İvan Qroznının sirli kitabxanası - “Səhih” şayiələr
Bizi izləyin

Bilgi.az

İvan Qroznının sirli kitabxanası - “Səhih” şayiələr

İvan Qroznının kitabxanası Liberiya da adlanır. Bu kitabxana əfsanəvi kitab və sənədlər kolleksiyasıdır. Kitabxananın son sahibi Rusiya çarı İvan Qroznı olub. Bir iddiaya görə, kitabxana İvan tərəfindən itirilib və ya gizlədilib.

Əfsanəyə əsasən, kitabxana əvvəlcə Bizans imperatoruna məxsus olub və bir neçə əsr ərzində toplanıb. Kitabxananın sonuncu sahibi imperator XI Konstantin olub. Konstantinopol işğal edildikdən sonra kitabxana Romaya aparılıb, sonra isə Moskvaya göndərilib. Çünki Bizans çariçası Sofya Paleoloq Moskva knyazı III İvana ərə gedir və bu kitabxananı cehiz kimi özü ilə aparır.

1472-ci ildə Moskvaya çatan Sofya 1470-ci il Moskva yanğının izlərinin şəhərdə hələ də qaldığını görür. Əgər yenidən yanğın olsa, kitabların qısa müddətə yana biləcəyini anlayan çariça kitabxananı Kremldə yerləşən kilsənin zirzəmisində saxlamaq qərarına gəlir. Kilsənin zirzəmisində gizli yer inşa etmək üçün italiyalı arxitektor Aristotel Fioravanti dəvət edilir. Amma 1473-cü ilin aprelində Moskvada yenidən dəhşətli yanğın baş verir. Kreml tam olaraq yanıb kül olsa da, kitablar möcüzə nəticəsində salamat qalır. Moskvada bu dövrlərdə həqiqətən çoxsaylı yanğınlar baş verirdi. Tarixi xronologiyaya əsasən, bu illər ərzində Rusiya paytaxtında 10 böyük yanğın olub.

Alimlərin iddiasına görə, III İvanın oğlu III Vasiliy Liberiyadakı kitabların tərcüməsi üçün Maksim Qrek adlı alimi saraya dəvət edir.

Kitabxananın İvan Qroznının əlinə necə keçməsi barədə məlumat yoxdur. Hətta bir iddiaya görə, İvan hələ cavan yaşlarından kitabxananı ələ keçirmək istəyirdi. Amma onun bu məsələdə rəqibinin kim olduğu bilinmir. Bəzi mənbələrə görə, kitabxana çarın xüsusi emissarları tərəfindən müxtəlif ölkələrdən nadir kitabları əldə etməklə dolurdu. Bir iddiaya görə isə, onun mühüm hissəsini Müdrik Yaroslavın əfsanəvi kitabxanası tuturdu.

Liberiyanın yoxa çıxması 1571-ci ildən sonra baş verir. Bu zaman çar İvan Qroznı Aleksandr qəsəbəsinə köçür. Bu kitabxananın yoxa çıxması həm Rusiyada, həm də xarici ölkələrdə bir çox insanı narahat edir. Bəzi iddialara görə, kitabxanada elə nadir əlyazmalar olub ki, onlar barədə Qərbdə ancaq qulaqdan-qulağa eşidiblər. Bu kitabxanada yunan perqaminləri, latın xronoqrafları qədim Misir manuskriptləri, monqol xanlarının dəftər və yarlıkları, Şərq və digər xalqların kitabları var idi. Yeraltı məbədlərdə qədim slavyanların, skiflərin və digər xalqların XV əsrə qədər olan əlyazmaları, Novqorod, Tver, Vladimir, Suzdal və Pskovdan gətirilmiş bahalı kitab nüsxələri var idi. Moskvada fəaliyyət göstərən Hollandiya səfirliyinin nümayəndəsi Nikolas Vitsenin yazdığına görə, İvanın Liberiya kitabxanasında məhşur İsgəndəriyyə kitabxanasına məxsus kitablar, qədim coğrafi xəritələr və Çingizxan imperiyasına məxsus müxtəlif əlyazmalar, kitablar və xəritələr də olub. Bu kitabxananı axtaranları dəfinədən başqa, kitabxananın yoxa çıxması faktı da maraqlandırır.

Vatikan arxivindən əldə edilmiş sənədlərə əsasən, hələ 1601-ci ildə Polşa səfiri Lev Sapeqa və katolik monaxı Pyotr Arkudiyə bu kitabxananı tapmaq tapşırığı verilir. Amma onlar heç bir nəticə əldə edə bilmirlər. Vatikan məxfi sənədlərinə görə, 1662-ci ildə Moskvaya yola düşən Paisiy Liqarida da bu kitabxananı axtarırmış. Xorvat alimi Yuriy Krijaniç də Liberiyanı axtarırmış və bu səbəbdən o, Tobolska sürgün edilib.

Əfsanəvi kitabxananın mövcudluğuna inanan ilk insan İqnat Steleskiy və Apollos İvanov olub. Onlar Moskva Kremlində, Moskva çayının ətrafında yerləşən qədim kollektorlarda, Borovis təpəsində, çarın tez-tez səfər etdiyi Kolomenskdə, Aleksandr məbədində, bir müddət Rusiyanın qeyri-rəsmi paytaxtı olan Voloqdada və Voloqdanın yaxınlığında yerləşən Ağgöl monastırında kitabxana axtarıblar.

Kremlin altında yerləşən gizli şəhər

Liberiyanın ilk rəsmi axtarışı 1724-cü ildə baş tutub. Moskva kilsəsinin rahibi Konon Osipovun maraqlı dəfinə haqqında verdiyi məlumat, dövlət rəsmilərini Liberiyanı axtarmaq üçün qərar verməyə məcbur edib. Osipovun sözlərinə görə, Moskvada, Kremlin altında gizli şəhər var. Bu şəhərdə iki gizli palata var və bu palatalar ağzına qədər sandıqla doldurulub. Palataların qapısı dəmirdən hazırlanıb və cəmi bir pəncərəsi var. Bu məbəd indi torpaqlanıb. Amma əvvəlcə Sexauz həyəti tərəfdən xəndək görünürdü. Bu xəndək vasitəsilə şəhərin qübbəsini tapdılar. Qübbəni deşib yenidən torpaqla doldurdular.

Rahibin danışdığı tarixçəyə inanan adamlar onun göstərdiyi yerlərdə qazıntılar apardılar. Amma İvanın Liberiya kitabxanası tapılmadı.

Əfsanəvi kitabxananın axtarışlarına XX əsrin əvvəllərində yenidən start verildi. Bu tədqiqatların rəhbəri Rusiya yeraltı tikililərin axtarışı ilə məşğul olan məhşur alim İ.Stelleskiy idi. Arxeoloq 4 yerdə axtarış aparsa da, uğur əldə edə bilmədi. Onun seçdiyi məkanlar İvan Qroznının adı ilə əlaqədar olan Moskva Kremli, Kolomensk kəndi, Aleksandr qəsəbəsi və Voloqda idi. Amma məhşur alim kitabxananı tapa bilmədi və axtarışlar dayandırıldı.

Liberiyanın axtarışları 1995-ci ildə yenidən başladı. Bu dəfə isə German Sterliqov adlı iş adamı İvanın kitabxanasını axtarmaq qərarına gəldi. Moskvanın Zadəgan məclisində axtarış qərargahı yaradıldı. 1997-ci ilin iyulunda Moskva şəhər meri Lujkov axtarışlara yardım məqsədi ilə xüsusi şura yaratdı və onun rəhbərliyini öz üzərinə götürdü. Amma yenə də dəfinə axtaranlar Liberiyanı tapa bilmədilər.

Artıq 400 ildir ki, alimlər, dəfinə ovçuları və tədqiqatçılar Rusiyanın İvan Qroznının adı ilə bağlı olan bütün məkanları və yerləri axtarırlar. Amma hansısa şər qüvvə əfsanəvi Liberiyanı tapmağa imkan vermir. Ənənəvi yollarla kitabxananı tapmaq mümkün olmadığı üçün, bəlkə, başqa üsullara, məsələn, biolokasiya üsuluna baş vurmaq lazımdır?

Kitabxana altında kitabxana

Biolokasiya üzrə operatorla ilk söhbət maraqlı oldu. Kitabxananı axtarmaq istəyən qrup anomal hadisələrin öyrənilməsi ilə məşğul olan Yeqor Usaçevlə görüşür. Yeqor paytaxtın müfəssəl planını masanın üzərinə qoyur. Onu kvadratlara bölür və çərçivənin köməyi ilə təftiş etməyə başlayır. Bir saatdan sonra çərçivə Vaqankov təpəsinə işarə edir.

Vaqankov təpəsi Moskvanın ən sirli və mistik yerlərindən biridir. Təpənin başında Paşkovun məhşur evi yerləşir. "Ustad və Marqarita" romanının qəhrəmanı Voland bu evin damına çıxaraq Moskvanın mənzərəsini seyr edirdi. Bu təpədə nə vaxtsa İvan Qroznının opriçina (knyazın dul arvadına verilən torpaq sahəsi) sarayı yerləşirdi. Bu məkan artıq çoxdan arxeoloqların diqqətini cəlb etmişdi. "Lenin adına kitabxana" metrostansiyasının qazıntıları zamanı inşaatçılar qədimdən qalma yeraltı qalereya ilə rastlaşırlar. Təəssüflər olsun ki, arxeoloqlara burada qazıntı aparmağa imkan vermirlər.

Vaqankov təpəsində baş verən hadisə bir müddət şəhərlilərin gündəmini zəbt etdi. Arxeoloji tədqiqatlar mərkəzinin sifarişi ilə Paşkovun evində geofiziki tədqiqat aparılıb. Əvvəllər kitab anbarı olan binanın altında geofiziki qurğular qəribə anomaliya meydana çıxarıblar. Qazılan quyularda unikal arxeoloji obyekt tapılıb. Ağ daşlarla hörülmüş su quyusu alimləri heyrətə salıb. Onun diametri 8, dərinliyi 15-25 metrdir. Kostyukova əminliklə bu quyunun qədim Moskvanın yeraltı sistemlərinə giriş olduğunu bildirib. Bu faktı quyunun divarlarındakı spiralvari pilləkən izləri təsdiq edir. Amma tədqiqat naməlum səbəblərdən dayandırılır və su quyusunun sirri açılmamış qalır.

Liberiyanı axtarmaq mənasızdır

İkinci versiyaya əsasən, zəngin kitabxananın gizlədildiyi yer keçmiş Moskva çarlarının şəhərətrafı malikanəsinin yerləşdiyi Kolomensk kəndi ola bilər. İvan Qroznı bu kəndə tez-tez gəlir və uzun müddət burada qalırdı. Vozneseniye kilsəsinin açıq qalereyası çarın sevimli məkanı idi. O, buradan Moskvanı seyr edir və mənzərədən ləzzət alırdı. Kolomensk kəndində aparılan biolokasiya araşdırmaları da öz bəhrəsini verdi. Biolokasiya üzrə mütəxəssis kimi dəvət edilmiş İqor Prokofyev çərçivələrin köməyi ilə malikanənn yeraltı yollarının mürəkkəb sistemini çözdü. Onun fikrincə, gizli anbar İosif-Volokolamsk monastrında ola bilərdi. Yerli əfsanələrə görə, bu monastrda İvan Qroznının yaxın silahdaşı Malyuta dəfn edilib.

Prokofyev Kolomenskdə çərçivənin köməyi ilə yarğanın altında Kolomensk və Dyakovski təpələrini bir-birindən ayıran yeraltı yollar tapdı. Onun fikrinə görə, Liberiya burada yerləşir və hələ onu axtarmağın, üzə çıxarmağın vaxtı çatmayıb. Çünki kitabxana o dəqiqə talan edilə bilər.

Kolomenskdə yeraltı yolların olduğu barədə təkcə biolokasiya çərçivələri yox, eyni zamanda geofizik Aleksandr Zaytsev də məlumat verir. O, elektrik və mikroseysmik qurğular vasitəsilə yeraltı məbəd və tikililərin öyrənilməsi üzrə ən yaxşı mütəxəssislərdən biridir. Aleksandrın fikrincə, Vozneseniye kilsəsinin ətrafında yeraltı yollar var. Əldə edilən məlumatlar nəticəsində o, Kolomenskin yeraltı xəritəsini hazırlayır. Onun fikrincə, geofiziki qurğular kilsənin bünövrəsində yerləşən plitələrin qalın olduğunu qeydə alıb. Bu isə yeraltı tikililərlə əlaqəli ola bilər. Bundan başqa, qurğular vasitəsilə kilsədən bir az kənarda yerləşən yeraltı yol qeydə alınıb.

Amma təəssüf ki, nə biolokasiya, nə də geofiziki operatorların fikri Kolomenskdə ciddi axtarışlar aparmaq üçün səbəb oldu. Mərkəz bu məlumatları ciddi saymadı.

Divar arasına hörülmüş kitabxana

Biolokasiya üzrə məhşur mütəxəssis İvan Kontsov sirli Liberiyanın axtarışlarına kifayət qədər zaman və güc sərf etdi. Onun tədqiqatlarının nəticəsinə görə, Kulikova və Buz döyüşlərinin olduğu ərazilər də sirlidir. Bu iki savaş Rusiya tarixinin dönüş nöqtəsi sayılır və Kontsovun araşdırmaları alimləri baş vermiş savaşlara yenidən nəzər salmağa məcbur etdi. Rusiya Coğrafiya cəmiyyətinin İvan Qroznının kitabxanasına həsr edilmiş toplantıların birində İ.Kontsov tədqiqatlarının nəticələri barədə məlumat verdi. O, IV İvanın kitabxanasının mif və ya əfsanə yox, reallıq olduğunu sübut etdi. Kitablar əvvəlcədən Qroznı tərəfindən Aleksandr qəsəbəsində yerləşən daş labirintlərdə divarların arasına hörülüb. İvan Kontsov qala divarlarından ətrafa gedən yeraltı yolların planını bərpa etdi. Eyni zamanda, kitabların gizlədildiyi gizli anbarı da tapdı. Onun fikrincə, kitablar 40 metr dərinlikdə yerləşir. Yeraltı tunellərin çertyojları bir neçə dəfə qəzet və jurnallarda dərc edildi. Yerli hökümət idarələri bu xəritələrlə maraqlandı. Amma qazıntı aparmaq heç kəsin ağlına gəlmədi.

"Səhih" şayiələr

Bununla belə, uzun müddət aparılan araşdırmalara baxmayaraq, Liberiyanı tapmaq mümkün olmur. Görəsən, bunun səbəbi nədir? Bu suala biolokasiya operatoru Sergey Baxrak cavab verib. O, bir neçə il neft emalı ilə məşğul olan kombinatda çalışıb. Onun vəzifəsi qurğularda baş verə biləcək qəzaların qarşısını almaq olub. Baxrak mühəndis biolokasiya assosiasiyasının üzvü olan dostları ilə birlikdə bir neçə dəfə Liberiyanı tapmaq istəyib. Amma hər dəfə çərçivə tamamilə fərqli məkanları göstərib. Sergeyin fikrincə, bu, İvan Qroznı dönəmində yaşayan ekstrasenslərin təsirinin nəticəsi ola bilər. Orta əsrlərdə dəfinə gizlədərkən onu tilsimləyirdilər. Bu məqsədlə sehrbazlar dəfinəni "görünməz" edirdilər. Cadugərlər dəfinənin əsl yerindən kənarda onun xəyali formasını hazırlayıb, dəfinə ovçularını çaşdırırdılar. Bu dəfinələr ancaq əvvəlcədən təyin edilmiş zamanda tapıla bilər.

Ovsun altında

Tarixi xronologiyaya əsasən, ölümündən öncə İvan Qroznı şimaldan ekstrasens qabiliyyətinə malik cadugərləri hüzuruna çağırdı. Deyəsən, ölüm ayağında olan çar onlardan gələcəyini soruşmurdu. O, ilk növbədə Liberiyanı və digər dəfinələri gizlətməyi əmr etmişdi.

Kontsovun coğrafiya cəmiyyətinin toplantısındakı çıxışı zamanı zalda iştirak edənlərdən biri akademik Boris Aleksandroviç Rıbakovu xatırlayıb. Çünki Rıbakov Liberiya ilə bağlı əfsanə haqqında məqalə yazmışdı. Ölümündən əvvəl İvan Qroznı etibar etdiyi bir monaxı hüzuruna çağırır. O, monaxa ölümündən sonra kitabxananı gizlətməyi və onu hamıdan gizləməyi əmr edir. Kitabxananın harada yerləşdiyini 800 il heç kəs bilməməlidir. Amma hələ ki, cəmi 400 il keçib...

Hikmət Həsənov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm