Müfəttiş
Bizi dəli edən səbəblər, yaxud psixologiyamız NECƏ POZULUR?
Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 8 yaşlı qız tanımadığı şəxs tərəfindən cinsi təcavüzə uğrayıb. Polisin axtarışı nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.
Ucar sakini 1960-cı il təvəllüdlü Aydın Hacızadə tanışına qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunur. O, Tərtər regional Qaz istismar idarəsinin Mingəçevir xidmətində işləyərkən əqli qüsurlu Kamil Əliyevə (ad və soyad şərti verilib) qarşı seksual xarakterli hərəkətlər edib. Daha sonra aralarında olan münasibəti kiməsə açıqlayacağı təqdirdə ona xəsarət yetirəcəyini deyib.
İsmayıllı rayonu Qalacıq kəndinin sakini 18 yaşlı Həmzəyeva Gülzadə Callad qızı ailə münaqişəsi zəminində anası, 1954-cü il təvəllüdlü Həmzəyeva Şükufə Polad qızını çaya atıb. Yaxınları və kənd sakinlərinin sözlərinə görə, qızın psixi problemlər olub. O bir müddət Bakıda müalicə alsa da, son vaxtlar müalicəsində etinasızlıq olub. Qızın hər gecə anasını döydüyü bildirilib.
Müxtəlif vaxtlarda baş vermiş bu üç xəbərin ortaq cəhəti hadisə qurbanları və törədən şəxslərin psixi problemlərinin olmasıdır. Son vaxtlar cinayət xəbərləri və intiharlarda tərəflərin psixi və ya psixoloji problemlərinin olması diqqətçəkən detaldır.
Bu ayın ilk 15 günündə 19 intihar oldu, say hər gün artmaqdadır. Bu intiharların səbəbləri sırasında da psixoloji problemlər ilk yerdədir. Bütün bu xəbərləri əsas tutaraq ölkəmizdəki psixi və psixoloji xidmət mərkəzləri, dövlət və özəl müəssisələrin durumunu və əlçatanlığını gündəmə gətirir.
Publika.az-ın “Müfəttiş” layihəsində məsələnin bu tərəflərini araşdırmağa çalışdıq.
Hər iki nəfərdən biri
Əvvəlcə ölkədə rəsmi qeydiyyata alınan xəstələrin sayına nəzərə salaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə ilk dəfə 5107 nəfər psixi xəstəliyə görə qoyulmuş diaqnozla qeydə alınıb, 2000-ci ildə bu rəqəm 6 907 nəfər olub.
Müalicə - profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı isə 96 079 nəfər olub, bu rəqəm də 2000-ci illə müqayisədə min nəfərə qədər azdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ilə qədər dünyada hər iki nəfərdən biri depressiv hal və ya kəskin depressiyadan əziyyət çəkəcək, 2030-cu ildə isə hər bir nəfərdən biri mütləq depressiya keçirəcək. Ölkəmiz də bu statistikadan kənarda qalmayacaq.
Statistik məlumatlara görə, psixi xəstələr üçün çarpayı sayı 3 545, nevroloji xəstələr üçün 1 447 ədəddir.
Psixoloji problemləri olan psixoloqlar
İntihara, cinayətə aparan psixi və psixoloji problemlərin birdən-birə yaranmadığı aşkardır. Hətta bir çox hallarda uşaqlıqdan valideyn diqqətsizliyi və ya etinasızlığından problem diqqətdən kənarda qalır. Bəzən övladına psixi xəstə diaqnozu qoyulmasından narahat olan valideyn, onu aidiyyəti xəstəxanaya aparmaqdan da çəkinir. Hətta həmin uşaqlar məktəbə də gedir, nədənsə məktəb psixoloqları uşağın problemlərini ya görmür, ya da görmək istəmir. Bir sözlə, psixi, psixoloji problemlə uşaq böyüyür, psixi xəstəxananın daimi sakininə də çevrilə bilir. Əlbəttə, ən yaxşı halda. Çünki problemləri onu ya cinayət qurbanına, ya cinayətkara çevirə bilir.
2015-ci ilin məlumatına görə, ölkədə 11 psixiatriya müəssisəsi olub və yeniləri tikilməkdədir. Psixoloji yardım müəssisələrinin sayı barədə isə konkret rəqəm demək mümkün deyil. Çünki bu gün psixoloji yardım mərkəzi açmaq market açmaqdan daha asandır. Səbəb bu sahədə qanunvericilik bazasının olmamasıdır. Ona görə də bəzən psixoloq deyə müraciət etdiyimiz şəxslərin özünün psixoloji problemləri olur.
Psixi mərkəzlərə gəldikdə, bu xidmət də həm dövlət, həm də özəl müəssisələrdə göstərilir. Lakin bir neçə rayon üzrə bir psixiatriya xəstəxanasının fəaliyyət göstərməsi, ötən ilə qədər isə regionlarda uşaqlar üçün psixi sağlamlıq xidmətinin olmaması onsuz da bu yardıma etinasız yanaşanları oradan bir az da uzaqlaşdırır. Çünki xəstə yaxınları psixi problemi olan yaxınını ildə bir neçə dəfə başqa bir rayona, ya da paytaxta gətirmir. Nəticədə müalicə edilməyən şəxs həm özü, həm də ətrafı üçün təhlükəli şəxsə çevrilir.
Bu, işi çətinləşdirirdi
İstər paytaxt, istərsə də bölgələrdən psixi problemli insanlara yardım edilən Psixi Sağlamlıq Mərkəzinin direktoru, psixiatr Fuad İsmayılov da ötən ilə qədər regionlarda uşaqlar üçün psixi sağlamlıq xidmətləri olmamasının psixi yardım almaq istəyənlərin işini çətinləşdirdiyini deyir: “Yalnız ötən il bizim mərkəz tərəfindən 7 regionun uşaq poliklinikasında psixi sağlamlıq bölmələri açılıb. Ora həm psixoloq, həm loqoped, həm də uşaq mütəxəssisləri cəlb edilib. Ötən ilə qədər bu, böyük bir problem idi. Regionlardan bu cür problemi olan uşaqlar Bakıya gətirilirdi, hər hansı mütəxəssis onları müayinə edir, məsləhət verirdi. Onlar regiona qayıdırdılar, bununla da əlaqə kəsilirdi. Halbuki, autizm, hiperaktivlik və digər bu kimi problemi olan uşaqlar həftədə bir neçə dəfə həkim müayinəsində olmalıdır. Lakin ötən ilə qədər onlar bu xidməti ala bilmirdilər”.
Psixiatr bununla yanaşı son illər cəmiyyətin məlumatlılığının yüksəldiyini və bunun psixi və psixoloji yardım alanların sayına da təsir etdiyini deyir. Lakin bununla yanaşı psixiatr problemlərin olduğunu da inkar etmir: “İlkin müayinədən sonra təkrar müraciətə diqqətsiz yanaşan ailələrlə tez-tez qarşılaşırıq. Məsələn, xəstə müraciət edir, diaqnoz qoyulur və ona 6 aylıq müalicə tətbiq edilir. 6 ay sonra müayinəyə gələndə məlum olur ki, xəstə yalnız bir ay dərman qəbul edib. Üstəlik, bu müddət ərzində bir dəfə də olsun müayinəyə gəlməyib. Bəs bu xəstədə kor bağırsaq əməliyyatı və digər xəstəlik olsa nə edəcəkdi? Nədənsə, insanlar bu psixi problemlərə qarşı məsuliyyətsiz yanaşır, bu xəstəliyin dərk etmirlər”.
Aidiyyəti qurumlar Ümumdünya Səhiyyə Təşkilatının standartlarını əsas tutaraq Azərbaycanda intihar sayının problemə çevriləcək həddə olmadığı bildirir. Yanaşma belədir: “Ötən il Azərbaycanda 327 nəfər intihar edib. Bu rəqəmi o qədər də dəhşətli hesab etmək olmaz”.
Onları xəstəxanada saxlamağa ehtiyac yoxdur
Psixi problemli şəxslər və onların yaxınları ilə illərdir ünsiyyətdə olan 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov isə məsələyə daha nikbin yanaşır. O, regionlarda mövcud psixiatriya müəssisələrinin sayının yetərli olduğunu deyir: “Məsələn, Qubada 100 çarpayılıq reabiliatasiya, psixiatriya xəstəxanası var. Orada xəstələr həm stasionar, həm də ambulator müalicə ala bilir. Lənkəranda yaradılacaq psixiatriya xəstəxanası reabilitasiya yönümlü olacaq, orada da çarpayı sayı 100-dür. Kürdəmirdəki psixiatriya xəstəxanası Mollakənd kəndində yerləşir, indi onu rayon mərkəzinə köçürdülər. Bu Rayon mərkəzi xəstəxanasının bir şöbəsi kimi fəaliyyət göstərəcək. Şəki və Gəncədə də belə bir psixiatriya xəstəxana tikiləcək. Bunun üçün əlavə yer ayrılıb. Hazırda xəstəxana tikintisi aparılan bölgələrdəki xəstələr 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasında müalicə alır. Hər bir psixiatriya xəstəxanası bir neçə bölgəni əhatə edir. İndiki dövrdə xəstəxanalar xəstələrə çox da lazım deyil. Onlar sadəcə ilkin müayinədən sonra 15, 30 və ya 45 gün qala bilərlər. Sonra isə müalicə evdə davam etməlidir. Onları xəstəxanada saxlamağa ehtiyac yoxdur. Bütün Mərkəzi Rayon xəstəxanalarında həkim psixiatrlar var. Onlar da xəstələrə yardım göstərə bilir”.
Bunun heç bir effekti olmur
Psixi yardım xidməti ilə bağlı normativ hüquqi sənədlərin normal olduğunu deyən millət vəkili Musa Quliyev psixoloji xidmətlə bağlı problemlərin həllini tapmadığını deyir: “Həm dövlət, həm də özəl sektorda psixoloji xidmət göstərilsə də, proses çox pərakəndədir. Bunun səbəbi ümumi standart və müvafiq hüquqi bazanın olmamasıdır. Milli Məclisdə Səhiyyə Komitəsi olaraq “Psixoloji yardım” haqqında qanun layihəsi hazırlamışıq, yəqin ki, yaz sessiyasında qəbul ediləcək. Hazırkı durumda isə psixoloji xidmət göstərməyin normativləri, sertifikasiya, ixtisas artırma, onun hansı səviyyədə mənimsənilməsini müəyyən edən standartlar yoxdur. Bütün bu boşluqlarla yanaşı, hansı dövlət müəssisəsində psixoloq xidmətinin olması, onların hansı kateqoriyadan olan insanlara pulsuz xidmət göstərməsi, ölkənin bütün regionlarında bu xidmət təşkil edilməsi ilə bağlı suallar açıq qalıb.
Düzdür, Təhsil Nazirliyinin psixoloji xidmətlə bağlı normativ sənədi var. Bu sənədə görə bütün orta məktəblərdə psixoloq ştatı var. Araşdırmalar göstərir ki, bu vəzifədə çalışanların heç də hamısı ali təhsilli psixoloq deyil, ya ixtisas dəyişmə, ya da kurs keçməklə psixoloq olublar. Bir qisim isə psixologiya üzrə ayrıca ixtisas kursu keçməyib, sadəcə orta məktəb müəllimidir və paralel olaraq bu işlə məşğuldur. Şübhəsiz ki, bunun heç bir effekti olmur. Hərbi, ədliyyə orqanları Penitensiar xidmətdə, Daxili İşlər Nazirliyi sistemində çalışanların monitorinqinin, sertifikasiyasının aparılması, diplomlarının uyğunluğu tam yoxlanılmayıb. Bu da obyektiv səbəblə bağlıdır. Çünki bu vaxta qədər bununla bağlı qanun və tələb olmayıb. Qanun qəbul ediləndən sonra problem həll olunacaq”.
Nə deyək, “Müfəttiş”in məqsədi budur ki, yardım almaq istəyənlər normal xidmət görə bilsinlər. Bəlkə, ağır psixi problemlərin kökündə psixoloji xidmətdə nəzarətsizlik dayanır?
Gülxar Şərif
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO