• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir

Orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir

Bu ilin mart ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,3 faizini və ya 4 milyon 772,4 min nəfərini qadınlar təşkil edib.

Publika.Az Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, qadınların 57,3 faizi nəsilvermə qabiliyyətinə malikdir. Orta hesabla hər 10 qadın dünyaya 22 uşaq gətirir. Ötən il doğulmuş 172,7 min körpənin 46,4 faizini qızlar təşkil etmişdir.

Dövlətin daim diqqət mərkəzində saxladığı ən mühüm məsələlərdən biri də qadınların sağlamlığının qorunmasıdır. Hazırda ölkədə 22 doğum evi, 152 qadın məsləhətxanası, 275 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur və qadınlar arasında gözlənilən ömür uzunluğu kişilərdən 5,3 yaş yüksək olaraq 76,6 yaşa bərabərdir.

Ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edən Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi 48,8 faizdir. Ümumi təhsil müəssisələrində müəllimlərin 76,2 faizi, orta ixtisas təhsil müəssisələrində 77,5 faizi, ali təhsil müəssisələrində 47,2 faizi, həkimlərin isə 64,4 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,0 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 67,1 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,4 faizi qızlardır.

Elmin inkişafında da qadınların müstəsna rolu vardır. Doktorantların 49,2 faizini, bütün elmi işçilərin isə 51,2 faizini qadınlar təşkil edir. Son 5 ildə tədqiqat və işləmələrlə məşğul olanlardan elmlər doktoru dərəcəsi olan qadınların sayı 1,8 dəfə, fəlsəfə elmləri doktoru dərəcəsi olan qadınların sayı isə 1,6 dəfə artmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvlərindən 11-i, akademiklərdən 3-ü qadındır.

Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,0 faiz, sahibkarlar arasında isə 17,0 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,7 faizi qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır.

Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkə Parlamentində qadınların xüsusi çəkisi 16,0 faizə çatıb. Bələdiyyə üzvü seçilmiş qadınların sayı əvvəlki seçkilərə nisbətən son bələdiyyə seçkilərində 5 dəfə artaraq 4194 nəfərə çatmış və bələdiyyə üzvləri arasında onların xüsusi çəkisi 26,1 faiz olub. Əvvəlki bələdiyyə seçkilərində bu göstərici 4,0 faiz təşkil edib.

Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, 2005-ci ildə onların sayı 2285 nəfər olduğu halda, 2013-cü ildə 11166 nəfərə çatıb.

Beləliklə, Azərbaycan qadınları cəmiyyətimizin tam hüquqlu üzvləri kimi ölkənin sosial, iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Leyla

Xəbər lenti

DAHA ÇOX XƏBƏR