Səhv yazılan dərsliklər və bataqlığa qərq olan gələcəyimiz - KİMDİR MÜQƏSSİR?
Bizi izləyin

Müfəttiş

Səhv yazılan dərsliklər və bataqlığa qərq olan gələcəyimiz - KİMDİR MÜQƏSSİR?

Səhv yazılan dərsliklər

“Mənim əziz anam, Səni təbrik edirəm. 8-ci siniflə bərabər, artıq 10-cu sinif biologiya dərsliyinin də müəllifisən”.

Bu sözləri dərslik müəlliflərindən birinin qızı sosial şəbəkədə paylamışdı. Təbrikin özəlliyi ondadır ki, hələ Təhsil Nazirliyi yekun rəyini açıqlamadan müəllifin qızı nəticələrdən xəbər tutmuşdu. Status ətrafındakı müzakirələrdən bəlli oldu ki, onsuz da həmin fənn üzrə cəmi bir dərslik təklif edilib. Yəni Təhsil Nazirliyin seçim imkanı yoxdur.

Son vaxtlar dərsliklərdəki səhvlər ətrafında düşünərkən həmin status və müzakirələr bu mövzunu yenidən Publika.az-ın “Müfəttiş” layihəsində gündəmə gətirməyimizə əsas verdi.

Əvvəlcə səhvlər

Dərsliklərdə aşkarlanan səhvlər:

IX “Azərbaycan tarixi” dərsliyi - “Şeyx Məhəmməd Xiyabani qurduğu yeni dövləti “Azadistan” (Azad ölkə) adlandırdı. Onun “Azərbaycan” adına və Şimali Azərbaycana ehtiyatla yanaşmasının səbəbi, AXC hökumətinin ingilislərlə sıx əməkdaşlıq etməsi idi”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Lakin müəlliflər bu cümləni yazarkən Cənubi Azərbaycanda Milli Hökumətin 1920-ci ilin 23 iyununda yaranmasını, habelə həmin ilin aprel ayında Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi faktını deyəsən gözardı ediblər. Çünki mövcud olmayana bir dövlət iki fərqli dövlətin münasibətlərinə təsir edə bilməz.

5-ci sinif “Azərbaycan tarixi” dərsliyi - Babək hərəkatının sona çatması, Qarabağ, İrəvan xanlığının və Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda səbəbkar ermənilərdir. Düzdür, konkret dərslikdə cümlə bu cür ifadə edilməyib. Lakin hər dəfə Azərbaycanın uğurunun bir erməni hiyləsi ilə kölgələnməsi şagirdi şüuraltı həmin fikrə yönləndirir. Dərslik müəllifi bunu qəbul etməsə də, bu kitabı oxuyan hər kəs fikri təsdiq edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

8-ci sinif “Biologiya” dərsliyi – 58-ci səhifədə qan damar sisteminin, ürəyin quruluşunun təsvirində səhvlərə yol verilib. Belə ki, ürəyin təsvirində yuxarı baş vena damarı ağciyər arteriyası kimi göstərilib. Ağ ciyər arteriyası isə orta damarı kimi təqdim olunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yəqin, bu qədər bəsdir. Əlbəttə, hər bir fakta görə dərslik müəlliflərini tapıb danışdırdıq. Kimi səhvini qəbul etdi, kimi inkar. Amma onların cavabı hələ ki, dərslikdə yazılanları dəyişdirmək gücündə deyil. Dərsliklərin 4 ildən bir nəşr olunduğunu nəzərə alıb, nə qədər şagirdin yanlış məlumatlandığını təxmin etmək olar.

Amma bir məqam var ki, dərsliklər müəllif yazdığı kimi də şagirdlərə çatmır. O bir neçə dəfə oxunur və rəy veriləndən sonra məktəblərə yetişir. Maraqlı bir sual ortaya çıxır: Bu səhvləri şagird, müəllim, valideyn aşkarlayana qədər məgər heç kim görməyib, yoxsa görmək istəməyib?

Neçə əldən keçir…

Bunun üçün əvvəlcə dərsliyin neçə əldən keçdiyini araşdıraq. Müəllif heyəti tərəfindən hazırlanan dərslik Təhsil Nazirliyinin tenderindən keçir. Daha sonra o Dərsliklərin Qiymətləndirilməsi Şurası tərəfindən müzakirəyə çıxarılır. Bu Şuranın tərkibindəki mütəxəssislər dərsliyi ekspertizadan keçirir, müsbət və mənfi tərəflərini aşkarlayırlar. Qiymətləndirmə zamanı dərsliyin məzmunu, strukturu, tapşırıqların verilmə şərtləri və s. məqamlar nəzərə alınır. Aşkarlanan səhvlər təkrar müəlliflərə və nəşriyyata təqdim edilir. Nəşriyyat da bu səhvləri qəbul edib etməməkdə sərbəstdir.

Bu ilə qədər dərsliklər çap olunandan sonra onlar keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən də yoxlanılırdı. Yoxlamalar göstərirdi ki, ya səhvlər tapılmır, ya da nəşriyyat və müəlliflər onu düzəltmir. TQDK-nın aşkarladığı səhvlərə görə Təhsil Nazirliyi arasında yaşanan qalmaqallar da unudulmayıb.

2012-2016-cı illər ərzində I-XI siniflər üzrə (Azərbaycan və rus bölmələri birlikdə) istifadədə olan 388 dərslik, 242 müəllim üçün metodik vəsaitin monitorinqi aparılıb.

Yetərli deyil

TQDK-nın fəaliyyətini davam etdirən Dövlət İmtahan Mərkəzinin Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva deyir ki, bu vaxta qədər aşkarlanan əsas problemlər standartların siniflər üzrə bölgüsündə şagirdlərin yaş xüsusiyyətlərinin əsasən nəzərə alınmaması, standartlarda nəzərdə tutulmayan mövzu və anlayışlardan istifadə edilməsi, terminlərin yerində düzgün işlədilməməsi, izahların natamamlığı, mətnlərin seçilməsi, tapşırıqların forması və məzmunu ilə bağlıdır: “Riyaziyyat fənni üzrə dərsliklər bəzi hallarda məzmun etibarilə şagirdin məntiqi təfəkkürünün formalaşmasında yetərli rol oynamır. Halbuki milli kurikulumda bu məsələ aparıcı mövqedədir və təliminin başlıca məqsədi hesab olunur. Dərslik komplektlərində şagirdlərin müstəqil şəkildə məsələ və çalışmaları həll etmək bacarıq və vərdişləri tam formalaşdırılmır. Yeni keçilən mövzu öncəki mövzularla əlaqələndirilmədiyi üçün öyrənilənlərin bacarıq və vərdişlərə çevrilməsi tam reallaşdırılmır. Yazılı, şifahi bacarıq və vərdişlər tam formalaşdırılmır.

Dil fənləri üzrə dərslik komplektlərində nəzərdə tutulan bəzi standartlar heç də hər mövzu üzrə tam reallaşdırılmır. Mövzu və mətnlərin bir qismi şagirdlərin yaş psixologiyasına tam uyğun deyil. Bəzi hallarda mətnlərin tərbiyəvi rolu qənaətbəxş deyil. Dil qaydaları üzrə verilən çalışmaların bir qismi qüsurludur. Mövzulararası əlaqə bəzən gözlənilmir. Mövzular üzrə tədris xətti sadədən mürəkkəbə deyil, bır sıra hallarda mürəkkəbdən sadəyə doğru verilib.

“Həyat bilgisi” dərslik komplektlərində bir sıra alt standartlarda nəzərdə tutulmuş bilik, bacarıq və dəyərlərin reallaşdırılması üçün ya heç bir material verilmir, ya da verilmiş material bunun üçün kifayət etmir. Əksər hallarda mötəbər olmayan mənbələrdən götürülmüş və ya mənbəyi məlum olmayan məlumatlardan istifadə edildiyinə görə çoxlu sayda elmi-pedaqoji səhvlərə yol verilir”.

Bu ildən başlayaraq Dövlət İmtahan Mərkəzi yalnız Təhsil Nazirliyinin sifarişi əsasında dərslikləri qiymətləndirəcək. Onu da öyrəndik ki, DİM-ə bu vaxta qədər hələ heç bir sifariş verilməyib.

Nazirlik yenidən dərslik yaza bilməz

TQDK-dan fərqli olaraq dərsliklərin qiymətləndirilməsində çapdan əvvəlki prosesdə iştirak edən qurum, Azərbaycan Respublikası Təhsil İnstitutunun Dərslik və dərs vəsaitlərinin metodologiyası şöbəsinin müdiri Asif Hacıyev hesab edir ki, şagirdin qarşısına gələn dərslikdə səhvin aşkarlanmasında əsas səbəbkar müəllifdir: “Dərsliklərin Qiymətləndirilməsi Şurası tərəfindən dərslikdə yol verilən nöqsanların hər birinə uyğun bal verilir. Bir çox hallarda iradlar düzəldilir, bəzən dərslik müəllifinin məsuliyyətsizliyinə görə məktəblərə nöqsanlı dərsliklər gedir. Lakin bəzi hallarda müəlliflər tərəfindən səhvlərlə bağlı irəli sürülən iddiaların elmi əsası olmur. Bəzən də aşkarlanan səhvin müəllimin metodologiyanı anlamamasından irəli gəldiyi aydın olur”.

Məktəbə nöqsanlıq dərsliklərin yol tapmasının həm də Təhsil Nazirliyinin seçim imkanının olmaması ilə bağlılığına gəldikdə, A.Hacıyev bunun da səbəblərdən biri olduğunu deyir: “Düzdür, mövcud kriteriyalar əsasında qiymətləndirilir, səhvlər aradan qaldırılır. Lakin bütün səhvlər aradan qaldırılmaması mümkündür, çünki nazirlik yenidən dərslik yaza bilməz. Lakin gələcəkdə qiymətləndirmə metodologiyası və qaydaları dəyişə bilər. Reallıq göstərir ki, bəzi məqamda məktəbə qüsurlu dərslik gedir. Bu problem təkcə bizdə deyil, digər ölkələrdə də mövcuddur. Əlbəttə, bizim dərslik yazma ənənəmiz böyük deyil. Çünki uzun illər “Ana dili” və “Ədəbiyyat” dərslikləri istisna olmaqla, əksəriyyət tərcümə edilirdi. Yeni-yeni dərslik müəllifləri qrupları yaradılır”.

Bir neçə il əvvəl məktəblərə variativ dərsliklər təqdim edilirdi ki, bu da məktəblərə istədiyi dərslikdən istifadə üçün seçim imkanı verirdi. Bu, həm də tədricən uğursuz dərsliklərin sıradan çıxmasına və şagirdlərin ən yaxşı variantdan istifadə etməsinə şərait yaradırdı.

A.Hacıyev bu cür dərsliklərin hazırlanmasının yaxşı variant olduğunu deyir. O bildirir ki, dünya ölkələrində dərsliyi müəllim özü seçir: “Ötən il bizdə də dərsliklər çap edilməmişdən əvvəl dərsliklər qiymətlərindiriləndən sonra elektron formada müəllimlərə təqdim edildi, onlar da iradlarını Təhsil Nazirliyinə göndərdilər. Bu iradların hamısı nəşriyyatlara təqdim edildi. Hazırda dərslikdə səhv məlumatın verilməsi həm də nəşriyyatların diqqətsizliyinə görədir. Bəzən onlar çox qazanmaq üçün dərsliyə elmi redaktor seçmirlər”.

Aşkarladığımız səhvlərə çapda yenidən rast gəlirik

Təhsil İnstitutunun əməkdaşları dərsliklərin qiymətləndirilməsində iştirak etsə də, bu işdə birbaşa məsuliyyət daşıyan qurum Dərsliklərin Qiymətləndirilməsi Şurasıdır (DQŞ) . Yəni bu şuranın yoxlamasından keçməyən dərslik təsdiq edilə bilməz.

DQŞ-nın sədri Elmina Kazımzadə isə dərsliklərdə səhvlərə müxtəlif prizmadan yanaşmağı təklif edir: “Səhv elmi dəqiqliklə bağlıdırsa, bu qəbul olunmazdır. Bəzən məsələdə iki fərqli baxışdan irəli gələn səhvlər olur. Mən bunu səhv adlandırmıram. Çox zaman valideyn öz oxuduğu dövrlə indiki dərsiklərə yanaşır, lakin bu, doğru deyil.

Üçüncü səhv isə üslublarla bağlıdır ki, bu zaman dil ağır, qavrama çətin olur. Bu səhvə görə isə məsuliyyət nəşriyyatındır. Qiymətlərdirmə qruplarına bu səhvləri aşkarlamaq çətin olmur. Lakin bu səhvlər nəşriyyatın peşəkar kadrlarının olmaması, ya da müəllif şagird auditoriyasına adaptasiya edə bilməməsi, ya da professional pedaqoji redaktorun olmamasından qaynaqlanır. Müəllifin yazdığı mətnlər mütləq bu redaktor tərəfindən oxunmalıdır”.

E.Kazımzadə deyir ki, dərsliklər ekspertlər tərəfindən qiymətləndiriləndən sonra səhvlər barədə məlumatlar nəşriyyata göndərilir: “Nəşriyyat təkmilləşdirmiş variantını Qiymətləndirmə Şurasına təqdim edir. Çox zaman biz tərəfdən aşkarlanan səhvlər nazirlik tərəfindən yazılı rəydə aradan qaldırılır, lakin müəllif və nəşriyyat bununla razı olmadığından çapda həmin məsələ təkrar edilir. Ola bilər bunun arxasında müəllifin öz mövqeyi var. Biz hazır məhsulu qiymətləndiririk, lakin prosesi izləyə bilmirik. Dərsliyin hazırlanmasında kimlərin rol oynadığını bilmirik. Əqli məhsulun hazırlanmasında ilk növbədə nəşriyyat və müəllif komandası məsuliyyət daşıyır. Dərsliyin keyfiyyəti müəllifdən daha çox nəşriyyatı reputasiyası ilə əlaqələndirilməlidir. Çünki dərslik hazırlanması sadəcə əlyazmanı nəşriyyata təqdim etməklə yekunlaşmır”.

Şura sədri bildirir ki, Azərbaycanda bu sahə hələ də inkişafdadır: “Dərsliklərin Qiymətləndirmə Şurası yeni kurikulumun tətbiqindən sonra fəaliyyətə başlayıb. Düzdür, səhv məsələsinə diqqətli yanaşmaq lazımdır. Lakin dərslik yeganə tədris aləti kimi qəbul edilməməlidir. Dərslik vacibdir, lakin müəllim əlavə resurs və təlim vasitələrindən istifadə etməlidir”.

Peşəkar dərslik müəllifi anlayışı formalaşmayıb

Müsahiblərimizin fikirlərinə əsaslansaq deyə bilərik ki, bu məsələdə əsas problem müəllif və nəşriyyatlardan qaynaqlanır.

Lakin “Azərbaycan dili” dərsliklərin müəllifi olmuş, “Altun” nəşriyyat evinin direktoru Rafiq İsmayılov hesab edir ki, nə qədər yoxlansa da, dərsliyin birinci nəşrində səhvlər ola bilər. Ancaq ikinci nəşrdə say xeyli azalır: “Səhvlər dil üslub, metodiki və elmi baxımdan ola bilər. Hər bir dərslik müəyyən yaş qrupu üçün nəzərdə tutulur. Bəzən tapşırığın şərti müəllifə aydın olur, kənardan baxan üçün anlaşılmazlıq yaşanır. Dərsliklərdə aşkarlanan elmi səhvlər, adətən, elmdəki iki fikirlilikdən, ya da diqqətsizlikdən qaynaqlana bilər. Əgər səhv aşkarlanıbsa, müəllif onunla razılaşmalıdır. Əgər razılaşmırsa, Təhsil Nazirliyi onu təsdiq etməyəcək. Müəllif hətta nəşrə qədər səhvin aşkarlanmasına görə Qiymətləndirmə Şurasına minnətdar olmalıdır. Lakin bəzən bu şura da səhvləri aşkarlaya bilmir. Çünki elə səhvlər var ki, yalnız tədris prosesində üzə çıxır”.

R.İsmayılov hələ ki ölkəmizdə peşəkar və yaradıcı dərslik müəllifi anlayışının tam formalaşmadığını bildirir: “Bizdə peşəsi dərslik yazmaq olan şəxslər yoxdur. Dərsliyin yazılmasında müəllim, alim də iştirak etməlidir. Lakin bu müəlliflərdən birinin işi sırf dərslik hazırlamaq olmalıdır. Dərslik yazana o auraya girmək üçün hər gün azı bir neçə saat lazımdır. Lakin müəllimlərin buna vaxtı yoxdur. Çünki ən yaxşı müəllimlər həm məktəbdə işləyir, həm də repititorluqla məşğuldur. Bundan başqa, alternativ dərsliklər yazılsaydı, daha mükəmməl olardı. Bu, həm də şagirdlərin səviyyəsinə uyğun da çeşidli dərsliklər hazırlanmasına imkan yarada bilərdi. Çünki Bakının ən müasir məktəbi ilə, ucqar bir kənd məktəbi üçün hazırlanan dərslik fərqli olmalıdır. Dərsliklərin dövlət tərəfindən alınıb pulsuz paylanması bu məsələdə çətinlik yaradır. Əldə etdiyim məlumata görə, Təhsil Nazirliyi dərsliklərdəki problemin həlli üçün yenilik etmək niyyətindədir. Artıq siniflər üzrə bir neçə dərslik elektron variantda bazada yerləşdiriləcək. Müəllimlər həmin dərsliklərlə tanış olub, hansı dərslikdən istifadə etmək istədiklərini bildirəcəklər. Bu zaman məktəblər şagirdlərin səviyyəsini nəzərə alacaq. Ola bilər ki, eyni məktəbdə 3 doqquzuncu sinif var və hər biri üçün fərqli dərslik seçilsin. Bu da həm əlavə xərcdən xilas edəcək, həm də şagirdlər çətinlik çəkməyəcək”.

Düzdür, Təhsil Nazirliyi tərəfindən son vaxtlar müxtəlif siniflər üzrə yazılan dərsliklər çapdan əvvəl müzakirəyə təqdim edilir. Aşkarlanan səhvlər barədə müvafiq ünvana müraciətlər qəbul olunur. Bu da məhz problemlərin aradan qaldırılması üçündür. Lakin müəllif bu iradla razılaşmırsa, çox zaman Təhsil Nazirliyinin onun kitabını çap etməmək imkanı olmur. Çünki hər fənn üzrə nazirliyə yalnız bir dərslik təqdim edilir. Yəni seçim imkanı yoxdur.

Bu fikri Təhsil Nazirliyinin rəsmiləri də bir neçə dəfə dilə gətirib. Amma nazirliyin səhv hesab etdiyi dərsliyə “hə” deməmək imkanı var. Lakin “Müfəttiş” bu araşdırmasından belə qənaətə gəldi ki, Təhsil Nazirliyinin aşkarladığı səhvi müəllif qəbul etmirsə, nazirlik kitabı “çap etmirəm” deyə bilmir. Çünki alternativ seçimi-dərsliyi yoxdur.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm