• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Ailə tapmacası: Nəvə Kərimovlara babasının snayperi niyə tuşlanmışdı?

  • Dünya
  • 19 İyul 2014 10:39
  • 1 435 Baxış
Ailə tapmacası: Nəvə Kərimovlara babasının snayperi niyə tuşlanmışdı?

Özbəkistan prezidenti İslam Kərimovun ailəsindəki qalmaqallar, xüsusilə onun qızı Gülnarə Kərimovayla bağlı baş verənlər illərdir ki, dünya mətbuatının gündəmindədir. G.Kərimovun oğlu İslam Kərimovun Londondan Rusiya telekanalına verdiyi müsahibə isə ailəni yenidən gündəmə daşıdı.

Xəbər verildiyi kimi, G.Kərimovanın atasının adını daşıyan 21 yaşlı oğlu İslam Londondan Rusiyanın REN-TV kanalı ilə əlaqə saxlayaraq müsahibə vermək istədiyini bildirib. Telekanalın əməkdaşı Marianna Maksimovskaya onunla görüşüb və Özbəkistanın hakim ailəsində ötən ilin payızından etibarən baş verən qalmaqallar barədə danışdırıb. Süjet iyunun 21-də efirə gedib. Nəvə İ.Kərimov anasının və bacısı İmanın Daşkənddə ev dustağı edildiyini təsdiqləyib, həmçinin onların həyatı üçün təhlükə olduğunu bildirib. İslam Kərimovun nəvəsi müsahibədə babasına müraciət edərək onları dinləməyə çağırıb.

Yayılan son məlumatlara görə, G.Kərimova və onunla birlikdə fevral ayından bəri ev dustaqlığında saxlanılan qızı İman qohumlarının telefon zənglərinə cavab vermir. Yaxınları hətta onu da istisna etmir ki, Gülnarə artıq həyatda yoxdur. İ.Kərimov müsahibəsində anasının sağ olmasının sübuta yetirilməsini xahiş edib.


Kiçik İslam Kərimov hesab edirdi ki, kimlərsə onun anası barədə Özbəkistan prezidentinə yanlış informasiyalar çatdıra və beləliklə də, ailədə düşmənçilik yarada bilər. Təsadüfi deyil ki, G.Kərimovanın özü də dəfələrlə anası və bacısının atasını ona qarşı qaldırdığını deyib. Həmçinin nəvə Kərimov anasının və özünün ağır metalla zəhərləndiyini də deyib.

Kərimovlar ailəsi barədə son yazı İngiltərənin “The Guardian” qəzetində dərc edilib. “Özbəkistan: Prezidentin ailəsindəki çəkişmələr və qızının yox olmasının tapmacası” başlıqlı yazının müəllifi Şaun Uokerdir.

Publika.az həmin yazını ixtisarla təqdim edir:

Özbəkistanı idarə edən ailədə baş verənləri anlamaq çox çətindir. Bu ölkənin ilk və tək prezidenti İslam Kərimov diktaturasının məxfilik səviyyəsi yalnız Şimali Koreya ilə müqayisə edilə bilər. Ancaq son aylarda ailədə baş verənlər tədricən ictimaiyyətin var-dövləti olmağa başlayıb.

Yetmiş altı yaşını qeyd edən İslam Kərimov seçkilər yaxınlaşsa da varisin adını çəkməyib. O, hələ ki ölkəni itaətkarlıq vəziyyətində saxlamağa müvəffəq olur. Və birdən-birə prezidentin Böyük Britaniyada yaşayan nəvəsi fikirlərini açıq şəkildə bölüşdü. O, anası və bacısından təhlükəsizliyi üçün narahat olduğunu dilə gətirdi. Oksford Universitetinin ikinci kurs tələbəsi olan balaca İslam biznes və hüquq ixtisası üzrə təhsil alır.

Dekabr ayında “The Guardian” qəzetinə danışan G.Kərimova bildirmişdi ki, anası ilə bacısı atasının ona qarşı hərəkət etməsi üçün razılığa gəliblər. Fevral ayında isə “Tvitter” hesabında hakimiyyətin zirvəsində və ailədə narahatlıq olduğunu bildirmiş və bu onun ətraf aləmlə əlaqəsinə son qoymuşdu. Daim qərbsayağı tədbirlərdə iştirak edən G.Kərimova ümumiyyətlə yoxa çıxdı. Şayiələr dolaşdı ki, prezident İsveçrədə ailə üzvlərinin şəbəkəsi barədə aparılan araşdırmadan qəzəblənib və buna görə məsuliyyəti böyük qızının üzərinə qoyur.

Nəvə Kərimovun iddiasına görə, anası və bacısı ev dustaqlığındadır. İ.Kərimovun bacısı Britaniya məktəbində təhsil alırdı. İndi isə o, Britaniyaya qayıda və təhsilini davam etdirə bilmir. Onun sözlərinə görə, axırıncı dəfə martda anası ilə əlaqə saxlaya bilib. İslam yalnız anonim nömrələrdən bir neçə dəfə mesaj aldığını bildirib.

O, müsahibəsində sözləri diqqətlə seçir və “müəyyən insanları” ittiham edirdi. Kiçik Kərimovun sözlərinə görə, dekabr ayının ortalarında Britaniya universitetində birinci semestri bitirərək Daşkəndə yola düşüb. O, həmişə öz ad gününü 22 dekabrda ailəsi, həmçinin dövlət başçısı ilə birlikdə keçirir. Ancaq silahlı insanlar onu və bacısını bu dəfə prezident iqamətgahına buraxmadılar. Bundan əvvəl isə İ.Kərimovun avtomobili mühafizə postunda saxlanılmışdı. Yarı yolda isə nənəsinin baş mühafizəçisi ona və bacısına xəbərdarlıq etdi ki, təcili olaraq qayıtmağa məcburdur. Onlara yoluna davam edəcəyi halda snayperlə vurula biləcəyi barədə xəbərdarlıq olunub.

Nəhayət, yanvarın 2-də onlara xəbər verdilər ki, prezident gözdən düşmüş qızı ilə görüşməyə hazırdır. Kiçik Kərimov və anası vəziyyəti düzəltmək üçün prezidentlə görüşə yola düşüb. Görüşdə prezidentin xanımı Tatyana Kərimova da iştirak edirdi.

“O vaxt biz sonuncu dəfə görüşürdük. Biz vəziyyəti təfərrüatı ilə izah etməyə çalışırdıq ki, əslində nə baş verir, amma sözümüzü kəsdilər. Bu yüksək səs, göz yaşları və mübahisələrlə dolu emosional görüş idi”, - nəvə Kərimov bildirib.

Onun Böyük Britaniyaya qayıtmasından sonra anası ilə birlikdə onlarla insan həbs edildi. Xüsusi xidmət orqanları kiçik Kərimovun dörd mühafizəçisini saxladılar.

Mart ayında BBC-nin müxbiri G.Kərimovun əlliyə yaxın mesajını almışdı. Gülnarə ona qarşı qəddar rəftardan danışırdı. “Mən güclü psixoloji təzyiq altındayam, məni vururlar”, - mesajlardan birində deyilirdi.

Ölkədə gələn il növbəti prezident seçkiləri keçməlidir. Xəstələnən Kərimovun varisi olmadığı üçün müxtəlif qruplaşmalar hakimiyyət uğrunda gizli mübarizəyə qoşulub. Hərçənd Kərimova özünü atanın təbii varisi olaraq görürdü. Amma onun böyük biznes-imperiyası ailə üzvləri üçün böyük təhlükəni təqdim edirdi. G.Kərimova dekabr ayında “The Guardian” qəzetinə müsahibəsində ona qarşı ölkənin xüsusi xidmət orqanlarının sui-qəsd cəhdinin olduğunu bildirmişdi.

“Mən anlamaqda çətinlik çəkirəm ki, bu günə qədər sənə yaxın olan insanlar xəyanət edə bilərlər. Amma hər şey dəyişir, hər şey pul, siyasətə və ya hakimiyyətə aiddir. Paxıllıq və qısqanclıq həmişə sülhə maneədir, hətta ailənin daxilində”, - G.Kərimova deyirdi.

G.Kərimovanın bacısı Lola Özbəkistanın YUNESKO-dakı daimi nümayəndəsidir və Cenevrədə yaşayır.

Prezident İslam Kərimov reallıqdan uzaqlaşıb. O, nadir hallarda səyahət edir. Özü də keçmiş sovet respublikalarına. O, heç vaxt jurnalistlərin suallarına cavab vermir. Vaşinqton və başqa paytaxtlarda Əfqanıstanla sərhəd olan respublikanın strateji əhəmiyyəti qiymətləndirilir. Bu isə Özbəkistanın sui-istifadəsinə Qərbin gözlərini bağlayır. Özbəkistanın əhalisinin əksəriyyəti yoxsul yaşayır, korrupsiya çiçəklənir və pambıqçılıqda uşaq əməyindən kütləvi şəkildə istifadə olunur. Ötən il prezident nadir çıxışlarından birində Rusiyaya qazanc dalınca gedən əmək miqrantlarını sərt tənqid etdi və vətənində iş axtarmayanları tənbəl adlandırdı.

SSRİ-nin dağılmasından sonra Orta Asiya respublikaları xanlıqları və ya XIX əsrin əmirliklərini yada salır. Xüsusilə, Özbəkistan timsalında. Prezident Kərimovun qızları Gülnarə və Lola arasında düşmənçilik artıq 15 ildən çoxdur ki davam edir.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR