• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mərkəzi Bank tələ qurur, banklar kasıblayır, əhali avtomobil ala bilmir-TƏHLİL

Mərkəzi Bank tələ qurur, banklar kasıblayır, əhali avtomobil ala bilmir-TƏHLİL

Mərkəzi Bankın (MB) ölkədə fəaliyyət göstərən banklara müştərilərin iş yerindən arayış olmadan istehlak krediti verilməsini qadağan etməsi, eləcə də avtomobillərin kreditlə satışına məhdudiyyət qoyması diqqəti yenidən bank sektoruna yönəldib.

Çünki qərar təkcə əhalinin asanlıqla borclanmasını məhdudlaşdırmır, eyni zamanda bankların gəlirlərinin azalmasına zəmin yaradır.Çünki arayışsız kreditlər, avtomobil kreditləri nə qədər bank üçün risk idisə bir o qədər də gəlir demək idi.Belə ki, banklar onsuz da yüksək faiz siyasəti ilə özlərini əvvəlcədən sığortalayırdılar. Qısası pulunu müştəridən ala bilirdilər. Sual doğuran Mərkəzi Bankın bu addımı atmasının pərdəarxası tərəfləri, eləcə də arayışlı kreditlərin sektorda nələrə gətirib çıxaracağıdır.

14 milyard manatliq kredit verilib

Məlumat üçün bildirək ki, cari ilin 1 yanvar tarixinə olan rəqəmlərə görə, bankların kredit qoyluşu 14812.2 mln manat təşkil edib. Mərkəzi Bankın Mərkəziləşdirilmiş Kredit Reyestrinin 2013-cü ilin 3-cü rübünün yekunlarına olan məlumatına görə, borcalanların sayı 1,845,414, kredit məlumatlarının sayı 5,906,613, cəmi zaminlərin sayı isə 700,524 olub.

Göründüyü kimi rəqəmlər vəziyyətin kifayət qədər ciddi olmasından xəbər verir. Digər tərəfdən rəsmi məlumatlarda problemli kreditlərin payı 5,2% olsa da, müstəqil araşdırmalarda həmin hədd 15% göstərilir. Hətta Fitch kimi beynəlxalq təşkilat Azərbaycanda problemli kreditlərin həcmini 10% həddində göstərir

İstehlak kreditlərinin ümumi kreditlərdə payı 40%-ə çatıb

Publika.Az-a vəziyyəti şərh edən iqtisadçı ekspert Samir Əliyev bildirir ki, bu addım əslində Mərkəzi Bankın uzun müddətdən bəri həyata keçirməyə planlaşdırdığı strategiyanın tərkib hissəsidir: “Strategiyanın məqsədi istehlak kreditləşməsini məhdudlaşdırmaqdır. Səbəb odur ki, ölkədə istehlak kreditləşməsinin həcmi ildırım sürəti ilə artır. İl ərzində artım tempi 30-40% təşkil edir. Bu artım həm ümumi kredit qoyuluşunun, həm də biznes kreditlərinin artımını üstələyir”.

İstehlak kreditlərinin ümumi kreditlərdə payı 2010-cu ildə 30% idisə, hazırda bu göstərici 40%-ə çatıb. Bu templə 2014-cü ildə 50%-ə çatması da təəccüblü olmazdı. İstehlak kreditləşməsinin payının artması problemi təkcə Azərbaycanda yox, həmçinin MDB ölkələrində, o cümlədən Rusiyada aktualdır. Bu kreditlərin adından göründüyü kimi istehlak tələbatının ödənilməsi üçün istifadə edilir.

Bu arada bildirək ki, hazırda ev təsərrüfatlarına verilən kreditlərin ÜDM-də payı 12%-ə yaxınlaşıb. Halbuki 2010-cu ildə bu göstərici 6,5% həddində idi. S.Əliyevə görə, indiki gündə bu, kritik hədd olmasa da artım tempi narahatçılıq doğurmaya bilməz: “Bundan əlavə ötən il əhali öz gəlirlərinin təxminən 20%-i məbləğində borclanmaya gedib. 2010-cu ildə borclanmanın həddi 10%-dən bir qədər çox olmuşdu. Artıq bu hədd ciddi siqnaldır. Enerji resurslarının dünya qiymətlərindən asılı olan ölkə iqtisadiyyatıni yaxın gələcəkdə gözləyən problemlər (neftin ucuzlaşması səbəbindən) ilk zərbəni məhz bank sektoruna vura bilər”.

Problemli kreditlərin əsasını biznes kreditləri təşkil edir

Diqqəti çəkən məqamlardan biri də son dövrlər istehlak kreditləşməsi bazarında faiz dərəcələrinin nisbətən aşağı düşməsi, kreditin verilmə şərtlərinin yumşaldılması idi. S.Əliyevə görə, buna səbəb bankların bu sektora kütləvi axınıdır: “Biznesdə risk səviyyəsinin yüksək olması səbəbindən banklar bu sektoru maliyyələşdirməkdə maraqlı deyillər. Çünki bu sektor həm böyük vəsait tələb edir, həm də uzun müddətli kredit xətti.

Təsadüfi deyil ki, uzun müddət problemli kreditlərin böyük hissəsi məhz biznes kreditləri təşkil edib. Kifayət qədər vəsaiti olmayan banklar ayırdıqları milyonların geri qayıtmamasından böyük zərbə altında qalırlar. İstehlak kreditləşməsi isə biznes kreditlərdən fərqli olaraq az vəsait tələb edir və qısa müddətə verilir.

Faizləri isə biznes kreditlərindən yüksək olur. Misal üçün, bank ona müraciət edən şirkətə 10 milyon manat məbləğində kredit xətti açır. Həmin şirkət hansısa səbəbdən krediti qaytara bilmir. Bu vəsait böyük olduğundan banka da dəyən zərər yüksək olur. Amma bank həmin vəsaiti hər biri 10 min manat olmaqla ən azı 1000 nəfərə və ya hər biri 5 min manat olmaqla ən azı 2000 nəfərə istehlak krediti şəklində verir. Hətta müştərilərin müəyyən hissəsi krediti qaytara bilmədikdə bank yüksək faiz hesabına zərəri aradan qaldırır. Ona görə də bankların özlərini sığortalamaq və riskləri azaltmaq üçün istehlak kreditləşməsi bazarına üz tutmaq məcburiyyətində qalıblar. Əvvəllər əsasən kiçik banklar bu bazarın iştirakçıları idisə, indi böyük banklar da daxil olmağa başlayıb”.

Avtomobil kreditlərinin verilməsinə qeyri-rəsmi qadağa

Avtomobil kreditlərinin məhdudlaşdırılmasına gəlincə, bunun konkret izahını tapmaq çətindir. Çünki avtomobil krediti təminatlıdır. Bu sahədə vaxtı keçmiş kreditlərin olması da əsas səbəb deyil: “ Avtomobil kreditlərinin verilməsinə qoyulan qeyri-rəsmi qadağa hələ də qüvvədədir. Müşahidələr bu qadağanın yaxın zamanlarda götürülməsini vəd etmir. Mərkəzi Bank bununla bağlı banklara sadəcə şifahi göstəriş verdiyindən qərarın səbəbini də açıqlamağa lüzum görmür. Özünü sanki heç nə olmamış kimi aparır. Banklar isə isterika vəziyyətindədir. Birdən-birə 2 zərbə dəyib onlara. Bir tərəfdən istehlak kreditlərinin şərtlərinin sərtləşdirilməsi, digər tərəfdən avtokreditlərin verilməsinə qadağanın qoyulması.

Banklar ikincinin səbəbi tam izah edə bilmirlər. Mətbuatda isə qadağa ilə bağlı müxtəlif fikirlər səslənir. Əsas səbəb kimi problemli kreditlərin çoxluğu və tıxac problemi yaradan avtomobil axınının qarşısını almaq göstərilir. Ancaq səbəblərin heç biri nə əsaslıdır, nə də həll yoludur. Əgər avtokreditlərə görə problemli kreditlərin həcmi artırsa, bu problemi kredit şərtlərini sərtləşdirməklə həll etmək olar.

Bunun üçün kreditə qadağa tətbiq etmək yersizdir. Üstəgəl avtomobil kreditləri təminatlı hesab olunur və krediti ödənilməyən avtomobili satmaqla qaytarılmayan hissəni bərpa etmək olar. Tıxacların qarşısını almaq üçün maşın alışını məhdudlaşdırmaq da əsaslı arqument və çıxış yolu deyil. Tıxacların əsas səbəbləri başqadır: düzgün parklanmanın olmamasından tutmuş şəhərin güclü miqrasiya axınına mərzu qalması kimi məsələlər.

20-yə yaxın bank müflis ola bilər

Bankların kredit portfelində avtokreditlər də əhəmiyyətli paya malikdir.Mütəxəssis deyir ki, səbəbindən asılı olmayaraq bu qadağanın uzunmüddət davam etməsi ölkənin maliyyə sisteminə mənfi təsir göstərə bilər: “Burda söhbət bank sektorunun tənəzzülündən gedir. Avtokreditlərə tətbiq edilən qadağanın ən azı 5-6 ay davam etməsi ölkənin 20-yə qədər bankına sarsıdıcı zərbə vura bilər. Həmin bankların əksəriyyətini müflisləşmə ehtimalı yüksəkdir.

Kredit portfelini düzgün diversifikasiya etmiş banklar isə bu situasiyadan nisbətən az zərərlə çıxacaqlar”.

Sığorta sektoru zərərə düşəcək

Şərhlərə görə, bank sektoru ilə yanaşı yenicə dirçəlməyə başlayan sığorta bazarı da böyük zərbə alacaq. Sığorta şirkətləri, xüsusilə kasko sığortası üzrə ixtisaslaşan şirkərlər zərərə düşəcəklər: “2013-cü ildə ölkə üzrə avtonəqliyyat vasitələrinin sığortasından təxminən 57 milyon manata yaxın sığorta haqqı yığılıb. Bu vəsaitin böyük hissəsi məhz kreditlə alınan avtomobillərin sığortalanmasından yığılan vəsaitlərdir.

Avtokreditlərin dayandırılması nəticəsində sığorta bazarı həcmini 10% itirə bilər. Öz portfelini diversifikasiya edə bilməyən sığorta şirkətləri isə bağlana bilər. Müşahidələr göstərir ki, ölkədə hər 3 yeni maşının 2-si kreditlə satılır. Ona görə də banklardan da öncə zərbəni avtomobil satışı üzrə ixtisaslaşan şirkətlər alacaqlar. İtki gömrük rüsumlarının həcminə də mənfi təsir göstərəcək”.

Mərkəzi Bankın gizli məqsədi

Mərkəzi Bankın bu qərarı banklara məcmu kapitalla bağlı verilən müddətin bu il də uzadılmasının qarşısının alınması kimi dəyərləndirilə bilər. Nəzərə alsaq ki, MB məcmu kapitalı tələbə cavab verməyən bankların lisenziyasını bu və ya digər səbəbdən geri almaq gücündə deyil, eləcə də konsolidasiya tədbirləri həyata keçirə bilmir son addım bir güllə ilə iki dovşan vurmağa bərabərdir.

Belə ki, MB həm artıq başağrısına çevrilə kreditləri məhdudulaşdırmağı, həm də özünü avtomobil krediti ilə saxlayan bankları likvidlik problemi ilə üz-üzə qoymaqla bazardan çıxmasını təmin etməyi düşünür: “Mərkəzi Bank məcmu kapitalla bağlı tələbə bu ilin əvvəlində əməl etsəydi ən azı 15 bank sektoru tərk edəcəkdi. Görünür gücü çatmadı. Mərkəzi Bank bu tip addımlar atmaqla bankları konsolidasiyaya məcbur etmək istəyir”.

Leyla Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR