Yüz ilin ən böyük faciəsi: 2004-cü il sunamisindən 10 il keçir – VİDEO/FOTOLAR
Bizi izləyin

Dünya

Yüz ilin ən böyük faciəsi: 2004-cü il sunamisindən 10 il keçir – VİDEO/FOTOLAR

Bu gün bütün dünya 2004-cü ildə baş vermiş dəhşətli sunamini yad edir. Cənubi Asiyanın sunamidən zərər çəkən ölkələrində - İndoneziya, Hindistan, Şri-Lanka, Tailand və digər ölkələrdə keçirilən tədbirlərdə dövlət məmurları, diplomatlar və həlak olanların yaxınları iştirak edirlər.

10 il əvvəl Hind okeanında baş vermiş və gücü 9,1-9,3 bal təşkil etmiş zəlzələ müasir tarixin ən məhvedici təbii fəlakətlərindən biri kimi yadda qalan sunamiyə səbəb oldu. Zəlzələnin episentri Sumatra adasının şimal-şərq sahilləri yaxınlığında qeydə alındı. Zəlzələdən sonra yaranmış sunami İndoneziya, Şri-Lanka, Hindistan və Tailand sahillərinə qədər çatdı. Dalğaların hündürlüyü 15 metrdən çox idi.

Zəlzələ Yeni Zelandiyanın Oklend adalarının qərb sahillərinə yaxın və Avstraliyanın Makkuori adasının şimal sahili yaxınlığında 8,1 bal gücündə qeydə alınmış zəlzələdən 3 gün sonra baş vermişdi. Bu hadisənin qeyri-adiliyi isə ondan ibarət idi ki, alimlərin müşahidələrinə əsasən, 8 bal və daha güclü zəlzələlər, orta hesabla, ildə bir dəfə baş verir.

Hind okeanında baş vermiş zəlzələ nəticəsində yerin təkindən ixrac olunan enerjinin gücü təxminən, 2 ekocoul idi. Bu enerji Yer planetinin hər bir sakini üçün 150 litr su qaynadılmasına kifayətdir. Zəlzələ bütün planetə təsir etdi və hətta ABŞ-da 3 millimetr vertikal tərpənmələr qeydə alındı.

Zəlzələ və sunami arasında bir neçə saat fərq olmasına baxmayaraq, fəlakət tam gözlənilməz şəkildə baş verdi. Hind okeanında sunaminin qeydə alınması sistemi və ən əsası, sahilboyu ərazilərdə yaşayan əhalinin ümumi xəbərdar edilməsi sistemi olmadığından, minlərlə insan fəlakət qarşısında aciz qaldı. Zəlzələ və onun nəticəsində baş vermiş sunami cənub-şərqi Asiya, xüsusilə, İndoneziya, Maldiv adaları, Myanma, Malayziya və Tailanda ciddi zərər vurdu. Sunami nəticəsində, təxminən, 225 mindən 300 minə qədər insan həlak oldu. Həlak olanların dəqiq sayı məlum deyil, çünki cəsədlərin bir hissəsi okean sularına qərq olub.

Sunamidən ən çox İndoneziya zərər çəkdi. Sunaminin nəticələri xüsusilə Açex vilayətində daha dağıdıcı oldu. Hadisənin on illiyi ilə bağlı keçirilən tədbirdə ölkənin vitse-prezidenti Yusif Kalla iki uşağını sunami nəticəsində itirdiyini, onların bu günə qədər harada dəfn edildiyini bilmədiyini deyib.

Şri-Lankada dünya tarixində ən böyük dəmiryol qəzası baş verib. Sunami dalğası sahildən 200 metr aralıda hərəkət edən sərnişin qatarını vurub. Bu faciə, müxtəlif qiymətlərdirmələrə görə, 1700-dən 2000-ə qədər insan həyatına son qoyub. Ümumilikdə isə təbii faciə nəticəsində Şri-Lankada 40 mindən çox insan həlak olub.

Tailandda sunami qurbanlarının sayı 10 mindən çox olub, 3 min insan indiyə qədər itkin hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm