Süranə geyçimini ipəzorladı: Bir şey başa düşdüz?! – “MÜFƏTTİŞ”
Bizi izləyin

Müfəttiş

Süranə geyçimini ipəzorladı: Bir şey başa düşdüz?! – “MÜFƏTTİŞ”

“Kupalnik”, yoxsa geyçim, qadın sürücü, yoxsa süranə, “şpilka”, yoxsa ipəzor?

Bu sözlərdən kiçikdən böyüyə hər kəsin xəbəri var. Həm sözlər, həm də sözləri yaradanlar haqqında nələr deyilmədi ki…

Amma Publika.az-ın yeni, “Müfəttiş” layihəsi məsələyə başqa tərəfdən yanaşacaq.

Həmin sözləri təklif edənlərin gün üzünə çıxıb, fikirlərini müdafiə etmələrini çox istərdim. Hər halda, bir əsaslandırmaları olacaq. Axı bu sözləri niyə yaradıblar? Hansı ehtiyacdan? Amma bu sözləri təklif edənləri tanımadan virtual və real aləmdə bütün yaradıcılığımızı istifadə edərək elə sözlər dedik ki, yəqin, adamlar təkliflərinə görə min peşman olublar. Yaradıcılıq imkanlarımızı hərəmiz yeni bir söz yaratmağa sərf etsək, bəlkə də, dilimiz yeni sözlərlə dolub daşardı, bəlkə də, ən uğurlu sözü tapmış olardıq.

“Müfəttiş” isə nə sözləri yaradanlar, nə də bu sözləri tənqid edənlərin tərəfindədir. “Müfəttiş” dilimizdəki yeni sözlər, onların durumunu araşdıracaq. Sonda hər kəs özünə bir pay çıxaracaq.

Əvvəlcə sadalağımız sözləri yaradanlardan tələb etdiyimiz suallara özümüz cavab axtaraq. Axı bu sözlər haradan yarandı?

Bizlik deyil…

Bu suallar bizim kimi hər kəsin marağında idi. İlk ağla gələn isə dilin keşiyində durmalı olan AMEA Nəsimi adına Dilçilik İnstitutu oldu. Onların da cavabı gecikmədi. İnstitutunun mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü bu sözlərin onlara aid olmadığı bəyanatını verdi.

“Bu tipli sözlər müəyyən qrup insanların uydurduğu qondarma sözlərdir”, – deyərək Təranə xanım institutun yaxasını kənara çəkməyə çalışdı.

“Bu sözləri ortaya çıxaranlar...”

İnstitutun “Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın açıqlaması vəziyyəti bir az qəlizləşdirdi. O, bir qrup insanın müzakirəyə çıxardığı gülüş doğuran sözlərdən komissiyanın xəbərsiz olduğunu dedi. Sayalı xanım bu sözlərin işlək olmayacağını düşünür: “Kimlərsə özündən yeni sözlər yaratmaq istəyir. Bunu da komissiyanın adına çıxırlar. Biz bu sözləri ortaya çıxaran şəxslər barədə Ədliyyə Nazirliyinə müraciət etmişik. Həmin şəxslər barəsində hüquqi tədbir görüləcək. Dilimizə daxil olan yeni sözlərin qarşılığının tapılması işi ilə bağlı hər sahənin öz mütəxəssisləri məşğul olur. Məsələn, yeni daxil olan termin fizikaya aiddirsə, yeni sözün tapılması ilə fiziklər məşğul olur. Bunun üçün bizim 16 komissiyamız var. Termini mütəxəssis yaratmalıdır, vətəndaş yox. Ona görə də, söz hazırlanarkən mütəxəssisin rəyi önəmlidir, vətəndaşın yox. Sözün bütün əlamətləri yeni yaranan sözdə öz əksini tapmalıdır”.

Axı Sayalı xanım, o sözü mütəxəssislə yanaşı sadə vətəndaş da işlədəcək. Nə üçün onun rəyi, fikri önəmli olmamalıdır? Üstəlik, yaradıcılığını işə salıb söz yaradan şəxs barəsində hansı hüquq çərçivəsində tədbir görülə bilər axı? Bir insanı yaradıcılığına görə ittiham etmək olar? Dilçilik İnstitutunun alimləri nə qədər yeni söz təklif ediblər, son illər ərzində?

Bu suallara cavab almaq üçün Sayalı xanıma biz də müraciət etdik.

Məzuniyətdə olduğundan çox danışa bilməyəcəyinin xəbərdarlığını edən S.Sadıqova həmin sözlərin süni surətdə yarandığını təkrar etdi. Dilçilik İnstitutunun bu sahədə fəaliyyətinə gəldikdə: “Müxtəlif peşə sahələri ilə bağlı sözlər dilə daxil olandan sonra qarşılığı tapılır. Dildə yeni sözlərin yaradılması ilə institutun lüğət, tətbiqi dilçilik sözləri şöbəsi məşğul olur. Biz terminologiyaya baxırıq, ipəzor kimi sözləri də həmin şöbə yaratmalıdır. Onlardan soruşun”, - deyə bizi digər şöbəyə yönləndirdi.

70-ə yaxın yeni söz: Dincəliş, çimərcək, dabanqaldıran, ilyazığı...

Dilçilik İnstitutunun Lüğətçilik Şöbəsinin müdiri, Dövlət Dil Komissiyasının üzvü İsmayıl Məmmədovun bu sözlərə münasibətini öyrəndik. Məlum oldu ki, İ.Məmmədov çimərlik geyiminin adını çoxdan tapıb: “Çimərlik geyimini – çimərcək kimi təklif etmişəm. Bu sözü də pencək, əlcək kimi sözlərə uyğun yaratmışam. Başqa sözlər də təklif etmişəm. Dabankeş əvəzinə, dabanqaldıran işlədilməsi daha doğrudur. Çünki “keş” fars dilindən gəlmə şəkilçidir. Məzuniyyət, əvəzinə dincəliş, “putyovka” əvəzinə yollayış, salnamə əvəzinə ilyazığı, sərnişin əvəzinə minici kimi təklif etmişəm. Sərnişin fars sözüdür. Təxminən 70-ə yaxın belə söz hazırlamışam”.

“Yeni söz təklifi edənlər...”

Vətəndaşlar tərəfindən yeni sözlərlə bağlı Dilçilik İnstitutuna müraciət edilməsinə gəldikdə, İ.Məmmədov belə təkliflərin olmadığını dedi: “Bu vaxta qədər vətəndaşlardan mənə heç bir təklif gəlməyib. Təklif olsa, sözlərə baxıb, işləkliyini müəyyən edə bilərik. Dilə yeni sözləri mətbuat, şair və yazıçılar gətirir. Səməd Vurğun dilə dialektlər gətirdi. Məsələn, sayrışmaq, faraş, ilğım kimi sözləri dilə o gətirib. Əli Vəliyev, Bayram Bayramov, Süleyman Rəhimov da bu üsulla dili zənginləşdirdilər. Cəfər Cabbarlı əsasən şəxs adları gətirib. Yeni söz təklif edən şəxs bu sahədə məlumatlı olmalıdır. Hər adamın təklif etdiyi sözü qəbul etmək olmaz. Yeni söz ixtisasla bağlıdırsa, həmin sahənin mütəxəssisi söz təklif edə bilər. Ümumişlək sözləri isə dildən başı çıxanlar yarada bilər”.

Bəs sadə vətəndaşların təklif etdiyi yeni sözlərə gülən Dilçilik İnstitutunun təklifləri nədən ibarətdir?

Yaxın keçmişə baxaq. Yəqin ki, xatırlayırsınız, ötən il Dilçilik İnstitutu "cakuzi"nin qarşılığı suçiləyici, "rozetka"nın qarşılığı isə elektrik mənbəyi kimi müəyyənləşdirdiyini açıqlamışdı. İnstitut bu təklifi dəstəkləmişdi. O zaman da Sayalı Sadıqova sözlərin Terminologiya Komissiyası tərəfindən yaradıldığını bəyan etmişdi. Geyçimi qəbul etməyənin suçiləyicini qəbul etməsinin səbəbi əvvəlki cümlədə aydın göstərilib. Halbuki, "cakuzi"nin suçiləyici olmadığını bilmək üçün dilçi, alim olmağa ehtiyac yoxdur.

Fransızın lüğətimdə nə işi var?

KEMPİNQ, KLEYM, İZOKVANTA, JÜLEN. Nəsə anladınız? Təxminən 1271 belə sözü Dilçilik İnstitutu dilimizə gətirmək istəyir. Bu barədə də Sayalı Sadıqova mətbuata açıqlama vermişdi. Bunlar onun təqdim etdiyi sözlərdən bir neçəsidir. Sözlərin mənasını, daha doğrusu, Dilçilik İnstitutunun müəyyən etdiyi mənaları ilə tanış olaq.

KEMPİNQ – 1) avtoturistlər üçün xüsusi yay düşərgəsi. 2) əsasən, şəhərlərarası yol üstündə yerləşən, gecələmək üçün şəraiti olan yığcam, birmərtəbəli taxta və ya daş ev, kiçik hotel.

KLEYM – 1) alıcının ona satılmış malın keyfiyyətinin pis olduğuna görə satıcıya tələbi; 2) iddia, reklamasiya.

İZOKVANTA – müəyyən edilmiş həcmdə məhsul istehsalını mümkün edən müxtəlif xərc kombinasiyalarını bildirən xətt.

JÜLEN – fransız mətbəxinə aid olan yemək növü: pendirin altında bişirilmiş göbələklər. Həmçinin jülen toyuq ətindən və dəniz məhsullarından hazırlanır.

Bu sözlərin gələcəkdə həm izahlı lüğət, həm də orfoqrafiya lüğətinə salınması planlaşdırılır. Bunu da S.Sadıqova demişdi. Axı bir fransızın mətbəxindəki pendir altında bişmiş göbələkli yemək növünü mənim dilimə, izahlı lüğətimə nə dəxli? Azərbaycanlılar gündə nə qədər Jülen yeyir ki, onu gündəlik istifadə etdiyi sözlər siyahısına daxil etsin və söz Orfoqrafiya lüğətində özünə yer tapsın?

Orfoqrafiya lüğəti demişkən, onun dilimizdə çoxdan istifadə edilməyən “Ab” sözü ilə başladığından yəqin xəbəriniz var. İkinci, söz ərəbcə ata, babalar mənasını verən “aba”dır. Lüğət Azərbaycan dili yaranan vaxtdan bu günə qədər istifadə olunan sözləri əhatə etsəydi, bu ardıcıllıq anlaşılan idi. İndiki durumda isə bu sıralanma lüğətdə say artımından başqa heç bir məna ifadə etmir.

Lüğəti jülenlə zənginləşdirərkən, hələ də, bilmirik “Blok”a nə deyək, “download” sözünü “endir”, yoxsa “yüklə” kimi tərcümə edək.

“Xalqın dilini Dilçilik İnstitutu yaratmır”

Müfəttiş dilçi deyil, bu baxımdan araşdırdığımız məsələ ilə bağlı bu sahənin mütəxəsisləri, dilçilərin fikirlərini də öyrəndik. Millət vəkili, dilçi alim Nizami Cəfərov yeni təklif olunan sözlərlə razılaşmır. Lakin alim belə təkliflərə müsbət yanaşmağı məsləhət görür: “Təşəbbüsləri çox yaxşı hal hesab edirəm. Ötən əsrin əvvəlində Azərbaycan və Türkiyədə yeni sözlərin yaradılması ilə bağlı xeyli cəhdlər olub və uğurlu alınıb. Məsələn, Cəfər Cabbarlı bildiriş, dönüş və baxış kimi sözlər yaradıb. Onlar hamısı dil qaydalarına uyğun olub. Ona görə də söz təklif edilərkən onun dil normalarına nə qədər uyğun olmasına baxılmalıdır. Dildə cins kateqoriyası yoxdursa, sürücü sözü qadın və kişini də ehtiva edirsə, süranə yaratmağa ehtiyac yoxdur. Lakin ümumilikdə məsələyə liberal yanaşmaq lazımdır. Təşəbbüs və təklifin qarşısını almaq olmaz. Bu gün yazıçılar tərəfindən dilə çox az söz gətirilir. Dil daha çox danışıq hesabına inkişaf edir. Ötən əsr dilimiz daha çox yazıçı dili hesabına inkişaf edirdisə, bu gün daha çox publisistikanın təsiri ilə gəlir”.

Dildə yeni söz yaradıcılığı üsullarına toxunan N.Cəfərov xalqın dilini elə xalqın özünün yaratmalı olduğunu vurğuladı: “Xalqın dilini Dilçilik İnstitutu, ya da alimlər yaratmır. Onlar sadəcə sözləri tədqiq edirlər. Hər sahə üzrə olan terminləri mütəxəssis yaradır. Onların isə qarşılığı ola da bilər, olmaya da. Əlbəttə, terminlərin qarşılığının tapılması yaxşı olardı. Lakin bununla yanaşı qarşılığı olub-olmamasından asılı olmayaraq, beynəlxalq söz daha nüfuzlu olur. Adi danışıq dilində isə sözləri xalq yaradır”.

Əşyaların adı niyə ruscadır?

1-7-ci siniflər üçün “Azərbaycan dili” dərsliklərinin həmmüəllifi, filologiya üzrə fəlsəfə doktoru Rafiq İsmayılovun sözlərinə görə, dilçiliyin vəzifəsi dilə dildə olan hadisələrə aydınlıq gətirmək, elmi şərh verməkdir, dili zorlamaq deyil.

“Dilçilər çox şey təklif edə bilər. Lakin dillə işləyən yazar və jurnalistlər onu qəbul etməyə bilər. Bu zaman həmin söz işləklik qazanmayacaq. Məsələn, qrammatika yazı ilə bağlı bəzi qaydalar var, lakin heç kim ona əməl etmir. Bu gün məişətdə istifadə etdiyimiz bir çox məişət avadanlığının adının rusca olması çox maraqlıdır. Hələ də, bizdə razetka, vilka kimi sözlər işlənir. Bu günlərdə razetka əvəzinə taxıc sözünə rast gəldim, düşünürəm bunu işlətmək olar. Ümumiyyətlə, dilə söz daxil olması üçün onlar yazıçı və jurnalistlərə təqdim edilməlidir”, - deyə o bildirir.

R.İsmayıov hesab edir ki, birdən-birə yeni söz yaradıb, istifadəni tələb etmək doğru deyil: “Bir zamanlar Rəsul Rza işıqfor sözünü təklif etdi, bu gün də həmin sözü istifadə etməyənlər var. Anar “uçaq” sözünü təklif etdi, dilə daxil olmadı, “bilgisayar” sözünü zorla qəbul etdirmək istədilər, o da alınmadı. Bu da göstərdi ki, dili axarına buraxmaq lazımdır, lakin monitorinq və araşdırma aparmaq olar. Dilçilik İnstitutunun da işi məhz bundan ibarətdir, güclə nəyisə tələb etmək deyil. Sözü xalq yaradır. Bəzi əcnəbi sözlərin qarşılığı, ixtisarların yazılışı barədə hələ də dəqiq olmayan bir çox məqamlar var. Dilçilik İnstitutu məhz qaydalar və istisnalar barədə qərar qəbul etsə, daha yaxşı olar. Azərbaycan dilinin izahlı lüğəti mənəvi cəhətdən köhnəlib, yenidən işlənməlidir. Lakin onu kim hazırlayacaq? Eləcə də, orfoqrafiya lüğətinə də yanaşma doğru deyil. Onu hazırlayanlar dildəki sözlərin sayını 80 mindən 110 minə çatdırmağı məqsəd seçdilər. Bunu sözlərin qrammatik formalarının genişləndirilməsi hesabına etdilər. Lakin bu gün dildə işlənən çoxlu miqdarda sözlər var idi ki, onlar lüğətə salınmadı. Bu, xüsusən texnologiya ilə bağlı yenilikdir. Biz Qulu Məhərrəmli ilə birlikdə “Məktəblinin alınma sözlər lüğəti”ni hazırlamışıq ki, oradakı 500 söz Azərbaycan dilinin izahlı lüğətində yoxdur, halbuki bu gün danışıqda həmin sözlər çox işlədilir”.

Qısqanc yanaşmayın

Türkoloq, filologiya elmləri doktoru, professor Firudin Cəlilov dilə daxil olan yeni sözlərə qısqanc yanaşmamağı məsləhət görür: “Dilə yeni sözləri kütləvi deyil, tək-tək gətirilməlidir. Dilə daxil olan yeni sözlərə qısqanc yanaşmaq lazım deyil. Ötən əsrin 60-cı illərində dilə uğur sözü gətirəndə, onu qəbul etmək istəmədilər. Müvəffəqiyyət varsa, uğura ehtiyac olmadığını deyirdilər. Lakin zaman keçdi və söz dildə işləklik qazandı, istifadə edilir. Yeni sözlər əsasən, elmin-texnikanın inkişafı ilə bağlı yaranır. Xalqın dilində o qədər yeni sözlər qalıb ki, onların çoxundan xəbərsizik. Sadə adamların işlətdiyi söz deyəndə, ona rişxəndlə baxmaq lazım deyil. Dilin gözəlliyi sadə insanların dilində qalıb”.

Dilçilər həmkarları, Dilçilik İnstitutunun əməkdaşlarına yeni söz yaradanlara daha liberal yanaşmamağı tövsiyə edir. Məqsəd dili zənginləşdirməkdirsə, bizə aidiyyəti yoxdur, deməzdən əvvəl bir az düşünüb, bəlkə də, elə sözləri yaradanları tapmaq lazım idi.

“Müfəttiş” araşdırması zamanı müəyyən etdi ki, bəyənmədiyimiz geyçim sözünü dilimizə şair Xəlil Rza Ulutürk gətirib. Hələ bunlar nədir ki?

İndi kuryerə - ayaqçı, vergiyə - alım, müvəqqətiyə - amanı, vasitəçiyə-araçı, “veşilka”ya – asılqan, çapa - basılış, kəndirə - çatı, çadıra - xeymə, qənimətə - kisib desəm, dili korladığıma görə görəsən məni də, söyərlər?

Halbuki, bunları Xudadat Əzizbəyovun 1965-ci ildə nəşr olunmuş “Azərbaycanca-rusca lüğət”ində verilib. Bu gün baş sındırıb qarşılığını tapdığımız, ya da tapa bilmədiyimiz bir çox sözün mənası həmin lüğətdə var. Dilçi olmayan “Müfəttiş” tapırsa, dilçilər də tapmalıdır…Yoxsa, o boyda İnstituta nə ehtiyac var?

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm