SSRİ barəsində ŞOK FAKTLAR: Bakının işğalı, talanlar, terror və... – FOTOLAR
Bizi izləyin

Anar təqdim edir

SSRİ barəsində ŞOK FAKTLAR: Bakının işğalı, talanlar, terror və... – FOTOLAR

Dünya ölkələrinin “bəla imperiyası” adlandırdıqları SSRİ-nin süqutundan 25 il keçir.

Dünya ölkələrinin “bəla imperiyası” adlandırdıqları SSRİ-nin süqutundan 25 il keçir. 70 il ərzində Azərbaycanın sərvətlərini talayan, xalqını istismar edən, ərazilərini qonşu ölkələrə birləşdirən sovet rejiminin parçalanması, respublikamızın müstəqillik qazanması xalqımıza saysız-hesabsız müsibətlər hesabına başa gəldi. Qəribədir ki, Azərbaycan dövlətinə və xalqına qarşı saysız-hesabsız cinayətlər işlətmiş imperiyanın xəyanətləri üzə çıxsa da, hələ də bəziləri sovet rejiminin bərpası xülyası ilə, “bəlkə də qaytardılar” arzusuyla yaşayır. Bəziləri sosial şəbəkələrdə SSRİ-nin nisbətən sabitlik dövrünü əks etdirən fotolar paylaşır, həmin vaxtlar “hər şeyin qaydasında olduğunu” iddia edirlər. Təəssüf ki, hələ Azərbaycanın bolşevik Rusiya tərəfindən işğalını təkzib edənlər də var. Bəziləri iddia edir ki, 1920-ci ilin 28 aprelində Azərbaycanda fəhlə və kəndlilər “ayağa qalxaraq” yeni sovet hökumətini qurublar.

Publika.az "Anar təqdim edir" layihəsi çərçivəsində bolşeviklərin Azərbaycanı işğalı, xalqımıza və dövlətimizə qarşı cinayətləri ilə bağlı faktları diqqətinizə çatdırır.

Növbəti erməni xəyanətinin fəsadları

İlk öncə onu qeyd edək ki, kommunist rejiminin onilliklər ərzində apardığı təbliğatdan fərqli olaraq 1920-ci ilin aprelində Azərbaycanda fəhlə və kəndlilər “ayağa qalxaraq” hər hansı hakimiyyət dəyişikliyi etmədilər. Sovet Rusiyası respublikamızı hələ 1919-cu ildən işğal etməyi planlaşdırırdı. Lakin bolşeviklərin ağ qvardiyaçılara qarşı mübarizəsi bu prosesi yubadırdı. 1919-cu ilin sonlarında, 1920-ci ilin əvvəllərində bolşeviklərin vətəndaş cəbhəsində qazandıqları qələbələr onların Azərbaycanla bağlı planlarını sürətləndirmələrinə rəvac verdi.

Qeyd edək ki, Azərbaycanın sovet Rusiyası tərəfindən işğalında sapı özümüzdən olan baltaların – yerli bolşeviklərin, ən əsası isə aramızda bəslədiyimiz mənfur ermənilərin də rolu az olmadı. Məsələn, 1920-ci il aprelin əvvəllərində Moskvaya səfər etmiş daşnak Ermənistanının hökumət rəsmiləri bu ölkəyə ərazi güzəştləri, yəni respublikamızın qərb torpaqlarının Ermənistana verilməsi müqabilində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı üçün yardımlarını təklif edirdilər. Daşnak hökumətinin rəsmiləri bolşevik Rusiyası ilə sövdələşməyə getdilər.

1920-ci ilin martında Qarabağda hökumətə qarşı qaldırılan erməni qiyamında, habelə Qarabağın bəzi hissələrində azərbaycanlılara qarşı hücumda əsas məqsəd Bakı və ətrafındakı, respublikamızın şimal sərhədlərindəki qoşun birləşmələrinin Azərbaycanın qərb hissəsinə cəlb edilməsi idi. Belə də oldu. Daşnak qiyamının yatırılması və daşnakların növbəti hücumunun qarşısının alınması üçün şimaldakı hərbi birləşmələr respublikamızın qərb bölgəsinə göndərildi. Həmin səbəbdən də XI ordunun hücumu ərəfəsində Azərbaycanın şimal sərhədləri müdafiəsiz qalmışdı. Düzdür, Azərbaycan ordusu daşnakları ağır məğlubiyyətə uğratdı, lakin cümhuriyyətin taleyi artıq həll edilmişdi.

...və bolşeviklərin Bakı planı

Son vaxtlar açıqlanan arxiv sənədləri göstərir ki, sovet Rusiyasının ilk planı neft Bakısını ələ keçirməkdən ibarət idi. Bunu Leninin yazışmalarındakı “Bakını ələ keçirmək bizə olduqca vacibdir. Bütün diqqətinizi buna yönəldin” göstərişi də sübut edir. Bunlar bir yana, Qafqaz Cəbhəsi komandanlığının XI ordu və Xəzər donanmasına göndərdiyi direktivdə də aprelin 27-dən başlayaraq 5 gün ərzində Yalama-Bakı əməliyyatını həyata keçirmək tapşırılırdı. Bir neçə gün sonra göndərilən direktivdə bu əmrə dəyişiklik edildiyi məlum oldu. Yeni göstərişdə bildirilirdi ki, ordunun məqsədi Bakını deyil, bütün Azərbaycanı ələ keçirməkdir.

Azərbaycanda sovet işğalının reallaşmasında yerli kommunistlərin də müəyyən rolu vardı. 1920-ci ilin fevralında yaradılan Kommunist (bolşeviklər) Partiyası ilk gündən hakimiyyət çevrilişi kursunu seçdi. Kommunistlərin qurultayının qətnaməsində də qeyd edilirdi ki, partiyanın yaradılmasında əsas məqsəd mövcud hökuməti yıxmaq və “fəhlə-kəndli” hökumətini qurmaqdır. Sözsüz ki, bütün bunlar xülya idi. Çünki aprel işğalı ərəfəsində respublikamızda kommunistlərin sayı cəmi 3-4 min nəfər idi. Bu cür azsaylı partiya üzvlərinin ölkədə hər hansı dəyişiklik etməsi mümkün deyildi. Rusiya Kommunist (bolşeviklər) Partiyasının Qafqaz Diyar Komitəsinin yerli şöbəsi kimi fəaliyyətə başlayan Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının üzvlərini əsasən qeyri-müsəlmanlar, o cümlədən ruslar, ermənilər təşkil edirdi.

Respublikamızın şimal sərhədlərinin müdafiəsiz qaldığı şəraitdə - aprelin 26-da Azərbaycan sərhədlərini maneəsiz keçən XI ordu bir az sonra Bakıya yaxınlaşdı. Bolşeviklər hakimiyyətin onlara verilməsini tələb etdilər. Hökumətə hakimiyyətin onlara verilməsini tələb etmiş bolşevik Həmid Sultanov bir neçə ay sonra, Azərbaycan Kommunist (b) Partiyasının növbəti qurultayındakı çıxışında deyirdi: “Biz bilirdik ki, bu gün olmasa da sabah qırmızı süngü burada olacaq. Biz sovet hakimiyyətini boşqabda aldıq. Onu bizə hazır vəziyyətdə gətirdilər”.

Azərbaycanın talan edilməsi, xalq üsyanları

Beləliklə sovet Rusiyasının işğalçı ordusu vasitəsilə hakimiyyəti zəbt edən, 23 ay əvvəl qurulmuş və dünyanın bir sıra böyük dövlətləri tərəfindən tanınmış ölkənin müstəqilliyini tapdaq altına almış bolşeviklər Azərbaycanda yeni diktatura formalaşdırmağa başladılar. Gözdən pərdə asmaq üçün ilk dövrdə ali qanunverici orqan olan İnqilabi Komitənin tərkibinə ancaq azərbaycanlı kommunistlər daxil edildilər. Paytaxtı ələ keçirmiş “Qırmızı Ordu”nun əsgərləri Azərbaycanın bölgələrinə üz tutdular. Respublikamızın cənub, sonra isə qərb bölgəsinə istiqamət alan əsgərlər əhalini talan edir, xüsusən varlı ailələrin heysiyyətinə toxunur, ləyaqətini tapdayırdılar. Sovet işğalından 18 gün sonra Azərbaycana qayıdan Nəriman Nərimanovun xatirələrində də qeyd edilir ki, ölkədə bir sıra biabırçılıqlar baş verirdi. Lakin ilk öncə bolşevik qəsbkarlığına və özbaşlınalıqlarına biganə qalan xalqın, xüsusən cümhuriyyət dövründən qalmış ordu birləşmələrinin hiddəti getdikcə artırdı. Mayın 26-da baş vermiş Gəncə üsyanı bolşevik zorakılıqlarına və qarətlərinə qarşı ən böyük xalq narazılığı idi. Şəhərin müsəlmanlar yaşayan hissəsini ələ keçirmiş Azərbaycan ordusunun birləşmələri burada hakimiyyəti ələ aldılar. Mənfur erməni xisləti burada da özünü göstərdi. Belə ki, ermənilər şəhərin digər hissəsində silahlı birləşmələr yaradaraq bolşeviklərə dəstək verdilər. Tezliklə şəhər ətrafına bir neçə diviziya gətirildi. Azərbaycanın tarixi şəhərinə hücuma keçən “Qırmızı Ordu” birləşmələri əvvəlcə şəhəri güclü bombardman etdilər. Bundan sonra isə güclü hücum başladı. Qüvvələr nisbətinin qeyri-bərabər olması (müqavimətçilərin sayı cəmi 10 min nəfər idi) bolşeviklərə üstünlük qazandırdı. Gəncəni ələ keçirən bolşeviklər şəhərin 13 min sakinini vəhşicəsinə qətlə yetirdilər.

Lakin Azərbaycan xalqının bolşevik zülmünə və talanlarına qarşı qəzəbi özünü Qarabağ və Şəki üsyanlarında da göstərdi. Bu üsyanlar qan içində boğuldu da, Zaqatala, Şəmkir əhalisi kütləvi şəkildə üsyana qalxdılar. Təəssüf ki, Azərbaycanda kommunist işğalına qarşı bütün üsyanlar pərakəndəlik və qeyri-mütəşəkkillik, ayrı-ayrı vaxtlarda baş verməsi səbəbindən məğlubiyyətlə nəticələndi. Respublikamızın ərazisində qırmızı terrora başlayan kommunistlər 1920-1921-ci illərdə 40 min günahsız insanı qətlə yetirdilər.

Ancaq məğlubiyyətlə üzləşən təkcə üsyançılar deyildi. Belə ki, bütün güclərini Azərbaycanın sovet Rusiyası tərəfindən işğalına yönəltmiş Həmid Sultanov, Əliheydər Qarayev və digərləri vətən xaini damğaları ilə güllələndilər. Azərbaycanda “nümunəvi” sovet dövləti qurmağın şəksiz tərəfdarı Nəriman Nərimanov isə Moskvada müəmmalı şəkildə dünyasını dəyişdi. XI Ordunun Bakıya hücumu zamanı ona komandanlıq etmiş Mixail Levandovski də sovet rejiminin qurbanı olaraq antisovet təbliğatı və digər ittihamlarla güllələndi.

Yeri gəlmişkən, ilk planları neft Bakısını ələ keçirməkdən ibarət olan bolşeviklər təkcə 1920-ci ildə Azərbaycandan Rusiyaya 2,6 milyon ton neft daşımışdılar. Bu, həmin il respublikamızda hasil olunan neftin 91 faizi idi.

Bunlar da bir yana, sovet Rusiyasının Azərbaycanı işğal etməsinin nəticəsi təkcə respublikamızın müstəqilliyinin itirilməsi ilə yekunlaşmadı. Bu, həm də ərazilərimizin bir qisminin Ermənistan SSRİ-yə birləşdirilməsi, habelə 1921-cü ildə Dağlıq Qarabağın bir günlük Ermənistana verilməsi, 2 il sonra isə ona muxtariyyət statusunun verilməsi ilə nəticələndi. Bu, Moskvanın həmin qərarıdır ki, fəsadları bu günə kimi qalmaqdadır.

(Ardı var)

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm