• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Hitlerin casusları, SSRİ diktatoruna açılan atəş, Stalini öldürmək üçün göndərilmiş sui-qəsdçinin aqibəti – ARAŞDIRMA/FOTOLAR

  • Maraqlı
  • 17 Sentyabr 2015 23:00
  • 2 157 Baxış
Hitlerin casusları, SSRİ diktatoruna açılan atəş, Stalini öldürmək üçün göndərilmiş sui-qəsdçinin aqibəti – ARAŞDIRMA/FOTOLAR

1944-cü ilin 20 iyulunda Qərbi Prusiyanın Rastenburq qəsəbəsində yerləşən qərargahında iclas keçirən Adolf Hitlerə qarşı növbəti sui-qəsdə cəhd oldu. Lakin plan uğursuzluqla nəticələndi. Təsadüf nəticəsində sağ qalmış fürer "əgər sui-qəsdçilər mənə bu qədər yaxınlaşa bilirlərsə, nə üçün Stalini aradan götürmək mümkün olmur?" deyə qeyzlənərək SSRİ rəhbərinə sui-qəsd hazırlamaq əmrini verdi. Beləliklə, faşist Almaniyasının rəhbərləri Stalini məhv etmək planları üzərində çalışmağa başladılar. Publika.az SSRİ rəhbərini aradan götürmək üçün planlaşdırılmış ən maraqlı sui-qəsd cəhdlərini təqdim edir:

Bundan əvvəl gestapo (alman gizli polisi) şefi Henrix Müller 1941-ci ilin 17 iyulunda antifaşist ölkələrinin rəhbərlərinə – Uinston Çerçilə, İosif Stalinə və Franklin Ruzveltə qarşı sui-qəsd etmək üçün siyasi dustaqlardan yararlanmaq təklifini irəli sürmüşdü.

Əslində faşistlər SSRİ, ABŞ və Britaniya rəhbərlərini cismən məhv etmək üçün müxtəlif planlar cızmışdılar. Alman kəşfiyyat orqanı Tehran konfransı (1943-cü ilin noyabr-dekabrı) zamanı "Böyük sıçrayış" adlı xüsusi əməliyyat planı hazırladı. Plana əsasən, SSRİ, ABŞ və Britaniya rəhbərlərinin olduğu konfrans zalı partladılmalı idi.

Əvvəlcə sovet, sonra isə ABŞ kəşfiyyatı bundan xəbər tutdu. Stalin Ruzveltə SSRİ-nin İrandakı səfirliyində qalmağı təklif etsə də, ABŞ prezidenti öncə təklifdən imtina etdi. Lakin Amerikası kəşfiyyatı almanların prezidentə sui-qəsd hazırlaması barədə məxfi məlumatı prezidentə çatdırdığından Ruzvelt yalnız bir seçim qarşısında qaldı.

Almanların bütün planlarından xəbərdar olan anti-faşist koalisiyası ölkələrinin əks-kəşfiyyat orqanları 6 düşmən diversantını asanlıqla zərərsizləşdirdi.

SSRİ rəhbərini öldürmək niyə mümkün olmurdu?

1942-ci ilin 6 noyabrında hərbi geyimli naməlum şəxs Kreml yaxınlığında gözlənilmədən Stalinin kortejinə yaxınlaşdı və öndə gələn avtomobilə bir neçə atəş açdı. Mühafizəçilər yalnız üçüncü atəşdən sonra onu zərərsizləşdirə bildilər. SSRİ rəhbərini öldürmək istəyən Saveli Dmitriyev Mikoyanın avtomobilini Stalinin əyləşdiyi maşınla dəyişik salmışdı. Fərari sui-qəsdçi Stalinə dərin nifrəti ilə seçilirdi.

Bir çoxları Saveli Dmitriyevin repressiya qurbanı və ya psixi xəstə olması ehtimalını irəli sürür. Daxili İşlər üzrə Xalq Komissarlığının həbsxanasında 8 il saxlanılan sui-qəsdçinin alman casusu olub-olmaması bu günə kimi təsdiqlənməyib. O, 1950-ci ilin 25 avqustunda güllələndi.

Bir qədər sonra daha iki şəxs SSRİ rəhbərini aradan götürməyə cəhd göstərdi. Lakin onların hər ikisi sovet kəşfiyyatçıları tərəfindən zərərsizləşdirildi. Onların hər hansı bir xarici ölkənin xüsusi xidmət orqanları ilə əlaqədə olub-olmamaları bu günə qədər təsdiqini tapmayıb. Həmin şəxslərin adları nədənsə məxfi saxlanılır.

Yaponlar da SSRİ rəhbərini aradan götürməyi planlaşdırmışdılar. Bunun üçün ən əlverişli fürsət Stalinin Qafqazda dincəlməsi zamanı ələ düşə bilərdi. Plana əsasən, əməliyyat SSRİ generalı Henrix Lyuşkovun əli ilə həyata keçirilməli idi.

Henrix Lyuşkov SSRİ-dən Yaponiyaya qaçmış, Rixard Zorgenin kəşfiyyat qrupu barədə yaponlara məlumat ötürmüş satqınlardan idi. Lakin yaponlar qrupun rəhbərinin əsl adını bilmədiklərindən Zorgeni tapmaq üçün 4 ilə qədər vaxt itirdilər. Sonradan nədənsə bu əməliyyatdan vaz keçdilər. Lyuşkov isə 1945-ci ilin avqustunda Vətənə xəyanətdə ittiham edilərək güllələndi.

Stalinə qarşı sui-qəsd əməliyyatları onun şəxsi, ideoloji düşmənləri, habelə SSRİ rəhbərinin repressiyaya məruz qoyduğu insanlar tərəfindən hazırlanırdı. Lakin dünyanın 1 nömrəli kommunistini asanlıqla aradan götürmək mümkün deyildi. Sui-qəsdçilər hətta onun kortejinə yaxınlaşsaydılar belə, Stalini öldürmək onlara asan başa gəlməyəcəkdi. Əvvəla, SSRİ rəhbəri istifadə etdiyi avtomobilləri tez-tez dəyişir, kortejdəki avtomobillərin hamısından istifadə edirdi. Buna görə də rəhbərin məhz hansı maşında əyləşdiyini müəyyən etmək çətin idi.

İkincisi, Stalinin özünün ən çox istifadə etdiyi avtomobil olduqca güclü zirehlə təchiz edilmişdi. Avtomobilin zirehini avtomat atəşi ilə deşmək mümkün deyildi. Çəkisi 7 ton olan maşını qumbara ilə zədələmək mümkün olsa da belə, salonda əyləşmiş diktatoru məhv etmək çətin idi. Bütün bunlar bir yana, Stalinin şəxsi maşını karvandakı digər avtomobillərdən qətiyyən fərqlənmirdi.

"Yoldaş Stalin, sizin divana partladıcı maddə qoyulub"

Bir gün Kremlin daxili telefonu zəng çalır. Xəbər həyəcanlı idi: "Stalinin dincəldiyi divana partladıcı maddə quraşdırılıb". Rəhbərin şəxsi mühafizəçilərindən olan Vasili Tukov və İvan Xrustalyov dərhal SSRİ rəhbərinin tez-tez əyləşdiyi divanı yoxlamağa başlayırlar. Elə bu vaxt ölkə rəhbəri içəri daxil olur:

- Burda nə baş verib?

- Yoldaş Stalin, dincəldiyiniz divana partladıcı maddə qoyulması haqda məlumat almışıq.

Stalin başını yelləyərək gülür:

- Və siz də bu cür boş-boş şeylərə inandınız?

O, bunu deyib iş otağına gedir. Mühafizəçilər divanı ələk-vələk etsələr də, heç nə tapa bilmirlər. Məlumat təsdiqini tapmır. Bütün bunlar bir faktı sübut edirdi: Stalinin mühafizəsi çox etibarlı idi.

SSRİ rəhbərini öldürmək üçün xüsusi əməliyyatçı - rus zabiti

Almaniyanın xarici işlər naziri İoahim Ribbentrop Stalini rəsmi tədbirlərdən birində qələm-tapança ilə öldürməyin tərəfdarı idi. 1944-cü il Ribbentrop Almaniyanın Xarici Kəşfiyyat Təhlükəsizliyi İdarəsinin rəhbəri Valter Şellenberqi yanına çağırtdıraraq SSRİ rəhbərini aradan götürmək planını hazırlamağı tapşırdı. Ribbentrop, Şellenberq istisna olmaqla, bütün Almaniyada əməliyyat planından yalnız 3 nəfər xəbərdar idi - Hitler, Himler və Borman.

Stalini məhv etməyə göndəriləcək şəxs Riqa hərbi aerodromundan 4 mühərrikli xüsusi təyyarədə səmaya qalxmalı, sərhədi keçməli, Kremlə getməli idi. Güclü zirehə malik xüsusi təyyarə - "Orado" səmada çətin seçilirdi. Təyyarə həm də müasir naviqasiya cihazı, güclü zirehlə təchiz olunmuşdu.

Sui-qəsd planını həyata keçirəcək şəxs müəyyən edildi: - əsirlikdə olan rus zabiti Pyotr İvanoviç Şila.

Pyotr Şila 1910-cu ildə çəkməçi ailəsində doğulmuşdu. 30-cu illərin repressiyaları ilə üzləşmişdi. Bu səbəbdən də Stalin Pyotru özünə düşmən kimi yetişdirmişdi. "KULAK"-a göndərilən Pyotrun çəkdiyi əzab-əziyyətlər onda Stalinə nifrət yaratmışdl.

O, islah-əmək düşərgəsindən azad olduqdan sonra 5 illik əmək planında iştirak etdi. Bir dəfə həbs edilsə də, məhbəsdən qaçaraq Kiyevdə, Daşkənddə və Ufada gizləndi. SSRİ-nin ayrı-ayrı ərazilərində məskən salan Tavrinin yaşadığı evin yanması onun üçün göydəndüşmə fürsət oldu. Yeni pasport alan Pyotr Şila soyadını sənəddə Qavrin, bir neçə il sonra isə Tavrin yazdırdı.

Böyük Vətən Müharibəsi başladıqdan 22 gün sonra - 1941-ci ilin 14 iyulunda orduya çağırılan leytenant Tavrin (artıq onun soyadı sənədlərdə belə qeyd olunmuşdu) faşistlərin təyyarələrlə sovet ərazilərinə atdıqları təbliğat vərəqələrini oxuyaraq 1942-ci ilin mayında almanlara könüllü əsir düşdü. O, əsirlikdə almanlara işləməyi özü təklif edir, bunu dəfələrlə dilə gətirirdi. Lakin alman hərbi komandanlığı rus zabitinin onlar üçün hər hansı zəruri məlumata malik olmadığını görüb Tavrinin təkliflərinə əhəmiyyət vermədi.

Gestapo bir neçə il sonra - Stalinə sui-qəsd planı aktuallaşanda Tavrinlə maraqlanmağa başladı. Onu Berlinin yaxınlığındakı xüsusi düşərgəyə gətirdilər. Əsir burada bir neçə ay xüsusi təlim keçdi. Almanlar onun SSRİ-yə nifrətindən və pulu sevməsindən istifadə etməyə başladılar.

Casus bir neçə aylıq təlimdən sonra burdan Pskova göndərildi. O, SSRİ-də əməliyyat həyata keçirəcəyi planı barədə ilk dəfə burada eşitdi.

Avstriya əsilli məşhur alman diversantı, SS oberşturmbanfüreri Otto Skortseni Tavrinlə görüşüb rus zabitinin keçmişi ilə tanış oldu. Casusla sonra daha 2 dəfə təmasda olan SS rəsmisi Tavrinin SSRİ rəhbərinə nifrətindən məmnun qalıb məsləhətlərini verdi: "Unutmayın, casus cəsur olmalıdır. Azacıq tərəddüd uğursuzluq və məhv deməkdir".

Stalinin aradan götürülməsi əməliyyatına Otto Skortseni özü başçılıq edirdi.

Sonuncu addım və iflas

Artıq Tavrinə etibar etmək olardı. Almanlar əsl hədəfin Stalin olduğunu nəhayət ki, ona dedilər. Casus saxta sənədlərlə, Sovet İttifaqı Qəhrəmanı orden və medalları ilə, hətta bu barədə saxta qəzet nüsxəsi ilə təmin olundu. Sui-qəsdçinin silah "xəzinə"si da zəngin idi: - 6-8 metrdən atəş açan qələm-tapança, portativ qumbaraatan, məsafədən idarə edilən mina və xüsusi motosiklet. Mina Kremldəki tədbirlərdən birində partladılmalı idi.

Tavrinin "Sovet İttifaqı Qəhrəmanı" fəxri adını almasının, "qəhrəman"ın ağır döyüşlərdə yaralanmasının inandırıcı görünməsi üçün onu plastik əməliyyat etdilər. Bir sıra zəruri saxta sənədlərlə təchiz edilmiş sui-qəsdçi sovet əsgərləri tərəfindən saxlanılacağı təqdirdə Kremlə vacib "iş üçün getdiyini" deməli idi.

Tavrinə mühasib həyat yoldaşı Şilova Lidiya Yakovlevna (kəşfiyyatçı ləqəbi Şila Adamçik idi - müəl.) yol yoldaşlığı edirdi. Cütlük Riqaya göndərildi. Şila Adamçik yalnız burada bildi ki, əri mühəndis yox, Almaniya kəşfiyyatının üzvüdür.

Tavrin sui-qəsd əməliyyatını iki formada həyata keçirməli idi. Bunlardan biri portativ qumbaraatan "Pançerknake"dən Stalinin avtomobilinə atəş açmaqdan ibarət idi. 30 millimetrlik "Pançerknkake"nin mərmisi zirehi 300 metr məsafəni deşirdi. 1943-cü ildə ixtira olunan bu silah o dövr üçün əlverişli idi. Bəziləri iddia edir ki, qumbaraatan xüsusi olaraq Stalinə sui-qəsd üçün hazırlanmışdı. Silahı köynəyin qolunda çox asanlıqla gizlətmək mümkün idi. Cibdə yerləşdirilən cihaz isə silahı işə salmaq üçün nəzərdə tutulmuşdu.

Ər-arvaddan ibarət sui-qəsdçi tandem 1944-cü ilin 5 sentyabr gecəsində "Orado" təyyarəsi ilə sərhədi keçdi. Təyyarə SSRİ sərhədini keçən kimi sovet zenitçiləri tərəfindən güclü atəşə tutuldu. "Orado" heyəti cütlüyü sovet kəndlərdən birində düşürdü. Tavrin və arvadı motosikletə minən kimi qonşu kəndin sakinləri bu barədə yerli milis idarəsinə xəbər verdilər.

Sui-qəsdçilərin idarə etdiyi motosiklet bir neçə saat sonra sovet hərbçiləri tərəfindən saxlanıldı. "SMERŞ"in zabiti, baş leytenant Dmitriyev tapşırığa uyğun olaraq, "Sovet İttifaqı Qəhrəmanı"ndan müvafiq sənədləri tələb etdi. Sinəsi orden-medallarla dolu Tavrin Kremlə tələsdiyini desə də, əli avtomatlı əsgərlərin müşayiəti ilə milis idarəsinə gəlməyə məcbur oldu. Tavrin haradan biləydi ki, SSRİ kəşfiyyatı almanların kəşfiyyat materiallarını çox asanlıqla oxuya bilir və Stalinə ediləcək sui-qəsd planından xəbərdardır. "NKVD" isə onun həbsi üçün xüsusi əməliyyat planı hazırlayıb.

Motosikletdən saxta sənədlərlə yanaşı, Stalinə atəş açmaq üçün hazırlanmış xüsusi qələm-tapança, mərmilər, mina və "Pançerknkake" qumbaraatanı və külli miqdarda pul götürüldü.

Ələ keçdiyini başa düşən Tavrin sovet casusları ilə görüşmək, onlara zəruri məlumatlar vermək istədiyini desə də, əvvəlcə buna razı olmadılar. Çünki sovet kəşfiyyatı almanların məxfi planları haqqında hər şeyi bilirdi.

Sovet əks-kəşfiyyatı almanları necə aldatdı

Tavrin zərərsizləşdirildikdən sonra dəfələrlə SSRİ casuslarına əməkdaşlıq təklif etdi. Sovet casusları, nəhayət, onu ciddi nəzarət altına alaraq almanlarla yazışmasına imkan yaratdı. Məqsəd faşistlərin növbəti kəşfiyyat planlarından onların öz agentləri vasitəsilə xəbərdar olmaq idi. Bu cür uğurlu əks-kəşfiyyat əməliyyatı "Duman" adlanırdı.

Tavrin sağ qalmaq şərti ilə faşistləri 8 həftə aldatdı. Almanlar bir də 2 ay sonra – 1945-ci ilin əvvəllərində Tavrinin sovetlərin tapşırığı ilə onlarla yazışdığını başa düşdülər.

İndi Tavrin nə sovetlərə, nə də almanlara lazım idi. Ər-arvad 1952-ci ilin 1 fevralında vətənə xəyanətdə ittiham edilərək güllələndi.

Bu əməliyyatı uğurla həyata keçirdiyinə görə, Stalin tərəfindən general-polkovnik, SSRİ Xalq Müdafiə Komissarlığının "SMERŞ" Əks-Kəşfiyyat Baş İdarəsinin rəhbəri Viktor Abakumova "Kutuzov" ordeni verildi. Həmin vaxt bu ordenlə ancaq cəbhədəki hərbi əməliyyatlarda fərqlənənlər təltif edilirdilər.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR