• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İranın ali lideri kütləvi amnistiya elan etdi

  • Dünya
  • 27 İyul 2014 15:48
  • 347 Baxış
İranın ali lideri kütləvi amnistiya elan etdi

İranın ali lideri Ayətullah Əli Xamenei "Fitr" bayramı (Ramazan bayramı) münasibətilə amnistiya elan edib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi məlumat verir.

İranın Məhkəmə Sisteminin rəhbəri Sadiq Amoli Laricani "Fitr" bayramı münasibətilə ali liderə məktubla müraciət edib. Müraciətdə bir sıra siyasi, hərbi və mülki cinayətlərə görə amnistiya elan edilməsini istəyib və ali lider bu haqda fərman imzalayıb.

Məlumata əsasən, amnistiya qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Bir ildən beş ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzaları yarıyadək azaldılıb. Beş ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının üçdə bir hissəsi bağışlanıb. 15 ildən artıq müddətə azadlıqdan məhrum edimiş şəxslər 10 il müddətində həbsdə qalıblarsa və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər 15 il müddətində həbsdə qalıbsa, cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar. Himayəsində azyaşlı uşaqlar olan məhbus qadınlar cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Sağalmaz və yolxucu xəstəliklərdən əziyyət çəkən məhkumlar da amnistiya qərarı ilə bağışlanıblar.

Pul cəriməsi və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 18 yaşdan aşağı olan yeniyetmələr, yaşı 65-dən çox olan kişi və 55-dən artıq olan qadın məhkumlar da cəzadan azad olunublar.

Borcu ödəmədiyi üçün məhkum olunmuşlar və 6 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxslərə də amnistiya tətbiq olunaraq cəzadan azad ediliblər.

Amnistiya qərarı ilk dəfə cinayət törədərək ömürlük azadlıqdan məhrum edilmiş şəxslərə də şamil edilib.

Amnistiya qərarı bundan öncə əfv siyahısında olmuş və yenidən cinayət törədərək həbs olmuş şəxslərə, silahlı basqın, silah və narkotik qaçaqmalçılığı, vətənə xəyanət, milli təhlükəsizlik əleyhinə, adam oğurluğu, zorlama, insan alveri, külli miqdarda dələduzluq, pul və qiymətli kağızların saxtakarlığı, spirtli içkilərlə bağlı cinayətləri törətmiş şəxslərə şamil olunmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR