“Xatırlayıramsa, yaşayıram” - Maestro sağ olsaydı…– FOTOLAR
Bizi izləyin

Magazin1

“Xatırlayıramsa, yaşayıram” - Maestro sağ olsaydı…– FOTOLAR

Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti, böyük müğənni və bəstəkar Müslüm Maqomayevin doğum günüdür. Bu münasibətlə Fəxri Xiyabanda dahi sənətkarın anım mərasimi keçirilib.

Publika.az xəbər verir ki, anım mərasimində sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin, sənətkarın yaxınları, kinorejissor Eldar Quliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, heykəltəraş Ömər Eldarov, eləcə də müğənninin digər sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqi ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Altı ildir ki, görkəmli sənətkar dünyasını dəyişib və pərəstişkarları, musiqisevərlər onun doğum gününü hər il Bakıdakı məzarı önündə qeyd edirlər.

Bu gün musiqi bayramıdır!

Kinorejissor Eldar Quliyev bu gün Müslüm Maqomayevin doğum günü, eyni zamanda da musiqi, gözəllik bayramı olduğunu deyib: “Müslüm Maqomayevin istedadı sərhədsiz idi. Maestro sağ olsaydı, bu gün 73 yaşını qeyd edəcəkdi. Amma tanrı onu bütün yaxşı keyfiyyətlərlə mükafatlandırmışdı. İllər keçsə də, dahi sənətkar təkcə Azərbaycan xalqının və Sovetlər məkanında deyil, dünyanın hər yerində bütün musiqi sevərlərin qəlbində yaşayır və yaşayacaq.

Müslüm Maqomayev dünyasını dəyişəndə dünya mətbuatı da bu məsələyə biganə qalmamışdı. London mətbuatı isə bu hadisəni belə ifadə etmişdi: “Sovet məkanı öz Frank Sinatasını itirdi”. Çünki Müslüm Maqomayev həqiqətən də bütün dünyada sevilirdi. O, çox böyük istedad sahibi idi və onda olan səs Allahın vergisi idi. İllər keçəcək, amma o, yenə də xatırlanacaq, musiqiləri qəlblərdə həkk olunacaq. Biz sevinməliyik ki, bu cür böyük istedadın sahibi məhz azərbaycanlı idi. Müslüm Azərbaycanı, Bakını da çox sevirdi və təsadüfü deyildi ki, son mahnısının adı “Əlvida, Bakı” idi. Amma biz bu gün ona “Əlvida” yox, “Salam, Müslüm” deyirik. Sən hər zaman insanların qəlbində yaşayacaqsan”.

Məni qoruduğunu hər zaman hiss edirəm

Müslüm Maqomayevin həyat yoldaşı Tamara Sinyavskaya anım mərasiminə gələn hər kəsə təşəkkür edib və anım mərasimini bu sözlərlə davam edib: “Mən bu gün vaxtlarının müəyyən hissəsini sərf edib bura gələn hər kəsə təşəkkür edirəm. Müslüm burdadır, o həm də Moskvadadır və o, həmçinin hər yerdədir. Çünki mən indiyədək də dünyanın hər yerindən onun haqqında xoş sözlər eşidirəm. O, musiqiləri ilə əbədiyyən qəlblərdə yaşayacaq.

“Xatırlayıramsa, yaşayıram”

O, hər zaman mənimlədir. 6 ildir ki, o, məni bir saniyə də olsun məni tərk etmir, onun varlğını hər zaman hiss edirəm. Müslüm mənə çox şey danışır, hətta bir çox məsələdən xəbərdarlıq edir. Bunun necə baş verdiyini mən özüm də bilmirəm, amma məni qoruduğunu həmişə hiss edirəm. Onun xatirəsi bir an da olsun məni tərk etmir. Müslüm daim bu sözləri təkrar etməyi sevirdi: “Xatırlayıramsa, yaşayıram”. Mən də eyni sözləri demək istəyirəm. O yaşayır, mənim yaddaşımda, xalqın yaddaşında daim yaşayacaq”.

Həm Bakının, həm də Moskvanın sevilmlisi idi

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin isə Müslüm Maqomayevin hər iki ölkəni özünün doğma vətəni hesab etdiyini bildirib: “Müslüm Maqomayev həm Bakının, həm də Moskvanın sevilmlisi idi. O, bütün həyatı boyu, hətta indi də müqayisəyə gəlməz yaradıcılığı ilə Azərbaycan və Rusiya arasında xoş münasibətlərin qorunub saxlanılmasına xidmət edir. Müslüm Maqomayevin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında əvəzedilməz xidmətləri danılmazdır”. Səfir çıxışının sonunda dahi sənətkara həsr olunmuş şeir oxuyub.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, heykəltəraş Ömər Eldarov böyük sənətkarla bağlı xatirələrini dilə gətirib, onun Azərbaycan musiqisi üçün xidmətlərini yüksək qiymətləndiriblər.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm