Hrant Dinkin qətlinə Gülən və erməni diasporu fərman verib – Şok
Bizi izləyin

Dünya

Hrant Dinkin qətlinə Gülən və erməni diasporu fərman verib – Şok

Hrant Dinkin qətlinə Gülən və erməni diasporu fərman verib – Şok

“Fətullah Gülən terror təşkilatı Hrant Dinkin qətlini mənə təklif etdi. İşin arxasında erməni diasporu var”.

“Axar.az” türk mətbuatına istinadən xəbər verir ki, bu sözlər Türkiyənin məşhur mafiozlarından olan Kürşad Yılmazın “Agos” qəzetinin Baş redaktoru, milliyətcə erməni olan Hrant Dink barəsində İstanbul şəhər Prokurorluğuna etdiyi şikayət ərizəsində yer alıb.

Yılmazın iddiasına görə, Dinkin qətli Gülən hərəkatının üzvü olan hüquq-mühafizə orqanlarına sızmış şəxslər tərəfindən planlaşdırılıb. Şikayət ərizəsində həmçinin keçmiş hərbi hakim, mülki hakim, prokuror, təhlükəsizlik əməkdaşları və ciddi siyasi adların da aralarında olduğu 15 nəfər şübhəli olaraq qeyd edilib.

Hrant Dinki aradan götürəcəksən

Yılmaz daha əvvəl də Dinkin öldürülməsi üçün Gülən hərəkatı tərəfindən təklif gəldiyini açıqlayaraq məhkəməyə şikayət etmişdi. Ancaq şahid olaraq dinlənilməmişdi. Şikayətdə yer verilən iddiaları ixtisarla təqdim edirik:

”Dinki aradan götür” təklifini qəbul etmədiyim üçün 2005-ci ildə “Torpaq” əməliyyatında həbs olundum. Ancaq Beşiktaş 10-cu Ağır Cinayətlərə dair Məhkəmədə mühakimə edildiyim zaman belə bir terror qruplaşmasının olduğunun fərqinə vardım. Ancaq şikayət etdiyimiz şəxslərin bizi mühakimə edənlər arasında olduğunu gec başa düşdük.

Hər kəsi vura biləcək gücləri var

Özünü İ.İ. olaraq təqdim edən şübhəli şəxs 2004-cü ildə Dinkin öldürülməsi işini mənə təklif etdi. H.A. ilə birlikdə hərəkət edən bu şəxs Gülən hərəkatının Ankara koordinatoru və kəşfiyyat sahəsində agenti, illeqal fəaliyyətləri təşkil edəndir. Türkiyə Silahlı Qüvvələrində və kəşfiyyatda olan ciddi şəxslərlə çox yaxın əlaqələri var. H.A. isə hərbçilər arasında baş verənləri bu terror təşkilatına (Gülən hərəkatı – red) çatdıran idarəçi və təşkilatçıdır. Hətta bir dəfə Baş naziri belə öldürə biləcək gücə sahib olduqlarını demişdi.

Dink cinayətinin araşdırıldığı məhkəməyə ərizə verdim, ciddiyə almadılar. Bu cinayətin arxasındakı ciddi iradə - ABŞ-dakı erməni diasporudur. Və bu cinayəti təşkil edənlər hüquq-mühafizə orqanlarındakı Gülən terror təşkilatının üzvləri, ABŞ-da olan təşkilat lideri (Fətullah Gülən – red) və yanında olan idarə heyətidir.

“Ergenekon” istintaqının prokuroru Zəkəriyyə Öz tərəfindən ifadəm alındı. İfadəmdə bildirdim ki, Türkiyədə “Ergenekon” adlı bir terror təşkilatı nə görmüşəm, nə də eşitmişəm. Ancaq Fətullah Gülən Terror Təşkilatı adlı bir təşkilat var. Bu ifadəm protokola belə daxil edilmədi”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm