• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD komandiri Ömər Şişaninin atası danışdı

  • Dünya
  • 11 İyul 2014 00:35
  • 3 577 Baxış
İŞİD komandiri Ömər Şişaninin atası danışdı

İraq Şam İslam Dövlətinin (İŞİD) məşhur komandiri Ömər Şişaninin atası Temur Batiraşvili BBC-nin Rusiya xidmətinə müsahibə verib.

Publika.az müsahibəni ixtisarla təqdim edir:

- Mənim oğlum Temur Batiraşvili 2007-ci ildə Gürcü ordusuna yazıldı. 2008-ci ildə Rusiyaya qarşı müharibədə iştirak etdi. Onun anası vəfat edəndə rəisləri, ordudakı dostları dəfnə gəldilər. Onun rəisi Levan Amiridze onun haqqında yazırdı: Bartiaşvili Gürcüstanı sevərək 2008-ci ildəki müharibədə əsl əsgər kimi iştirak edib.

Ortancıl oğlum Tamaz Çeçenistanda iki il müharibədə iştirak edib. Ancaq Tərxan (Tərxan Batriaşvili - Ömər Şişaninin əsl adı-red) Gürcüstan ordusuna hərbi xidmətə çağırıldı. O, çox müvəffəqiyyətlə qulluq etdi və irəli çəkilərək zabit oldu. Lakin qəfil xəstələndi, vərəm oldu, ağciyərləri sıradan çıxmışdı. Ona müalicə üçün dövlət pul verməsə də, özü müalicə olundu və yaşadı. Əməliyyatdan sonra müxtəlif yerlərdə iş sözü verdilər, lakin heç nə alınmadı. Onda böyük ehtiyacımız var idi. Əslində indi də kasıblıq çəkirik. Ancaq Tərxan sonuncu dəfə dedi ki, ata, mən Türkiyəyə gedirəm, ordan mal alıb-satacam və pul qazanacam. O getdi və paltar, ayaqqabı, yataq dəstlərini alıb Tiflisdə satmağa başladı.


- Tərxan Gürcüstanda həbsə düşmüşdü, buna səbəb nə idi?

- Onda mən burda (Birkiani - yaşadıqları yer) idim. Gecə dəhşətli səsə ayıldım, polislər idi. Onlar qalxmağımızı əmr etdilər, başladılar evi axtarmağa. Küçəyə baxdım, kəndin sonuna qədər çoxlu avtomobil var idi. Bütün kənd oyanmışdı, camaat bizə axışdı. Pilləkənlərin yanında taxt var idi. Mən gündə 20 dəfə onun yanından keçirəm. Amma polisin biri məni yanına çağırıb taxtın altından güllə dolu qutunu çıxartdı. Məndən bunun nə olduğunu soruşdu, mən cavab vermədim. Çünki bilirdim ki, bu güllələr əvvəl orda olmayıb.
Polislər bunu götürdü, paltarları, kompüteri, digər əşyaları müsadirə etdilər. Bildirdilər ki, Tərxan gələndə qaytaracaqlar. İki gün sonra məni çağırıb Tərxanı həbs etdiklərini dedilər. Ona üç il iş verdilər.


- Həbsdən çıxandan sonra Tərxan nə etdi?

- O, həbsdən çıxandan sonra əşyalarını qaytarmadılar. Təkcə tapançasını verdilər. Mənim yaddaşım zəifdir, hər şeyi yadımda saxlaya bilmirəm. Amma xatırlayıram ki, o, mənim yanıma gələrək dedi: “Ata, görünür, mən bu ölkədə heç kimə lazım deyiləm”. O vaxtdan heç kim Tərxanı burda görməyib. Bilirəm ki, o, müsəlman olub və onlarla birləşib. Mənim üç oğlum var, üçü də İslamı qəbul edib. Mən xristianam, kiçik kilsəyə gedirəm. Mənim atam, babam, ulu babam, heç biri müsəlman deyildi. Oğlanlarım isə qəfil vəhhabi oldular.

Siz bilirsiniz ki, insan ehtiyacdan hər şeyi edər. O deyir ki, inandığı üçün Suriyaya getdi, amma mən bilirəm ki, o, bunun müqabilində nəsə alıb. Amma yəqin ki, indi pul uğrunda vuruşmur.

O, ordudan tərxis olunandan sonra dindar oldu. İndi bizdə çoxları vəhhabi olub. Bilirəm ki, təbliğatla asanlıqla insanları cəlb edirlər. Mən dəfələrlə oğlanlarımla danışmaq istədim, lakin onlardan heç bir səs çıxmadı. Belə çıxır ki, mən Tərxanı, öz oğlumu heç tanımamışam.

- Sizin oğlunuz məşhur şəxs olub. Buna münasibətiniz necədir?

- Mən bu şöhrətə ehtiyac duymuram. O, evdə qalmalı idi. Heç kim aclıqdan nə vaxtsa ölməyib. Lakin ola bilsin ki, o mübarizə aparmaq, vuruşmaq üçün doğulub.

O, çox yaxşı və ağıllı oğlan idi. Mən bilmirəm bu necə baş verdi. Əgər ona iş verilmədisə, bu, Gürcüstanın səhvidir. Gürcüstan onun kimi əsgərə sahib çıxmalı idi.

- Tərxan sizinlə əlaqə yaradıbmı heç?

- O gedəndən sonra bir dəfə zəng edib. Tengiz, böyük oğlum telefonu götürdü və dedi ki, Tərxan danışmaq istəyir. O, çeçen qızı ilə evləndiyini dedi, bir qızı olub, adını Sofiya qoyublar. Üz cizgiləri mənə oxşayırmış. Məndən soruşdu ki, dua edirsənmi? Dedim, əlbəttə ki, edirəm. Bayram yaxınlaşır, şam alacağımı və övladlarım üçün yandıracağımı dedim. Mən xristian dualarını oxuyanda o, dəstəyi asdı.

Mənim oğlum, həqiqətən də, yaraşıqlı oğlan idi. İndi onun böyük saqqalı var. Mən onun həyat yoldaşını heç vaxt görməmişəm. Təkcə bilirəm ki, həyat yoldaşı Türkiyədə bir biznesmenin qızıdır. Nəvəmin şəklini görmüşəm, Tengiz telefonda mənə göstərdi.

Heç bir çıxış yolu görmürəm, bilmirəm nə edim. Üç oğlum var, üçü də vəhhabidir. Məşhər günündə nə baş verəcəyini təkcə Tanrı bilir.
Tərxan vəhhabi olandan sonra bütün fotoşəkilləri dağıtdı. Böyük ailə albomlarına baxmaq istəyəndə gördüm ki, bütün fotoları silib. Onların inancına görə, bu belə olmalıdır.

Bizim iki oğlumuz var idi. Həyat yoldaşımın sağlığında biz qız övladı istədik. Lakin Tərxan oldu. Bəlkə də, o qız olsaydı, bunlar baş verməyəcəkdi.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR