimsə az qabarda bilər. Bir şərtlə ki, tarixi faktlar təhrif olunmasın”.

Rejissor deyir ki, eyni tarixi hadisəyə ayrı-ayrı rejissorlar müxtəlif cür yozum verə bilər:
“Tarix elə şeydir ki, onun ideal əksi mümkün deyil. Mütləq orada rejissorun, ssenaristin öz traktovkası olur. Eyni tarixi hadisəni müxtəlif adamlar müxtəlif cür şərh edə bilərlər. Məsələn, Qarabağ müharibəsi bəziləri üçün xristian-müsəlman, bəziləri üçün Azərbaycan-Ermənistan, bir qisim üçünsə Amerika-Rusiya müharibəsidir. Əsas odur ki, faktlar olduğu kimi göstərilsin”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm