• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mossaddan ŞOK ƏMƏLİYYAT: Nasist ovu - ARAŞDIRMA

  • Maraqlı
  • 9 Dekabr 2014 17:06
  • 1 884 Baxış
Mossaddan ŞOK ƏMƏLİYYAT: Nasist ovu - ARAŞDIRMA

1945-ci ilin mayında hər şey başa çatdı. Berlinin təslim aktına qeyd-şərtsiz qol çəkməyə hazır olmasını bəyan etməsindən sonra koalisiya ölkələri Almaniyanın bombardman edilməsini dayandırdı. Tamamilə dağıdılmış şəhərin yeraltı zirzəmilərindən çıxan sadə alman vətəndaşlarının uzun müddət davam edən müharibə əzabları başa çatdı. İndi onlar üçün əsas məsələ qida, su və sığınacaq problemləri idi...

Öz qəbirlərini qazan nasistlər

Bu dövr Almaniyadan qovulmuş yəhudilər üçün də yeni mərhələnin başlanğıcı idi. İkinci Dünya müharibəsi sona yaxınlaşsa da, onlar üçün əsl anti-nasist müharibəsi hələ indi başlayırdı. Britaniya hərbçilərinin paltarlarını geymiş yəhudi qisasçıları vaxtilə nasistlərin həbs düşərgələrinə rəhbərlik və ya nəzarət etmiş faşistləri, "SS" zabitlərini və əsgərlərini axtararaq tapır, üzə çıxarır, onları meşələrə aparıb öz qəbirlərini qazmağa məcbur edirdilər. Meşələrdə həyata keçirilən 14-15 dəqiqəlik "məhkəmə" proseslərində nasistlərə adətən bu suallar ünvanlanırdı: "Törətdiyin cinayətlərə görə hansı cəzaya layiqsən?" Qəbirlər qazıldıqdan sonra nasistlər elə həmin məzarların içindəcə güllələnirdilər. Qeyri-rəsmi məlumatlara görə, bu cür güllələnənlərin sayı on minlərlə idi.

İndi Almaniyanın bir sıra meşələrində minlərlə gizli nasist məzarı var. Almanların hesab dövrü bununla yekunlaşmırdı – yəhudilər Berlinə, Münhenə (nasistlərin əsas şəhəri-müəl.) və digər şəhərlərə geri qayıdaraq hərbçiləri küçədəcə döyür, mağazaların şüşələrini sındırır, evləri daşa basırdılar. Bir zamanlar Triblinka, Sobibor, Auşvits-Osvensim, Daxau əsir düşərgələrində faşist zülmünü yaşamış yəhudilər azadlığa çıxdıqdan sonra Almaniyaya qayıdır, onlara işgəncə vermiş həbs düşərgələrinin nəzarətçilərini və rəhbərlərini tapıb öldürürdülər. Lakin bu hələ "qisas" adlandırılan prosesin bir hissəsi idi.

Keçmiş cinayətlərin hesab zamanı

Əslində faşist Almaniyasının öz qəddarlıqları ilə seçilən bir sıra nasistləri 1945-ci ilin aprel və mayından aradan çıxmışdılar. Aprelin 16-dan etibarən sovet marşalı Georgi Jukovun tank, top, "Katyuşa" mərmilərinin Berlini bombardman etməsinə başladığını görən Hitlerin bir sıra əlaltıları yavaş-yavaş ölkəni tərk etməyə başladılar. Onların arasında "Ölüm mələyi" adlandırılan, Mossadın, ABŞ, SSRİ və Britaniyanın 35 il tapa bilmədikləri Yozef Menqel, Herbert Sukors, İsrailin bir gün ərzində Konstitusiyasına dəyişiklik edərək ölüm hökmünü bərpa etməsinin səbəbkarı olmuş Adolf Eyxman, gənc zabit İoahim fon Peyper, Frans Ştanqel və digərləri vardı.

Mossaddan əvvəl onları 80-dən çox qohumunu ölüm düşərgələrində itirmiş Simon Vizental təqib edirdi. O özü də nasist düşərgəsində ölüm təhlükəsini yaşamışdı. Az müddətdə birlikdə yaşadığı həyat yoldaşının ölüm xəbərini eşitmiş, onu yalnız müharibədən sonra təsadüfən tapmışdı. Amerikalıların 1945-ci ildə nasist ölüm düşərgəsində ölümcül vəziyyətdə aşkarladıqları, yeriməyə taqəti olmayan bu gənc qeyri-adi yaddaşa malik idi. O, düşərgələrdə nasist zülmünü yaşamış digər yəhudilərlə əlaqəyə girərək Almaniyadan qaçmış nasistləri taparaq üzə çıxarırdı. Simon Vizental Yəhudi Araşdırma Mərkəzini yaradaraq nasistlərin keçmiş hərbi cinayətlərini sənədləşdirir, arxiv materiallarından və şahid ifadələrindən istifadə edərək nasist hərbi cinayətkarlarını üzə çıxarırdı. Adolf Eyxman, Frans Ştanqel və digərləri onun xidmətləri sayəsində Latın Amerikasından İsrailə və Almaniyaya gətirildilər. Simon Vizental İsrailə gizli teleqramlar vurur, Latın Amerikasında yerini müəyyənləşdirdiyi nasist cəlladlarının yerləri haqda onlara məlumatlar ötürürdü. Triblinka və Sobiborda 900 min yəhudinin ölümündə günahkar bilinən nasist cinayətkarın yerinin müəyyənləşdirilməsi üçün 90 min marka pul ödəmişdi.

Sərxoş nasist, BMT-də qalmaqal və üzünə sirkə atılmış vəkil

Prosesin ikinci hissəsinə bir qədər gec də olsa, Mossad başladı. İkinci Dünya müharibəsindən 4 il sonra - 1949-cu ilin sonlarında yaradılmış kəşfiyyat və xüsusi təyinatlı, mülki (əslində həm də yarımhərbləşdirilmiş-müəl) əməliyyat strukturu xüsusi xidmət orqanı kimi nasist ovuna start verdi. İsrailin paytaxtından verilən göstərişlər dünyanın ən uzaq nöqtələrində belə, uğurla icra olunurdu. Elə buna görə idi ki, cəmi 11 il ərzində İsrailin məxfi qurumu olan Mossad dünyanın ən effektiv və professional işçi heyətlərindən birinə malik kəşfiyyat orqanı adlandırıldı. 1960-cı ildə Yer üzünün ən uğurlu xüsusi xidmət orqanları sırasında ilk üçlüyə düşən Mossad bütün casusluq əməliyyatlarını şəxsi heyətinin sayına və gücünə görə ən böyük strukturu sayılan toplanış bölməsi vasitəsilə həyata keçirirdi.

Həm Simon Vizentalın, həm də Mossadın axtarış siyahılarındakı əsas hərbi cinayətkarlardan biri də Adolf Eyxman idi. Mənşəcə Hilterin həmyerlisi – avstriyalı olan bu şəxsə uşaq və gənc yaşlarında "Uğursuz" ləqəbi vermişdilər. Orta məktəbdə, habelə gənclik yaşlarında qarşılaşdığı bir sıra uğursuzluqlar onu ruhdan salmışdı. Bu mənada 1933-cü il onun həyatının ən xoşbəxt çağlarının başlanğıcı oldu. Adolf Eyxman ona vəzifə verərək şəxsi karyerasının zirvəsinə ucalmasında vasitəçi olmuş nasist partiyasına sidq ürəklə xidmət etməyə başladı. Eyxman yəhudilərin ölüm düşərgələrinə köçürülməsi prosesini uğurla icra edirdi. 1942-ci ilin 20 yanvarındakı Vanzey konfransından (bu toplantıda "yəhudi" məsələsini birdəfəlik həll etmək – onları məhv etmək qərara alındı-müəl.) sonra Hitlerin adaşı yüz minlərlə yəhudinin məhvinə səbəb olmuş nasistlər arasında ilk yerlərdən birində qərarlaşdı.

1945-ci ildə bəzi nasistlər kimi o da qaçmağa müvəffəq oldu. Nürenberq prosesində adının çəkildiyini eşidən Eyxman müxtəlif ölkələrə doğru istiqamətləndi. 1950-ci ildə nasistlərə rəğbəti ilə seçilən Argentinaya üz tutdu. Simon Vizental və Mossad onun izinə yalnız 1958-ci ildə düşə bildi. Eyxman 1960-cı ilin 11 mayında Buenos-Ayres küçələrindən birində Mossadın agentləri tərəfindən oğurlandı. Argentina-İsrail təyyarəsinin stüart paltarlarını geyən Mossad agentləri Eyxmana narkotik iynə vuraraq onu təyyarəyə mindirib Təl-Əvivə gətirdilər. Adolf Eyxmanın məsələsi hətta BMT-yə çıxarıldı. Lakin beynəlxalq qanunları pozaraq başqa ölkənin vətəndaşını oğurlayan İsrail hökuməti Eyxmanı geri qaytarmaqdan imtina etdi. İsrailin mərkəzi şəhərlərindən birində başlayan məhkəmə prosesi zamanı ifadə verən şahidlər ölüm düşərgələrində üzləşdikləri zülmləri xatırlayarkən 13-15 il sonra belə huşlarını itirib yerə yıxılırdılar. Nasistə nifrət o həddə çatmışdı ki, məhkəmə prosesi zamanı naməlum şəxs Adolf Eyxmanın vəkilinin üzünə sirkə atdı. Nəticədə onun müdafiəçisi bir gözünü itirdi. Məhkəmə 1961-ci ilin 15 dekabrında Eyxmanın ölüm cəzasına məhkum olunması haqda qərar çıxardı. Nasist zabit 1962-ci ilin 1 iyun gecəsində asıldı. Onun meyiti yandırıldı və külü Aralıq dənizinə töküldü. Ölüm cəzasının qadağan edildiyi İsrail hökuməti Eyxmanı asmaq üçün Konstitusiyanı dəyişməli oldu. Eyxmanın edamından sonra ölüm hökmü yenidən ləğv olundu.

"Ölüm mələyi"nin 35 illik axtarışı, jurnalistin aşkarladığı Martin Borman

Minlərlə uşağın üzərində qanunsuz tibbi analizlər, cərrahiyyə əməliyyatları həyata keçirən, qəddar yoxlamalar aparan "ölüm mələyi" Yozef Menqel çox azsaylı nasistlərdən biridir ki, öz əcəli ilə, cinayətlərinin cəzasını çəkmədən dünyadan köçüb. Baxmayaraq ki, onu tapmağa göndərilmiş Mossad agenti Menqellə eyni şəhərdə yaşamışdı. Həm Simon Vizentalın, həm də Mossadın axtarış siyahılarında ilk yerlərdən birini tutan bu nasist bütün ömrünü qorxu və qaçış içində keçirdi. Əkiz uşaqları üzərində qanunsuz cərrahiyyə əməliyyatları aparan manyak həkimin eksperimental analizləri minlərlə azyaşlının ölümünə və şikəst qalmasına səbəb oldu. 1945-ci ilin qışında rusların şərq istiqamətindən genişmiqyaslı hücumu barədə qanqaraldan xəbərlər eşidən Menqel də aradan çıxdı. Yəhudi qisasçıları onu nə az-nə çox 35-40 il axtardılar. Lakin tez-tez yerini və ad-soyadını dəyişən Menqeli tapıb oğurlamaq, yaxud öldürmək İsrailin kəşfiyyat orqanına müyəssər olmadı. Braziliyada tez-tez yerini dəyişən "ölüm mələyi" 1979-cu ilin fevralında San-Pauloda dənizdə çimərkən iflic olaraq boğuldu.

Mossadın və yəhudi araşdırmaçısı Simon Vizentalın Martin Borman müəmmaları da uzun çəkdi. 1945-ci ilin may bombardmanları zamanı Hitleri tərk etmiş silahdaşının hara yoxa çıxması ABŞ, SSRİ, Fransa, Britaniya, İsrail və digər ölkələrin hərbi müstəntiqlərini, araşdırmaçılarını uzun illər məşğul etdi. Hitlerin ən sadiq adamını sonuncu dəfə görənlər onun Berlində bombardmanlar altında qalaraq məhv olduğunu dəfələrlə iddia etsələr də, 1972-ci ildə faşistpərəst braziliyalı generallarından birinin "Martin Bormanı bu yaxınlarda məclislərdən birində gördüm. Kefi çox yaxşı idi, bir xanımla rəqs etdi. Məclisin yerini deməyəcəyəm" – iddiası Mossadın yeni narahatlıqlarına yol açdı. Günlərin birində tanınmış alman jurnalisti Hitlerin katibinin qaçmağa hazırlaşarkən bombalar altında qalması versiyasını ortaya atdı. Bu məqsədlə aparılan qazıntı işləri zamanı jurnalistin söylədiyi məkanda iki naməlum şəxsin sümükləri də aşkar olundu. Lakin Mossad və antifaşistlər uzun illər bu versiyaya şübhəylə yanaşdılar. Həmin səbəbdən də 80-ci illərə qədər davam edən axtarışlar əbəs idi. Ancaq sonradan Bormanın oğlu DNT analizi verməyə razılaşdı. 1998-ci ildə ekspertiza qəbirdə aşkarlanan sümüklərdən birinin Hitlerin ən sadiq dostuna məxsus olduğunu təsdiq etdi.

Müəmmalı partlayış

İsrailin kəşfiyyat orqanı gənc zabit, Belçikada 82 ABŞ hərbçisinin güllələnməsi əmrini verməkdə şübhəli bilinən, Hitlerin şəxsən tanıdığı kapitan İoahim fon Peyperdən də əl çəkmirdi. 1945-ci ildə keçirilən məhkəmə prosesinin qərarına əsasən güllələnməyə məhkum edilən Peyperin bu cəzası sonralar kapitalist dünyası ilə SSRİ arasında başlanan "soyuq müharibə" ilə əlaqədar uzun müddətli həbslə əvəzləndi. Həbsxanada nümunəvi dustaqlardan sayılan keçmiş nasist zabiti bir qədər sonra azalığa çıxıb vətənini tərk etdi. Lakin azadlıqda yaşadığı illərdə əlini dinc qoymayıb, Fransada nasistlərin tarixinə və şahidi olduğu bir sıra hadisələrə dair kitab yazdı. Bu nəşr nasistlərin ölüm düşərgələrində işgəncələrə məruz qalmış yəhudilərin və digər xalqların nümayəndələrinin yaddaşını yenilədi. Tezliklə İoahim Peyperin yaşadığı qəsəbədə "Nasist zabit Peyper sizin aranızdadır" mətnli bildiriş elanları və fotolar yayıldı. Keçmiş zabit yaşadığı ərazini tərk etdi. Lakin bundan bir qədər sonra yaşadığı mənzildə qumbara partlayışı ilə öldürüldü. Qətlin tarixi təsadüfi seçilməmişdi – Fransanın milli bayramı 14 iyul, Bastiliyanın alındığı gün. İsrail rəsmiləri bu qətlin onlarla bağlı olmadığını bəyan etdilər.

Mossad və Simon Vizentalın birgə əməkdaşlığı şəraitində nasistlərin ölüm düşərgələrinin komendantı Frans Ştanqel də keçmiş cinayətlərinin bədəlini ödədi. O, Almaniyaya gətirilərək məhkəmə qarşısına çıxarıldı. Bundan bir qədər əvvəl o öz dostlarına "Maraqlıdır, bu ağıllı Simon Vizental niyə məni axtarıb tapmır?" – sualını vermişdi. Ştanqel bilmirdi ki, onun azadlıqdakı günlərinin sayı iki əlin barmaqları qədərdir. Barəsində uzunmüddətli həbs cəzası kəsilən keçmiş komendant bir neçə ay sonra həbsxanada ürək tutmasından vəfat etdi.

Latviyalı nasist, İkinci Dünya Müharibəsində yəhudi qırğınında iştirak etmiş Herbert Sukorsun gizli qətli isə 1965-ci ilin 23 fevralında Uruqvayda baş verdi. Mossad tərəfindən göndərilmiş xüsusi agent əvvəlcə özünü iş adamı kimi təqdim edərək Sukorsla əlaqələr qurdu. Ona Uruqvayda etibarlı biznes tərəfdaşı axtardığını bildirdi. Bir neçə həftəlik tanışlıqdan sonra isə Sukorsa Montevideodakı mənzildə görüş təyin etdi. Təyin olunmuş vaxt həmin mənzilə gələn nasist burada "dost"unun dostları ilə üzləşdi. Mossad agentlərindən birinin səssiz tapançası vaxtında işə düşmədiyindən agentlər Sukorsla əlbəyaxa davaya çıxdılar. Amerikada özünə güzəran qurmuş Herbert qətiyyən ölmək fikrində deyildi. Ona əvvəlcə çəkiclə zərbə endirdilər, sonra isə səssiz tapançayla atəş açdılar. Uruqvay polisi Sukorsun meyitini qətldən bir neçə gün sonra aşkarladı. Qanlı paltarların üstündəki kağızda bu qeyd vardı: "Vaxtında törətdiyi cinayətlərə görə". Herbert yəhudilərin qətlindən başqa cinayət törətməmişdi. Bu səbəbdən də qətlin müəllifləri və icraçıları bəlli idi.

P.S. Mossadın nasist ovu bunlarla yekunlaşmadı. Vaxtilə Hitler Almaniyasına xidmət etmiş, məhkəmə qərarları ilə azadlığa çıxan bir sıra digər nasistlər də sonradan avtomobil "qəzaları", qumbara partlayışlarlı ilə öldürüldülər. Lakin İsrail hökuməti bu hadisələrin onunla əlaqədar olmadığını rəsmən bəyan etdi. Şübhəsiz ki, bəyanat hələ həqiqət demək deyil.

Anar Tağıyev

Xəbər lenti

DAHA ÇOX XƏBƏR