“İki rayonun boşaldılması Ollandın səfərində təklif oluna bilər” – Müsahibə
Bizi izləyin

Dünya

“İki rayonun boşaldılması Ollandın səfərində təklif oluna bilər” – Müsahibə

“İki rayonun boşaldılması Ollandın səfərində təklif oluna bilər” – Müsahibə

Fransa prezidenti Fransua Olland Cənubi Qafqaz regionuna səfəri çərçivəsində dünən Azərbaycan gəlib.

Publika.az – a müsahibəsində Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri Fransanın regional maraqları, Dağlıq Qarabağ məsələsində mövqeyi və digər məsələləri dəyərləndirib.

-İndiki geosiyasi vəziyyət fonunda Fransanın regional maraqlarını necə dəyərləndirirsiniz?

-Fransa əvvəlki illərdən fərqli olaraq daha ciddi fəaliyyət göstərmək istəyir. Cənubi Qafqazda, xüsusilə Azərbaycanda həm iqtisadi, həm də digər istiqəmətlərdə ciddi fəaliyyət nəzərə çarpır. Bu da Cənubi Qafqazda Fransanın geosiyasi maraqlarından irəli gəlir. Artıq Cənubi Qafqaz ölkələri Avropa məkanı olaraq tanınır. Avropanın əsas ölkələrindən olan Fransanın da Cənubi Qafqazda aktivləşməsini anlamaq olar. Geosiyasi maraqlar deyəndə, enerji maraqlarını da buraya daxil edirəm. Enerji məsələsinə xeyli vaxtdır ki, geosiyasətin tərkibində baxılır. Ona görə də bu səfərə Fransanın geosiyasi maraqları çərçivəsində baxıram. İlk növbədə Avropanın enerji təhlükəsizliyini önə çəkmək lazımdır. Avropa alternativ enerji mənbələri axtarışındadır. Ukrayna hadisələri də göstərdi ki, Avropa alternative enerji mənbələrinin axtarışını sürətləndirməli və Rusiyanın siyasi təzyiq mexanizmlərindən yaxa qurtarmalıdır. Enerji məsələsi baxımından Fransanın Xəzər hövzəsində ciddi maraqları var. Hərbi əməkdaşlığa gəlincə, hesab edirəm ki, bu istiqamətdə də aktiv davranışları görəcəyik.

- Ukrayna hadisələri fonunda Qərb mətbuatında bu cür fikirlər səslənir ki, Cənubi Qafqazı, xüsusilə Azərbaycan və Gürcüstanı Rusiyanın ekspansiyasından qorumaq lazımdır. Qərb ailəsinin üzvü olan Fransa bu ekspansiyaya qarşı durmaq üçün nələr edə bilər?

- Təbii ki, avroatlantik məkanın bu istiqamətdə konkret planın olması barədə fikir söyləmək doğru olmazdı. Ukrayna hadisələri göstərdi ki, Qərb bu istiqamətdə ciddi mənada düşünməli, Şərqi Avropaya yaxın ölkələrin müdafiəsi üçün konkret planlar işlənib hazırlanmalıdır. Təbii ki, NATO çərçivəsində olmalıdır. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi də göstərdi ki, Qərbin bu istiqamətdə konkret strateji planı yoxdur. Ukrayna hadisələri də bu reallığı bir daha göstərmiş oldu. Ukrayna hadisələrinin Qərbi ciddi mənada silkələməsindən sonra NATO da öz prioritetlərini dəyişdirməyə başlayıb və Şərqi Avropaya doğru genişlənmə fazasına keçib. Bu zaman tələb edən məsələdir. Bununla belə hesab edirəm ki, Qərb bu istiqamətdə ciddi planlar atmağa və Rusiyanı bu ərazilərdən çıxışdırmağa başlayacaq.

- Azərbaycan prezidenti İlham Əliyev Fransa prezidenti ilə görüşdən sonra bildirib ki, hər bir istiqamət üzrə qarşılıqlı anlaşma var. Qarşılıqlı anlaşma Dağlıq Qarabağ məsələsinə aid oluna bilərmi?

- Fransanın digər həmsədr ölkələrdən fərqli bir mövqeyi yoxdur. Desək ki, Fransa münaqişənin həllində ədalətli bir qərarın qəbuluna tərəfdardır, bu, yanlış olardı. Fransa bütün dövrlərdə Ermənistanın havadar ölkəsi kimi çıxış edib. Baxmayaraq ki, yeni prezident dövründə Fransanın Azərbaycana münasibəti daha fərqli olmağa başlayıb. Cənubi Qafqaz turnesində Ollandın birinci olaraq məhz Azərbaycana gəlməsi də bu yanaşmada dəyişikliyin olduğunu göstərir. Ancaq Fransa Dağlıq Qarabağ münaqişəsində fərqli mövqe ortaya qoymayacaq. Fransa bu gün rəsmi olmasa da, qeyri-rəsmi xristian təəssübkeşliyini göstərməkdə davam edir.

-Dörd gün öncə amerikalı həmsədr Ceyms Uorlik ölkəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi göstərən bəyanat verdi. Bu gün isə Fransanın da yer aldığı Minsk Qrupunun birgə bəyanatında amerikalı həmsədrin bəyanatındakı mövqe təsdiqləndi…

-Uorlikin bəyanatında əslində yeni bir şey yoxdur. Bu Yenilənmiş Madrid Prinsipləridir. Prinsiplərə müəyyən şərtlərlə Azərbaycan da razı olmuşdu. Sadəcə olaraq, Ermənistan prosesi qeyri-konstruktiv mövqeyi ilə pozdu. Uorlik indiyə kimi bir çox sərsəm bəyanatları ilə gündəmə gəlirdi. Məsələn, Dağlıq Qarabağın danışıqlarda bir tərəf kimi iştirakını istəyirdi. Bu da təbii ki, Azərbaycanın maraqlarını təmin etmirdi. Çünki, münaqişə iki tərəf arasındadır, Azərbaycan və Ermənistan. Azərbaycanın ərazisini də Rusiyanın vasitəsi ilə Ermənistan işğal edib, burada üçüncü tərəf yoxdur. Ola bilsin ki, ABŞ dövlət səviyyəsində Uorlikə müyyən korrektələr olundu və həmsədr Yenilənmiş Madrid Prinsiplərini yenidən məruzə edərək ortaya qoydu. Fransa da həmin sənədə razıdır. Bu baxımdan da Fransanın məsələ ilə bağlı davranışında yeni bir şey olacağını gözləmirəm. Bu ümumi qəbul edilmiş bir sənəddir. Sənədi Ermənistan qəbul edərsə, prosesi ciddi şəkildə irəliyə aparmaq olar. Amma təəssüf ki, Ermənistan sözügedən prinsipləri qəbul etmir.

-Fransa-Azərbaycan hərbi əməkdaşlığına toxundunuz. Fransanın NATO üzvü olduğunu nəzərə alsaq, hərbi əməkdaşlığın nə qədər irəli gedəcəyini gözləmək olar?

-Bu istiqamətdə ciddi bir məsafənin qət olunacağını düşünmürəm. Təbii ki, aradakı buzlar əridikcə, gələcəkdə Fransadan bəzi müasir hərbi silahların alınması istiqamətində razılığa gəlmək mümkündür.

-Fransa prezidenti bildirib ki, “erməni soyqırımı”nın 100-cü ildönümününü məhz İrəvanda qeyd edəcək. Parisin qondarma erməni soyqırımı məsələsində bu qədər irəli getməsi Azərbaycan-Fransa münasibətlərinə təsir edə bilərmi?

-Qondarma erməni soyqırımı məsələsi Azərbaycanın nəinki Fransa, heç bir ölkə ilə münasibətlərində sədd deyil. Bu məsələ məhz Qərb dünyası tərəfindən süni olaraq ortalığa atılıb və Türkiyəyə siyasi təzyiq vasitəsi kimi istifadə olunur. Bunu Azərbaycan da, Türkiyə də bilir. Ona görə də məsələnin Azərbaycan-Fransa münasibətlərində ciddi bir maneə olacağını düşünmürəm.

-Ermənistan mediasında səslənən iddialara görə, Fransa prezidenti Ermənistan səfərində Dağlıq Qarabağ məsələsində təzyiq göstərərək İrəvanı yola gətriməyə çalışacaq. İddialara nə dərəcədə inanmaq olar?

-İddialara görə, guya Dağlıq Qarabağ ətrafındakı iki rayonun boşaldılması istiqamətində danışıqlar aparılacaq. Ola bilsin ki, məsələ Azərbaycan və Fransa dövlət başçılarının görüşündə ciddi şəkildə müzakirə olunub.

Konkret informasiya olmadığı üçün bu barədə danışmaq çətindir. Ola bilsin ki, belə bir təklif olsun. Ancaq Ollandın Ermənistan prezidentinə ciddi şəkildə təzyiqlər edəcəyini düşünmürəm. Ermənistanın havadarlarından olan Fransa heç bir halda bu ölkənin mənafeyini Azərbaycana qurban vermək istəməz. Bu reallığı başa düşmək lazımdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm