“Qaribaşvili yaxın günlərdə geri çəkiləcək” - PROQNOZ
Bizi izləyin

Dünya

“Qaribaşvili yaxın günlərdə geri çəkiləcək” - PROQNOZ

Gürcüstanın baş naziri İrakli Qaribaşvili “Gürcü arzusu” koalisiyasının qərarı ilə postunu tərk edə bilər.

Publika.az Gürcüstan mediasına istinadən xəbər verir ki, bu barədə Müstəqil Ekspertlər Klubunun rəhbəri, politoloq Soso Siskarişvili bildirib.

Xəbər verildiyi kimi, Gürcüstanın gənclər və idman naziri Levan Kipianinin dünən istefa verməsindən sonra hökumət tam tərkibdə istefaya gedib. Aprelin 28-də isə təbii resurslar və ətraf mühitin qorunması naziri Elqudja Xokrişvili istefa verib. Levan Kipianinin istefası ilə hazırkı hökumətdə istefa verən nazirlərin sayı 7-yə çatıb. Gürcüstan Konstitusiyasına əsasən, nazirlərdən üçdə biri istefa verdiyi halda, hökumət tam tərkibdə istefa verməli və parlamentdən yenidən etimad rəyi almalıdır.

Soso Siskarişvili hesab edir ki, hökumətin tərkibinin üçdə birinin dəyişməsi İrakli Qaribaşvilinin tutduğu postdan uzaqlaşması üçün əsas ola bilər: “Qaribaşvili həmişə bütün nazirləri tərifləyir. Amma belə bir sual ortaya çıxır ki, öz işlərinin öhdəsindən əla gələn nazirlər niyə istefa verirlər?”

Gürcüstanın Avropa dəyərləri İnstitutun rəhbəri Xatuna Laqazidze isə bildirib ki, İrakli Qaribaşvilinin bir neçə ay ərzində baş nazir vəzifəsindən mütləq geri çəkiləcəyini gözləyir: “Bunun yaxın günlərdə baş verəcəyi də ehtimal edilir. Düşünürəm ki, onun namizədliyi baş nazir vəzifəsinə yenidən irəli sürülməyəcək”.

Seçki Tədqiqatları və Beynəlxalq Təhlükəsizlik Mərkəzinin rəhbəri Nika Çitadze hesab edir ki, nazirlərin istefası hakimiyyət böhranının göstəricisidir. Onun fikrincə, dəyişikliklər güc strukturlarına toxunmayacaq. Mərkəzin rəhbəri İrakli Qaribaşvilinin də baş nazir vəzifəsində qalacağını düşünür. “Əgər o, geri çəkilsə, bu hökumətin lazımi səviyyədə işləmədiyini göstərəcək”, - Çitadze deyib.

Levan Kipiani və Elqudja Xokrişvilidən əvvəl müdafiə naziri İrakli Alasaniya, xarici işlər naziri Maya Pandjikidze, Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Aleksi Petriaşvili, regional inkişaf naziri Aleksandr Çikaidze və daxili işlər naziri David Şavliaşvili istefa verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm