Futbolun hesabına cibini dolduran klub prezidentləri - FOTO
Bizi izləyin

İdman

Futbolun hesabına cibini dolduran klub prezidentləri - FOTO

Futbol milyonların sevimli oyunudur. Azarkeşlər sevimli komandalarının və futbolçularının meydanda sərgilədiyi oyunundan zövq almağa çalışır. Amma komandanın meydana çıxana qədər nələr yaşadığını kütlə bilmir. Hansısa futbolçu və ya komanda uğursuz çıxış edəndə qınayırıq. Bizə elə gəlir ki, azarkeşi olduğumuz komanda həmişə qalib gəlməlidir. Və ya səviyyəcə rəqibindən güclü olan komanda mütləq qələbə qazanmalıdır. Amma komandaların necə idarə olunmasına, futbolçuların meydandan kənarda yaşadıqlarına fikir vermirik.

Hər hansı komandanın uğurlu çıxışı idarəçilikdən də çox asılıdır. Müasir futbolda bu, demək olar, aksioma çevrilib. Amma bəzi klub rəhbərləri var ki, pul qazanmaq üçün hər vasitəyə, hətta fırıldaqçılığa da əl atırlar.

Publika.az futbolun hesabına cibini dolduran klub rəhbərlərini ifşa edib.

Xosep Bartomeu (Barselona)

Bartomeuyla bağlı araşdırma başlanmasının səbəbkarı prokuror Xose Peralsdır. O, Neymarın transferində 9,1 milyon avro məbləğində pulun büdcədən gizlədilməsinə görə, Kataloniya klubunun sabiq prezidenti Sandro Roselli məhkəməyə verib. İndiki klub prezidenti Bartomeu isə 2,8 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunur.

Sandro Rosell (Barselona)

Rosellin istintaqı hələ də davam edir. Yuxarıda qeyd olunduğu kimi, onun Neymarın transferində fırıldaqçılığa əl atdığı iddia edilir. Deyilənə görə, braziliyalının keçidi sayəsində Sandro xeyli pulu mənimsəyib.

Joan Laporta (Barselona)

Təsadüfə bax ki, növbəti fırıldaqçı da “Barselona”da prezident vəzifəsində işləyib. Belə çıxır ki, Kataloniya klubunda təmiz işləmək mümkün deyil. 2014-cü ilin sentyabrında klubun maliyyə sənədlərini saxtalaşdırmaqda ittiham olunan Laportanın məhkəmə prosesi başladı. Vəzifəsini tərk edərkən verdiyi hesabatda Laporta 11 milyon gəlir göstərmişdi. Amma auditorların yoxlamasından sonra 47 milyon zərər üzə çıxdı.

Uli Höness (Bavariya)

Artıq tamah baş yarar deyiblər. “Bavariya”nın prezidenti Uli Hönessin başı artıq daşdan-daşa dəyib. Vergidən yayınan Almaniya futbolunun hörmətli nümayəndələrindən biri dövlətə olan 27,2 milyon avro borcu dəmir barmaqlıqlar arasında “ödəyir”... O, səhvini boynuna alsa da, 5 illik “srok”dan qaça bilmədi.

Xose Mariya Del Nido (Sevilya)

“Sevilya”nın sabiq prezidenti 1999-2003-cü illər aralığında Marbelya şəhər büdcəsini soymaqda günahlandırılıb. 2011-ci ildə ona və şəhərin sabiq meri Xulian Munyosa 7 il həbs qərarı çıxarıldı.

Xesus Hil (Atletiko)

Hil ilk dəfə 1960-cı ildə həbsxanaya düşüb. Onun tikinti şirkətinin inşa etdiyi binanın uçması nəticəsində 58 nəfər ölmüşdü. “Atletiko”nun sabiq prezidentinin ikinci dustaq həyatı Marbelya meri olduğu vaxta təsadüf edir. O, bələdiyyələrə məxsus büdcənin bir hissəsini “Atletiko”nun hesabına köçürmüşdü. Bir sözlə, Hilin əli əyri olub. Onun haqqında vətəndaş məhkəməsində 80, idman məhkəməsində 10-a yaxın iş qaldırılıb.

Byorqolfur Qudmundsson (Vest Hem)

O, 2008-ci ildə həmsədrlərindən olduğu “Landsbank”ın ipoteka kreditlərinin “dagıdılmasında” şübhəli bilinən 10 nəfərdən biri idi. Qudmundsson 2006-2010-cu illərdə sahibi olduğu “Vest Hem”i məhz maliyyə böhranı üzündən satmışdı.

Vensan Labryun (Marsel)

“Marsel”in hazırki prezidenti 2014-cü ilin noyabrında “ilişdi”. Andre-Pyer Jinyakın transferi araşdırılarkən məlum olub ki, keçidin qiyməti göstərilən 16 milyon avrodan çox artıq olub. Qalan məbləğ futbol funksionerləri arasında bölüşdürülüb. Yeri gəlmişkən, polis “Marsel”in sabiq prezidenti Jan-Klod Dassye və baş direktor Filipp Peresi də nəzarətə götürüb.

Vittorio Çekki Qori (Fiorentina)

Məhz bu adamın rəhbərliyi dövründə 2001/02 mövsümündə “Fiorentina” müflis olduğunu elan etdi. Klubun borcları 44 milyon avronu ötürdü. Nəticədə “bənövşəyilər” aşağı diviziona yuvarlandı. Çekki isə ev dustağı oldu. Sonradan başqa “zibillər”i ortaya çıxan Qori 3 illik həbslə canını qurtardı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm