Moskva: “Ukraynanın birtərəfli addımlarını tanımırıq”
Bizi izləyin

Dünya

Moskva: “Ukraynanın birtərəfli addımlarını tanımırıq”

Moskva: “Ukraynanın birtərəfli addımlarını tanımırıq”

“Rusiya Federasiyası Ukrayna-Rusiya sərhədinin birtərəfli demarkasiyasını tanımır”.

Publika.az-ın “RİA-Novosti” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Dövlət Dumasının beynəlxalq işləri üzrə komitə sədri Aleksey Puşkov deyib.

“Biz sərhədin birtərəfli demarkasiyası barədə Ukraynanın bəyanatlarını eşidirik. Demək lazımdır ki, sərhədin birtərəfli demarkasiyası olmur. Sərhədlərin demarkasiyası üçün birgə komissiya yaradılır. Bu dövlətlər arasında ayrı bir razılaşmanın predmetidir. Bir ölkənin çəkdiyi sərhəd qanunsuzdur və heç bir hüquqi gücə malik deyil”, - komitə sədri bildirib.

Ukrayna-Rusiya sərhədinin ümumi uzunluğu 1975 kilometrdir. Ukrayna-Rusiya sərhədinin demarkasiyası üçün 2012-ci il 7 noyabrdan birgə komissiya işləyir. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası Rusiya-Ukrayna sərhədinin müdafiəsi üçün mühəndis qurğularının tikintisi barədə dünən qərar qəbul edib.

Bir neçə gün bundan əvvəl isə Dneprepetrovsk vilayəti dövlət administrasiyasının sədri İqor Kolomoyski Donetsk, Luqansk və Xarkov vilayətlərinin Rusiya ilə sərhədində divar inşa etməyi təklif edib. Divarın texniki-iqtisadi əsaslandırması barədə mühəndislik layihəsi də Ukrayna prezident administrasiyasına təqdim olunub.

İ.Kolomoyskinin sözlərinə görə, məhz “Mannergeym xətti” Finlandiyanı Stalindən xilas edib: “Ukrayna da özünü Putindən qorumaq üçün belə bir xətti tikməlidir. İsrail-Fələstin sərhədində tikilən divar da terrorçuların hücumlarını dəf etməyə imkan verir”.

Layihəyə görə, tikanlı məftillərlə təmin edilən və poladdan olan divarın 5-6 ay ərzində inşası nəzərdə tutulur. Dinc sakinlərin və heyvanların maneəsiz keçməsi üçün imkan yaradılmalıdır. Qazılan xəndəklər isə zirehli texnikanın keçməsini qeyri-mümkün etməlidir. Polad divara elektrik cərəyanı da buraxıla bilər.

İ.Kolomoyski bildirir ki, layihənin icrası Rusiyadan terrorçuların, həmçinin silah-sursatın Ukraynaya keçməsinin qarşısı alına bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm