Kreml və Ağ Ev Əsədin qələmini qırdı - Razılaşma
Bizi izləyin

Dünya

Kreml və Ağ Ev Əsədin qələmini qırdı - Razılaşma

Rusiya və ABŞ Suriya prezidenti Bəşər Əsədin devrilməsi variantlarını müzakirə etməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Times” nəşri ABŞ kəşfiyyatındakı mənbəyə istinadən iddia edir.

Kəşfiyyat hesab edir ki, müxalifətin son vaxtlar qazandığı hərbi qələbələr Əsədi 2011-ci ildən bu yana ən zəif vəziyyətə salıb. Ötən həftə ABŞ-ın dövlət katibi Con Kerrinin Soçidə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşündə də əsas müzakirə mövzularından biri Əsədin gələcək taleyi olub.

“Moskva Əsədə verdiyi dəstəkdən imtina etməyə hazır deyildi. Ancaq anlamaq olar ki, hər iki tərəf döyüş hərəkətlərinin əsas mərhələyə daxil olduğunu qəbul edib. ABŞ və Rusiya Əsədin gedişindən sonrakı keçid dövrünü müzakirə etməyin lazım olduğunu düşünür”, - məqalədə deyilir.

ABŞ kəşfiyyatındakı anonim mənbə qeyd edib ki, əgər Əsədin vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, Moskva və Tehran ona verdiyi dəstəklə bağlı yekun qərar verməli olacaq. Kerri və Lavrovun Soçidəki görüşü ilə bağlı danışan Dövlət Departamentindəki mənbə bildirib ki, həmkarlar ən yaxın həftələrdə danışıqlarını davam etdirəcək. Onun sözlərinə görə, Vaşinqton və Moskva Suriyada hakimiyyətin siyasi keçidinə böyük diqqət ayıracaqlar.

Ancaq kəşfiyyat əməkdaşı əlavə edib ki, rejimin müttəfiqləri olan İran və Livan “Hizbullah”ı Əsəd rejiminin devrilməsinin qarşısını almaq üçün əvvəlki kimi dəstəyini davam etdirirlər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm