Tabloid.az
Bakıda portağal yağı axtaran dünya şöhrətli rejissorun sərgüzəştləri - FOTOLAR
Dünya şöhrətli kinorejissor Mikelancelo Antonioninin film çəkilişləri üçün 1972-ci ildə 10 günlük Azərbaycana gəlməsini, yəqin ki, çox az adam bilir. Öz işinin peşəkarı və əməkdar kino işçisi Rimma Abdullayevanın xatirələri bu barədə müfəssəl məlumat almağa imkan verir. Antonionini bu 10 gün ərzində müşayiət edən də Rimma xanım olub. O, rejissoru Azərbaycanın mənzərəsi ilə yaxından tanış edib.
Publika.az məşhur italyan rejissoru Mikelancelo Antonioninin Azərbaycana 10 günlük səyahətiylə bağlı maraqlı detalları oxuculara təqdim edir.
Rimma xanım uzun illər “Azərbaycanfilm” kinostudiyasında Rasim Ocaqov, Gülbəniz Əzimzadə, Eldar Quliyev kimi tanınmış rejissorlarla çalışıb. Rimma xanımın Azərbaycan kino tarixində yeganə qadın film direktoru olduğunu söyləmək kifayətdir. Kino dünyasının çətinliklərindən danışan Rimma xanım italyan rejissoru ilə işləyən zamanlarda belə, problemlərlə üzləşib. Xeyr, problemlər italyan rejissoru ilə bağlı olmayıb. Rimma xanım şəxsi qayğıları ilə yüklənmişdi: onun anası xəstə yatırdı, oğlu ilə bağlı çətinliklər yaranmışdı...
Antonionini Azərbaycana əsl şərqsayağı nağıl-film çəkmək ideyası gətirdi. Süjet isə belə idi: bir dəstə oğlan uşağı dəniz sahilində çərpələng buraxır. Havada bir qədər uçduqdan sonra o, yerə enməyə başlayır. Lakin qıyıqgöz oğlanın (yapon, çin, özbək və ya qazax olması fərq etmir) çərpələngi daha da yüksəkliyə uçur. Oğlanlar qıyıqgözün çərpələnginin havada daha çox qalması üçün əllərindən gələni edirlər. Evdən sap gətirirlər, geyimlərini çıxarıb çərpələngin ipinə bağlayırlar. Tədricən bu tamaşaya baxmaq və kömək etmək üçün əvvəlcə şəhər, sonra ölkə əhalisi, sonda isə bütün yer kürəsi yığışır. Çərpələng isə daha da yüksəkliklərə qalxır. Nəticədə, Yer kürəsinin bütün əhalisi çılpaq və ayaqyalın qalır. Günlərin birində kosmosda baş verən fəlakət zamanı çərpələng var gücü ilə aşağı düşməyə başlayır. Cır-cındır təbəqəsi Yer kürəsinin üzərini bağlayır və insanlar nəfəs ala bilmədiyi üçün həlak olurlar...
Antonioni kosmosda aparılan bütün tədqiqatların əleyhinə olub. O, kosmosla “oyun oynamağın” pis fəsadlar verəcəyini dəfələrlə deyib. Rejissor kosmosun törədə biləcəyi hər cür “fitnə-fəsadından” qorxduğu üçün öz villasında güclü teleskop quraşdırmaq qərarına da gəlib.
Azərbaycana gələnə qədər
Şərq dünyası hər zaman nağıllar aləmi hesab olunub. Buna görə də Antionini öz filmini Orta Asiyada, ya da Cənubi Qafqazda çəkmək qərarına gəlib. Rejissor “Sovinfilm” kinostudiyası ilə danışdıqdan sonra əvvəlcə Moskvaya gəlib. Oradan isə Antonionini Özbəkistana yola saldılar.
Rejissoru yaradıcılıq qrupu müşayiət edirdi. Film çəkilişlərinə uyğun yer tapmaq üçün Antonioni Özbəkistanın Buxara, Xivə və daha bir neçə şəhərlərində oldu. Ona dənizə açılan balaca bir şəhər lazım idi. Ona görə də, Antonioni Buxara şəhərinə çatarkən maşından çıxmazdan öncə pəncərədən mənzərəyə nəzər saldı. Sonra isə sürücüyə baxaraq dedi: “Sür gedək!”...
Növbəti ölkə Ermənistan idi. Antonioni eləcə İrəvan şəhərinə baxmaqla kifayətləndi. Lakin italyan rejissorunu bura da cəlb etmədi. Gecə onun üçün mehmanxanada yer ayırdılar. Xasiyyətcə vasvası olan Antonioni mehmanxana nömrəsinə daxil olarkən etdiyi ilk iş döşəkağılara baxmaq oldu. Ləkə!..
Otaqdan güllə kimi çıxan rejissor getmək üçün təyyarə tələb etdi: “Mən bu şəhərdə bir dəqiqə belə qalmaram!” Lakin ona lazım olan istiqamətə təyyarə reysi yox idi. SSRİ vaxtı şəxsi təyyarədən isə söhbət gedə bilməzdi. Çarəsiz qalan Mikelancelo səhərədək İrəvan mehmanxanasının foyesində əyləşib, səhər reysi ilə Azərbaycana uçdu.
Mənzərə tapıldı!
“Sovinfilm” kinostudiyasının tərcüməçisi hər ehtimala qarşı Bakıya zəng etdi. “Siz Allah, mehmanxana otağında çarpayıları mütləq yoxlayın!” - tərcüməçi Rimma xanım Abdullayevaya tapşırdılar. İtalyan rejissoru Azərbaycanda müşayiət etmək “Azərbaycanfilm” kinostudiyasına həvalə olunmuşdu. Rimma xanım dahi italyan rejissorunun gecələməsi üçün nəzərdə tutulan “İnturist” mehmanxanasının otağına nəzər saldı. Onun bu hərəkətindən hətta mehmanxana işçiləri də incidi: “Siz nə edirsiniz? Bu, sizin ağlınıza necə gələ bilərdi?! Burada o qədər məşhur insanlar qalıb ki!”
Rejissorun axtarışında olduğu mənzərəni Rimma xanıma hava limanında izah etdilər. “Dənizə meyilli şəhərcik”. Rejissor axtardığını Artyom adasında tapdı. Burada bir neçə balaca et tikirsən, vəssalam - rejissora lazım olan mənzərə hazırdır.
Arzuolunan mənzərəni tapdıqdan sonra da Antonioni sakitləşmədi. Rimma xanım deyir: “Biz Qaradağda və Qobu kəndində olduq. Sonda isə Antonioni müsəlman qəbiristanlığına baş çəkdi. Ona maraqlı gələn o idi ki, hər bir qəbir daşının üzərində şəxsin peşəsini göstərən işarələr vardı. Məsələn, pinəçi qəbrində ayaqqabı, dərzi qəbrində tikiş maşını rəmzi və sair. Rejissoru müşayiət edən yaradıcılıq qrupuna daxil olan və bütün dünyanı gəzən fon Aleksander dedi ki, dünyada bu tipli qəbirlər iki yerdədir: onlardan biri Yuqoslaviyanın müsəlman hissəsində, ikincisi isə bizdədir. Antonioni və fon Aleksander bütün günü qəbiristanlıqda olub gördüklərini kameraya çəkdilər. Onlar ziyarətgahlardan birində və Umbakıda da çəkiliş etdilər...”
Antonioni “başqa dünya”nın insanlarının adət və ənənələrinə böyük maraq göstərirdi. Sovet Azərbaycanı dahi italyan rejissorunun diqqətini cəlb etmişdi. O, daha çox yerdə zibil qalıqlarını və divarda “İş insanın cövhəridir” şüarını görüb təzaddan şoka düşmüş, Azərbaycanın “mirvarisi” İçəri Şəhərdə tör-töküntüləri görəndə isə deyinmişdi: “O, ayaqlarını yerə döyəcləyərək “Muzeum! Muzeum!” (muzey – red.) deyə çığırırdı”.
Yeni doğulana avtoqraf
Antonioni Azərbaycanın xalçaçılıq fabrikinə baş çəkmək istəyirdi. Rimma xanım o vaxtın keçmiş mədəniyyət naziri Məmməd Qurbanova zəng etdi. Qurbanov dedi: “İnan mənə, heç özüm də bilmirəm, lakin Qobuda hansısa bir fabrik olmalıdır. Onu oraya apar”.
Həqiqətən də, Qobuda palaz hazırlayan tikiş fabriki vardı. Rimma xanım heç bir xəbərdarlıq olmadan Antonioni ilə fabrikə gəldi. Onlar fabrikə daxil olarkən içəridə, demək olar ki, adam yox idi. “İlahi, biz hara gəlib çıxmışıq?!”-Rimma xanım ürəyində fikirləşdi. Lakin xəbərsiz gəliş və ab-hava Antonioninin xoşuna gəldi. Çünki Özbəkistanda oranın mədəniyyət nazirinin “hörmət əlaməti olaraq” hər yerdə qonağı müşayiət etməsi onun canını boğazına yığmışdı. Axırda Antonioni özünü saxlaya bilməmişdi: “Mən başa düşmədim, siz ki nazirsiniz, məgər sizin işiniz-gücünüz yoxdur?! Nəyə görə məni müşayiət edirsiniz? Lazım deyil! Mən öz işimi görürəm, siz də oturun öz işinizi görün!”
Fabrikdə tikiş maşınlarından dəhşətli səs çıxırdı. Sən demə, eyni zamanda 40 dəzgah fəaliyyət göstərirdi. Narahatlıq içərisində olan Rimma xanım baş mühəndisi tapdı: “Qulaq asın, orada Antonioni dayanıb. Biz emalatxanaya baxmaq istəyirik...”.
Qadının sözlərindən karıxan mühəndis dedi: “Necə? Həmin Antonioni?!” Mühəndis Rimma xanım və qonaqdan 15 dəqiqə vaxt istəyib yoxa çıxdı. O, tezliklə işçi geyimini qara kostyum və ağ köynəyə dəyişərək qonaqların qarşısında peyda oldu. Mühəndis rejissora yaxınlaşaraq tərcüməçi vasitəsilə danışmağa başladı. O, hələ dünən balaca oğlunun doğum şəhadətnaməsini aldığını və körpəsi üçün dahi rejissordan avtoqraf istədiyini dedi. Mütəəssir olan Antonioni (onu Azərbaycan kəndlərində belə xatırlayırlar) doluxsundu. Rejissor nəinki avtoqraf verdi, hətta mühəndisi qucaqlayaraq öpdü. Belə davranış təbiətcə soyuqqanlı və təkəbbürlü adam olan italyan rejissoru üçün səciyyəvi deyildi...
Atəşpərəstlər məbədi
Qonaqların hafizəsində atəşpərəstlərin məbədi unudulmaz iz qoydu. Bundan əlavə, orada daha bir maraqlı hadisə baş verdi. Tərslikdən, Antonioni və onun kampaniyası atəşpərəstlik məbədinin bağlı olduğu gün gəldi. Sıx iş qrafiki rejissora buraya yenidən qayıtmağa imkan vermirdi. Rimma xanım məbədin ətrafını fırlandı və qapını döyməyə başladı. Məbədin qapısını kirza çəkmə, qısa kürk və qulaqlı papaq geyinmiş malakan nəzarətçi açdı. Kişi qonaqları içəriyə buraxmaqla bələdçiliyi də öz üzərinə götürdü. Malakan dedi: “Məbədi bələdçilərdən pis tanımıram. Özüm Antonionini müşayiət edəcəyəm!” Nəzarətçi məzəli “bələdçi” roluna uyğun gəlirdi. Lakin onun səlis mühazirə və izahatı rejissorun o qədər xoşuna gəldi ki, Antoninoni yerindəcə donub qalmışdı. Dahi rejissor başa düşə bilmirdi, axı belə geyimli adam necə ekskursiyanı apara bilərdi?!
Kaprizlər
Antonioni vasvasılığı ilə fərqlənirdi. Bakıda olarkən onun dodaqları quruduğu üçün dodaq kremi tapılana qədər harasa getməkdən qətiyyən imtina etmişdi. “Həmin an fikirləşdim ki, ilahi, bizim necə də yaxşı rejissorlarımız var! Xoşbəxtlikdən, onlara dodaq kremi lazım deyil və istənilən havada belə, film üçün seçilmiş mənzərəyə baxmağa gedirlər!” Rimma xanım xatırlayır.
Həmin vaxt isə Rimma xanım aptekdə dodaq kremi axtarmalı olmuşdu. İnada düşən rejissor isə mehmanxanada gözləmək əvəzinə, onunla getdi. Rimma xanım satıcıya dedi: “Mən sizdən bir şey istəyəcəm. Əgər yoxdursa, başınızı yelləməyin, sadəcə, cavab verin”.
Nə lazım olduğunu öyrənən satıcı dodaq kreminin olmadığını dedi. Əvəzində isə, satıcı direktoruna müraciət etdi. Direktor isə bütün kremlərdən daha yaxşı vasitə olan portağal yağını məsləhət gördü. Rimma xanımın həyəcanı əbəs idi. Antonioninin işlətdiyi elə portağal yağı idi. Sadəcə, Bakıya gəlməzdən öncə onu İtaliyada unutmuşdu.
Vegetarian üçün qutab
Yemək məsələsində Antonioni çox kaprizli idi. Birincisi, bu, onun vegetarianlığı ilə bağlıydı. İkincisi, rejissor şəkərli diabetə meyilli olduğu üçün həkimin məsləhəti ilə yalnız qaynadılmış kartof, düyü, makaron və sirkəli vermişel yeyə bilərdi. Bu səbəbdən, Antonioninin Azərbaycan mətbəxi ilə bağlı xeyli problemləri yarandı: axı milli mətbəx yağlı və kalorili idi. Hamı restoranda nahar və şam yeməyinə dadlı yeməklər yediyi halda, rejissor üçün ayrıca qaynadılmış kartof və makaron bişirilirdi.
Antonioninin yeganə həzzi “Sadılı” Azərbaycan şərabı idi. Antonioni deyirdi ki, yerli şərab heç də İtaliyanın keyfiyyətli şərab çeşidlərindən geri qalmır. Lakin 10 günlük gəzintinin sonunda Antonioni özünü ələ ala bilmədi. Hadisə Nardaranda baş verdi. İş gəzintisi “düşbərə-qutab” naharı ilə bitirdi. Məlum məsələ idi ki, hamıya düşbərə və qutab, Antonioniyə isə kartof və ya makaron sifariş verildi. Bu vaxt Antonioni onu müşayiət edən qrupa daxil olan Tonino Querranın, fon Aleksander və digərlərinin iştahla düşbərə yeməsini görüb özünü ələ ala bilmədi. O, əvvəlcə düşbərənin nə olduğunu qrup üzvlərindən soruşdu. Sonra isə Antonioni “sərt pəhriz” rejimini pozaraq, yoldaşından “düşbərəciyi” ona verməsini xahiş etdi. Əllərini yalayan vegetarian Antoninoni ofisiantı çağıraraq özünə ayrıca düşbərə və qutab sifariş verdi.
Qismət deyilmiş!
Antonioni Azərbaycanda film çəkməyi çox arzulayırdı. O, bizim vətənimizdə Amerikan çöllüyündən tutmuş yapon peyzajına kimi istənilən mənzərənin olduğunu əminliklə deyirdi. Moskvaya qayıdan rejissor Azərbaycanda film çəkmək istəyini “Sovinfilm” kinostudiyasına dedi. Onun istəyi ilə razılaşdılar. Lakin bir şərtlə: filmin neqativi və surəti “Mosfilm”də hazırlanacaq. Antonioni bu şərtlə razı deyildi. O, filmin surətini İtaliyada hazırlamaqla daha da keyfiyyətli etmək istəyirdi. Çünki rejissor filmi xarici kinolentə çəkmək istəyirdi. Sovet və italyan kinolentləri arasında fərq böyük idi. Bundan əlavə, Antonioni hələ bir dəfə sovet Çini haqqında çəkilmiş sənədli filmdən pis dərs almışdı. Çünki filmin neqativini ona sonradan qaytarmamışdılar. Hələ bu azmış kimi, film müəllifinin razılığı olmadan kinoya kommunist ənənələri də (filmin səsləndirilməsi zamanı) daxil edilmişdi. O zaman rejissor Haaqa məhkəməsinə Çindən şikayət edərək, adının filmdən silinməsini tələb etdi. Aydın məsələdir ki, Antonioni bir daha belə faktla qarşılaşmaq istəmirdi.
Rejissor Moskvanı film çəkilişləri haqda danışıqlar aparmadan tərk etdi. Azərbaycandan isə ona Rimma xanım tərəfindən hədiyyə edilmiş “Azərbaycan xalıları” kitabı, ölkəmizin müxtəlif bucaqlarında çəkilmiş sənədli film və xoş xatirələr qaldı...
Tərcümə: Camalə
Yazının Aynur Mustafayevanın “Mikele Antonioninin Bakı ongünlüyü” məqaləsi əsasında hazırlanıb
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı