Yaşayan canlı əfsanə–Ronaldinyo – FOTOLAR
Bizi izləyin

İdman

Yaşayan canlı əfsanə–Ronaldinyo – FOTOLAR

Bütün zamanların ən böyük futbol ustalarından biri olan Ronaldinyonun əsl adı Ronaldo de Assis Moreiradır. Lakin o daha çox Ronaldinyo və ya Ronaldinyo Gaucho olaraq tanınır. Ronaldinyo portuqal dilində “Balaca Ronaldo” mənasını verir. Bu ləqəb Ronaldinyonun uşaq yaşlarından Ronaldoya pərəstişi ilə bağlıdır. Gaucho isə Rio Grande do Sul bölgəsində futbolçulara verilən “xoşbəxt” mənasını verir.


Faciədən sonrakı xoşbəxtlik

Ronaldinyo 21 mart 1980-ci ildə Brazilyanın Porto Alegre şəhərində futbolu sevən bir ailənin uşağı olaraq dünyaya göz açıb. Uşaq yaşlarında çox kasıb bir həyat yaşayıb. Ailəsini dolandırmaq üçün “Gremio Football Portoalegrense” adlı avtodayanacaqda işləyən atası Joao Da Silva Moreira çalışdığı evlərdən birinin hovuzunda elektrik bağlantısını düzəldərkən həyatını itirib. Bu faciə baş verəndə Ronaldinyo 8 yaşında idi. Atasının ölümü balaca Ronaldinyonun həyatında böyük bir boşluq yaratdı, ancaq o, mübarizə aparmaqdan qorxmadı və ayaqda qalmağı bacardı.

Qardaşı Asiss ailəyə yardım edirdi. Həm işləyir, həm də həvəskar bir futbol komandasında fəaliyyət göstərirdi. Digər qardaşı Roberto da futbola olduqca maraq göstərirdi, amma ayağında yaranan ciddi problem onu futboldan uzaqlaşdırır.

Qardaşı Assisi özünə örnək alan Ronaldinyo futbola maraq göstərir və ilk olaraq mini futbola addım atır. Olduqca yaxşı futbolçu olan Ronaldinyo qısa zamanda şəhərdə tanınmağa və sevilməyə başladı. Qardaşının da burada oynaması onu daha da sevindirirdi, ancaq Assisin qəfil zədələnməsi onun ehtiyatda qalmasına səbəb oldu. Daha sonra Assis Ronaldinyonun meneceri oldu. Brazilyalı gənclərin 99 faizinin də etdiyi kimi: “Futbolda pul qazanmanın və ailə dolandırmağın ən vacib yollarından biri olan yaşıl meydanda hər kəs Ronaldinyo qədər şanslı ola bilməz”.

Hələ 14 yaşında nə qədər böyük bir istedad olduğunu əvvəl ailəsinə və sonra isə azarkeşlərə göstərən Ronaldinyo qardaşının da köməyi ilə “Qremio” futbol təlim-məşq düşərgəsində oynamağa başladı. Klubla Ronaldinyo arasında heç bir anlaşma yox idi, amma qısa zamanda inanılmaz oyun üslubu ilə 17 yaşlı gənc milli komandada, U-17-nin heyətinə qəbul olundu.


“Yeni Pele yolda...”

Misirdə təşkil edilən çempionatda, U-17 komandasında özünü göstərən Ronaldinyo turnirin ən çox qol vuran futbolçusu olur. Brazilyaya geri qayıdarkən “Qremio” klubu tərəfindən uzadılan müqavilə imzalayır. 1998-ci ildə rəsmi razılaşma ilə “Qremio” klubunda oynayan Ronaldinyo o vaxtlar ailəsini dolandıra biləcək qədər pul qazanmağa başladı.


1998-ci ildə sadəcə 4 oyunda çıxış edən Ronadinyo heç bir qola imza atmadı. Çimərlik futbolundakı oyunların təsirindən xilas olan Ronaldinyo yavaş-yavaş yaşıl örtüklü meydanlara alışır və Ronaldinyo çıxış etdiyi 17 matçda vurduğu qollar və mükəmməl ötürmələri ilə yadda qalır. Futbola qayıtdığı ikinci ildə 5, üçüncü ildə isə 8 qol vuran istedadlı oyunçu Brazilyada getdikcə daha çox sevilir.


1999-cu ildə Vanderley Lüksemburqo çalışdırdığı milli komandaya çağırılan Ronaldinyo həmin il heyranı olduğu ulduz futbolçuların arasına qatılır və ilk beynəlxalq qolunu Venesuela milli komandasına vurur. Bu heç də sıradan qol deyildi, bu qol yadda qaldı, həm də Amerika Kubokunu Brazilyaya qazandırdı. Ertəsi gün Brazilya mediasında “Yeni Pele yolda” başlığı qəzetlərin manşeti oldu.

Gecə klublarının daimi müştərisi...

İlk təklifin gəlməsi heç də gecikmədi. İngiltərənin məşhur klublarından sayılan “Lids Yunayted” “Gremio” klubunun qapısına “elçi” düşən ilk komanda oldu. “Gremio” klubu Ronaldinyodan əsla əl çəkməyəcəklərini bildirsə də, “Lids”in Ronialdinyoya etdiyi təklif çox cazibədar görünürdü: brazilyalı oyunçuya tam 75 milyon avro ödəniləcəkdi. Sonralar ingilis klubu malliyə böhranı keçirdi və klub əvvəlki nüfuzunu bərpa edə bilmədi. Beləliklə, “Gremio” “Lids”in təklifini geri qaytardı. Amma həm “Gremio”, həm də braziliyalı futbolsevərlər Ronaldinyonun qısa vaxt ərzində gedəcəyinin fərqində idilər. Hə, klubun qapısını ikinci dəfə döyən komanda Hollandiyanın futbolçu fabrikası sayılan “PSV Eindohven” oldu. Bu təklifi də geri çevirə bilən “Gremio” üçüncü dəfə gələn təklifə boyun əyməli oldu. Hər təklifdən sonra bir az daha təcrübə qazanan qardaşı və meneceri Assis qapıya üçüncü dəfə gələn fransız komandası “Paris Saint German” ilə razılığa gəldi. Bu transferdə “Gremio” klubu 4,5 milyon dollar gəlir əldə etdi.


“PSJ” klubundakı ilk illəri heç də parlaq keçmədi. Xüsusilə, Paris gecələrinə vurğunluğu, gecə klublarına getməsi üzündən baş məşqçi Luis Fernandezlə araları soyudu və bir daha ulduzları barışmadı. İlk ildəcə 28 oyunda 9 qol vurdu. Bu klubda sıxıntı çəkdiyi hər halı ilə bilinirdi. Ronaldinyo artıq “PSJ”də oynamaq istəmirdi. Daha böyük bir komandaya getmək istədiyini açıq bir şəkildə ifadə edirdi. Amma müqaviləsi olduğundan məcburi komandada qaldı. 2003-cü ildə “PSJ” Avropa kuboklarına vəsiqə qazana bilmədi. Bu isə Ronaldinyonun ürəyincə oldu: o, artıq başqa klublarda çıxış edə biləcəkdi...

Çempion Ronaldinyo


2002-ci ildə Brazilyanın Dünya kubokunu qazanmasında böyük payı olanlardan biri də Ronaldinyo idi. “Ölümcül üçlüyü” - Ronaldo, Ronaldinyo və Roberto Karlosu nə Koreyada, nə də Yaponiyada kimsə saxlaya bildi. Xüsusilə, yarımfinal oyununda İngiltərə millisinə Ronaldinyonun 30 metrdən vurduğu inanılmaz və möhtəşəm qol turnirinin yaddaqalan hadisələrindən biri olmuşdu. Amma matçın sonlarına yaxın o, qırmızı kart alaraq oyundan qovuldu. Buna rəğmən, Braziliya millisi finala adını yazdıra bildi və Almaniya millisini məğlub edərək dünya çempionu oldu. Ronaldinyo ilk dəfə dünya çempionu adına layiq görüldü.


Barselona, Ronaldinyo və şou…


Dünya çempionu olduqdan sonra “elçi”ləri çoxalan Ronaldinyoya “PSV” klubu ikinci dəfə transfer cəhdlərinə başladı. Digər “elçi” komanda isə “Manchester United” oldu. O vaxtlar David Bekhemin yerinə yeni bir ulduz axtaran “Manu” transferi bitirmək üzrə olduğunu mediaya bildirdi. İngilis mediası həftələrlə Ronaldinyonun Premyer Liqada nələrə qadir ola biləcəyindən yazdı. Amma bu yazıların heç biri özünü doğrultmadı. “PSV”mi, yoxsa “Manchester United”mi? – qəzetlərin manşetlərindən düşməyən sual bu idi. Lakin bu söhbətlərin davası gedən vaxt “Barselona” prezidenti Laporta araya girdi və necə deyərlər, işi bitirdi. “Barselona” 27 milyon avro qarşılğında 2003-cü ildə Ronaldinyonu rəsmən transfer etdi. 2003-2004-cü illərdə Ronaldinyo Avropaya adaptasiya olduğunu dərhal göstərməyə başladı. Bunun səbəbi, bəlkə də, ispan dilini daha rahat anlaması oldu. Ya da “Barselona”ya gəldiyi ilk zamanda dediyi kimi, özümü evinə gəlmiş kimi hiss etdi.


İlk ildəcə “Barsa”nın La Liqanı ikinci yerdə tamamlamasında əməyi oldu. 32 oyunda “ilk 11-lik”də çıxdı və 15 qol vurdu. Samuel Eto, Juli, Messi və Henrik Larssonun yardımları ilə 2004-2005-ci illərdə Barselonaya 5 il aradan sonra 17-ci çempionluğu qazandırdı. Arzusunda olduğu Çempionlar Liqasını 2005-2006-cı ildə qazandı. La Liqada, turnirlərdə ortaya qoyduğu inanılmaz texnikalı oyunu, hiyləgər zərbələri, cərimə meydançasında vurduğu unudulmaz qolları azarkeşlərin o, cümlədən bütün dünyanın heyranlığına səbəb oldu.


Mükafatları…

2004-cü ilin martında Pele bu futbolçunu “Yaşayan ən yaxşı futbolçular” siyahısına aldı. Həmin ilin dekabırında Ronaldinyo FİFA tərəfindən dünya futbolunda ilin ən yaxşı futbolçusu seçildi. Ronaldinyoyu bu mükafata 157 beynəlxalq komandanın baş məşqçisi və 145 beynəlxalq komanda kapitanı layiq gördü. UEFA, 2004-2005 Çempionlar Liqasında sərgilədiyi performansın ardından onu turnirin ən yaxşı qolçusu seçdi. Daha sonra Ronaldinyo 2005-ci ildə “Ballon Dor” mükafatına layiq görüldü. Qazandığı finalların, mükafatların ardından dəyəri getdikcə daha da artan Ronaldinyo qısa zaman ərzində Katalon nəhəngi Barselona ilə “nikahı” təzələdi. Artıq onun dəyəri tam 150.000.000 euro təşkil edirdi.


Son

Aradan illər keçdikdən sonra İtaliyanın “Milan” klubuna transfer olunan ulduz futbolçu orada “Barselona”da oynadığı kimi şou göstərə bilmədi: tək yol artıq Braziliyaya qayıtmaq idi. Orada da bir çox klublarda forma geyindi.

Hazırda Ronaldinyo “Atletiko Mineiro” klubunun şərəfini qoruyur. Deyəsən, artıq dünya bir əfsanənin də çöküşünün şahidi olur...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm