• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Rubl maksimum həddi keçdi: “Bank Rusiya” bazara müdaxiləyə hazırlaşır

Rubl  maksimum həddi keçdi: “Bank Rusiya” bazara müdaxiləyə hazırlaşır

Rubl yenə dollar və avro qarşısında zəifləməkdədir.

İlin əvvəlindən Rusiyanın pul vahidi 30 faiz ucuzlaşıb. Artıq bu gün Moskva birjasında dolların kursu 24 qəpik bahalaşaraq 42,71 rubla yüksəlib. Avro isə 35 qəpik möhkəmlənərək 54,4 dollar təşkil edib. Çərşənbə günü “Bank Rusiya” rubla dəstək üçün bazara növbəti müdaxiləsini həyata keçirəcək. İkili valyuta səbəti 47,8 rubl səviyyəsini ötüb. Bu da ikili valyuta dəhlizinin yuxarı həddidir. O ki qaldı rublun dəyərdən düşməsinin Azərbaycana təsirinə, nəzərə alsaq ki, Rusiya əsas ticarət tərəfdaşlarımızdan biridir, milli valyutasının ucuzlaşması ölkəmizə təzyiqi nəzərəçarpacaq dərəcədədir.

İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, dünya bazarında neft artıq 90 dollarlıq psixoloji həddi keçərək ucuzlaşıb. Bu, neftdən asılı olan və sanksiyaların məngənəsində boğulan Rusiyanın federal büdcəsi üçün təhlükədir: ”Müxtəlif hesablamalara görə, neftin barelinin 10 dollar ucuzlaşması büdcə gəlirlərinin 600-1500 milyard rubl azalması deməkdir. Bundan əlavə, dolların 1 rubl bahalaşması büdcəyə əlavə olaraq, 150-180 milyard rubl gəlir gətirir. Deməli, rublun devalvasiyası gündəmdədir və hökumət bunu istisna etmir. Təbii ki, devalvasiyanın Rusiya üçün mənfi təsirləri çox olacaq. Təəssüf ki, bundan Azərbaycana da pay düşəcək”.

İqtisadçı deyir ki, milli valyutamızın məzənnəsi dollara hədəflənib və dolların digər valyutalara qarşı mövqeyi manatın mövqeyini şərtləndirir: “Yəni dollar rubla nəzərən bahalaşdıqca manat da həmin valyutaya qarşı bahalaşır. Nəticədə, Rusiya bazarlarına ixrac etdiyimiz məhsullar bahalaşır ki, bu, onların rəqabət qabiliyyətliliyini aşağı salır. Rusiya ilə ticarət dövriyyəmiz ötən il 2,6 milyard dollar olub. Bunun da 1,5 milyardı idxalın payına düşür. 2014-cü ilin 8 ayında bu ölkə ilə ticarət dövriyyəsində geriləmə müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin 8 ayında idxal 22% azaldığı halda ixracın azalması 42%-ə çatıb. Hətta kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınmasına “yaşıl işıq” yandırılması ixracın kəskin azalmasına mane olmayıb. İdxaldakı azalma isə qonşularımızın ərzaq məhsullarını əsasən öz daxili təlabatına yönəltməsi ilə bağlıdır”.

“Rubl ucuzlaşdıqca bu ölkəyə ixracımızda problem yaranacaq” deyən iqtisadçı tezliklə Rusiya bazarlarının Türkiyə, İran və digər Asiya ölkələrinin meyvə və tərəvəz məhsulları ilə dolacağını, azərbaycanlı fermerlərin bazarda mövqeyini qoruyub saxlamağın çətin olacağını istisna etmir: “Manatın möhkəmlənməsi digər qonşu ölkələrlə də - məsələn, İranla - ticarət dövriyəsində mənfi saldonun həcmini artırır”.

Məlum olur ki, rublun dəyərdən düşməsi Rusiyada həmçinin ərzaq inflyasiyasını gücləndirir: “Məsələn, təkcə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 9 ayında ərzaq inflyasiyası 11.5% təşkil edib. Bunun nəticəsində isə manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir” .

İqtisadçı-ekspert Vüqar Bayramov da deyir ki, dollara nisbətən rublun məzənnədən düşməsi Rusiya iqtisadiyyatı üçün ciddi bir problemdir: “Azərbaycan üçün Rusiya rublunun məzənnəsinin aşağı düşməsi, həm makro, həm də mikro yanaşma səviyyədə təsirlərə malikdir. Makro səviyyədə təsir ondan ibarətdir ki, Dövlət Neft Fondu ehtiyatlarının bir qismini rubl ilə saxlayır. Yəni, rublun aşağı düşməsi, həmin ehtiyatlara mənfi təsir göstərəcək, bu, onların dəyərinin azalmasına da gətirib çıxara bilər. Digər neqativ tərəf ondan ibarətdir ki, Rusiyada rublun dollara nisbətən məzənnədən düşməsi rublun manata nisbətən məzənəsinin də azalmasına gətirib çıxarır. Yəni, manat da rubla nisbətən möhkəmlənir. Bu, Rusiyaya məhsul ixrac edən azərbaycanlı yerli iş adamlarının ixrac qabilliyətini müəyyən qədər məhdudlaşdırlır. Faktiki olaraq Azərbaycan məhsullarının Rusiyada bahalaşmasına gətirib çıxarır”.

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR