• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Amerikanın İŞİD-i vurması onları daha da gücləndirəcək

  • Dünya
  • 11 Avqust 2014 08:27
  • 699 Baxış
Amerikanın İŞİD-i vurması onları daha da gücləndirəcək

The Washington Post” qəzetinin bugünkü sayında ABŞ-ın İslam Şam İraq Dövləti (İŞİD) adlanan terrorçulara hücumundan sonra yaranmış vəziyyətlə bağlı araşdırmaların nəticəsi barədə geniş məlumat verilib. Amerika rəsmilərinə istinad edən qəzet bildirir ki, İŞİD-ə qoşulmaq üçün onların nəzarətində olan ərazilərə digər terrorçu qruplardan kütləvi axın başlayıb.

Yəmən və Afrikada “əl-Qaidə”dən qopmuş qruplar onun rəqibi kimi ortaya çıxmış İŞİD-ə birləşməyə can atırlar. Bu barədə ABŞ kəşfiyyat orqanlarında səhih məlumatlar var. Terror üzrə mütəxəssislər qəzetə bildirib ki, Amerikanın qırıcı uçaqlar vasitəsi ilə İŞİD-i vurması bu təşkilatı daha da gücləndirə bilər. Cihad arzusunda olanları ABŞ-a qarşı nifrət hissi bir araya gətirir. Üstəlik, İŞİD-in son zamanlar əldə etdiyi qələbələr digər terrorçular üçün də son dərəcə cəlbedici görünür.

İŞİD eyni zamanda müxtəlif istiqamətlərdəki məntəqələrə o qədər sürətli və qəfil hücumlar təşkil edir ki, İraq hökuməti bu hücumlara cavab verməyə belə macal tapmır. Ona görə də İŞİD həm psixoloji, həm də taktiki baxımdan ciddi üstünlüklərə malikdir. Həm də İŞİD Suriya prezidenti Bəşər Əsədə qarşı müharibədə xeyli təcrübə eldə edib. Amerika İraqda olarkən onlara qarşı da silahlı mübarizə aparıb. İŞİD-in keçirdiyi qanlı reydlər, girovlara görə qanpulu alınması onların silaha və nağd pulla olan ehtiyacını artıqlaması ilə ödədi. Digər tərəfdən də sünni olub, İraq təhlükəsizlik orqanlarında çalışan insanların bir çoxu İraqın şiə hökumətinin apardığı ayrı-seçkilik siyasətinə etiraz olaraq İŞİD-ə qoşulur.

İŞİD-in bir sıra əməliyyatları impulsiv xarakter daşısa da onlar terror aktlarını “əl-Qaidə”dən daha bacarıqla həyata keçirirlər.

“CIA” Amerika kəşfiyyat xidmətinin anti-terror analitikləri xatırladırlar ki, ABŞ Əfqanıstanda “əl-Qaidə”yə qarşı hərbi əməliyyatları genişləndirdikdən sonra bu təşkilata axın daha da gücləndi. Və “əl-Qaidə”nin əhatə dairəsi daha da geniş oldu. Bəs indi necə olacaq? Adının açıqlanmasını istəməyən ABŞ rəsmilərindən bir “The Washington Post” a bildirib ki, eyni tendensiyanın baş verəcəyi gözlənilir.

ABŞ rəsmiləri onu da bildirirlər ki, indiyə qədər bütün imkanlarını İslam Dövləti adlı xilafəti yaratmağa cəmləmiş İŞİD Amerikanın nişangahına çevrildikdən sonra nəzarət etdiyi ərazilərdən çox-çox uzaqlarda olan yerlərdə ABŞ və onun müttəfiqlərinə qarşı terror əməliyyatları keçirə bilər.

Hazırda cihad qruplaşmalarına daxil olanlar “Shumukh al-İslam” kimi online sosial şəbəkələrdə bir araya gələrək, hamını ABŞ-a qarşı birləşməyə çağırırlar. Hər yerdə Amerikaya və onun “cinayətkar əsgərlərinə qarşı vuruşmağa” səsləyirlər.

Qəzet yazır ki, “əl-Qaidə”dən kənarda qalmış xeyli terrorçu qruplar var. Onlar da İŞİD-ə qoşulmağa maraq göstərirlər.

Amerika rəsmiləri bildiriblər ki, onların hesablamasına görə, İŞİD-in sıralarında 10 min döyüşçü var. Onların 3-5 min nəfəri Suriya və İraq əsillidir.

ABŞ Milli Kəşfiyyat idarəsinin direktoru Ceymis Klapper deyib ki, İŞİD-in ABŞ-a qarşı törətdiyi hər hansı bir terror əməli indiyə kimi qeydə alınmayıb. Amma bu istisna da edilmir.

Qəzet yazır ki, Floridada yaşayan Amerika vətəndaşı Moner Məhəmməd bir neçə dəfə Suriyada olub. Orada terrorçu qruplar tərəfindən təlimlər keçib. Sonra yenidən ABŞ-a qayıdıb. Bir müddət sonra isə Suriyaya dönərək orada üzərində olan bombanı partlatmaqla terror aktı həyata keçirib. Düzdür, o, İŞİD-lə əlaqədə olmayıb. Ancaq İŞİD-lə əlaqədə olan Amerika əsilli onlarla terrorçu var.

Məqalədə deyilir ki, İŞİD bu ilin əvvəllərinə qədər “əl-Qaidə”nin bir qolu kimi fəaliyyət göstərib. Ancaq onlar bir sıra hərəkətlərdən dolayı, o cümlədən mülki vətəndaşlara divan tutduqlarına görə “əl-Qaid”ə ilə münaqişəyə gediblər. Digər səbəb isə odur ki, “əl-Qaidə” Suriyadakı anti-Əsəd davasından İŞİD-i kənarlaşdırmaq istəyirdi. İŞİD isə təlimata uyğun olaraq öz yerini “əl-Nusra”ya vermək istəmədi. Bu ziddiyyətlər İŞİD-i “əl-Qaidə”dən ayırdı...

Bu ayrılıqdan sonra İŞİD ağlasığmaz uğurlar qazandı. İndi onun ordusu, nağd pulu, ərazisi və heyrət doğuran reytinqi var.

Xilafət yaratmaqla isə Əbu Bəkir Bağdadi 2006-cı ildə Amerikanın qətlə yetirdiyi Abu Musab əl-Zaqravin ən böyük arzusunu həyata keçirdi. Qeyd olunur ki, Əbu Bəkir Bağdadi məhz o vaxt bu şəxsin yerinə keçərək “İraq əl-Qaidə”si kimi tanınan qrupa rəhbərlik etdi. Və zamanı gəldikdə böyük məharətlə “əl-Qaidə”dən ayrıla bildi.

İŞİD-in manevir etməkdə çevikliyinə indi “əl-Qaidə”də həsəd aparır...

musavat.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR