Obama İŞİD-ə necə qalib gələ bilər? – Analiz
Bizi izləyin

Dünya

Obama İŞİD-ə necə qalib gələ bilər? – Analiz

ABŞ prezidenti Barak Obamanın İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı mübarizə planını açıqlaması gözlənilir.

Publika.az “BBC Türkcə”yə istinadən Tara McKelveyin analizini təqdim edir:

İŞİD, hələ ki, ABŞ-i birbaşa hədəfə götürməmişdən və ABŞ-lı jurnalistlər Ceyms Foley ilə Steven Sotloffun başları kəsərək öldürməmişdən əvvəl Amerika prezidenti bu terror təşkilatını “həvəskarlardan ibarət komanda” adlandırmışdı.

Amma təşkilatın vəhşi üsulları artıq Obamanı da artıqlaması ilə narahat edir.

Obama “NBC” kanalına verdiyi müsahibəsində vəziyyəti bu cür izah etmişdi: “Vəhşiliklər yalnız iki ABŞ-lı jurnalistin öldürülməsindən ibarət deyil. Minlərlə məsum iraqlının necə qətlə yetirildiyinə də şahid olduq”.

Təmkinli strategiyadır

Obama ABŞ-ın İŞİD-ə sərt cavab verəcəyinə və təşkilatın hərbi balansını azaltmağa söz verir. Yəni “İŞİD-in nəzarətində olan torpaqların getdikcə azalmasını təmin edəcəyik və axırda da onları tamamilə məğlubiyyətə uğradacağıq” deyir.

Amma Obama bu hədəflərinə necə çatacağını dəqiqləşdirməzdən əvvəl konqres üzvləri ilə görüşəcək.

ABŞ Konqresində isə təmkinli davranmağa ehtiyac olduğu düşünülür.

Konqresin xarici komitəsində işləyən demokrat senator Gerald Connolly deyir: “Obama hakimiyyətinin diqqətlə davranması doğru seçimdir. Çünki nəticədə İŞİD təhdidini bir gecədə məhv etməyəcəyik”.

İŞİD-lə mübarizə məsələsində NATO da ABŞ-ın arxasındadır. Obama keçən həftəki NATO zirvəsindən sonra “bütün beynəlxalq qüvvələr bu məsələnin tezliklə həll olunmayacağını düşünürlər” demişdi.

İndiyədək ABŞ İŞİD-ə qarşı 130 hava hücumu həyata keçirib. Bu əməliyyatların hədəfi həm ABŞ vətəndaşlarının təhlükəsizliyini təmin etmək, həm də bölgədəki etnik azlıqları İŞİD təhdidindən qorumaq idi.

Gələcək həftələrdə və aylarda hücumların intensivləşdiyini görə bilərik.

Suriyadakı əməliyyatlarla isə İŞİD-in beyin mərkəzi məhv edilə bilər.

Əvvəllər Obama hökumətində müdafiə sözçüsü olmuş, indi isə Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində işləyən Sam Brannen hədəfləri lazerlə nişan alan raketlərlə Suriyada şərqində əməliyyatların həyata keçirilə biləcəyini deyir.

Branner əlavəsində bildirib: “Hədəfləri təyin etmək çox vaxt apara bilər. Çünki tez-tez yer dəyişdirən kiçik qruplardan bəhs edirik”.

Kəşfiyyat zəifliyi

İŞİD-in içərisinə sızmaq çox çətin məsələdir. Təşkilat içərisindəkilər də xaricə çox məlumat sızdırmır.

ABŞ-dakı Yaxın Şərq Siyasəti araşdırma mərkəzinin analitiki Endrü Tabler “kəşfiyyat baxımında məsələ o qədər də ürəkaçan deyil” deyir.

Hər şey qaydasında olsa belə, ABŞ-ın İŞİD-lə mübarizəsi çox çətin olacaq. Suriyada İŞİD liderləri öldürülsə, təşkilatın mərkəzi İordaniyaya keçirilə bilər.

Həmçinin ABŞ-ın hava hücumlarının nəticəsində Suriya prezidenti Bəşər Əsədin prestijli bir vəziyyətə gəlməsi Vaşintqonun bəyənmədiyi bir nəticədir.

İŞİD-ə qarşı dəqiq nəticə əldə etmək olduqca çətin görünür.

Sam Brannen deyir: “İnsanlar müharibələrdən dəqiq nəticə gözləyir. Ya qalib gələrsən, ya da məğlub olarsan. Amma vəziyyət, xüsusən də qeyri-bərabər müharibələrdə heç də bu cür olmur. Bu müharibənin məqsədi İŞİD-i kifayət qədər gücsüzləşdirmək olacaq”.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm