Yeməyib, yatmayıb, bu sualın cavabını axtarırlar: Doğrudanmı o qayıdır? - VİDEO
Bizi izləyin

İdman

Yeməyib, yatmayıb, bu sualın cavabını axtarırlar: Doğrudanmı o qayıdır? - VİDEO

Yeni ilə iki həftə qalmış Braziliyada yayılan bir xəbər qarışıqlıq yaratdı. Xəbərdə deyilirdi ki, hamının sevimlisi Ronaldo ABŞ-ın futbol klubu “Ford Loderdeyl Straykers”in sahiblərindən biri olub və meydana qayıdır.

Publika.az xəbər verir ki, odun üstünə yağı tökən isə Ronaldonun nümayəndəsi Anna Alis Abud oldu. O, nüfuzlu “Estadao” nəşrinə müsahibəsində bildirib ki, əfsanəvi hücumçu yenə də azarkeşləri sevindirmək niyyətindədir. O vaxtdan braziliyalılar yemir, yatmır, ancaq bu sualın cavabını axtarırlar: Doğrudanmı, bu düzdü?

Onun 38 yaşı var. Karyerasını 2011-ci ildə “Korintians”ın heyətində bitirib. Onda atdığı addımı hormonal nasazlıq səbəbindən çəkisini nizamlaya bilməməsi ilə əlaqələndirmişdi. Hansısa məqamda “Fenomen” zarafatsız yaman kökəlmişdi. O, hətta Braziliyanın realiti-şousuna çəkilmək məcburiyyətində qaldığı zaman bütün ölkənin gözü qarşısında kiloqramlar atırdı. Sonra Ronaldonu dünya çempionatının təşkilinə cəlb etdilər. O, poker də oynayırdı. Topu da unutmurdu, xeyriyyə görüşlərində meydana çıxırdı. Bununla belə, heç kim düşünmürdü ki, Ronaldo peşəkar idmana qayıdacaq.

“Ford Loderdeyl Straykers” klubu Cənubi Floridada məskunlaşıb, NASL liqasında çıxış edir. 1968-ci ildən 1984-cü ilə qədər bu turnir yayda keçirilirdi. 2011-ci ildə liqada yenilənmə işləri aparıldı. İndi NASL MLS-lə rəqabət aparmağa çalışır. Düzdür, səviyyə elə də yüksək deyil, amma bütün hallarda ordakılar peşəkarlardır. Ronaldo orda davam gətirəcəkmi?

İstisna deyil ki, Amerikada Ronaldo bir neçə dəfə meydana çıxacaq, penaltidən 2-3 qol vuracaq. Və Florida klubunun adı bütün dünyada məşhur olacaq. Ancaq Ronaldodan əvvəlki formasını - müdafiəçiləri çaş-baş salan dövrünü bərpa edəcəyini gözləmək sadəlövhlük olardı. “Korintians”da keçirdiyi müddətdə buna əminlik yarandı.

Onun adının sehrinin nə qədər böyük olduğu isə başqa məsələdi. 2 dəfə “Qızıl top”un sahibi, Braziliya millisinin tarixində ən çox qol vuran 2-ci futbolçu. Həmyerliləri inanırlar. İnanırlar ki, yanvarın 14-də keçiriləcək mətbuat konfransında o, elan edəcək: “Mən qayıdıram!”

Medalın digər üzünə baxdıqda isə deməliyik ki, Ronaldo Braziliyanın ən uğurlu biznesmenlərindən olan Markus Buazislə birlikdə “Ford Loderdeyl Straykers” layihəsinə qoşulub. Ronaldo və Buazis “9ine Sports & Entertainment” şirkətində də tərəfdaşdı. Bu şirkət bir neçə tanınmış futbolçunun, o cümlədən Neymarın kommersiya hüquqlarına sahibdi.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm