Diş həkimini türməyə salan sevginin TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

Diş həkimini türməyə salan sevginin TƏFƏRRÜATI

Naftalan şəhərində diş həkimi işləyən Rasif Məmmədzadə uzun müddət sevdiyi 24 yaşlı musiqi müəlliməsi Lalə Paşayevanı qaçırıb başını bəlaya salıb.

Publika.az xəbər verir ki, Rasif Məmmədzadəyə bu işdə Bəylər Əlizadə və Mehdi Məmmədzadə köməklik edib.

Avtobusa minən qız izləndi

Cinayət hadisəsi 27 mart 2014-cil tarixdə, saat 17-00 radələrində baş verib. Rasif Bəylər Əlizadənin idarə etdiyi atasına məxsus “Mercedes benz-200” markalı avtomobillə Lalə Paşayevanın müəllimə işlədiyi Goranboy rayonu Qızılhacılı kəndində yerləşən Uşaq Musiqi Məktəbinin yanına gəlib.

Onlar orada gizlənərək Lalə Paşayevanı gözləyiblər. Saat 17.00-da Lalə Paşayeva musiqi məktəbindən çıxaraq Naftalan şəhərinə gedən avtobusa minib. Bəylər Əlizadə də həmin avtobusu təqib edib.

Qaçırılan qızı yerdə sürüdülər

Lalə Naftalan şəhər avtovağzalının yanında avtobusdan düşüb yolu keçərkən Bəylər Əlizadə idarə etdiyi avtomobili Lalə Paşayevanın qənşərinə sürüb. Avtomobildən düşən Rasif və Mehdi isə Laləyə yaxınlaşıblar.

Onları görən Lalə qaçmaq istəyənə ayaqları dolaşaraq yıxılıb. Fürsətdən istifadə edən Mehdi ilə Rasif Lalənin ayaqlarından tutaraq sürüyə-sürüyə gətirib zorla avtomobilə mindiriblər.

Musiqi müəllimini qaçıranlar paytaxtda həbs edilib

Onlar Lalə Paşayevanı Bərdə rayonunun Yeni Daşkənd kəndinə gətiriblər. Əvvəlcə qızı Ruslan Canbaxışovun, sonra İlkin Məmmədovun evində gizlədiblər. Martın 28-də isə gecə ilə Laləni Mehdi Məmmədzadənin yaşadığı Bakı şəhəri, X.Mustafayev küsəsi 145 saylı evə gətiriblər.

Lalə Paşayevanın valideynlərinin şikayəti əsasında əməliyyat hazırlayan polis əməkdaşları qızın paytaxtda zorla saxlanıldığı yeri müəyyən ediblər. Martın 28-də isə qızı xilas edərək valideynlərinə təhvil veribər. Lalə Paşayevanı qaçırmaqda şübhəli bilinənlər isə həbs edilib.

“Diş həkimi tərəfindən sevilməyimdən xəbərim olmayıb”

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma) maddəsi ilə ittiham ediliblər. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Lalə Paşayeva diş həkiminin onu sevməsindən xəbəri olmadığını, bununla belə “Məcnun” həkimdən şikayətçi olmadığını deyib.

“Laləni evlənmək məqsədilə qaçırmışam”

Təqsirləndirilən Rasif Məmmədzadə isə bir neçə ildir Lalənin dərdindən dəli-divanə olduğunu söyləyib. Onun sözlərinə görə, Lalə Paşayevanı qaçırarkən ona xəsarət yetirmək niyyətləri olmayıb: “Mən Laləni evlənmək, onunla ailə qurmaq məqsədilə qaçırmışam”.

Məhkəmə şahid ifadələrini dinləyəndən sonra hökm elan edib. Məhkəmənin hökmü ilə Rasif Məmmədzadə və Bəylər Əlizadə 2 il, Mehdi Məmmədzadə isə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdən narazı qalan müdafiə tərəfi apelyasiya şikayəti veriblər. Onların şikayətləri baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Məhkəmə şikayətini qismən təmin edib. Rasif Məmmədzadə və Bəylər Əlizadənin cəzası 1 il 10 günə, Mehdi Məmmədzadənin cəzası isə 1 ilə endirilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm