Hitlerin bəslədiyi, almanların “zorladığı” dünya şöhrətli aktrisa – FOTOLAR/VİDEO
Bizi izləyin

Anar təqdim edir

Hitlerin bəslədiyi, almanların “zorladığı” dünya şöhrətli aktrisa – FOTOLAR/VİDEO

1975-ci ildə rejissor Rober Enrikonun lentə aldığı "Köhnə tüfəng" filmi qısa zamanda dünyanın bir sıra ölkələrində böyük şöhrət qazandı. Az sonra gözəl ekran əsəri kimi ən yaxşı aktyor və ən yaxşı musiqi nominasiyaları üzrə “Sezar” mükafatı almış, habelə ən yaxşı rejissor, ikinci plan aktyor, ssenari, operator, montaj və səs nominasiyalarına namizəd olmuş “Köhnə tüfəng” faşistlərin 1944-cü ildə Fransada törətdikləri vəhşilikləri əks etdirirdi.

SSRİ dövründə ittifaq telekanallarında dəfələrlə nümayiş olunmuş filmdə hər birimizin diqqətini almanların xüsusən mülki sakinlərə qarşı qəddarlıqlarını, o cümlədən yerli xəstəxanada cərrah işləyən Julyen Dandyönün həyat yoldaşını zorlamasına, yandırmasına cəlb etdi. Faşistlərin saysız-hesabsız vəhşiliklərindən biri olan bu qəddarlığı dünya şöhrətli aktrisa Romi Şnayder filmdə xüsusi məharətlə canlandırdı. Filmi izləyən demək olar hər kəs faşistlərin qəsrdə törətdikləri ağlasığmaz qətliamları bir daha lənətlədi.

Film təkcə faşistlərin qəddarlığını əks etdirmədi, eyni zamanda o zamanlarda populyar olan Romi Şnayderə bir daha məşhurluq gətirdi. Hitlerçilər tərəfindən zorlanan qadın obrazını canlandıran aktrisa bununla faşizmin mahiyyətini bir daha ortaya qoydu. Lakin illər sonra məlum oldu ki, aktrisa Romi Şnayderin özü də bir zamanlar faşistlərin qayğısı ilə əhatələnib.

Publika.az bununla bağlı maraqlı faktları təqdim edir.

İlk öncə istərdik aktrisanın həyatı ilə bağlı bəzi məqamları diqqətinizə çatdıraq. Əsl adı Rozmari Maqdalena Albax olan Romi Şnayder 1938-ci ilin 23 sentyabrında anadan olub. O, kinoya ilk dəfə cəmi 15 yaşında debüt edib. 1953-cü ildə anası Maqda Şnayderlə birlikdə “Ağ yasəmən çiçəklənəndə” filminə çəkilib. Bundan iki il sonra isə “İmperator üçün marş” filmində daha bir uğurlu rol oynayıb. Gənc qızın istedadı tədricən fransız, alman, avstriyalı, hətta amerikalı kinorejissorların diqqətini cəlb edir.

1958-ci ildə daha mürəkkəb rollar üçün Parisə yola düşən Şnayder tədricən karyera pilləkəninin yüksək pillələrinə ucalır. Hətta bir qədər sonra ABŞ-da “Qızıl qlobus" mükafatı nominasiyasına layiq görülən "Kardinal" filminə də çəkilib 1969-cu ildə isə həmin dövrdə tədricən dünya şöhrətli aktyora çevrilən, sevgilisi Alen Delonla “Hovuz” filmində yeni obraz canlandırır.

Ötən əsrin 70-ci illəri, Romi Şnayderin aktyor karyerasının ən yüksək zirvəsində idi. O adlı-sanlı kinorejissorlar – Klot Sotun, Anjey Julavskinin, Lukino Viskontinin filmlərində rollar oynadı və fransız kinosunun ən uğurlu aktrisalarından birinə çevrildi. O, “Əsas sevməkdir” (1975-ci il) "Sadə tarix" (1978-ci il) filmlərindəki ən yaxşı qadın rollarına görə "Sezar" mükafatına layiq görüldü.

Avstriya, Almaniya və Fransa kinosunun parlaq ulduzu kimi tarixə düşmüş Romi Şnayderin həyatındakı ən uğurlu rollardan biri də onun “Köhnə tüfəng” filmində canlandırdığı obrazdır. Aktrisa məharətli rolu ilə bütün dünyada faşistlərə qarşı nifrətin bir daha alovlanmasına öz töhfəsini verdi. Bir neçə il bundan öncə çəkilmiş “Apokalipsis: - İkinci Dünya Müharibəsi” sənədli filmində maraqlı epizod diqqətini çəkir. Filmdəki epizodu izləyəndə məlum olur ki, faşistlərin Fransada qətliamlar törədib günahsız sakinləri - qocaları, qadınları və uşaqları məhv etmələrindən təxminən 1 il əvvəl nasist Almaniyasının ikinci şəxsi, Adolf Hitlerin katibi Martin Bormanın sevgilisi Romi Şnayderin anası, alman əsilli aktrisa Maqda Şnayderi fürerlə tanış edir. Hitler Alp dağlarındakı gizli qərargahında gözəl alman aktrisası ilə tanış olur. Maqda Şnayder gülümsəyərək fürerə yaxınlaşır və bu tanışlıqdan məmnun olduğunu təbəssümü ilə ifadə edir. Hitleri isə həmin görüşü lentə alan sevgilisi Yeva Braunun kamerasına baxır.

Bir az aralıda isə aktrisanın azyaşlı qızı, balaca Romi Şnayder Martin Bormanın uşaqları ilə qartopu oynayır. Bu, həmin Martin Bormandır ki, SSRİ, ABŞ, Fransa, Britaniya 1945-ci ildən onu axtarışa vermişdilər. Hitlerin digər əlaltıları intihar etdiyindən, bir qismi isə Nürnberq məhkəməsinin hökmü ilə asıldığından antihitler koalisiyasının üzvləri 2005-ci ilə qədər onu axtardılar. Saysız-hesabsız hərbi, mülki cinayətlərə imza atmış, milyonlarla günahsız insanın qətlə yetirilməsi barədə göstəriş vermiş Borman təxminən 50 il bütün dünyanın axtardığı faşistə çevrildi.

Sənədli filmdəki görüntülər, habelə digər faktlar Romi Şnayderin bir zamanlar anası Maqda ilə birlikdə faşistlərin qayğısı ilə əhatələndiyini, onlarla əlaqədə olduğunu sübut edir. O zaman Hitlerin də, Bormanın da, eləcə də faşist Almaniyasının rəhbər orqanlarında çalışan digər şəxslərin də ağlına gəlməzdi ki, fürerin dağlar qoynundakı gizli qərargahında, qarın üstündə oynayan bu uşaq böyüyüb faşistlərin zorladığı qadın obrazını canlandıracaq.

Sonda qeyd edək ki, 43 il ömür sürmüş aktrisa Romi Şnayderin iştirakı ilə çəkilmiş “San-Susidən olan yoldan ötən” filmi 1982-ci ildə, aktrisanın ölümündən bir neçə həftə əvvəl ekranlara çıxdı. Bir neçə il sonra Romi Şnayder növbəti dəfə “Sezar” mükafatına (bu dəfə kinematoqrafiya qarşısındakı xidmətlərinə görə) layiq görüldü. Hazırda Fransada və Avstriyada onun adını daşıyan mükafatlar mövcuddur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm