Dilçilik İnstitutu saytların dilindəki problemləri AÇIQLADI
Bizi izləyin

İKT

Dilçilik İnstitutu saytların dilindəki problemləri AÇIQLADI

Bu gün saytların dil durumu heç də ürəkaçan deyil.

“Müstəqilliyimizdən 25 il keçsə də, hələ də saytlarda dilimizə mənfi münasibət var”

Publika.az xəbər verir ki, bu sözləri Dilçilik İnstitutunun direktor müavini Baba Məhərrəmli “Saytların dil mənzərəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün saytların dil durumu heç də ürəkaçan deyil.

“Bu barədə Monitorinq şöbəsi tərəfindən araşdırma aparılıb. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində böyük işlər görülüb. Həm saytların, həm də televiziya aparıcılarının dilində dil normalarına riayət olunması halları artır. Biz bir dəfə aparıcılar üçün seminar təşkil etmişdik, gələcəkdə yenidən belə seminarlar keçirəcəyik”.

Bəzi xarici sözlərin Azərbaycan dilində müxtəlif variantlarda yazılışına münasibət bildirən B.Məhərrəmlinin sözlərinə görə, hazırda başqa dillərdə olan mürəkkəb sözlərin Azərbaycan dilində yazılışı zamanı transliterasiya qaydalarına riayət olunma baxımından ciddi problemlər var. Bunun da əsas səbəbi, bizdə vahid prinsipin olmamasıdır.

Onun sözlərinə görə, Dilçilik İnstitutu tərəfindən başqa dillərdən keçən sözlərin düzgün yazılışını dəqiq müəyyənləşdirmək üçün transliterasiya qaydaları hazırlanır.

Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva bu vaxta qədər aparılan monitorinqlərdən danışıb:

“Bu vaxta qədər Azərbaycanın müxtəlif bölgələrində müşahidə edilən dil qüsurları araşdırılıb. Televiziya aparıcılarının dilində irəliyə doğru atılan addımlarda monitorinq şöbəsinin rolu böyükdür. Yaxın günlərdə televiziyaların dil monitorinqinin nəticəsi və Bakı şəhərində reklamların dili ilə bağlı Nərimanov rayonu üzrə aşkarlanan pozuntular açıqlanacaq”.

İnstitutunun aparıcı elmi işçisi Şahlar Məmmədov çıxışında saytların dilində dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini deyib:

“Ona görə də saytların dilini ümumi dil prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Jurnalistlərin dilə baxışının daha canlı olduğunu etiraf etməliyik. Bu mənada, saytlarda dil daha dinamikdir. Müşahidələrimiz nəticəsində sayt rəhbərləri ilə birgə müzakirələrin keçirilməsinə çalışırıq. Dilçilik İnstitutunun hazırlayacağı növbəti “Orfoqrafiya” lüğətində jurnalistlər tərəfindən ediləcək təkliflər də nəzərə alınacaq. Artıq bu barədə İnstitut rəhbərliyi tərəfindən tapşırıq verilib.

Saytların dilində inkişafla yanaşı, ciddi dil qüsurları da var. Saytlara ciddi təhsil görmüş şəxslərin nəzarət etməsini müşahidə edirik. Publika.az, axar.az, report.az, trend.az, bakupost.az, qafqazinfo.az kimi saytları bura nümunə göstərə bilərik. Qeyri-ciddi saytların dilində isə daha ciddi dil qüsurları müşahidə edirik. Gələcəkdə həm də bu sayt rəhbərləri ilə əlaqə saxlamağa çalışacağıq. Bəzən qeyri-peşəkar sayt rəhbərləri yeni sözlərin yaradılmaması ilə bağlı Dilçilik İnstitutunu ittiham edir.

Mürəkkəb adların yazılışı, transliterasiyası məsələsində ciddi qüsurlar var. Bəzi saytlar mürəkkəb adları orijinala uyğun yazır, çıxış yolu kimi onu dırnaq arasında göstərməyə çalışır. Hesab edirəm ki, əlifbamızda olmayan hərflər saytlarda müşahidə edilməməlidir.”.

Ş.Məmmədov saytların monitorinqi nəticəsində müəyyən peşəkarlıq müşahidə edildiyini vurğulayıb: “Artıq bir çox səhvlər aradan qaldırılıb, orfoqrafiya səhvlərinə az rast gəlirik. Bəzi saytlarda müəyyən prinsiplər pozulub, mürəkkəb cümlə tiplərində ciddi pozuntulara rast gəlirik. Saytlarda sadə müxtəsər cümlə tipləri üstünlük təşkil edir. “Nəinki” birləşdirmə bağlayıcısının cümlədə işlənmə yeri düzgün seçilmir. “Və” ilə, kiçik hərflə başlayan cümlələrə rast gəlirik".

“Qaynar xətt”ə edilən müraciətlərə toxunan Ş.Məmmədov qeyd edib ki, müraciətlərin sayı azalıb.

Axar.az saytının baş redaktoru Anar Niftəliyev Dilçilik İnstitutu əməkdaşlarının nümunə göstərdiyi “AZƏRTAC”ın özündə belə çox ciddi qüsurların müşahidə edildiyini deyib:

“Bizə nümunə göstərilən “AZƏRTAC”la “Orfoqrafiya” lüğətindəki sözlərin yazılışında fərqlər var. Abreviaturaların yazılşında da səhvlər var. İndiyə qədər abreviaturanın özünü dilimizə uyğunlaşdırırdıq, “OPEK”, “YUNESKO” kimi yazmışıq, ancaq eyni ənənəni “SOCAR”a tətbiq edə bilmirik. Ya biz əvvəlki kimi, abreviaturanın dilə uyğunlaşdırılmasına qarşı çıxmalı, ya da müasir formada xarici dildə olduğu kimi qəbul etməliyik. Bu iki variantdan biri seçilməlidir. Dilçilik İnstitutu bu məsələdə dəqiq seçim etməlidir. Ərəb adları artiklla yazılır. Həmin adlarının yazılışında “əl” artiklının atılmasının tərəfdarıyam. Bu məsələni dəfələrlə Dilçilik İnstitutundan soruşmuşuq. Bu məsələyə də yanaşmalar fərqlidir. Bir söz bir neçə variantda yazılırsa, ədəbi dilin olmadığı kimi qəbul edilməlidir. İndi Azərbaycan dilində işlədilən bəzi sözlərin bir neçə variantını müşahidə edirik”.

Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva isə bildirib ki, instituta hər hansı qurumun adının yazılışı barədə müraciət ediləndə onlar “AZƏRTAC”a yönləndirilmir, “Orfoqrafiya” lüğətini məsləhət görürük: “Monitorinqə “AZƏRTAC” da cəlb edilib. Dildə artiklların işlədilməsi məsələsinə yenidən baxmaq lazımdır. Sözlərdə artiklların işlədilməsinin tərəfdarı deyiləm, lakin xüsusi adların yazılışında bu məsələyə bir daha baxmaq lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm